29 Mart 2024

Cümə, 10:44

AVROPA PERSPEKTİVLƏRİ İLƏ, ANCAQ İLLÜZİYASIZ

Avropa İttifaqı Azərbaycanın xeyrinə təshih edilmiş yeni prinsipləri açıqlayıb

Müəllif:

15.05.2020

Dünyanın koronavirusdan sonra necə dəyişəcəyilə bağlı diskussiyalar, yəqin ki, uzun müddət bitməyəcək. Doğrudur, dəyşikliklərin olacağı artıq məlumdur. Lakin dünyanın siyasi xəritəsində miqyaslı, qüvvələr balansında ciddi dəyişikliklər gözləməyə, yəqin ki, dəyməz. Bu, birləşmiş Avropaya da aiddir. Aİ ölkələrinin karantin rejiminin yüngülləşdirildiyini elan etməyə başlaması ilə koronavirus səbəbilə yaranmış siyasi incikliklər də ikinci plana keçir. Bununla da, İttifaq ənənəvi gündəliyə qayıdır. Bu ənənəvi gündəlikdə önəmli yerlərdən birini isə «Şərq Tərəfdaşlığı» proqramı tutur.

 

Vacib direktiv

Avropa İttifaqı Şurası mayın 11-də bundan sonra Aİ-nin «Şərq Tərəfdaşlığı»na münasibətdə rəsmi mövqeyi sayılacaq sənədi təsdiq edib. Bundan əvvəl qurumun 2017-ci ildə keçirilmiş Brüssel sammitində «2020-ci ilədək 20 hədəf» proqramı qəbul olunmuşdu. Orada söhbət iqtisadiyyatda, dövlət idarəçiliyində, infrastruktur və cəmiyyətin inkişafında konkret islahatlardan gedirdi. İndisə Aİ yeni qonşularla bağlı vəzifələri deyil, öz prinsiplərini bəyan edir.

Sənəddən görünən odur ki, Avropa İttifaqı Şurası, ilk növbədə, ümumdemokratiya, çiçəklənmə və sabitlik zonasının yaradılmasına sadiqliyini bildirir. Bu zaman Avropa Helsinki Yekun Aktı və ATƏT-in Paris xartiyasında əksini tapmış beynəlxalq düzən qaydalarına – «beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərinə» əsaslanır.

Azərbaycan üçün bu, böyük uğurdur. Doğrudur, Aİ onun ərazi bütövlüyünə bundan əvvəl də dəstəyini ifadə edib. Lakin indi, Aİ-nin «Şərq Tərəfdaşlığı» ölkələrilə bağlı siyasətdə əsaslandığı əsas prinsiplərin sırasında demokratiya, insan haqları və s. ilə yanaşı, beynəlxalq hüquqa və ərazi bütövlüyünə hörmət prinsipləri də yer alacaq. Azərbaycanın Aİ-dən uzun müddətdir tələb etdiyi məhz bu idi və Bakı, nəhayət, istəyinə nail olub.

Bu, Azərbaycan üçün yaxşı xəbərin Ermənistan üçün pis xəbər sayıldığı məqamlardandır. Buna, hətta ermənilər üçün «pis xəbərin kvadratı» belə, demək olar. İrəvan Nikol Paşinyanın «kabab inqilabı»nın qələbəsindən sonra ümid edirdi ki, «demokratiyanın qalib gəldiyi ölkə» imici ilə Avropa diplomatiyasında ciddi uğurlar qazanacaq. Reallıqda isə bunun tam əksi baş verir – Avropa İttifaqı Azərbaycanın xeyrinə təshih olunmuş yeni prinsiplər elan edir.

Aİ-nin sənədində münaqişələrin həllinə dəstəkdə ifadə olunub. Lakin əvvəllər Aİ bu məsələdə Minsk qrupunun səylərinə dəstək ifadə etməklə, tərəfləri dialoqa çağırmaqla və s. kifayətlənirdisə, bu dəfə bu məsələdə də xeyli dəyişiklik var. İlk növbədə, sənəddə bildirilir ki, Avropa İttifaqı Şurası «regionun bəzi ölkələrinin hələ də beynəlxalq hüququn tələblərinə əməl etməməsindən dərin narahatlıq duyur». Söhbət, sadəcə, «münaqişələrin həll olunmamasından» yox, məhz beynəlxalq hüququn pozulmasından gedir ki, bu da Azərbaycanın mövqeyilə tam üst-üstə düşür. Bundan başqa, Aİ münaqişənin «razılaşdırılmış danışıqlar formatı çərçivəsində aparılacaq dialoq vasitəsilə» dinc yolla həllinə dəstəyini ifadə edib. İlk baxışdan bu, ənənəvi ritorikanı xatırladır. Lakin ekspertlər bir məqama diqqət çəkir: Ermənistan uzun müddətdir ki, Qarabağın erməni icmasını danışıqlara «üçüncü tərəf» kimi qoşmağa çalışır. İndi, Aİ mövcud danışıqlar formatına dəstək ifadə edirsə, demək, Ermənistanın formatı dəyişmək arzusunun üzərindən qalın xətt çəkmək olar. Başqa sözlə, Azərbaycan Avropa trekində onun üçün ən vacib və həssas məsələdə ciddi dividend qazanır. Üstəlik, Bakı israrı nəticəsində Aİ-nin mövqeyində bəzi nüansların dəyişməsinə nail olub. Diplomatiya isə elə nüanslar sənətidir.

Nəhayət, «Azərbaycan bloku»nda daha bir vacib məqam. Avropa İttifaqı Şurası «Aİ ilə Azərbaycan arasında yeni çərçivə sazişilə bağlı davam edən danışıqlarda əldə olunmuş irəliləyişləri alqışlayır».

Bu yerdə müəyyən izaha ehtiyac var. Bu sənədin hazırlanması öz-özlüyündə Bakının böyük uğuru idi. Xatırladaq ki, Azərbaycan hələ Aİ-nin və «Şərq Tərəfdaşlığı»nın 2013-cü ildə keçirilmiş Vilnüs sammiti ərəfəsində qurumla assosiativ sazişi imzalamaqdan imtina etmişdi. O zaman iştirakçı ölkələrdən bu sənədin imzalanmasını istəyən Brüssel, eyni zamanda israrla strateji tərəfdaşlıq sazişinə hazırlığa başlanılmalı olduğunu bildirirdi.

Əslində, «Avropa standartları», «Avropa səviyyəsi» və s. ifadələr hər zaman son dərəcə cəlbedici səslənib və səslənir. Lakin reallıqda, ekspertlərin də dediyi kimi, Avropaya inteqrasiya yalnız insan haqları sahəsində yüksək standartları deyil, həm də müəyyən iqtisadi şərtlərə əməl olunmasını nəzərdə tutur. Bu isə hər bir ölkə üçün fərqli nəticələrə yol açır. Məsələn, 2008-ci ildə son dərəcə ciddi böhranla üzləşmiş Yunanıstanın başına gələnlər düşünmək üçün ciddi əsasdır. O zaman Avropa ekspertləri şişirdilmiş sosial xərclərlə, Yunanıstanın «cibinə uyğun yaşamaması» ilə əsaslandırsalar da, bir məqama diqqət çəkmirdilər. Yunanıstanın hər zaman fəxr etdiyi gəmi inşaatı sektorunu Aİ-nin rəhbər orqanlarının qərarları və direktivləri məhv edib. Bu da son deyil. Məhz «avrokvota» siyasəti nəticəsində Yunanıstan bir çox kənd təsərrüfatı məhsulunun ixracatçısından idxalçısına çevrilib. Ölkədə pambıq yığımı ikiqat azalıb, üzüm bağları məhv olub, zeytun yağını belə, qonşu İtaliyadan gətirməyə başlayıblar. Polşada isə eyni aqibəti kömür mədənləri yaşayıb. Halbuki bu yaxınlaradək kömür Polşa üçün qəndin Kuba üçün oynadığı rolu oynayırdı.

 

Diplomatiyada ustad dərsi

Aİ-nin «Şərq Tərəfdaşlığı» ölkələri üçün nəzərdə tutduğu assosiativ sazişdəki şərtlər də bundan yüngül deyildi. Üstəlik, bütün prosesin əsas «priz»i – Avropa İttifaqına üzvlüklə bağlı vəziyyət qeyri-müəyyən qalırdı. Sənəddə Aİ-yə avtomatik üzvlük nəzərdə tutulmurdu, demək, «assosiativ üzvlər»in qərarların qəbulu prosesinə təsir imkanı da olmayacaqdı. Bütün bunlardan əlavə, Bakı, ümumiyyətlə, suverenliyini Brüssellə bölmək arzusunda deyildi və deyil.

Əslində, Azərbaycan Prezidenti İlham Əliyev Avropa trektində «diplomatik ustad dərsi»ni hələ o zaman keçmişdi. Azərbaycan nə «avrohipnoz»a, nə «avroxülyalar»a təslim olmuş, İlham Əliyev isə sualı konkret qoymuşdu: «Nə vaxtdan Türkiyə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb? Amma ondan sonrakı addımlar nəticə veribmi? Əlbəttə ki, yox». Daha sonra Prezident deyib: «Bəs, Türkiyəni niyə qəbul etməyiblər? Bir amilə görə, o da ondan ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir. Artıq bunu açıq deyirlər. Belə olan halda, Azərbaycanı qəbul edəcəklərmi? Əlbəttə ki, yox».

Daha sonra Prezident bu gün Avropa İttifaqı ölkələrində «Stop İslam!», «Müsəlman miqrantlara yox!» şüarı ilə çıxış edən partiyaların hakimiyyətə gəldiyini xatırladıb. Bu halda Azərbaycan orada hansı formada təmsil oluna bilər?

Öz tərəfimizdən bir maraqlı məqamı da əlavə edək: neft ölkəsi olan Norveç Aİ-də yer almır, VR-nin «sahibi» Böyük Britaniya isə oranı bu yaxınlarda tərk edib…

Bütün bunların fonunda Bakı Aİ ilə strateji tərəfdaşlıq sazişini də tələsik imzalamayıb. İlham Əliyev bu məsələ ilə bağlı kartları gənclərlə görüşlərindən birində açıb. Birincisi, Azərbaycan ÜTT-nin üzvü deyil. «...Hələ bunun vaxtı deyil. Çünki bizim əsas ixrac məhsullarımız neft və qazdır. Bundan başqa, bizə daxili bazarımızı, yerli istehsalçılarımızı və aqrar-sənaye kompleksini qorumaq lazımdır », - deyə dövlət başçısı qeyd edib. Bununla yanaşı, İ.Əliyev ÜTT-nin özünün daxilində böhranın yaşadığını xatırladıb, ABŞ-ın təşkilata üzvlük məsələsinə yenidən baxdığını yada salıb, ÜTT üzvləri arasında ticarət savaşının getdiyini bildirib. «Azərbaycana təklif olunur ki, təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Bu, nə deməkdir? Azərbaycan istehlakçılarının, təxminən, 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır (58 dollar). Avropada isə bu qiyməti 300-500 dollardır. Belə çıxır ki, biz daxildə qiyməti kəskin artırmalıyıq – bu isə qəbulolunmazdır, yaxud öz qazımızı 58 dollara satmalıyıq, bu da mümkün deyil. Odur ki, biz bu iki əsas məsələni razılaşdırmalıyıq», - deyə İ.Əliyev qeyd edib.

Bu günə nələrin razılaşdırılıb-razılaşdırılmadığı bağlı qapılar arxasında aparılan danışıqların iştirakçılarına bəllidir. Lakin Aİ irəliləyişi alqışlayırsa, bu, çox şeydən xəbər verir. Bu, xüsusilə «Avropa Azərbaycana daha çox lazımdır, yoxsa Azərbaycan Avropaya?» sualının cavabını bilən ekspertlər üçün ciddi xəbərdir. Bakının məqsədi xaricdən alqışlar qazanmaq deyildi – Azərbaycan, ilk növbədə, öz maraqlarını güdür, hər nöqtə-vergül uğrunda bazarlıq edir, eyni zamanda Aİ ilə enerji və logistika sahəsində konkret əməkdaşlığı möhkəmləndirir. Burada Cənub Qaz Dəhlizi və yeni İpək Yolu layihələri də aparıcı rol oynayır. Və göründüyü kimi, indiki zamanda çox nadir halda rast gəlinən bu cür qürurlu diplomatiya sayəsində Azərbaycan uğurlu nəticələr əldə edir.



MƏSLƏHƏT GÖR:

273