19 Dekabr 2024

Cümə axşamı, 19:22

HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!

Azərbaycan Brandenburq qapıları üzərində Qələbə bayrağını azərbaycanlıların sancması ilə fəxr edir

Müəllif:

15.05.2020

Koronavirus pandemiyası üzündən bu il bütün dünya üzrə bir çox plan dəyişdirilib, tədbirlər təxirə salınıb. Bu, faşizm üzərində qələbənin 75 illiyinə də aiddir. Bu münasibətlə planlaşdırılmış əsas təntənəli mərasim mayın 9-da Moskvada keçirilməli idi – bir çox dövlət və hökumət başçılarının iştirakı ilə əzəmətli paradın təşkili nəzərdə tutulmuşdu. Lakin o, məlum səbəbdən qeyri-müəyyən müddətə təxirə salınıb. Rusiya prezidenti Vladimir Putin Qələbə Günü münasibətilə keçirilməli olan, lakin təxirə salınmış tədbirlərin nə vaxt baş tutacağını açıqlamasa da, onların 2020-ci ildə gerçəkləşdiriləcəyini söyləyib. Bunun əvəzində, Qırmızı meydanda, həmçinin Rusiyanın 47 şəhərində “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə» həsr olunmuş hava paradları keçirilib.

Pandemiya üzündən bu gün digər keçmiş SSRİ ölkələrində də sönük keçib. Bu il Moskvada «Ölməz polk» da onlayn rejimdə baş tutub. Bu il 9 Mayın təntənəli qeyd olunduğu yeganə respublika Belarus olub. Həmin gün Minskin əsas meydanında Qələbənin 75 illiyi münasibətilə hərbi parad keçirilib. Belarusda da koronavirusun yayılmasına, Ümumdünya Səhiyyə Təşkilatının kütləvi tədbirlərdən imtina olunmasına dair tövsiyəsinə baxmayaraq, ölkə başçısı Aleksandr Lukaşenko hərbi paradı təxirə salmayıb. Mətbuatın məlumatına görə, tədbirdə 3 min hərbçi, 150 ədəd hərbi texnika iştirak edib. Parada şəhər sakinləri də tamaşa edib, sonda isə bayram konserti və atəşfəşanlıq olub.

Azərbaycanda Qələbə Günü münasibətilə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edib, onun abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olmuş Azərbaycan övladlarının xatirəsini yad ediblər.

Veteranlar da unudulmayıb. «Trend» agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, karantin rejimi səbəbilə Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət olunub.

Müharibə iştirakçılarını bayram münasibətilə təbrik ediblər. Bu zaman veteranlara Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunduqları Qələbənin 75 illiyi münasibətilə yubiley medalları da təqdim olunub. Bundan başqa, ölkə üzrə 256 veterana Heydər Əliyev Fondunun hədiyyələri verilib.

«İnterfaks-Azərbaycan»ın daha əvvəl verdiyi məlumata görə, Azərbaycan Prezidenti aprelin 24-də 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müharibə iştirakçılarına 1,5 min manat həcmində birdəfəlik yardım verilib. «Bu yardımı 256 veteran alıb», - deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Bundan başqa, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına 750 manatdan (441,2 dollar) birdəfəlik maddi yardım ayrılıb. Arxa cəbhədə xidmət etmiş, Leninqrad mühasirəsində olmuş şəxslərə isə orden və medallar təqdim olunub. «Bu yardımı 7,126 min nəfər alıb», - deyə nazirlikdən bildiriblər.

Ümumilikdə bu birdəfəlik maddi yardımın ödənilməsi üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 5,9 milyon manat (təxminən, 3,5 milyon dollar) ayrılıb.

 

Hər beşinci şəxs qəhrəmandır

Tarixin ən dəhşətli savaşı olmuş İkinci Dünya müharibəsi bəşəriyyətin taleyində dönüş nöqtələrindən biridir. Dünya total şəkildə insanlığa nifrət edən qara qüvvələrin tabeliyinə keçmək təhlükəsi ilə üz-üzə idi. Bu qüvvələr mövcud olmağın yeganə yolunu irqi düşmənçilik, milli müstəsnalıq ideyalarında görürdülər. Məhz bu vəhşi ideologiya uğrunda 10 milyonlarla insan qurban verilmişdi.

Tarixi həqiqət ondan ibarətdir ki, faşizm üzərində qələbənin qazanılmasına həlledici töhfəni məhz Sovet İttifaqı verib. Azərbaycan SSR isə o zaman bu İttifaqın bir hissəsi idi. Azərbaycanın hər beş sakinindən biri alman-faşist işğalçılarına qarşı döyüşüb. O zaman 3,3 milyon əhalisi olan Azərbaycandan, (1940-cı ilə olan məlumat) təxminən, 700 min insan cəbhəyə yollanmışdı. Onların 300 mindən çoxu müharibədən geri qayıtmayıb.

O zaman Azərbaycan SSR ərazisində 5 milli atıcı diviziya yaradılmışdı. 416, 77, 223, 402 və 396-cı diviziyaların şəxsi heyətinin əhəmiyyətli hissəsini məhz azərbaycanlılar təşkil edirdi. Azərbaycanlı əsgər və zabitlər Qafqazın müdafiəsində, Ukrayna, Moldova, Polşa, Rumıniya, Yuqoslaviya, Macarıstan, Avstriya və digər Avropa ölkələrinin azad olunmasında, nəhayət, Berlinin ələ keçirilməsində iştirak etməklə, faşizm üzərində Böyük Qələbə salnaməsinə adlarını əbədi həkk ediblər!

416-cı Taqanroq diviziyasının rəşadəti haqqında ayrıca danışmaq lazımdır. Onun ən məşhur qəhrəmanlığı Sovet Ordusunun Berlinə hücum əməliyyatında iştirakıdır. Baş leytenant Vahab Osmanovun rəhbərlik etdiyi hücumçu qrup həmin döyüşdə kayzer Vilhelm sarayına hücum edib. 1945-ci il mayın 1-də sarayın üzərinə qırmızı Qələbə bayrağını Osmanovla kiçik çavuş Alekseyenko sancıblar. Lakin Vahab Osmanov qəhrəmancasına həlak olub…

416-cı diviziyanın döyüşçülərinə Üçüncü reyxin bütün əsas obyektləri boyun əyib. Nəhayət, mayın 2-si səhər saatlarında diviziyanın 1373-cü polkunun döyüşçüləri Qəzənfər Məmmədov, Söhbət Əhmədzadə, Konstantin Berejnoy və Vladimir Andreyev siyasi şöbəsinin rəisi, polkovnik Rəşid Məcidovun rəhbərliyi altında Brandenburq qapıları üzərinə də Qələbə bayrağını sancıblar. General-leytenant Fyodor Bokov özünün «Qələbə baharı» kitabında yazır ki, əməliyyata 1373-cü polkun komandiri, general-mayor Vladimir Pavloviç Zyuvanov rəhbərlik edib – söhbət gəncliyində rus zabiti tərəfindən övladlığa götürülmüş Bakının Maştağa qəsəbəsindən olan Heybət Atamoğlan oğlu Heybətovdan gedir.

Azərbaycanın 223-cü piyada diviziyası da qəhrəmanlıq dolu döyüş yolu keçib. Respublika sakinlərindən ibarət diviziya müharibənin bir çox döyüşündə iştirak edib. O, Vyana, Belqrad, Budapeşt kimi şəhərlərin azad edilməsinə imza atıb. Yuqoslaviya paytaxtının faşistlərdən azad edilməsi zamanı göstərdiyi hərbi şücaətə görə 223-cü diviziya «Belqradskaya» adına layiq görülmüşdü.

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, əfsanəvi kəşfiyyatçı, partizan «Mixaylo» kimi tanınan Mehdi Hüseynzadənin, fransız hərəkatının qəhrəmanı, şəxsən general de Qoll tərəfindən Fransanın «Fəxri legion» ordenilə təltif edilmiş Əhmədiyyə Cəbrayılovun adları dildən-dilə dolaşır. Ümumilikdə, Böyük Vətən müharibəsi cəbhələrində göstərdikləri qəhrəmanlığa görə 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

 

Bakının arxa cəbhədən endirdiyi «zərbələr»

Azərbaycan neftçilərinin Qələbəyə verdikləri töhfəni tam ifadə etmək üçün isə söz tapmaq belə, çətindir. O illərdə SSRİ neftinin az qala 80%-i məhz Bakıda hasil olunurdu. Sovet İttifaqı marşalı Georgi Jukov yazırdı: «Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənin müdafiəsi, düşmən üzərində tez bir zamanda qələbə qazanılması üçün tələb olunan həcmdə yanacaq verirdilər».

Azərbaycan neftinin son dərəcə vacib olduğunu faşistlər də yaxşı anlayır və bu üzdən onu ələ keçirməyə çalışırdılar. «Hitlerə üzərində alman dilində «Xəzər dənizi» sözləri yazılmış tort gətirirlər. Orada Xəzər dənizinin sərhədlərində qara rəngli əridilmiş şokolad tökülüb. Hitler svastikanı götürüb düz «Bakı» sözü yazılan yerə qoyur», - deyə «Mir 24» telekanalı Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirir. Bu torta Hitler 1942-ci ilin aprelində doğum günündə qonaq edilmişdi. «O zaman almanlar sürətlə Şərqə doğru irəliləyirdi. Bir neçə ay sonra Kubanda möhkəmlənmiş almanların niyyəti Qafqazın ələ keçirilməsi idi», - deyə telekanalın hazırladığı süjetdə bildirilir.

Faşizm üzərində Qələbəyə azərbaycanlı alimlərin töhfəsi də çox böyük olub. Azərbaycan xalqı yerli elmin korifeyləri, onu dünyada məşhurlaşdırmış Yusif Məmmədəliyev, Mir Əsədulla Mirqasımov, Mustafa Topçubaşov, Mirəli Qaşqay, Heydər Hüseynov və digər alimlərilə, həqiqətən, fəxr edir. Bu mənada, Y.Məmmədəliyevin kimyəvi laboratoriyalarda yorulmadan apardığı tədqiqatlar xüsusi qeyd edilməlidir. Məhz onun kəşfi düşmən ordusunun darmadağın edilməsilə nəticələnmiş zərbələrin endirilməsində böyük rol oynayıb. Bircə faktı qeyd etmək kifayətdir: «Molotov kokteyli» kimi məşhurluq qazanmış yandırıcı mayeni məhz Y.Məmmədəliyev kəşf edib. Bundan başqa, yüksək keyfiyyətli aviabenzinlərin istehsalı prosesi də bu alimin rəhbərliyi altında yaranıb. Bu, SSRİ müdafiə sənayesinin inkişafına böyük töhfə olub.

Azərbaycan xalqının faşizm üzərində qələbəyə verdiyi saysız-hesabsız töhfələrdən çox danışmaq olar. Bütün bunlar göstərir ki, nasizm adlı şərə həm də Azərbaycan xalqının qəhrəman səyləri hesabına qalib gəlinib.

 

Tarixi saxtalaşdırmaya qarşı

Bu gün Azərbaycan tarixi həqiqətlərin müdafiə olunmasında prinsipial mövqe tutur, İkinci Dünya müharibəsinin məğzinin, o zaman yaşanmış hadisələrin ayrı-ayrı qüvvələr tərəfindən hansısa siyasi və digər məqsədlərlə təhrif edilməsi cəhdlərini qəti şəkildə pisləyir. Məsələn, Prezident İlham Əliyev TASS-a son müsahibəsində deyib: «Biz tarixi yenidən yazmaq, Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyirik... Bir müddət əvvəl belə qənaətdə idik ki, sübut edilməsinə ehtiyac olmayan həqiqətlər var, Böyük Vətən müharibəsinin tarixi də belə həqiqətlərdən biri idi. Lakin təəssüf ki, bəzən müəyyən dairələrin tarixi həqiqəti təhrif etmək, İkinci Dünya müharibəsində Qələbədə Sovet İttifaqının rolunu azaltmaq və faşizmi qəhrəmanlaşdırmaq üçün əlaqələndirilmiş səylərinin şahidi oluruq. Bu meylə son qoyulmalıdır».

Azərbaycan dövlətinin bu mövqeyi kontekstində qonşu Ermənistanın faşizmi qəhrəmanlaşdırılmasının pislənilməsi xüsusi əhəmiyyət daşıyır. Əslində hələ də faşist siyasəti ruhunda Azərbaycana qarşı hərbi təcavüzü davam etdirən bu ölkədə ermənilərin milli müstəsnalığı, qonşu türk xalqlarına qarşı nifrət dövlət strategiyası səviyyəsinə qaldırılıb. Bu mənada, Ermənistanda faşizmin əlaltılarının, hələ İkinci Dünya müharibəsindən xeyli əvvəl dinc azərbaycanlılara və türkiyəlilərə qarşı soyqırımı törətmiş şəxslərin qəhrəmanlaşdırılması heç də təəccüblü deyil. Faşizmlə müharibə dövründə isə həmin şəxslər nasist Almaniyası tərəfindən döyüşüb, onun əmrilə rusları, yəhudiləri, həmçinin Üçüncü reyxin «yaşamaq hüququ tanımadığı» digər xalqların nümayəndələrini məhv etməklə məşğul olub.

Azərbaycan Prezidenti TASS-a müsahibəsində deyib: «Əlbəttə, bəzi ölkələrdə baş verənlər, İkinci Dünya müharibəsi iştirakçılarının abidələrinə qarşı vandalizm aktı, faşistlərə heykəllər qoyulması nifrət və ikrah hissi oyadır».

 

«Faşist» «qəhrəman» olarsa

Bu mənada, bir məqamı xatırlatmaq yerinə düşər: İlham Əliyev MDB-nin hələ ötən ilin oktyabrında Aşqabadda keçirilən sammitində Birliyə üzv bəzi dövlətlərdə nasizmin qəhrəmanlaşdırıldığını gündəmə gətirmişdi. Söhbət konkret olaraq Ermənistandan gedir. Dövlət başçısı çıxışında xüsusilə İrəvanda Njde ləqəbilə tanınan faşist cəlladı Qaregin Ter-Arutunyana abidə ucaldılmasını qəti şəkildə pisləmişdi. Bu hərbi cinayətkarın Avropanın yəhudi əhalisinə qarşı təşkil olunmuş Holokostda iştirak etdiyi, 1942-ci ildə Sovet İttifaqına qarşı vuruşmuş erməni legionunun təşkilatçısı olduğu məlumdur. Njdenin əsas şüarı belə idi: «Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur».

Azərbaycan Prezidenti həmin çıxışında Ermənistanın özünü demokrat kimi qələmə verən yeni rəhbərliyinin faşizmin əlaltısına ucaldılmış heykəli sökməməsindən təəssüfünü bildirmişdi.

TASS agentliyinə Qələbənin 75 illiyi ərəfəsində verdiyi müsahibədə İlham Əliyev bu məsələyə bir daha toxunub. O, xatırladıb ki, faşistlərin köməkçisi olmuş Njdeyə Rusiya ərazisində, Armavir şəhərində də xatirə lövhəsi qoyulmuşdu. «Yalnız mən bu məsələni dövlət başçılarının Zirvə görüşündə qaldırandan və bu məsələ kütləvi informasiya vasitələrində əksini tapandan sonra həmin lövhə götürülüb», - deyə Azərbaycan Prezidenti bildirib: «Haqlı olaraq sual yaranır: Ermənistanda Böyük Vətən müharibəsi qəhrəmanları olmayıbmı? Bəs, Armavirdə erməni kilsəsinin yaxınlığında nə üçün onlara yox, faşist caniyə xatirə lövhəsi vurulub? Bunu necə başa düşməli? Ona görə bu məsələlər geniş müzakirə edilməlidir. Yenə də hər bir ölkə bu məsələyə öz münasibətini selektivlik, siyasi korrektlik mülahizələrinə görə deyil, birbaşa və açıq şəkildə bildirməlidir. Ermənistanda bir tərəfdən deyirlər ki, onlar Qələbənin yubileyini bayram edəcəklər, amma digər tərəfdən faşistin abidəsi önünə gül qoyurlar. Bu, ən azı ziddiyyət, əslində isə riyakarlıq təzahürüdür».

Ermənistanda Hitlerlə əlbir olmuş şəxslərin qəhrəmanlaşdırılması Rusiya ictimaiyyətində xüsusi hiddətlə qarşılanır. Qələbənin 75 illiyi ərəfəsində Njdenin İrəvandakı abidəsinin söküləcəyinə Rusiya tərəfi də ümidini ifadə edib. Məsələn, pravda.ru saytının Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı açıq məktubda Rusiyanın strateji müttəfiqi sayılan ölkədə nasist cinayətkarının qəhrəmanlaşdırılmasından təəssüf ifadə olunur.

«Böyük təəssüf hissilə qeyd edirik ki, Ermənistanın əvvəlki hakimiyyətinin səyləri nəticəsində ölkədə nasizmin Drastamat Kananyan (Dro) və Qaregin Ter-Arutunyan kimi köməkçiləri pərəstiş obyektinə çevriliblər. Halbuki onlar vermaxtın xüsusi əməliyyatlarında, Üçüncü reyxin digər cinayətlərində iştirak edib, Nürnberq tribunalı tərəfindən mühakimə olunublar», - deyə məktubda bildirilir.

Sənəddə Paşinyan İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxılması, faşizmin qəhrəmanlaşdırılması cəhdlərini pisləməyə, xüsusilə Dro və Njdeyə ucaldılmış abidələri sökməyə çağırılır. Bununla yanaşı, müəllif Rusiya ictimaiyyətinin bir tələbini də baş nazirin nəzərinə çatdırır: Böyük Qələbənin 75 illiyi münasibətilə Moskvada keçiriləcək təntənəli tədbirlərə faşizmin əlaltılarının qəhrəmanlaşdırıldığı ölkələrin, yaxud belə cəhdlərə mane olmayan dövlətlərin rəsmi nümayəndə heyətləri qatıla bilməz. Bu baxımdan, Qələbə paradının koronavirus səbəbilə təxirə salınmasının Paşinyana əlavə imkan olacağına ümid ifadə olunur. Müəllif ümid edir ki, baş nazir bu vaxtdan yararlanaraq, «nasistlərlə əlbir olmuş şəxslərin abidələrini sökdürəcək, bununla da, Moskvada keçiriləcək təntənəli tədbirdə müttəfiq Ermənistanı təmiz vicdanla təmsil edəcək. Heç kim unudulmur, heç kəs yaddan çıxmır!!!»

Lakin Nikol Paşinyan yenə də 9 May bayramı ərəfəsində Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına son qoyulduğunu göstərəcək addımlar atmağa vaxt tapmayıb. Böyük ehtimal ona görə ki, onun belə niyyəti ümumiyyətlə yoxdur. Amma deyəsən, səbəb tək bu deyil. Paşinyanın Hitlerizmin erməni əlaltılarının xatirəsini «narahat etmək» istəməməsinin əsl səbəbini elə Ermənistan mətbuatı üzə çıxarıb. Sən demə, baş nazirin babası Nikol Paşinyan… faşist Almaniyasında, SS-in erməni legionunun sıralarında döyüşüb. Maraqlıdır ki, bu məlumatına üzə çıxması üçün «ipucu»nu nəvə Paşinyanın özü verib. O, babasının şəklini paylaşaraq, yazıb: «Nikol Paşinyan, 1913-1943. 138-ci piyada diviziyasının 554-cü piyada polkunda qulluq edib. Vətən uğrunda həlak olanlara eşq olsun!»

Məhz bu məlumata əsaslanan «İravunk» qəzeti https://obd-memorial.ru saytınnın «Memorial» ümumi məlumat bazasında baba Paşinyanın axtarışını aparıb. Qeyd edək ki, bu bazada İkinci Dünya müharibəsində döyüşmüş, həlak olmuş və itkin düşmüş şəxslərlə bağlı məlumatlar toplanıb. Beləliklə, məlum olub ki, Ermənistan SSR-in Yenokavan kəndindən olan Nikol Paşinyan, həqiqətən də, İkinci Dünya müharibəsinin iştirakçısıdır. Lakin o, savaşda… Hitlerin tərəfində, həmin Qaregin Njdenin erməni legionunun sıralarında döyüşüb. Onunla bağlı arxiv sənədində «Düşmənlə əməkdaşlıq edib və həlak olub» yazılıb və hətta, bununla bağlı almanların müvafiq sənədi də təqdim edilib.

İstənilən halda, Ermənistan dövlətinin siyasi-ideoloji siması ortadadır. Ermənistanın hakim rejimlərinin nasist cəlladlarını qəhrəmanlaşdırması, ilk növbədə, erməni xalqının özünün faşizmə qarşı döyüşdə həlak olmuş oğullarının ruhuna təhqirdir.

Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, «bu qələbəyə keçmiş Sovet İttifaqının hər bir xalqı dəyərli töhfə verib… Bu, elə bayramdır ki, biz onu daim qeyd etməliyik. Bu, elə bayramdır ki, bütün mütərəqqi bəşəriyyəti, bütün sülhsevər insanları birləşdirir».

Bu fikirdə əsas mesaj «mütərəqqi və sülhsevər» ifadələridir… 1945-ci ildə faşizmin necə darmadağın edildiyinin xatırlanması tarixin dərslərini çox tez unudan bugünkü dünya üçün çox əhəmiyyətlidir.



MƏSLƏHƏT GÖR:

358