24 Aprel 2024

Çərşənbə, 02:21

YARADICILIĞIN HÜDUDU YOXDUR

İmamyar HƏSƏNOV: «Əsas məqsədimiz mədəni irsimizi yorulmadan təbliğ etmək olmalıdır»

Müəllif:

01.05.2020

Musiqi sərhədləri aradan qaldırır, dünyanın, əslində, bir olduğunu ortaya qoyur. Onun səsləndiyi yerdə milli fərqlilik anlayışı yox olur, sanki hisslərin tandemi yaranır. Və yalnız əsl musiqiçi öz ifası ilə insanları ya ağlada, ya da ruhlandıra bilir. Onun ifası milyonların diqqətini çəkir. Yerli mədəni irsin digər mədəniyyətə aid ənənələrlə təzadı isə xüsusi maraqla qarşılanır.

İmamyar Fikrət oğlu Həsənov. Bu dünyaca məşhur virtuoz kamança ustası 2000-ci ildən Azərbaycandan kənarda – ABŞ-da (San-Fransisko) yaşayır.

İmamyar Həsənov Mərdəkan qəsəbəsində musiqiçi ailəsində doğulub. 1-ci sinifdən 8-ci sinfədək Hacı Zeynalabdin Tağıyev adına 123 saylı orta məktəbdə oxuyub. Sonra təhsilini Mərdəkanda yerləşən 17 saylı musiqi məktəbində, 1990-cı ildən isə Asəf Zeynallı adına Musiqi Məktəbində davam etdirib. Mütəllim Novruzov və Arif Əsədullayev kimi tanınmış kamança ustaları ona dərs deyiblər. Həsənov kamançanı ilk dəfə 10 yaşında əlinə götürüb. Bu zaman uşaq, yəqin ki, alətin onu nə qədər uzağa aparacağını ağlına belə, gətirmirmiş. O vaxtadək İmamyar Həsənov klarnetdə ifa edirmiş.

1995-2000-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Ağacəbrayıl Abbasəliyevin sinfində oxuyub. Azərbaycan Dövlət İnstrumental Orkestrinin ən gənc solisti olub.

O, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında magistr dərəcəsi də alıb.

1996-cı il. Azərbaycanda keçirilən «İstedad sorağında» müsabiqəsində ilk yeri bu gənc tərəfindən yaradılmış «Qala» triosu (tar, kamança, fortepiano) tutur. Bundan sonra kamança İmamyarın əlində dünyanın yarısını dolaşır və arxasınca Azərbaycanın əsrlərdən gələn musiqi mədəniyyətinin dərin izini buraxır. Bir səhnə tezliklə digərini əvəzləyir: Corctaun Universitetində «Azərbaycan kamançasının naməlum xəzinəsi», San-Fransiskoda Ümumdünya Musiqi Festivalı, İndiana Universitetində «İpək Yolu bayramı», Corc Vaşinqton Universitetində «Dünya musiqisinin ən yaxşı sirri», həmçinin Türkiyədə, Londonda, Höteborq, Nyu-York, San-Xose, İraq, Texas, İran, Yaponiya, Fransa, Kanadada məşhur festivallar, 2019-cu ildə «ARAS» ansamblı ilə Avropa turu, elə həmin il Türkiyədə (Adana) Çukurova Milli Simfonik Orkestri ilə «Kamança konserti» və s.

Musiqiçi Vətəndən çox uzaqda yaşasa da, «Odlar yurdu»nun adət-ənənələrini, zəngin irsini unutmur. Əksinə, qürbətdə yaşamaq doğma mədəniyyətə ruhi bağlılığı daha da gücləndirir. Ayrı-ayrı ölkələrdən olan müxtəlif janra aid musiqiçilərilə ünsiyyət musiqiçinin biliyini artırır, dünyanın musiqi alətlərini daha yaxından tanımasına, sintez texnikasını daha dərindən öyrənməsinə yol açır.

İmamyar Həsənov ənənəvi Azərbaycan və Yaxın Şərq improvizasiyalarının, həmçinin Avropa klassikasının ifası ilə hər dəfə kamançanın yeni xüsusiyyətlərini üzə çıxarır. Əcnəbi dinləyiciləri də məhz bu cəlb edir, nəticədə, onlar İmamyarı təkrar-təkrar dinləyir. Bəlkə, musiqiçinin əsas uğuru elə budur? Bəs o, bu uğura necə nail olub? Müxbirimiz bu haqda İmamyar HƏSƏNOVUN özü ilə söhbətləşib.

- Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasını bitirdikdən sonra Amerikaya gəldiniz. San-Fransisko bölgəsindəki yaradıcılıq fəaliyyətiniz hansı musiqi layihəsindən irəli gəldi?

- Amerikanın Virciniya ştatında yaşadığım illərdə tez-tez konsert və festivallarda iştirak etmək üçün Kaliforniya ştatına gəlirdim. Bu dövrdə çox mühüm yaradıcılıq əlaqələrim yarandı. Sonradan “San-Fransisko Dünya Musiqi Festivalı” adlı təşkilatda çalışmağa başladım. Hazırda bu ştatda yaşayıram.

- Və 2012-ci ildə artıq Dünya Musiqi Festivalının musiqi direktoru idiniz...

- 3 namizəd arasından seçildim – Çin-amerikalı, Hind-amerikalı və Azərbaycan-amerikalı. Hər üçümüz bu festivalın layihələrində illər öncə iştirak etmişdik. Bu, qeyri-hökumət təşkilatıdır və səsvermə 5 əsas direktor arasında keçirilir. Onlar bizim öncəki fəaliyyətlərimizi qiymətləndirərək, bu vəzifəni mənə həvalə etdilər.

- Bu əlamətdar festivalda Azərbaycan musiqisinin yerini necə görürsünüz? Orada musiqiçilərimizdən kimlər iştirak edib?

- Mən özüm azərbaycanlı olduğumdan, bütün layihələrimizdə Azərbaycan mədəniyyəti əksini tapır. Bu illər ərzində sənətçilərimizdən pianoçu Çingiz Sadıqov, tar ifaçısı Rüfət Həsənov, nağara ifaçıları Elşən Qasımov, Fikrət Həsənov, qoşa nağara ifaçısı Yusif Əlizadə, aşıqlar Gülarə Azaflı, Zülfiyyə İbadova, xanəndələr İlkin Əhmədov, Vüsalə Musayeva, Aytən Məhərrəmova festivalın layihələrində böyük uğurla iştirak ediblər.

- Musiqi sahəmizin fəaliyyət modelini ABŞ modelilə müqayisə etsək, ondan nə öyrənməliyik? Şəxsən siz Azərbaycan musiqi dünyasına hansı dəyişiklikləri, yenilikləri tövsiyə edərdiniz?

- Mən bütün müsahibələrimdə bu vacib məsələyə də toxunmağa çalışıram. Bilirsiniz, Azərbaycanın musiqi mədəniyyəti çox zəngin və unikaldır. Təəssüf ki, dünya hələ də milli musiqimizin dərinliyini tam bilmir. Hesab edirəm ki, bu əhəmiyyətli məqsədə nail olmaq üçün müxtəlif musiqi janrlarında silsilə miqyaslı layihələr həyata keçirilməlidir. Belə layihələrin istər ölkə daxilində, istərsə də ondan kənarda reallaşdırılması vacibdir. Şübhəsiz ki, bu layihələrin hədəf auditoriyası hələ də bizim necə gözəl mədəniyyətə malik olduğumuzu bilməyən əcnəbilər olmalıdır. Azərbaycanda yaşadığım dövrdə də, indi də tez-tez qastrollarda oluram. İndi qastrollarım daha çox olur. Təqdim olunan repertuar, xüsusilə təqdimatlar hələ də yalnız Azərbaycan dinləyicisinə hesablanır. Bu halda əcnəbi dinləyici bu musiqi əsərinə ekzotik sənət nümunəsi kimi yanaşır: bir dəfə dinləyir, vəssalam. Ancaq elə olmalıdır ki, dinləyici konsertdən sonra ən azı internetə müraciət edərək, eşitdiyi musiqi, onun ifaçısı, məxsus olduğu ölkə haqda məlumat almaq istəsin. Əminəm ki, belə olarsa, Azərbaycan musiqilərindən ibarət «pleylist» onun gündəlik «pleylist»ləri siyahısında olacaq. Musiqimiz daha geniş dinləyici təbəqəsi tərəfindən dinlənməyə layiqdir. İnanın ki, bu işə əsl mütəxəssislər cəlb olunarsa, bu, elə də çətin iş deyil.

- Stanford Universitetində “Azərbaycan musiqisi” kursu tədris olunurdu. Orada tələbələrə nələri öyrədirdiniz?

- Azərbaycan muğamları haqda ümumi məlumat verirdim. Muğamın sirlərini izah edərkən, onlara öz alətlərində muğama əsaslanan xalq mahnılarını, təsnifləri ifa etməyin yollarını da öyrədirdim.

- Müxtəlif universitetdə ustad dərsləri də verirsiniz. Musiqimiz necə qavranılır?

- Bir məqamı xüsusi vurğulamaq istərdim: hər şey, ilk növbədə, təqdimatdan asılıdır. Əgər təqdimat düzgün, inandırıcı, cəzbedici olarsa, reaksiya da olacaq – tələbə buna maraq göstərəcək, nəticədə, qavrama prosesi sadə və maraqlı olacaq.

- Əcnəbilər bizim musiqi alətlərimizdə ifa etməyi asanlıqla öyrənə bilirmi? Bu istiqamətdə hansı nailiyyətlər var?

- Bu, yalnız o zaman asan olur ki, tələbə öyrənmək istəyilə alışıb-yansın. İstək varsa, hər şeyə nail olmaq mümkündür. «Skype» vasitəsilə çox sayda əcnəbi tələbə ilə məşğul oluram. Onların hamısını yalnız bir məqam birləşdirir: onlar məndən dərs almaq qərarına yalnız ifalarımı dinlədikdən və sevdikdən sonra gəliblər. Onların qəlbində mənim ifa etdiyim kamançaya xüsusi sevgi yaranıb.

Nailiyyətlərə gəlincə, iki tələbəmi misal göstərə bilərəm. Yaponiyalı tələbəm Tomoko Maruono artıq bir neçə ildir Yaponiya, Azərbaycan, Türkiyə, İran səfirliklərinin təşkil etdiyi tədbirlərdə Azərbaycanın milli musiqi aləti olan kamançada ifa edir. Ən maraqlısı odur ki, o, kamançada bu ölkələrin musiqilərini ifa edir. 2 il əvvəl Tomoko ilə mən Tokioda birgə konsert də vermişik.

Amerikalı tələbəm Raquy Danziger isə bu yaxınlarda Türkiyə, Almaniya, İspaniya, İsrail və ABŞ-da solo konsert verib. Onun repertuarında hər Azərbaycan musiqisi gözəlliyi və unikallığı ilə seçilir. Bu, şübhəsiz ki, insanda dərin fəxr və öz işinə inam yaradır.

- Sizin işinizə maraq kamançanı digər ölkələrin milli alətlərilə sintez etmənizlə bağlıdır. Məsələn, İsrailin Anna RF duetilə “Laçın” kompozisiyasını ifa etmişdiniz. Bu sintezlərin yaradılmasında əsas məqsəd nədir? Alətlərimizi xarici alətlərlə «dostlaşdırmaq» çətin deyil ki? Yeri gəlmişkən, “Laçın” kompozisiyasının videosunu 2012-ci ildə 70 mindən artıq insan izləmişdi…

- Çətin olsa da, sevdiyim janrlardandır. Çətinlik isə bu işin məsuliyyətli olması ilə bağlıdır. İlk növbədə, kimliyimizi unutmadan digər xalqların nümayəndələrilə ümumi dil tapmalı, onların qəlbində mədəniyyətimizə maraq və sevgi yaratmalıyıq. ABŞ-da yaşamağım mənə bu sahədə məhsuldar işləmək imkanı yaradır.

Bu sintezlərin yaradılmasındakı məqsədlərə gəlincə, əsas məqsədimiz milli və klassik musiqimizin daha çox yayılması, daha geniş auditoriyaya çatdırılmasıdır. Elə etməliyik ki, onu qəbul etsinlər və sevsinlər.

İkincisi, hər kəsə göstərməliyik ki, Azərbaycan kamançası dünya musiqisi üçün önəmlidir və onun ayrılmaz hissəsidir.

Üçüncüsü, mən bu sintezlər vasitəsilə digər xalqların milli və klassik musiqisini bilavasitə onların özlərindən öyrənirəm. Bu, pedaqoji sahədə təcrübəmi zənginləşdirir.

«Laçın» kompozisiyasına gəlincə, o zaman onun dinləyicilər tərəfindən bu dərəcədə bəyənilməsinə çox sevinmişdim. Bu, İsraildə yerli tələbələrə Azərbaycan muğamından ustad dərsi verməyimdən sonra baş tutmuşdu. ABŞ-a yollanmalı olduğum gün 2 tələbəm Şaharut səhrasına getməyimizi təklif etdi. Bu səhra böyük, cəzbedici enerjiyə malik qeyri-adi yerdir. Orada xatirə üçün bir musiqi ifa etmək qərarına gəldik. Beləliklə, planlamadan, bir anın içində kompozisiya meydana gəldi. Mən bu mahnını hər zaman sevmişəm. Lakin o vaxtadək onu heç vaxt ifa etməmişdim.

- Hansı ölkənin musiqi aləti və musiqisi ruhən sizə daha yaxındır?

- Ruhən mənə daha yaxın olanları Türkiyə və İrandan ney, İrlandiyadan arfa, İspaniyadan gitara.

- Saysız-hesabsız qastrollar, çıxışlar. Yaradıcılıq həyatınızı parlaq adlandırmaq olar. Təki hər zaman belə olsun. Hər şeyi planlaşdırmağa, çatdırmağa imkan verən həyat formulu varmı?

- Bütün musiqiçilərə, xüsusilə ailəlilərə aid çox gözəl və aktual sualdır. Mənim həyat formulum ondan ibarətdir ki, maddi vəziyyətim qastrollarımın sayından asılı deyil. Allahın izni ilə hər zaman ailəmin, övladlarımın yanında olmağa, onların necə böyüdüklərini görməyə çalışıram. Bütün bunlar üçün «qızıl orta» olmalıdır.

- Qastrollara dəvətlə gedirsiniz, yoxsa özünüz təşkil edirsiniz? Əsasən hansı ölkələrdə konsertlər verirsiniz?

- Qastrollara dəvətlə yollanıram. Yaradıcılığımı sevən, hörmət edən dinləyicilərə minnətdaram. Səfərlər üçün prioritetim isə yoxdur. İndiyədək Türkiyə, İran, İraq, Yaponiya, Çin kimi ölkələrdə, həmçinin Avropanın bir çox dövlətində, ABŞ-ın əksər ştatında səhnəyə çıxmışam.

- Balaban ifaçıları yeni bəstəkar mahnılarının olmamasından şikayətlənir. Kamança ilə bağlı vəziyyət necədir?

- Eynidir. Lakin mənim bu məsələyə şəxsi yanaşmam ümumi yanaşmadan bir qədər fərqlənir. Biz musiqiçilər Azərbaycan mədəniyyətinin tarixində Üzeyir Hacıbəyov və dünya səviyyəli bir çox digər bəstəkarın olmasını özümüz üçün xoşbəxtlik saymalı, bunu böyük uğur kimi qiymətləndirməliyik. Onların yaratdıqları istər bizim, istərsə də gələcək nəsillər üçün əsl musiqi xəzinəsidir. İfaçılar bu töhfədən doğru və layiqincə istifadə edərsə, yeni musiqi axtarmağa ehtiyac belə, qalmaz. Hələ xalq musiqimizin, rəqslərimizin misilsiz məzmunundan danışmıram…

Artıq 20 ildir Vətəndən kənarda yaşayan musiqiçi kimi, sözlərimin gənc nəsil tərəfindən məsləhət və öyüd kimi qəbul olunmasını istərdim.

- Siz həm də bəstəkarsınız…

- Bəli, bir neçə bəstəm var. Lakin özümü bəstəkar saymıram. Bu adın böyük mənası və məsuliyyəti var. Mən ifa etdiyimi bütün melodiyaları kamança üçün xüsusi tərtib edirəm.

- Bəs, melodiyalarınız necə yaranır? Bunun üçün xüsusi atmosferə, ilhama ehtiyac var, yoxsa planlaşdırmaq kifayətdir?

- Qətiyyən. Planlaşdırmaq zəruri olsa da, kifayət deyil. Bu halda ortaya nə sizin, nə də dinləyicinin ruhuna toxunacaq melodiya çıxır. Əgər məni ilhamlandıracaq atmosferə düşürəmsə, nəticədən mən də, dinləyicilərim də razı qalır. Prinsipcə, nəticə elə onlara hesablanır. Yaradıcılıq ruha əsaslanır. Bu olmazsa, yaradıcılıq da çox yaşamaz.

- İfa etdiyiniz hansı melodiyaların dinləyicilərin ruhuna toxunduğunu düşünürsünüz?

- Dinləyicilərimin fikrinə əsaslanaraq, “Ay işığında”, “Laçın”, “Bayatı-Şiraz”, “Sarı gəlin”, “Ayrılıq” deyə bilərəm.

- Çox gözəl ifa etdiyiniz “Ağla, kamança” kompozisiyasını da unutmaq olmaz. Kamança niyə “ağlayır”?

- Bir ifaçı kimi onu deyə bilərəm ki, hər hansı aləti yalnız ifaçının iç dünyası “ağlada” bilər. Onun həyata fərqli baxışı, insanlara qayğıkeş münasibəti, milli və mənəvi dəyərləri hər şeydən üstün tutması, ən əsası, Yaradanın əmrlərinə əməl etməyə çalışması ifalarında mütləq öz əksini tapır. Mən çalışıram öz səsimi kamançamın səsilə əvəz edim. İfa etdiyim bütün musiqiləri sözün əsl mənasında ürəyimdə oxuyuram.

- Gənc nəsil hər şey üzərində əks olunan rəqəmsallaşma əsrində yaşayır. Bu canlı milli musiqiyə necə təsir edə bilər? Bəzi ənənələrin bu üzdən itirildiyi, unudulduğu kimi, unikal mədəniyyətin də itirilməsi riski varmı?

- Həqiqətən, rəqəmsallaşma dövründə yaşadığımızı inkar, yaxud tənqid edə bilmərik. Sadəcə, bu faktı həyatın ayrılmaz hissəsi kimi qəbul etmək lazımdır. Dəyərlərimizi, ənənələrimizi unutmamalı, milli dəyərlərimizə qiymət verməli, mədəni irsimizin təbliğini əsas məqsəd saymalı və yorulmadan bu işlə məşğul olmalıyıq. Bu, yalnız mədəniyyət təmsilçilərinin deyil, hər bir insanın işi olmalıdır. Orta və yaşlı nəslin nəzarəti, tənqidi xüsusilə vacibdir. Bizim işimiz isə onların hər bir nəsihətini dinləmək, ona əməl etməkdir. Əks təqdirdə mədəniyyətimizi itirmə ehtimalımız çox yüksəkdir.

- Sizin üçün “yaradıcılıq zirvəsi” nədir? Bu mərhələyə çıxmısınızmı?

- Mənim üçün «yaradıcılığın zirvəsi» anlayışı yoxdur. Yaradıcılıq sonsuz prosesdir. Zirvə saydığım yerə çatdıqda yeni zirvə kəşf edirəm. «Yaradıcılıq zirvəsi» hissi yalnız müqayisələr nəticəsində yaranır. Şəxsən mən hesab edirəm ki, hər kəs öz zəhməti, qabiliyyəti nəticəsində öz qarşısında bitmək bilməyən zirvələr açır. İfaçı hesab edirsə ki, yaradıcılığının zirvəsinə çatıb, bu yolda davam etməyin nə anlamı var?! Bu, əslində, onun yaradıcılığının sonu kimi qəbul oluna bilər…

- Uzun illərdir Vətəndən, yaxınlarınızdan uzaqda yaşayırsınız. Vətən haqda düşünən zaman daha çox nə üçün darıxırsınız?

- İlk növbədə, anam, bacım və qardaşım, daha sonra bütün yaxınlarım, mənə əziz olan insanlar üçün. Uşaqlıq illərim, dostlarla, qohumlarla keçirdiyim dövr heç vaxt yadımdan çıxmır… Adət-ənənələrimiz, gözəl günlərimiz üçün darıxıram…

- Sizə uğurlar, bitmək bilməyən zirvələrin fəthini arzulayırıq. Bizə yaradıcılığınızı izləmək və fəxr etmək qalır.

- Arzularınıza, yaradıcılığıma göstərdiyiniz maraq və diqqətə görə minnətdaram.



MƏSLƏHƏT GÖR:

312