17 Aprel 2024

Çərşənbə, 00:10

BAŞLANĞIC MÖVQE FAKTORU

Yaxud postpandemiya dövründə Cənubi Qafqazın iqtisadi vəziyyəti necə olacaq?

Müəllif:

01.05.2020

Dünyada koronavirusa yoluxma hallarının getdikcə artmasına baxmayaraq, bir çox dövlət artıq karantin rejiminin yumşaldılması yolunu seçib. Bu, pandemiyadan ciddi ziyan çəkmiş ölkə iqtisadiyyatında canlanma yaradılması istəyilə bağlıdır. Bu, 3 Cənubi Qafqaz respublikası – Azərbaycan, Ermənistan və Gürcüstana da aiddir.

 

Pandemiyadan əvvəl

Cənubi Qafqaz ölkələrinin müasir tarixin ən çətin iqtisadi vəziyyətindən necə və nə qədər effektiv çıxdıqları əsasən iki parametrlə ölçüləcək. Karantin rejiminin tətbiqinədək hansı iqtisadi resurslara sahib olublar və postpandemiya dövründə əsasən nəyə arxalanacaqlar.

Artıq bir neçə onillikdir ki, Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır. 2020-ci ilin əvvəlinə olan məlumata görə, region dövlətlərinin birgə ÜDM-i 76,8 milyard dollar təşkil edir. Bunun 47,6 milyardı (60%) Azərbaycanın, 15,9 milyardı (21%) Gürcüstanın, 13,3 milyardı (19%) Ermənistanın payına düşür. Ən böyük valyuta ehtiyatına malik ölkə də Azərbaycandır - 2020-ci ilin əvvəlinə onun valyuta ehtiyatı 52 milyard dolları ötüb. Eyni dövr üçün Ermənistanda bu rəqəm 2,488, Gürcüstanda isə 0,844 milyarddır.

Bundan başqa, iqtisadiyyatın strukturuna nəzər salsaq, Azərbaycanda ÜDM-in 41%-i sənayenin payına düşür. Gürcüstanda bu 16,4, Ermənistanda isə, təxminən, 20%-dir. Əlbəttə ki, Azərbaycanın sənaye potensialı neft-qaz kompleksindəki istehsalla sıx bağlıdır. Bununla yanaşı, son dövrlərdə ölkədə neft-qaz sektoruna bağlı digər sahələr və qeyri-neft sektorunda sənaye müəssisələrinin payının artımı müşahidə olunur.

Ümumilikdə, Azərbaycanda sənayeləşmənin səviyyəsi qonşulardakından xeyli yüksəkdir və bu, ölkəni dördüncü sənaye inqilabının hədəflərinə çatmağa daha yaxın edir. Azərbaycanın yanacaq-enerji kompleksi və ümumilikdə, iqtisadiyyatı üçün daha yüksək səviyyəyə qalxmaq, məsələn, intellektual sistemlər tərəfindən idarə olunan avtomatlaşdırılmış rəqəmsal istehsala keçid ÜDM-in enerji intensivliyini azalda bilər. Eyni zamanda bu, enerji sahəsinin iqtisadi effektivliyini artırar, ölkənin yanacaq-enerji balansının daha ciddi şaxələndirilməsinə yol açar. İnkişaf etmiş yanacaq-enerji kompleksinin olması, onun dünya iqtisadiyyatına inteqrasiyası bu hədəfə çatmağı xeyli asanlaşdıracaq.

Gürcüstanda ÜDM-in strukturu proporsionaldır. Orada sənaye praktiki olaraq, birinciliyi ticarətlə bölüşür. ÜDM-də onların payı 17%-dən bir qədər azdırsa, digər sahələrin payı 10%-i ötmür. Ümumilikdə, Gürcüstan ÜDM-in strukturu daha balanslı təsir bağışlayır. Bununla yanaşı, real sektor ölkə iqtisadiyyatının əsasını təşkil etmir. Ölkə iqtisadiyyatının real sektoruna investisiya qoyuluşu uzun müddət son dərəcə aşağı səviyyədə olub. İnvestisiya qoyuluşunda dərin sulu Anaklia limanının inşası layihəsi canlanma yarada bilərdi. Lakin layihəni gerçəkləşdirməli olan sahibkarla bağlı ziddiyyətli vəziyyətin yaranması faktiki olaraq, işin yarımçıq qalması ilə nəticələnib.

Bütün bunların fonunda regional qonşuları ilə sıx inteqrasiyalı təsərrüfat əlaqələri qurmuş Gürcüstan nəqliyyat habı rolunun öhdəsindən uğurla gəlir. Tbilisi onlarla ölkənin yük daşımalarının tranzit olaraq onun ərazisindən keçməsindən kifayət qədər ciddi qazanc əldə edir. Bundan başqa, müxtəlif hesablamalara görə, ölkə ÜDM-in 7-9%-ni turizmdən gələn gəlir təşkil edir. Bu isə xidmət sahəsinin inkişafına ciddi stimul verir, yerli əhalinin işlə təmin olunmasına şərait yaradır.

Ermənistana gəlincə, xüsusilə son onillikdə ölkə iqtisadiyyatının inkişafında əsas qüvvə ticarət və xidmət sahəsi olub. Bu sahələrin ÜDM-dəki payı 55%-dən artıqdır və nəzərəçarpacaq inkişaf da məhz bu sahələrdə müşahidə olunur. Məsələn, ötən il Ermənistan hökuməti iqtisadiyyatın 8% artdığını bəyan edib. Bu artımda da əsas pay məhz ticarət və xidmət sektoruna aiddir. Ekspertlər bunu ya sözügedən sektorların «kölgədən çıxarılması» ilə, ya da hesablamaların dəqiq aparılmaması ilə izah edir. Maraqlıdır ki, pərakəndə ticarət dövriyyəsindəki artım tempi, ümumilikdə, iqtisadi artım göstəricilərilə üst-üstə düşür.

Ermənistan baş nazirinin əvvəlki hakimiyyət nümayəndələri və oliqarxları hakimiyyətdən uzaqlaşdırması onların xüsusilə ticarət sahəsindəki biznesinin «kölgədən çıxmasına» səbəb olur. Bu sektorda çalışan insanların qeydiyyatının sürətlə artması da bundan xəbər verir.

ÜDM-ə ən çox töhfə verən digər sahə artıq qeyd etdiyimiz kimi, xidmət sektorudur. Burada da əməkdaşların sayının davamlı artımı müşahidə olunur. İqtisadiyyatın real sektoruna aid sahələrdə isə artım tempi əksinə, azalmaqdadır. Son 2 ildə ölkə iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşları da azalıb. 2018-ci ildə bu azalma rekord həddə – 11,2% olub. 2019-cu il 2,5%-lik azalma ilə başa çatıb.

Ermənistan iqtisadiyyatının ötənilki tərifli artımı bundan ibarətdir. Artım əsasən alqı-satqı göstəriciləri və «kölgədən çıxarılmış» müxtəlif xidmətlərin hesabına baş verib.

 

Pandemiyadan sonra

Koronavirus pandemiyası və onun fəsadları region iqtisadiyyatına artıq öz mənfi təsirini göstərib və göstərir. Bu fəsadlar özünü hər bir ölkədə onun milli təsərrüfatının xüsusiyyətlərinə uyğun göstərir. Hər 3 ölkədə məcburi təcriddən qurtulmaq üçün anti-böhran planı hazırlanıb və həyata keçirilir.

Gürcüstan hökumətinin hesablamalarına görə, 2020-ci ildə pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsiri ÜDM-in 4% azalması, dövlət büdcəsində isə 1,8 milyard larilik kəsirin yaranması ilə nəticələnəcək. Büdcə itkilərinin borc hesabına qapadılması planlaşdırılır. Xaricdən 3 milyard dollar borc alınacağı proqnozlaşdırılır. Ümumilikdə isə anti-böhran tədbirlərinə 3,5 milyard larinin (1 milyard dollardan bir qədər çox) xərclənəcəyi bildirilir.

Məlum olduğu kimi, karantin tədbirləri ən çox turizm sənayesinə zərbə vurub. Bu isə Gürcüstan iqtisadiyyatının ən gəlirli sahələrindən biridir. Gürcüstana səfərə qoyulmuş qadağanın iyulun 1-dən tam aradan qaldırılması nəzərdə tutulsa da, bu il ölkənin turizmdən qazancı, təxminən, 65% azalacaq. Bu sahədə 2019-cu ilin göstəricilərini bərpa etmək üçün isə 1,5 il tələb olunur. Bu hesablamaların müəllifi Gürcüstanın «TBC Capital» təşkilatıdır. Milli Turizm Administrasiyasının məlumatına görə, ölkə 2019-cu ildə xarici turistlərin ölkəyə gəlişindən 3,3 milyard dollar qazanıb.

Gürcüstanın baş naziri Q.Qaxariya hesab edir ki, bu vəziyyət postpandemiya dövründə iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini bir daha ortaya qoyur. Onun fikrincə, kənd təsərrüfatı, ticarət, tikinti, ilk növbədə isə, turizm sahələrinin inkişafı üçün Gürcüstan, həm də virusla effektiv mübarizəni əlavə etməlidir: «Gürcüstan özünü dünya bazarında yalnız dənizi, dağları, şərabı, zəngin tarixi, mədəniyyəti, mətbəxi olan ölkə kimi yox, həm də virusa yoluxma baxımından təhlükəsiz ölkə kimi göstərməlidir», - deyə baş nazir qeyd edib.

Gürcüstan iqtisadiyyatın dəstəklənməsi üçün kreditorların köməyinə ehtiyac duyur. Artıq Beynəlxalq Valyuta Fondu «Genişləndirilmiş maliyyələşdirmə mexanizmi» proqramının müddətini uzatmağa razılıq verib. Bu, ilin sonunadək Gürcüstana 447 milyon dolların ayrılacağı deməkdir. Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Almaniyanın İnkişaf Fondu və Fransanın İnkişaf Agentliyi də 2020-ci ilin sonunadək Gürcüstana 1,5 milyard dollar ayıracaqlar. Xarici borcu artıq 5,4 milyard dollar olan dövlət üçün bu, əlbəttə ki, əlavə yükdür. Lakin hökumət vəziyyətdən başqa çıxış yolu görmür.

Azərbaycan isə ciddi xarici borcla yüklənməyib. Üstəlik, o, ciddi maliyyə ehtiyatına malikdir. Bununla yanaşı, Bakı da postpandemiya dövrü üçün iqtisadiyyatının gələcəyindən narahatdır. Bu, həm karantinin yaratdığı problemlərlə bağlıdır, həm də enerji daşıyıcılarının ucuzlaşması nəticəsində ölkə gəlirlərinin azalması ilə. Lakin Azərbaycan Yaxın Şərq və Mərkəzi Asiyanın enerji daşıyıcısı ixracatçısı ölkələri arasında iqtisadiyyatı pandemiyadan ən az zərərçəkmiş 3 dövlətdən biridir. Onun pandemiya ilə mübarizəyə ayırdığı ümumi büdcə, təxminən, 3,5 milyard manatdır. Bununla yanaşı, manatın sabitliyinin təmini məqsədilə 3 milyard manatdan artıq vəsait də milli valyuta bazarına yönəldilib. Azərbaycan postsovet məkanında əsas riskləri üzərinə götürərək makroiqtisadi sabitliyi qoruyub saxlayan, milli valyutasının sabitliyini təmin edən yeganə dövlətdir. Halbuki neft ixrac edən, üzən valyuta məzənnəsinin mövcud olduğu bütün ölkələrdə milli valyuta devalvasiyaya məruz qalıb.

Pandemiyanın fəsadları ilə mübarizə 2 mərhələdə aparılır. Hazırda böhranın daha da dərinləşməməsi üçün çalışırlar və bütün tədbirlər sabitliyin qorunmasına yönəlib. İqtisadiyyatın bərpası prosesində Azərbaycan iqtisadiyyatının rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsi, qonşularla və tərəfdaş dövlətlərlə iqtisadi əlaqələrin dayanıqlığının gücləndirilməsi son dərəcə vacibdir. Dünya İqtisadi Forumunun məlumatına görə, yaxın 10 ildə iqtisadiyyatda yeni dəyərlərin 70%-i məhz rəqəmsal platformaların bazasında yaradılacaq. Son illərdə Azərbaycanda nağd ödəmələrin azalması üçün ciddi tədbirlərin görüldüyü, dövlət proqramlarının həyata keçirildiyi sirr deyil. Bütün bu addımlar yekunda ənənəvi pulun dövriyyədən çıxacağı, hesablaşmaların rəqəmsal valyuta ilə aparılacağı, elementar qeyri-nağd ödəmələrə üstünlük veriləcəyi deməkdir. Bu isə bütün iqtisadiyyatın dijital formata keçəcəyi anlamına gəlir. Bu kontekstdə Azərbaycanın qeyri-nağd ödəmələrin inkişafına yönəlmiş milli proqramları, həmçinin ölkəni regional rəqəmsal mərkəzə çevirməyi nəzərdə tutan «Azerbaijan Digital HUB» proqramının icrası göstərir ki, hökumət əslində Azərbaycanda rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində işlərə çoxdan başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2018-ci ildə deyirdi: «Hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görüləcək».

Qonşularının gördüyü tədbirlər fonunda Ermənistan hökumətinin ölkənin böhrandan çıxarılması ilə bağlı planı və addımları kifayət qədər ziddiyyətli təsir bağışlayır. Ölkə iqtisadiyyatının durumu isə sözün əsl mənasında, acınacaqlıdır. Ermənistan Mərkəzi Bankının proqnozuna görə, 2020-ci ildə ölkə iqtisadiyyatında artım cəmi 0,7% olacaq. Halbuki qurum ötən ilin sonlarında bu il üçün 5,3%-lik artım proqnozlaşdırırdı. Nəticədə, hökumət 2020-ci ilin dövlət büdcəsində 4,9%-lik artım nəzərdə tutub. Başqa sözlə, yeni qiymətləndirmə Ermənistanda iqtisadi inkişafın 7 dəfədən çox azalacağını göstərir.

«Fitch Ratings» beynəlxalq reytinq agentliyinin qiymətləndirməsi vəziyyətin daha ağır olduğunu göstərir. O, Ermənistanı uzunmüddətli defolt emitenti reytinqində (DER) «sabit»dən «mənfi»yə keçirib, bu ölkə ilə bağlı DER-i «BB-» səviyyəsində təsdiqləyib. Təhlil müəlliflərinin proqnozuna görə, koronavirusun yaratdığı şok Ermənistanda 2019-cu ildə 7,6% təşkil etmiş ÜDM artımını 2020-ci ildə 0,5%-ə salacaq. Mütəxəssislərin fikrincə, Ermənistan iqtisadiyyatına onun xammaldan (ixracın böyük hissəsi), Rusiya iqtisadiyyatından (pul köçürmələri, ticarət və birbaşa xarici investisiyalar) və turizmdən asılılığı da mənfi təsir göstərəcək. Yəni bütün bu maddələr üzrə Ermənistanı «yağlı minus» gözləyir.

Ermənistan hökumətinin həm əhalinin, həm də biznesin dəstəklənməsi üçün qəbul etdiyi 300 milyon dollarlıq 11 anti-böhran paketi bütün bunların fonunda okeandan bir damla kimi görünür. Vəziyyəti daha da ağırlaşdıran odur ki, Ermənistan hökuməti bu vəziyyətdə belə, ordunun silahlandırılması, işğal olunmuş Dağlıq Qarabağda və ona bitişik ərazilərdə işğalçı korpusun gücləndirilməsilə bağlı proqramlara yenidən baxmır. Bu isə onları əlavə olaraq, Azərbaycanla gərginliyin artması riski ilə də üz-üzə qoyur.

Belə bir şəraitdə Ermənistan iqtisadiyyatı, onsuz da, laxlayan müvazinətini bərpa edəcəksə belə, onun böhrandan çıxması, yağışdan çıxıb yağmura düşməyə bənzəyəcək. Ermənistan rəhbərliyinin bu vəziyyətə uyğun planı varmı? Bu, artıq ritorik sualdır.



MƏSLƏHƏT GÖR:

292