29 Mart 2024

Cümə, 15:25

YÜZ İLDƏ BİR

Hər kəsin yeni dünya quruculuğunda iştirak etmək şansı var

Müəllif:

01.05.2020

«Beş il əvvəl dünya düzəninin gələcəyini qiymətləndirən zaman etiraf edirdik ki, o, kövrəkdir və düzəlişlərə ehtiyac var. Amma o zaman biz inersiya gücünü də qiymətləndirirdik ki, liderlər köhnə düzənin dağılmaqda olduğunu, yeni düzənin formalaşması üçün əzm yaradacaq ekstremal vəziyyətə ehtiyacın olduğunu anlasınlar», - deyə Atlantik Şuranın (NATO yanında analitik mərkəz) eksperti Edvard Fişman «Politico»da yazırdı: «İndi həmin ekstremal vəziyyət gəlib çatıb və dünya liderləri, bir qayda olaraq, 100 ildə bir və ya iki dəfə yaranan şansa sahibdirlər. Onlar müasir dövrdə, həqiqətən, işlək olacaq düzən qura bilərlər. İqlim dəyişikliyilə, kibertəhdidlərlə, ictimai səhiyyənin problemlərilə mübarizə aparacaq, qloballaşma və texnoloji inkişafın meyvəsindən daha geniş istifadə etməyə imkan verəcək bir düzən».

Əsası ötən əsrin 40-cı illərində qoyulmuş köhnə qaydaların artıq heç bir işə yaramayacağı ilə bağlı iddialarla razılaşmamaq olmur. Üstəlik, həmin qaydalarla birlikdə bütün dövlətüstü strukturlar da köhnəlib. İndi onlar nəinki müasir problemlərə vaxtında və adekvat reaksiya göstərə bilmir, həm də lazımi nüfuza, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlməyə imkan verən təsir imkanlarına da malik deyillər.

 

Mentalitet dəyişmir

Dünyanın 193 ölkəsini özündə birləşdirən ən böyük beynəlxalq təşkilat – Birləşmiş Millətlər Təşkilatı iyunun 26-da 75 yaşını qeyd edəcək. Son illərdə BMT-də islahatların aparılmalı olduğuna dair çox fikirlər səsləndirilib, çağırışlar olunub. Lakin islahatların nədən ibarət ola biləcəyilə bağlı nə təsəvvür var, nə də konsensus. Bəziləri istəyir ki, bu qurum beynəlxalq məsələlərdə daha böyük və ya daha effektiv rol oynasın, digərləri onun fəaliyyətinin humanitar sahədə işlə məhdudlaşmalı olduğunu düşünür. Hər kəs yalnız bir məsələdə həmrəydir: BMT artıq dövlətlərin mübahisələrini həll edəcəyi, ümumi böhranların aradan qaldırılmasında əməkdaşlıq edəcəyi yer deyil.

Bu gün BMT bir çox hallarda bir-birini təkrarlayan saysız-hesabsız strukturdan ibarət nəhəng, ləng, həddindən artıq bürokratikləşmiş mexanizmdən başqa bir şey deyil. Onun strukturlarının funksiyası sanki dağılıb, qərarlarına isə çox vaxt əməl olunmur. Belə bir vəziyyətdə, ilk növbədə, onun Təhlükəsizlik Şurasında islahatlar zəruridir. Bu gün onun 5 daimi üzvü öz arasında rəqabət aparmaqdan başqa bir iş görmür. Onlar praktiki olaraq, BMT-nin qurucuları olan ABŞ, Böyük Britaniya, Çin, Rusiya (SSRİ-nin varisi) və Fransanın maraqlarına cavab verməyən istənilən qərarı əngəlləmək üçün dərhal veto hüququndan istifadə edirlər.

Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondu daha çox idarəetmə strukturlarındakı disbalans üzündən tənqid olunur. Məsələ ondadır ki, həmin strukturlarda da nəhəng dövlətlər hökmranlıq etməkdədir. Gəlir səviyyəsi orta və aşağı olan ölkələr bu qurumlarda lazımi səviyyədə təmsil olunmur və qərarların qəbulunda iştirak etmir. Bu beynəlxalq maliyyə təşkilatlarının yaradıldığı ilk gündən belə bir yazılmamış qayda var ki, onlara yalnız ABŞ və ya Avropa nümayəndələri rəhbərlik edə bilər. Üstəlik, Birləşmiş Ştatlar onlarda veto hüququna da malikdir.

Digər ittihamlar arasında qəbul olunan qərarların beynəlxalq maliyyə və ticarət sabitliyinin yaradılması, məşğulluğun təmini, dayanıqlı iqtisadi inkişafa töhfələr kimi elan edilmiş hədəflərə uyğun gəlməməsi də var. Məsələn, kredit şərtləri bir çox hallarda borc alan dövlətin suverenliyini pozur, onların öz əhalisinə sosial təminat, səhiyyə, təhsillə bağlı verdiyi vədləri yerinə yetirməsinə imkan vermir. Bundan başqa, bu təşkilatların maliyyələşdirdiyi layihələr bir hallarda sıra insan haqları sahəsində beynəlxalq standartlara belə, zidd olur.

İqtisadiyyat üzrə Nobel mükafatçısı, vaxtilə Dünya Bankının baş iqtisadçısı olmuş Cozef Stiqlits qərarların qəbul olunduğu «mətbəx»dən danışarkən deyir: «…Belə müzakirələrdə heç zaman işçilərin hüquqlarından danışılmır. Onların həyatlarına təsir edəcək qərarların qəbulunda iştirak etmək haqları da yada düşmür. Bu, müstəmləkə mentalitetinin davamıdır. Mən belə müzakirələrdə əsas demokratik prinsiplərə əməl olunmasına çağırışlar etsəm də, hər zaman özümü tək hiss etmişəm».

Bəziləri deyə bilər ki, kiçik dövlətlərin səsinin tam eşidildiyi beynəlxalq qurum da var. Məsələn, Afrika, Asiya, Latın Amerikası və Karib hövzəsinin inkişaf etməkdə olan dövlətləri üçün 1964-cü ildə yaradılmış UNCTAD (BMT-nin Ticarət və İnkişaf Konfransı). Bu təşkilata rəhbər məhz həmin regionlardan seçilir (müavin isə yenə də inkişaf etmiş ölkədən olmalıdır).

Lakin qüdrətli maliyyə institutları ilə UNCTAD da dil tapa bilməyib. BVF ilə DB onun tənqidlərini qəbul etmir. UNCTAD-da hesab edirlər ki, mövcud ticari sistemdə liberallaşdırma prioritet təşkil edir, inkişaf etməkdə olan ölkələr isə şaxələndirilmiş və dayanıqlı iqtisadiyyat qurmaq üçün öz siyasətini müstəqil şəkildə seçə bilməlidir. BVF ilə DB isə bu çağırışları qəbul etmək əvəzinə bildirir ki, qlobal maliyyə bazarı ilə bağlı eksklüziv təhlil hüququ, həmçinin qərarların qəbulu səlahiyyəti onların müstəsna səlahiyyətidir.

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Robertu Azevedu bu günlərdə vəzifəsindən vaxtından əvvəl istefa verib. Bu, başa düşüləndir. Bir qurumun ticarət mübahisələrini tənzimləyən əsas strukturu – Apellyasiya orqanı 2019-cu ilin dekabrından işləmirsə, təşkilat özü necə fəaliyyət göstərə bilər? Bəs, Apellyasiya orqanı niyə işləmir? Çünki ABŞ hakimlərin rotasiyasına imkan vermir. Beləliklə, faktiki olaraq ticarət savaşlarına yaşıl işıq yandırılıb. Baş verənlərin fonunda Aİ və daha 16 ölkə bu ilin yanvarında mübahisələrin idarə olunması üçün müvəqqəti mexanizm yaradıb. Amma o, ÜTT-nin bütün 164 üzvü tərəfindən dəstəklənəcəkmi?

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mayın 18-19-da keçirilmiş assambleyasında 194 iştirakçının hamısının dəstəyilə qətnamə qəbul olunub. Qətnaməyə əsasən, nəinki COVID-19 epidemiyasının səbəbi və harada yarandığı araşdırılacaq, həm də ÜST-ün ona gec reaksiya kimi qüsurlu davranışı da təhlil ediləcək.

ÜST mövcud olduğu 72 ildə, məsələn, çiçək xəstəliyinə qalib gəlmək kimi uğura da imza atıb, 2014-cü ildə ebolanın yayılmasına gec reaksiya vermək kimi uğursuzluğa da. Bu il yayılmış koronavirus pandemiyası isə bütün dünyada BMT-nin səhiyyə üzrə agentliyi olan bu qurumun effektivliyinə şübhə yaradıb.

 

Lakmus kağızı

2014-cü ilin sentyabrında ABŞ ebola ilə birgə mübarizə tədbirlərinin müəyyənləşdirilməsində məhz BMT TŞ platformasından istifadə etmişdi. Cəmi 6 il sonra – bu ilin martında, COVID-19 təhlükəsinin aşkar olduğu bir vaxtda TŞ-yə sədrlik edən Çin bununla bağlı iclas çağırmayıb. Üstəlik, həmin vaxt ABŞ ilə Rusiya da bu tribunadan səylərin koordinasiya edilməsi üçün istifadəyə lüzum görməyib.

Əvəzində, dünyanın ən nəhəng iqtisadiyyatları vəziyyətin müzakirə olunması üçün martın ortalarında məhdud formatda (G7 – Almaniya, İtaliya, Kanada, Böyük Britaniya, ABŞ, Fransa və Yaponiya) toplaşmaq qərarına gəlib. Bundan 1 həftə sonra aparıcı dövlətlər yenidən, lakin bu dəfə geniş heyətdə (G20) toplanıblar. Amma bu toplantıda ümumi xarakterli vədlərdən başqa heç nə ilə yadda qalmayıb.

BMT TŞ yalnız apreldə, o da qurumun Dominikan Respublikasının sədrlik etdiyi (sədr hər ay dəyişir) qeyri-daimi üzvlərinin tələbilə toplanıb. Amma bu toplantı da heç bir nəticə verməyib. Koronavirusla bağlı qətnamə müəlliflərinin bütün səyləri ABŞ-ın sənədə virusun Çindən yayılması ilə bağlı fikrin əlavə olunması tələbi qarşısında aciz qalıb. Amma Vaşinqtonun bu tələbi qəbul edilsəydi belə, bu dəfə sənədin qəbuluna Pekin veto qoyacaqdı. Bundan bir müddət sonra BMT Baş Assambleyası yenə də kiçik dövlətlərin (Norveç, İndoneziya, Qana, Lixtenşteyn, Sinqapur və İsveçrə) təşəbbüsü ilə, nəhayət, qətnamə qəbul edib. Sənəddə virusla mübarizədə beynəlxalq əməkdaşlığa çağırış yer alır. Amma bu, deklarativ addımdan başqa bir şey deyil. Çünki belə böhranlarda beynəlxalq sənəd yalnız TŞ-nin qəbul edəcəyi qətnamə sayılır və dünyanı lazımi addımların atılmasına yalnız o məcbur edə bilər.

Dünyanın səhiyyə sisteminin nə qədər aciz olduğunu ortaya qoymuş koronavirus pandemiyası, həmçinin onun ardınca hər yanda baş qaldırmış sosial-iqtisadi böhran qlobal strukturların əməkdaşlıq imkanlarını göstərən lakmus kağızı sayıla bilər.

 

Virus katalizator kimi

COVID-19 beynəlxalq münasibətlərdə dönüş nöqtəsi ola bilər. Onun bir müddət əvvəl ortaya çıxmış tendensiyaları gücləndirəcəyi istisna deyil. Görünən odur ki, beynəlxalq əməkdaşlıq mühitində rəqabət böhran vaxtı belə, güclü olur.

Bəzi ekspertlər daha geniş və effektiv əməkdaşlığa artan tələbatla beynəlxalq ictimaiyyətin birgə fəaliyyət həvəsinin azalması arasında bir paradoks da görür. Hər halda, bir çox sahədə beynəlxalq əməkdaşlıq zəifləyir. Belə bir şəraitdə inkişaf etməkdə olan ölkələrin artan rolu, onların əməkdaşlıq norma və standartlarına təsiri yeni münasibətlər düzəninə start verə bilər.

Baş verənlərin fonunda qərarların qəbulunda çoxtərəfli forumlardan istifadənin ciddi şəkildə azaldığı da müşahidə olunmaqdadır. Doğrudur, bugünkü kimi qlobal böhranlar zamanı (səhiyyə sahəsinin böhranı və onun ardınca gələn iqtisadi və sosial problemlər) beynəlxalq birliyin kollektiv fəaliyyəti yaxşıdır. Lakin əgər dövlətlər öz milli maraqlarının təmini məqsədilə rəqabət aparmaqdadırsa, çoxtərəfli münasibətlər heç də hər zaman işə yaramır. Bəzən hökumətlərin ikitərəfli münasibətlərə, yaxud effektiv klub idarəçiliyinə (məsələn, G7və G20) üstünlük verməsi, yaxud da ümumiyyətlə, yeni platformaların və institutların yaradılması daha yaxşı ola bilər. Amma bu yanaşma da təbii olaraq, çoxtərəfliliyi inkar etmir. Çünki nəhəng forumlar «maraqlar üzrə» birləşmiş daha kiçik ölkələrdən ibarət qruplara əsaslanır.

Beləliklə, Atlantik Şuranın ekspertinin bir fikrilə razılaşmamaq mümkün deyil – 100 ildə bir və ya iki dəfə ələ düşən ekstremal vəziyyət, həqiqətən, gəlib. Bəs, ondan kim yararlanacaq – dünyanın liderləri, yoxsa bu cür böhranlarda dayanıqlı olduqlarını sübut etməyə çalışan kiçik dövlətlər? Hər kəsin yeni dünya quruculuğunda iştirak etmək şansı var. O cümlədən də Azərbaycanın.



MƏSLƏHƏT GÖR:

294