29 Mart 2024

Cümə, 14:52

PAŞİNYANIN «REFERENDUM TƏLƏSİ»

Ermənistanda yaranmış konstitusiya böhranının həllinə yalnız koronavirusmu mane olur?

Müəllif:

01.05.2020

Koronavirus pandemiyası istər milli, istərsə də beynəlxalq səviyyədə əsas xəbər mövzusu olaraq qalır. COVID-19 hər şeydən əlavə, bir çox dövləti vacib səsvermələri də təxirə salmaq məcburiyyətində qoyub. Məsələn, Polşa mayın 10-na təyin edilmiş prezident seçkisini təxirə salıb. Serbiyada isə parlament seçkisinin təxirə salınacağı istisna deyil. Nyu-Yorkda Demokratlar Partiyasının praymerizinə də məhz koronavirus mane olub.

Sanki aprelin 5-nə təyin olunmuş referendumu koronavirus ucbatından təxirə salmış Ermənistanın da adını bu ölkələrlə yanaşı çəkmək olardı. Lakin reallıqda burada vəziyyət Polşadakı və ya Nyu-Yorkdakı durumdan çox fərqlidir.

 

Konstitusiyaya «əl gəzdirilməsi»nin milli xüsusiyyətləri

Konstitusiyanın mətninə dəyişikliklər qeyri-adi, görünməmiş hadisə deyil. Dünyanın bir çox ölkəsi zaman-zaman öz Konstitusiyasına dəyişikliklər edir. Dünya yerində saymır və hər mərhələdə qarşıya yeni çağırışlar çıxır. Belə olan təqdirdə, Konstitusiya da gəlişigözəl söz yox, işlək sənəddirsə, ona dəyişikliklər edilməsi zərurətə çevrilir. Lakin Ermənistanda Konstitusiyaya «əl gəzdirilməsi»nin öz milli xüsusiyyətləri var. 2015-ci ilin dekabrında orada artıq Konstitusiya referendumu keçirilib. Nəticədə, Ermənistan prezident respublikasından parlament respublikasına çevrilib. Bununla da, ölkədə prezident kürsüsü formallığa çevrilib, yəni onun səlahiyyətləri ciddi şəkildə azaldılıb, hakimiyyət daha çox baş nazirin əlində cəmlənib. Burada bir məqam mütləq qeyd olunmalıdır: referendum ozamankı prezident Serj Sarqsyanın ikinci prezidentlik dövrünün başa çatması ərəfəsində təşkil olunmuşdu. Başqa sözlə, o, hakimiyyətdən getməyi düşünmürdü və məhz bu səbəbdən ətrafı ilə birlikdə vəziyyətdən ağıllı çıxış yolu düşünmüşdü: Ermənistan parlament respublikasına çevrilib, prezidentin səlahiyyətləri minimuma endirilir, dövlətə başçılıq baş nazirə keçir. İlk mərhələdə hər şey sanki plan üzrə gedirdi: referendum baş tutmuşdu, Konstitusiya dəyişmişdi, Serj Sarqsyan isə baş nazir təyin olunmuşdu. Lakin… inqilab və Ermənistanda hakimiyyət dəyişir.

İndi, Konstitusiya dəyişikliyinə yeni baş nazir Nikol Paşinyan ehtiyac duyur.

 

Baş nazir Konstitusiya Məhkəməsinə qarşı

Bu dəfə referenduma çıxarılmalı olan məsələ xüsusi maraq doğurur. Məsələ ondadır ki, indi söhbət Konstitusiyaya dəyişiklikdən çox konkret və «fərdi» məsələdən gedir: Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın və qurumun daha 6 hakiminin səlahiyyətlərinə xitam verilməsi. Doğrudur, baş nazir vəziyyəti fərqli izah edərək bildirir ki, hakimlərdən bəziləri bu vəzifədə 30, digərləri 12 ildir çalışırsa, bu, balanssızlıq yaradır, Konstitusiya Məhkəməsinin nüfuzuna zərbə vurur və s. Amma reallıqda məsələ tam fərqlidir. Nikol Paşinyan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanla kifayət qədər ciddi problem yaşayır. Məhkəmənin sədri və əksər hakimi bu posta hələ Paşinyanın «kabab inqilabı»ndan əvvəl yiyələniblər. Odur ki, Konstitusiya Məhkəməsi heç də Paşinyanın bütün «inqilab ideyaları»nı həyata keçirmək istəyilə alışıb-yanmır. Məlum olduğu kimi, «xalqın baş naziri»nə «stavka» çox yüksəkdir. O, hökumət başçısı kimi, hakimiyyətin icraedici qanadına rəhbərlik edir, özünə loyal kabinet formalaşdırır. Paşinyan Ermənistan prezidenti Armen Sarqsyanı «dekorativ fiqur», yaxud «səltənət sahibi olan, lakin idarəçiliklə məşğul olmayan İngiltərə kraliçası» hesab edə də bilər. Ölkədə keçirilmiş növbədənkənar parlament seçkisindən sonra onun «Mənim addımım» fraksiyası qanunverici orqanda da mütləq çoxluğa yiyələnib. Hakimiyyətin üçüncü qolu – məhkəmə hakimiyyətisə Paşinyanın nəzarətində deyil. «İnqilabçı baş nazir»in ən çox ehtiyac duyduğu isə məhz bu hakimiyyətə nəzarətdir.

Bu yerdə yenə bir qədər geri qayıdaq. N.Paşinyan hakimiyyətə gələr-gəlməz, bir neçə səs-küylü məhkəmə çəkişməsinin təşəbbüskarı kimi çıxış edib. Onların arasında «1 mart işi», yəni 2008-ci il martın 1-nə keçən gecə İrəvanda nümayişçilərin güllələnməsilə bağlı məsələ də var. Xatırladaq ki, həmin gün güllələnən nümayişçilər Serj Sarqsyanın prezident seçkisinin qalibi elan olunmasına etiraz edirdilər və bu işdə əsas ittihamlar Robert Koçaryana ünvanlanmışdı.

Orduda korrupsiya işini də yada çalmaq olar. Bu işdə əsas fiqur general Manvel Qriqoryandır. Bu, Azərbaycanın hərbi və insanlığa qarşı cinayətlərdə ittiham etdiyi şəxsdir. Onun Ermənistandakı evindən saysız-hesabsız konservləşdirilmiş ət, ordu üçün nəzərdə tutulmuş alt geyimləri, tualet kağızları, «təcili yardım» avtomobili, hətta dəfn üçün əklillər tapılıb.

Deyilənə görə, yeni hökumət korrupsionerlərdən toplanacaq pulla Ermənistan büdcəsini doldurmağı düşünürmüş. Lakin Nikol Paşinyanın əsas məqsədi «qarabağlılar»dan olan ən təhlükəli rəqiblərini uzun müddətə həbsə göndərmək idi ki, buna da hələ ki, nail ola bilmir. Məsələ ondadır ki, bu səs-küylü işlər məhkəmələrdə ilişib qalıb. Odur ki, baş nazir Tovmasyanı Konstitusiya Məhkəməsinin başından «götürməyi», bu posta öz namizədi Vage Qriqoryanı gətirməyi düşünür. Bunun ardınca isə əlbəttə ki, Konstitusiya Məhkəməsinin bütün heyəti «təmizlənəcək» və Paşinyan ölkənin məhkəmə hakimiyyətinə də nəzarəti ələ alacaq.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, Ermənistanda baş nazirin Konstitusiya Məhkəməsində belə dəyişikliklər etmək səlahiyyəti yoxdur. Amma görünən odur ki, bu, Paşinyanı narahat etmir. Artıq Tovmasyanın bacısının rəhbərlik etdiyi press-klub və qəzet də Paşinyan tərəfdarlarının təzyiqlərilə üz-üzə qalıb. Hətta Qrayr Tovmasyana qarşı 2 cinayət işi də açılıb, onun evində axtarış aparılıb. Vaxtilə baş nazirin rəhbərlik etdiyi «Haykakan jamanak» qəzetində bir-birinin ardınca Tovmasyan əleyhinə yazılar dərc olunur. Lakin bütün bunlara baxmayaraq, o, təslim olmağı düşünmür.

Belə müqavimətlə üzləşmiş baş nazir hiylə işlətmək qərarına gəlib. Paşinyan hələ yanvarda keçirdiyi mətbuat konfransında xüsusi tonla guya Tovmasyanın onu öz xidmətini təklif etdiyini, onu «can» deyə çağırdığını, hətta «Korloff» kimi elit qələm hədiyyə verdiyini bildirib. Konstitusiya Məhkəməsinin sədri isə cavab olaraq, baş naziri məhkəməyə verəcəyini bəyan edib.

Bu çəkişmənin nə qədər davam edəcəyini söyləmək çətin idi. Bununla bağlı, hətta Avropa Şurasının Venesiya Komissiyası belə, narahatlığını ifadə etmişdi. Lakin Paşinyan «va-bank» getmək qərarına gəldi: aprelin 5-nə Qrayr Tovmasyanın və daha 6 hakimin vəzifədən kənarlaşdırılması ilə bağlı referendum elan olundu. Referendumda səsverməyə Konstitusiya Məhkəməsinin səlahiyyətlərini azaldacaq dəyişikliklər də çıxarılmalı idi. Bütün bunların nəyə hesablandığı isə hər kəsə aydındır. Baş nazirin «yaxın ətrafı» haqlı olaraq düşünür ki, seçicilərin əksəriyyəti Konstitusiya Məhkəməsinin səlahiyyətlərilə bağlı dərinliklərə, yaxud Qrayr Tovmasyanın tərcümeyi-halına «baş vuran» deyil. Onlar səsverməyə «Nikolun lehinə, yaxud əleyhinə» səs vermək üçün qatılacaqlar. Başqa sözlə, N.Paşinyan «küçə populyarlığı»na arxalanaraq, «son istehkam»ı da dağıtmağı, bununla da, yalnız icraedici və qanunverici deyil, həm də məhkəmə hakimiyyətinə nəzarəti ələ keçirməyi düşünür. Bundan sonra siyasi rəqibləri məhkəmə yolu ilə cəzalandıraraq şəxsi diktaturanın qurulması yolu tam açılacaq.

 

İnqilabın koronavirus qayğıları

Nikol Paşinyanın inqilabçı populyarlığı ilə bu referendumdan da qalib çıxıb-çıxmayacağı ilə bağlı çox mübahisə etmək olardı. Lakin baş nazirin planına koronavirus mane olub. Əhalisi 3 milyon olmayan Ermənistan bu virusa yoluxmuş və dünyasını dəyişmiş vətəndaşlarının sayına görə nəinki Gürcüstanı, hətta 10 milyonluq Azərbaycanı belə, geridə qoyub.

Hazırda Ermənistanda fövqəladə vəziyyət hökm sürür. Bu isə səsvermənin təxirə salınması üçün yüz faizlik əsasdır. Qanuna görə, fövqəladə vəziyyət üzündən baş tutmamış səsvermə «hərbi və ya fövqəladə vəziyyətin başa çatmasından ən tez 50, ən gec 65 gün sonra keçirilməlidir». Amma əksər əlamətlər göstərir ki, baş nazir epidemiyanın «yatmasını» gözləmək niyyətində deyil. Hər halda, Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan Avropa Şurasının baş katibinə müraciət edərək, Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla bağlı detalları Venesiya Komissiyasına ünvanlayıb. Badasyanın baş katibə konkret nə yazdığı bilinmir. Lakin söhbətin nədən getdiyini təxmin etmək çətin deyil: Paşinyan komandası Tovmasyanı referendum keçirmədən «devirmək» üçün yol axtarır. Çünki onlar «inqilabçı hökumət»in heç bir real uğurunun olmadığının fərqindədirlər. Üstəlik, «Qarabağ klanı» eks-prezident Serj Sarqsyanın kürəkəni Mikayıl Minasyanın simasında hökumətə qarşı qızğın «kompromat savaşı» aparmaqdadır. O, Paşinyan və ətrafının siqaret və almaz qaçaqmalçılığında iştirakı ilə bağlı maraqlı detallar açıqlayır. Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan da baş nazirə hücumlara ara vermir. Nəticədə, N.Paşinyan populyarlığını sürətlə itirir, onun komandasında isə «başıpozuqluq və laxlama» gündən-günə artır. İndi Paşinyanın vaxtı da, daxili arenada ediləcək «ehtiyat gedişlər» də azdır. Demək, onun vəziyyəti öz xeyrinə dəyişmək şansı heç də çox deyil.

Beləliklə, Ermənistanda Paşinyanın təşkil etdiyi inqilab sonuncu olmaya bilər.



MƏSLƏHƏT GÖR:

300