Müəllif: Valentina REZNİKOVA
"Hər kəs kimi, hamı kimi, hamı kimi mən də yer üzündə gəzirəm, gəzirəm..." 1978-ci ildə Alla Puqaçovanın bəstələdiyi "Mənim haqqımda mahnı"dan bu misraları xatırlamağımın səbəbi var. Hekayəmin qəhrəmanı gözəl aktrisa, teleaparıcı, professor, yazıçı, Azərbaycanın xalq artisti Həmidə Ömərovadır. Ata-babalarının əxlaq qanunları ilə yaşayan, xeyir və şər prinsiplərini bir birindən dəqiq ayıran və onları bir birinə güzəştə getməyən parlaq insandır. Onunla danışmaq inanılmaz dərəcədə çətin idi. Çünki o, daima mövzudan yayınırdı və özü haqqında deyil, həmkarları haqqında (olduqca həvəslə və dolğun!) danışmağa başlayırdı. Bilirsinizmi, bu, mənim heç də məşhur adamla ilk görüşüm deyildi. Ancaq ilk dəfə idi ki, elə insana rastlaşmışdım ki, özü haqqında deyil başqaları haqqında danışmaq istəyirdi.
Sevgi
Çoxsaatlıq onlayn ünsiyyət zamanı o, nə bir söz, nə bir eyhamla özünün özəl biri olmasını vurğulamadı. Yox. Həddindən artıq ciddi, iddiasız, insanlara və yaxşılıqlara açıq biridir. Anasının yaşadığı kimi yaşayır: başqasının ağrısını hiss edir, köməyə ehtiyacı olanlara vaxtında kömək əli uzadır. Beləcə, hər dəfə özü və işi (aktrisa və pedaqoqluğu) haqqında söhbətlərdən yayınaraq tamamilə fərqli bir söhbət müstəvisinə keçirdi. Həmidə üçün tələbə yoldaşlarının hamısının necə gözəl və istedadlı olması, taleyin hökmü ilə ölkənin çəkiliş meydançalarında rastlaşdığı gənc aktrisa və aktyorların, gənc rejissorların necə qeyri-adi maraqlı olması barədə danışmaq daha önəmli idi. Həmkarlarının hər biri haqqında o qədər səmimi və həvəslə danışırdı ki, məndə onunla birlikdə həm artıq üçüncü ildir çəkildiyi "Ata ocağı" serialının çəkiliş meydançasına, həm də tələbə yoldaşlarının görüşünə yollanmaq istəyi yarandı.
Yalnız yerli "Azərbaycanfilm" kinostudiyasında deyil, həm də Yalta, Tacikistan, İran kinostudiyalarında çəkilmiş aktrisanın təvazökarlığı heyrətamizdir... Həmidə Ömərova özü barədə sözarası danışdı, amma başqaları haqqında – uzun-uzadı, elə səmimi söhbət açırdı ki, bunu yalnız sevgi ilə eyniləşdirmək olar.
Tələbələri isə onun üçün ayrı bir aləmdir. Onlar haqqında mehriban, ana kimi danışır, onların kinoya sevgilərinə heyran qaldığını deyir... Biz sənət haqqında bir peşə kimi danışmadıq. Ondan üslub və həyatın mənası kimi danışdıq.
- Həmidə Ömərovanın iç dünyasında aktrisa, müəllim, ana rolları necə yola gedir?
- Çətinliklə. Ancaq onların hamısını yerinə yetirmək lazımdır! Bax, sən - anasan, sonra - müəllimsən, aktrisasan, yol adamısan, TV aparıcısısan, qohumsan, yenə də anasan, müəllimsən, dostsan, aktrisasan, evin xanımısan, yazıçısan... Bu yaxınlara qədər həm də evin qızı idim. 54 yaşımda anamı itirdim, amma indiyə kimi də onun itkisini sanki dünən baş vermiş kimi hiss edirəm. Zaman bu ağrını kütləşdirmir, yaramı sağaltmır! Aktrisaların bohema həyat tərzinin nümayəndəsi olması barədə söhbətlər sadəcə əfsanədir. Adamlara elə gəlir ki, aktrisaların həyatı nağılda olduğu kimidir - gözəldir, inanılmaz gözlənilməzliklərlə doludur. Ancaq əslində biz də hamı kimi yaşayırıq. Mən hər şeyi özü edən, məişət və ailə ocağının qayğısına qalan aktrisalar kateqoriyasına aidəm. Ev işlərini mənim yerimə edəcək bir köməkçim yoxdur. Uşaqlıqdan anam məni elə öyrədib ki, qadın öz evinə qulluğu özü göstərməlidir. Mən, bir çox aktrisalarımız kimi, hər şeyi özüm etməliyəm və hər işi vaxtında çatdırmalıyam ki, yuxarıda sadaladığınız missiyaların öhdəsindən layiqincə gələ bilim. Buna görə də hər şeyi ürəklə etməyə çalışıram.
- Bəs, bu missiyalardan hansı bütün hallarda sizin prioritetinizdir?
- Oğlum həyatımın ən önəmli parçasıdır. Mən çox istəyirəm ki, onun həyatında hər şey yaxşı alınsın və o, xoşbəxt olsun. Onun həyatında və dostlarının həyatında. İstəyirəm ki, onların hamısı həyatda öz yerlərini tapsınlar və xoşbəxt olsunlar.
- Daimi intellektual və emosional yenilənməyə nə dərəcədə ehtiyac hiss edirsiniz?
- İndi həyatım elə inkişaf edir ki, yenilik sarıdan qıtlıq hiss etmirəm: filmə çəkilirəm, dərs keçirəm və televiziyada veriliş aparıram. Bu, daim yenilənmə prosesidir.
- Nə vaxtdan bəri müəllimlik fəaliyyəti ilə yanaşı, televiziya ilə də əməkdaşlıq edirsiniz?
- 30 ildən bir az çoxdur.
- Bildiyimə görə, sizin teleaparıcılıq təcrübəniz təkcə Bakı ilə məhdudlaşmır, ölkəmizin digər şəhərlərinin televiziyalarında çəkilən verilişləriniz də varmı?
- Var. Bakıda 1986-cı il martın 8-dən 2007-ci ilə qədər AzTV kanalında «Retro» proqramını aparmışam, bundan sonra isə «Kinoştrix» adlı müəllif proqramımı aparırdım. Sonra ANS-də ("Sessiya"), "Mədəniyyət" kanalında ("Müasir xarici kino") adlı öz proqramlarım oldu; Şəki televiziyasında "Müasir Azərbaycan kinosu", Xaçmaz TV-də - "Azərbaycan kinosunun unudulmayan ustaları" verilişlərini aparmışam.
- Daxili aləminizi nə ilə və necə doldurursunuz: oxumaqla, film izləməklə, xatirələr yazmaq, yoxsa dil öyrənməklə?
- İllərdir deyirdim ki, arzum doyunca yatmaqdır. Həyatın ritmi elə qurulmuşdu ki, həyatımda yuxu üçün də yetərli yer yox idi. İndi bunu işıqlı bir nostalji hissi ilə xatırlayıram. Elə alınıb ki, mənim bütün iç dünyam peşə fəaliyyətim və yaradıcılığım, oğlumun və qohumlarımın həyatı ilə sıx bağlıdır. Bu dünyada çox şey - oxumaq, yeni filmlər izləmək, hekayələr yazmaq, dostlarla ünsiyyət qurmaq, yeni bir dərslik yazmaq və portret eskizləri çəkmək üçün də zaman var...
- Neçə kitab yazmısınız, nədən bəhs edirlər?
- "Ölümdən sonra xoşbəxt olmuşdum" adlı ilk kitabımı, demək olar ki, 25 ilə yazmışam. Buraya anamla bağlı hekayələr, onun xatirələri, böyüməkdə olan oğlum, peşəm barədə düşüncələrim və çəkiliş meydançasında baş vermiş məzəli əhvalatlar daxildir. Həyatımızdan bəzi anları dayandırmaq, zamanı saxlamaq və xoşbəxt anları başqaları ilə bölüşmək istədim. Bura film üçün ssenarimin də birinci hissəsi də daxil oldu. Qalan dörd kitabım isə dünya kinosunun tarixi haqqında tələbələr üçün dərs vəsaiti kimi yazılıb. Ancaq mənə elə gəlir ki, kitablar kinonu sevən və onun çağdaş inkişafı ilə maraqlanan hər kəs üçün maraqlı olacaq.
- Böyük Kinoda pərəstiş etdiyiniz aktyorlar və rejissorlar varmı?
- Var. Bunlar yaradıcılıqları ilə həm peşəkar inkişafımla, həm də bütün peşə həyatımla bağlı olan milli ekran ustaları - aktyorlar və rejissorlardır. Mən onların hamısını sevgi və minnətdarlıqla xatırlayıram. Hamısını! Çünki onların hər biri öz ustadının sirlərini mənimlə - yeni başlayan aktrisa ilə bölüşməyə hazır idilər. Mən bütün bunları necə unuda bilərəm?
- "Mən aktrisayam" anlayışının əsas anlamı nədir?
- Həyata maraq, insana, onun düşüncələrinə, hərəkətlərinə və hərəkətlərinin səbəblərinə maraq. Bir sözlə, "insan münasibətləri" və "həyat" anlayışlarına daxil etdiyimiz hər şeyə maraq.
- Aktyor peşəsinə aid olduğunuzu daha çox harada hiss edirsiniz: teatr səhnəsində və ya çəkiliş medançasında?
- Həyat elə gətirdi ki, mənim üçün peşə 1980-ci ildə çəkiliş meydançasında başladı. Bu, "Qızıl uçurum" bədii filmi (İbrahim Musabəyovun povestinin ekranlaşdırılması) və rejissor Fikrət Əliyevin ilk filmi idi, Şəfiqə mənim VQİK-dən sonra ilk rolum oldu. Beləliklə, kino mənim həyatıma girdi. Bir ildə - üç, bəzən dörd filmlə. Buna görə də teatra getməyimdən söhbət belə gedə bilməzdi, halbuki mənimlə birlikdə Yevgeni Matveyevin emalatxanasını bitirmiş kurs yoldaşlarımın çoxunun belə bir fürsəti oldu. Teatr mənim həyatıma sonradan daxil oldu. İndi, məsələn, müqavilə ilə Gənc Tamaşaçılar Teatrında "Hasarın o üzü" tamaşasında oynayıram. Doqquzuncu ildir ki, oynayıram. Səhnədən və tamaşaçı ilə ani təmasdan zövq alıram, amma mənim üçün kino və çəkiliş meydançası ən böyük sevgim olaraq qalır.
- Necə düşünürsünüz, teleaparıcı rolunu aktyor peşəsinin bir parçası hesab etmək mümkündürmü? Yoxsa o, mahiyyətinə görə "müəllim" roluna daha yaxındır?
- Düşünürəm ki, "aparıcı" rolunun əsasında aktyorluq və pedaqogika başlanğıcı dayanır. Axı, bu, maarifləndirmə və tərbiyə etmə ilə yanaşı, həm də valeh edən bir yaradıcılıqdır. Hər bir televiziya verilişinin reytinqi bu üç komponentdən asılıdır.
- Siz sovet dövründə VQİK-də (Yevgeni Matveyevin emalatxanasında) tələbə olmusunuz. Özünüzü və kurs yoldaşlarınızı çağdaş birinci kurs tələbələri ilə tutuşdursanız, kimi daha şanslı görürsünüz? İndikilər sizlərə - ovaxtkılara nədə uduzurlar?
- Bilirsiniz, hər çağın özəl cizgiləri var. Ancaq dəyişməz qalan bir şey var. Bu, VGİK-in tədris quruluşu, öyrətmə metodikası və atmosferidir, daim inkişafa səbəb olur, insanı həmişəlik peşəyə məhəbbətlə (sözün yaxşı mənasında) "yoluxdurur".
- İndi pandemiya səbəbindən siz dərsləri məsafədən, yəni internet vasitəsi ilə keçməlisiniz. Fikrinizcə, mühazirə materialının hansı təqdimat forması daha yaxşıdır: real vaxt rejimində - "burada və indi", yoxsa onlayn?
- Həyatımıza daxil olan texnologiyaların heç bir üstünlüyünü inkar etmirəm. Ancaq pandemiya böhranı zamanı aldığım təcrübə, həm də həmkar müəllimlərin aldığı təcrübə göstərir ki, yüksək keyfiyyətli təlim məsafədən mümkün deyil, yalnız real vaxt rejimində ola bilər. Yəni burada və indi: müəllim – tələbə ünsiyyəti şəklində. Heç bir texnologiya canlı əlaqəni, canlı fikir mübadiləsini və öyrənilən mövzunun məğzinə yaradıcı hopmanı əvəz edə bilməz.
- Sizi sevən tələbələriniz onlar üçün özəl bir dərslik yaratmağınız barədə danışırlar. Dərsliyin adı nədir?
- Ümid edirəm ki, tələbələrin mənə münasibəti 1895-1929-cu illərin səssiz kino dövrünün ABŞ kinematoqrafına həsr edilmiş bir dərsliklə deyil, qarşılıqlı maraqlarımızla bağlıdır. Yeri gəlmişkən, onların çoxu hətta bu kitabı görməyiblər. İndi mən ikinci kitab üzərində işləri bitirirəm. Orada səsli Amerika kinosunun 1929-1941-ci illərindən bəhs olunur. Tələbələrim mənim üçün həyata baxışları və maraqları ilə maraq doğurur. Ümid edirəm ki, mənim dünya kinosu tarixi barədə dərslərim də onlar üçün maraqlıdır. Kitab "ABŞ kinosu: 1929-1941" adlanır.
- Dünya kinosunun tarixini gözəl bilirsiniz. Hansı rejissorun filmində məmnuniyyətlə rol oynayardınız? Və ya daha hansı janrda sənət gücünüzü sınamaq istərdiniz?
- Cavabım belədir: Komediya janrında oynamaq çoxdankı arzumdur. Öz gücümü gərgin xarakterli bir rolda sınamaq istərdim. Kusturitsanın və ya Skorsezenin filmində çəkilərdim.
- Siz 1980-ci ildən bəri filmlərə çəkilirsiniz. Müxtəlif rollarda oynamısınız, çoxlu qadın obrazları yaratmısınız. Hansısa ssenari və ya orijinal rejissor fikri ilə sizi təəccübləndirmək yəqin ki, çətindir. Yenə də deyin görək, bu gün elə gənc kino mütəxəssislərimiz varmı ki, onların milli kinomuzun qüruru olduğunu ürəklə söyləyə bilək?
- İstedadlı gənc aktyor və rejissorlarımız çoxdur. Həm seriallarda, həm də böyük kinoda. İndi rejissor Rüfət Şahbazovun "Ata ocağı" serialında oynayıram və izləyicilərimizin artıq tanıdığı gənc və perspektivli aktyorlarını adını çəkməkdən çox məmnunam. Bunların sırasında son illərdə çox çəkilən Mənsur Əhmədov, Zülfiyyə Qurbanova, Könül Nəcəfzadə, Tural Əhməd, Rəşad Bəxtiyarov, Zaur Əliyev və Rasim Cəfərin adlarını çəkmək olar. Həm böyük kinoda, həm də seriallarda uğurla işləyən çox istedadlı gənclərimiz var. Onların bir çoxu kino sənətində artıq öz sözünü deyib, bir çoxunun isə uğurları qabaqdadır. Yəni bizim belə peşəkar gücümüz var.
- Sizcə, niyə bu gün milli kinomuz bu qədər zəif təbliğ olunur və ümumiyyətlə, prokatda heç yayılmır?
- Bu ayrı və mürəkkəb bir mövzudur. Məsələ bundadır ki, kommersiya kinosu hazırda fəal inkişaf edir. Lakin heç də həmişə yüksək keyfiyyətli olmur. Dövlət sifarişləri ilə isə festival filmləri çəkilir ki, onlar da izləyicilər arasında elə də tanınmır. Festival filmləri gəlir gətirmir və dar ziyalı kütləsi üçün nəzərdə tutulub. Əvvəllər çox sayda standart və keyfiyyətsiz filmlər çəkilirdi. Ancaq bu yaxınlarda bizdə keyfiyyətli filmlər alınmağa başladı. Xüsusilə "Pərdə" filmini qeyd etmək istəyirəm. Bu rejissor Emil Quliyevin müəllif filmidir. Azərbaycan kinosunun qeyri-kommersiya bölməsi "Qırmızı bağ" (rej. Mirbala Səlimli), "Nar bağı" (İlqar Nəcəfov), "Çölçü" (Şamil Əliyev) və digər filmlərlə təmsil olunur. Bu artıq çox yaxşı kinodur! Filmlər beynəlxalq festivallarda qeyd olunublar və layiqli mükafatlar alıb.
- Bəs, bu gün beynəlxalq kino arenasında nə baş verir?
- Başlıca gerçəklik budur: Şərq kinosu dünyada tamaşaçıların rəğbətini qazanır. Türkiyə, İran və Koreyanın rejissorları çox maraqlıdır. Şərq kinosu sürətlə inkişaf edir. Şərq öz müxtəlifliyi və çalarları ilə kino dünyasına çox inamla girir. Buna misal olaraq, Cənubi Koreya rejissoru Pon Çjun Honun "Parazitlər" filmini göstərmək olar. İngilis dilindən başqa bir dildə çəkilən ilk filmdir ki, «Ən yaxşı film» nominasiyasında «Oskar» alıb və 2020-ci ildə daha üç nominasiyada «Oskar»a layiq görülüb. 2019-cu ildə film 72-ci Kann kinofestivalının «Qızıl palma budağı»nı alıb.
- Mədəniyyət Nazirliyinin nəzdində Kino Şurası yaradılıb. Belə bir qurumun yaradılması faktını şərh edə bilərsinizmi?
- KİV-lərdən məlumat aldım və şad oldum ki, Şuranın əsas hissəsi gənclərdir.
- Özünüzə münasibətiniz necədir: aktrisa, müəllim, ana və ya dost kimi?
- Dözümlüdür. Ancaq qeyri-ciddi olsa da deyəcəm: özüm kimi bir dostum olmasını istərdim!
- Həyatınızı yenidən yazmaq imkanınız olsaydı, onda nəyi qaydaya salardınız?
- Heç nəyi! Bu mənim həyatımdır. Baxmayaraq ki... Mən, bəlkə də anama daha çox diqqət yetirərdim. Moskvada oxumağa getməzdim, ancaq onun yanında qalardım. Anam indi yoxdur, amma onunla daimi ünsiyyətə ehtiyacım var. Buna görə hər cümə axşamı onun məzarına baş çəkirəm. Mən ona çiçəklər aparıram, onunla danışıram və özümü daha yüngül hiss edirəm. Nə vaxt mənim üçün çətin olur, onda anama müraciət edirəm, anam gözümdə canlanır, həyatının son anında onu xatırladığım kimi. Mənə baxaraq gülümsəyir. Mən onun portretini çəkmək istəyirəm, məhz o sonuncu təbəssümü ilə…
- Xalq artisti Həmidə Ömərovanın bugünkü arzusu nədir?
- Pandemiyanın təhdid etmədiyi bir dünya arzulayıram; sərbəst yaradıcılıqla məşğul ola biləcəyimiz və telefonla deyil, real vaxtda və real məkanda ünsiyyət qura biləcəyimiz bir dünya; kompüter monitor və ya planşet ekranına deyil, bir-birimizin gözlərinə baxaraq fikir mübadiləsi edə biləcəyimiz bir dünya! SMS ilə deyil, rahat şəkildə cümə axşamı günü anama baş çəkə biləydim. Arzu edirəm ki, yer üzündə pandemiya və karantinlər olmasın; bütün bu çətinliklər artıq bitsin və əbədi olaraq keçmişdə qalsın...
MƏSLƏHƏT GÖR: