23 Aprel 2024

Çərşənbə axşamı, 22:07

SƏRHƏDSİZ TƏHSİL

Nigar MUSABƏYOVA: «Pandemiyadan qorxub öz planlarını ləngitməyə dəyməz. İstənilən vəziyyətdən çıxış yolu var»

Müəllif:

15.06.2020

Pandemiya xaricdə təhsil almağa maneə deyil. Əksinə, mütəxəssislər deyir ki, dəyişən reallıqda insanların akademik biliklərə və, deməli, peşə vərdişlərinə qarşı tələblər daha yüksək olacaq. Nigar Musabəyova Britaniya Kolumbiyasının ilk özəl universiteti olan «Canada West» Universitetinin MDB üzrə regional nümayəndəsidir. Onun başqa universitetlərdən fərqi xüsusi intensiv təhsil sistemidir. Sadə dillə desək, bu universitet 2-2,5 il ərzində bakalavr diplomu qazanmağa imkan verir. MBA diplomunu (idarəetmədə magistr ixtisas dərəcəsini) isə bir ildə əldə etmək mümkündür. Özü də standart proqramını tam həcmdə mənimsəməklə. Universitet biznes idarəçiliyi sahəsində ixtisaslaşıb, 12 ildir özünü premium-klass bir təhsil müəssisəsi kimi göstərib. Vankuverin mərkəzində yerləşən universitet 40 ölkədən tələbə qəbul edir. Bu ali təhsil müəssisəsini təmsil edən N.MUSABƏYOVA xarici universitetə daxil olmaq üçün mövcud olan imkanlar barədə «R+»a danışıb.

- Nigar xanım, xarici ali məktəblərdə oxumağın üstünlükləri nələrdir?

- İlk növbədə, sistem, təhsilin keyfiyyəti və müəllim heyəti. Əlbəttə, xaricdəki istənilən universiteti yaxşı saymaq olmaz. Ancaq indi internetdə məlumatları yoxlamaq yetərincə asandır. Üstəlik, tələbələr digər tələbələrlə ünsiyyət qururlar və hər zaman bu və ya digər universitet haqqında etibarlı məlumat əldə etmək imkanı var. Əlbəttə ki, təcrübə də var - həm həyati, həm də peşə təcrübəsi. Axı, tələbələr, adətən, məzun olduqdan sonra həmin ölkədə ən azı iki və ya üç il sonra qalmaq və işləmək imkanı qazanırlar. Bu da çox böyük bir üstünlükdür. Gələcəkdə - tələbələrimiz qayıdıb öz ölkəmizdə peşə fəaliyyətlərini davam etdirdikləri zaman bu, müsbət nəticə verir.

- Tutaq ki, namizədin humanitar elmlər üzrə magistr dərəcəsi var. Məsələn, «Canada West» Universitetində başqa bir ixtisasa yiyələnmək üçün o nə etməlidir? Nədən başlamaq lazımdır?

- Məndə də oxşar vəziyyətdir. Mən özüm də Qərb Universitetinin siyasi elmlər fakültəsini bitirib bakalavr dərəcəsi almışam. Magistraturanı isə (MBA) Böyük Britaniyada Biznesin İdarəedilməsi fakültəsində «marketinq» ixtisası üzrə bitirmişəm. Yəni, hər şey mümkündür. Müraciət edən üçün həmişə istiqaməti dəyişdirmək imkanı var. Ancaq hər şey onun hansı istiqaməti seçməsindən asılıdır. Bizim Universitetimizdə o, MBA dəcəcəsi qazana bilər. Lakin əvvəlki təhsili biznes və ticarət sahəsində olmayıbsa, bu sahədə peşəkar təcrübəsi yoxdursa, ona üç ay davam edən hazırlıq kursu təklif ediləcək. Orada o magistr proqramına başlamağa kömək edəcək əsas bilikləri alacaq. Əlbəttə ki, ingilis dilini bilməsi vacibdir. IELTS (və ya ekvivalenti) üzrə tələb olunan imtahan balını toplamalıdır.

- İndi «Canada West» Universitetində Azərbaycandan neçə tələbə təhsil alır? Artıq bu ali məktəbi bitirənlər varmı və indi nə ilə məşğuldurlar?

- Hazırda bizdə Azərbaycandan üç tələbə təhsil alır. Onlardan ikisi artıq Vankuverdədir, üçüncü tələbə də qəbul olunub, lakin təəssüf ki, karantin elan edildiyi üçün ölkəni tərk edə bilməyib. O, distant təhsilə başlayıb və sərhədlər açıldıqdan sonra oxumağa Kanadada davam edəcək.

- «Canada West» Universitetinin məzunları öz peşə bacarıqları ilə Azərbaycana nə kimi fayda verə bilərlər?

- Azərbaycan durmadan inkişaf edən bir ölkədir. Bu gün bizə bu və ya digər sahədə yaxşı təhsili və təcrübəsi olan insanlar lazımdır. Bizim Universitetimiz biznes təhsili imkanı verdiyinə görə, «Canada West» Universitetini bitirən tələbələr biznesin idarə edilməsi, ticarət, marketinq və maliyyə sahəsində biliklərə sahib olacaqlar. Məhz onlar ölkəmizin indi ehtiyac duyduğu insanlardır.

- Mümkündürsə, «Canada West» Universiteti tərəfindən nəzərdə tutulan təhsil qrantları haqqında məlumat verin. Təqaüdçü olmaq üçün hansı şərtlərə cavab vermək lazımdır?

- Kanadada da, bir çox başqa ölkələrdə olduğu kimi, həm özəl, həm də dövlət universitetlərində təhsil ödənişlidir. Özəl bir universitet olaraq tələbələrimiz üçün lazımi şərait yaratmaq imkanımız var. Biz özəl olaraq MDB ölkələri üçün qrant hazırlamışıq ki, bu da tələbələrimizə başqalarına nisbətən daha az ödəniş etməyə imkan verir. Qrant təhsil haqqının bir hissəsini əhatə edir və onu almaq üçün qrant formasını doldurub universitetə təqdim etmək yetərlidir. Müraciət tələbənin qəbul üçün təqdim etdiyi sənədlər əsasında nəzərdən keçirilir. Ancaq tələbə tədris zamanı bütün qaydalara əməl etməzsə - dərslərdə iştirak etməzsə və hazırlaşmazsa, qrant ləğv edilə bilər.

- Təbii ki, xaricdə təhsil almaq həm də ölkədən kənara çıxmaq və xaricdə yaşamaq təcrübəsi qazanmaq, təhsil alacağınız ölkəni tanımaq və dilini öyrənmək kimi əlavə üstünlüklər verir. Ancaq indi tamamilə fərqli bir vəziyyətdir və baş verənlərin nə vaxt bitəcəyi bilinmir. Pandemiya «Canada West» Universitetinə qəbul prosesinə nə kimi dəyişikliklər etdi və arzu edənlərin sayı azalmadı ki?

- Təbii ki, tələbələrdə müəyyən bir narahatlıq var və bu, başadüşüləndir. Bizim heç birimiz belə çətin vəziyyətə düşəcəyimizi və bütün planlarımızın pozulacağını gözləmirdik. «University Canada West» bunu anlayır və başa düşür ki, tələbələr istənilən halda keyfiyyətli təhsil almaq istəyirlər. Bunun üçün tələbələrimiz distant təhsilə başlayırlar. İstənilən halda onlar viza üçün müraciət edirlər (onlayn mümkündür, biometrik mərkəzlər də artıq açıqdır), icazə aldıqdan sonra sərhədlər açılan kimi Kanadaya uça bilərlər. Ancaq vaxt itirməmək üçün dərsləri evdən alırlar. Universitetimizə qəbul ildə dörd dəfə keçirilir: qışda, yazda, yayda və payızda. Biz ümid edirik ki, payıza qədər vəziyyət yaxşılaşacaq və payız qəbulu üçün müraciət edənlərin hamısı təhsilə Vankuverdə başlayacaq. Əgər düzəlməzsə, hər kəsin distant təhsilə başlamaq üçün imkan olacaq.

- İstənilən halda, onlayn təhsil bütünlüklə əyani təhsili əvəz edə bilərmi?

- Bilirsiniz, keyfiyyətinə görə onlayn təhsil heç də əyani təhsildən geri qalmır. Ancaq çox güman ki, çoxları üçün bu daha çətindir, çünki bu, böyük intizam tələb edir. Axı, evdə oturanda biz daha rahatlaşırıq. Fikri bir yerə cəmləmiək və anlamaq lazımdır ki, əyani təhsildəki kimi imtahanlar olacaq və bilikləri eyni əyanidəki kimi ciddi şəkildə yoxlayacaqlar. Distant təhsil iş və ya digər şərtlər üzündən ölkəni tərk edə bilməyən, amma yaxşı təhsil və xarici universitet diplomu almaq ehtiyacı duyanların işinə yarayır. Ancaq başqa bir amil də var və siz onu yuxarıda qeyd etdiniz: xaricdə yaşamaq bacarığına yiyələnmək, təhsil aldığınız ölkə ilə tanışlıq, böyük xarici şirkətlərdə iş təcrübəsi və sadəcə, insanlarla ünsiyyət, özü də xarici dildə. Biz bütünlüklə onlayn təhsilə keçəcəyikmi? Düşünmürəm. Ancaq indiki vəziyyətdə o, həqiqətən, xilas edir və Kanadaya gedə bilməyənlər üçün imkanlar yaradır. Beləliklə, həmişə tələbələrin ilk seçimi əyani təhsil olacaq.

- Mövcud vəziyyətə baxmayaraq, hələ də xaricdə təhsil almağı qarşısına məqsəd qoyanlara bu gün üçün nə deyə bilərsiniz?

- Universitetlərin çoxunun, təəssüf ki, distant təhsil imkanı yoxdur, onlar sadəcə kursun başlanğıc tarixini sonraya dəyişməyi təklif edirlər (məsələn, payızda başlamalı olanlar, qışda bunu edə bilər). «University Canada West», yuxarıda dediyim kimi, tələbələrin vaxt itirməməsi və onlayn təhsil alması üçün şərait yaradıb. Bu vəziyyət sona çatacaq və tələbələr sakit şəkildə gedib Vankuverdə yerləşən universitetdə təhsillərini davam etdirə biləcəklər. İndi də heç nə itirmirlər, üstəlik, orda yaşamaq üçün xərcləməli olduqları pula da qənaət edirlər. Buna görə qorxmağa və planlarını ləngitməyə dəyməz. Hər vəziyyətdən hər zaman bir çıxış yolu var. Yəni bu vəziyyətdə bu elə də pis çıxış yolu deyil. Buna görə bütün tələbələrə uğur arzulayıram. Necə deyirlər: "Əgər vəziyyəti dəyişə bilmiriksə, vəziyyətə münasibətimizi dəyişməyə dəyər".

- Müsahibə üçün təşəkkür edirik.

- Siz sağ olun!



MƏSLƏHƏT GÖR:

343