25 Aprel 2024

Cümə axşamı, 09:11

ARTIM NAMİNƏ AZALMA

OPEK+-un neft hasilatını daha bir ay azaltması bazarda qiymətlər balansının qorunmasına imkan verir

Müəllif:

15.06.2020

Neft çıxaran ölkələrin hasilatın azaldılması ilə bağlı indiki anlaşması və dünyanın tədricən karantindən çıxması neft qiymətlərinə müsbət təsir göstərib. Nəticədə «Brent» markalı neftin qiyməti 40 dolları keçib.  

Ancaq bu da bazarı tam sabitləşdirmək üçün yetərli olmayıb. Təklif və tələb arasındakı disbalans azalsa belə, hələ də tam aradan qalxmayıb. “Tələb bərpa olunur, çünki iri neft istehlakçıları lokdaundan çıxır. Ancaq təhlükə hələ də qalmaqdadır və irəlidə bizi problemlər gözləyə bilər", - deyə Səudiyyə Ərəbistanının enerji naziri, şahzadə Əbdüləziz bin Salman vurğulayıb.

ABŞ və Çin arasındakı gərginlik də vəziyyəti çətinləşdirir. Rəsmi Pekinin Honq-Konq üçün öz milli təhlükəsizlik qanununu yaratmaq fikrinə düşdükdən sonra Vaşinqtonla qarşıdurma daha da gərginləşib. COVID-19-un ikinci dalğasının yaratdığı təhlükə və nəticədə karantin tədbrlərinin aradan qaldırılıb-qaldırılmayacağı ilə bağlı qeyri-müəyyənlik də treyderlərin əhvalına təsir edir. Yaranmış durumda OPEK+ alyansının neft hasilatını sutkada 9,7 milyon barel azaltmaq barədə anlaşmanı daha bir ay uzatmaq barədə iyun ayında verdiyi qərar neft bazarına yeni nəfəs verdi.

 

Uğuru möhkəmləndirmək

Xatırladaq ki, OPEK+ ölkələri birinci mərhələdə (may-iyun ayları üçün) neft hasilatını 9,7 milyon barel/sutka azaltmaq barədə razılığa gəlmişdilər. İkinci mərhələdə (2020-ci ilin iyul-dekabr aylarında) azalma 7,7 milyon barel/sutka, üçüncü mərhələdə (2021-ci ilin yanvarı – 2022-ci ilin apreli arasında) isə 5,7 milyon barel/sutka olmalı idi. İyunun 6-da nazirlərin görüşlərindən sonra həm kartel ölkələri, həm də OPEK üzvü olmayan neft istehsalçısı ölkələr azaltmanın birinci mərhələsinin iyul ayının sonuna qədər uzadılması qərarını yekdilliklə dəstəklədilər. Gözlənilir ki, bu addımlar müəyyən zamandan sonra karbohidrogen bazarında tələb və təklif balansına gətirə bilər.

"Belə qərara alındı ki, anlaşmanın təsirini gücləndirmək üçün may-iyun aylarına olan parametrləri daha bir ay, bu ilin iyul ayına uzadaq ki, bazarda balans yaransın, bizim hələ də gördüyümüz risklər, qeyri-müəyyənliklər azalsın. Bizim uzatdığımız tək şey odur ki, iyul ayında 7,7 milyon barel/sutka yerinə, Meksika ilə birlikdə azalma 9,7 milyon barel/sutka olacaq ”, - deyə Rusiya energetika naziri Aleksandr Novak OPEK+ alyansının qərarını şərh edib.

Anlaşmanın qalan şərtləri dəyişməz qalıb. Rusiyalı nazirin sözlərinə görə, hasilatın azaldılması templəri neft bazarında lazım olduğundan 1 milyard bareldən çox yığılmış nəhəng ehtiyatları azaldacaq. “Məncə, bu, doğru qərardır. Müxtəlif variantlar – qabaqlayıcı və daha uzun müddətli variantlar da nəzərdən keçirildi, amma biz razılaşdıq ki, bazarda vəziyyəti aybaay izləyəcəyik ", - deyə A.Novak vurğuladı.

Sövdələşmə çərçivəsində azalmanın əsas həcmləri Rusiya və Səudiyyə Ərəbistanının payına düşür. İki ölkədən hər biri enerjidaşıyıcı istehsalını 11 milyon barel/sutka baza səviyyəsindən 2,5 milyon barel/sutka azaldır. Rusiya nazirinin sözlərinə görə, may ayında anlaşmanın yerinə yetirilmə səviyyəsi olduqca yüksək olub - bazardan 9 milyon barel/sutka neft çıxarılıb. İyul ayında isə OPEK ölkələri tərəfindən neft hasilatının 6,1 milyon barel/sutka, OPEK üzvü olmayan ölkələr tərəfindən isə 3,6 milyon barel/sutka azalacağı gözlənilir.

Bazar yeni OPEK+ anlaşması ilə bağlı xəbərlərə olduqca müsbət reaksiya verdi. Martın 6-dan bəri ilk dəfə iyunun 8-də Brent markalı neftin bir bareli 43,4 dollara, WTI fyuçersləri isə 40 dollara çatdı.

"İstehsalın bir ay və ya daha çox müddətə azaldılmasının vacibliyini etiraf etmək, son zamanlar neftin qiymətinin artmasına baxmayaraq, böyük istehsalçıların hələ də neft bazarındakı dayanıqsız vəziyyətdən narahat olduğunu göstərir", - deyə «AxiCorp`s»un analitiki Stiven İnnes bildirib.

 

Yüz faizlik icra

Bununla belə, anlaşmanın bütün iştirakçılarının öz öhdəliklərinə vicdanla yanaşmaması nəzərə alındıqda yeni anlaşmanın effektivliyi müəyyən şübhələr doğurur. May ayının nəticələrinə görə, İraq, Nigeriya və Qazaxıstan "sinifdə qalanlar" kateqoriyasına daxil edilib. Buna görə anlaşmanın bütün iştirakçıları qaşısında bir şərt qoyuldu - bütün öhdəliklərə ciddi riayət etmək və anlaşmanı pozmuşlar tərəfindən hasilatın yerinə yetirilməmiş azaldılma həcmlərini kompensasiya etmək lazımdır. Əks təqdirdə, anlaşma pozula bilər. OPEK+ anlaşması üzrə may-iyun öhdəliklərini yerinə yetirməyən ölkələr bunu iyul, avqust və sentyabr göstəriciləri ilə kompensasiya etməlidirlər.

“Karantin tədbirlərinin mərhələli şəkildə yüngülləşdirilməsi və iqtisadiyyatın qismən bərpa edilməsi neftə olan tələbatın bərpa olunmağa başlamasına səbəb oldu. Biz hasilatın məhdudlaşdırılması üzrə birgə səylərin müsbət təsirini görürük. Ancaq bazarın hələ də kövrək vəziyyətdə olduğunu və dəstəyə ehtiyacı olduğunu qeyd etmək lazımdır. Buna görə də, bu gün, mənim fikrimcə, bütün iştirakçı ölkələrin üzərlərinə götürdükləri öhdəlikləri 100 faiz yerinə yetirməsi həddindən artıq vacibdir", - deyə A.Novak bəyan edib.

Rusiya Federasiyası Energetika Nazirliyinin rəhbərinin sözlərinə görə, OPEK+ ölkələri may ayında anlaşmanı 90% yerinə yetiriblər. Rusiya isə bunu 96% səviyyəsində yerinə yetirib və iyun ayında 100%-lik nəticə əldə etmək ümidindədir.

Eyni zamanda, şahzadə Abdüləziz bin Salman qəti bildirib ki, OPEK+ ölkələri iştirakçıların anlaşmanın yerinə yetirilməməsinə dözməyəcək. Yəni anlaşmanı, məsələn, iyunda yerinə yetirməyənlər, bu həcmləri istənilən vaxt - iyulda, avqustda və ya sentyabrda kompensasiya etməli olacaqlar. Onun sözlərinə görə, bu, avqust-sentyabr aylarında azalmanın real səviyyəsinin iyul ayına nisbətən daha yüksək olacağını göstərir.

Analitiklərin fikrincə, anlaşma şərtlərinə əməl etməyən ölkələrə qarşı tədbirlərin sərtləşdirilməsi və azaldılmamış həcmlərin qarşıdakı üç ay ərzində kompensasiya edilməsi bazar üçün müsbət siqnaldır, çünki bu, tələb və təklif balansının bərpasını sürətləndirəcək.

Anlaşmanın vaxtında və ədalətli icrasına riayət etmək üçün bazarda Nazirlər Komitəsi (JMMC) tərəfindən bazar şərtlərinin izlənməsi xahiş olunub. Bunun üçün JMMC 2020-ci ilin dekabrına qədər hər ay toplaşacaq. Növbəti iclas iyunun 18-nə təyin olunub.

 

Azərbaycan avansla azaldır  

Qazaxıstan və Nigeriya öz neft hasilatını azaltmağa hazırlaşarkən, Azərbaycan artıq may ayından bu prosesə başlayıb. Doğrudur, ölkə ötən ay üçün ev tapşırığını 98% yerinə yetirərək istehsalı 160,8 min barel azaldıb, tələb olunan isə 164 min bareldir.

May ayında Azərbaycanda gündəlik neft hasilatı kondensat istisna olmaqla 557,2 min barel təşkil edib ki, bunun da 437,6 min bareli «Azəri-Çıraq-Günəşli» blokunun payına düşür, SOCAR tərəfindən işlənən yataqlardan, həmçinin quruda işləyən birgə müəssisələr və əməliyyat şirkətləri tərəfindən - 119,6 min barel neft çıxarılıb.

«May ayında Azərbaycanın neft hasilatını azaltmaq üzrə OPEK+ anlaşmasının şərtlərini yerinə yetirməsi 100% təşkil edib və bu, çox yaxşı göstəricidir. Bir dəfəyə belə bir azalmaya nail olmaq böyük uğurdur. OPEK+ anlaşmasında götürdüyümüz öhdəliklərin 100% yerinə yetirilməsi üçün gündə yalnız 3 min barel çatışmadı", - deyə Energetika nazirinin müşaviri, qurumun mətbuat xidmətinin rəhbəri Zamin Əliyev bildirib.

Bununla yanaşı, Energetika Nazirliyi Azərbaycanın 100 faizlik nəticə əldə etməsini qarşısına məqsəd qoyub və böyük ehtimalla, iyun ayında lazımi göstəricilərə çatacaq.  

Yeri gəlmişkən, rəsmi Bakı OPEK+ formatının digər iştirakçılar sırasında azaltmanın birinci mərhələsinin iyul ayına qədər uzadılmasını dəstəkləyib. Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu qərar neft bazarındakı böhranı, həmçinin tələb və təklif arasındakı balanssızlıq nəzərə alınaraq qəbul edilib.

Bununla yanaşı, Energetika Nazirliyinin rəhbəri qeyd edib ki, anlaşma tərəfləri "iqtisadi fəallığın və neft bazarındakı balansın neft və qaza olan tələbatı artırmasına qədər neft hasilatının tənzimlənməsinə həssas və çevik yanaşmanı davam etdirməlidirlər". Bu, çox güman ki, Azərbaycanın gələcəkdə də bazara lazımi dəstəyi verməyə hazır olduğunu göstərir.

Qeyd edək ki, Amerika investisiya bankı "Goldman Sachs" indiki neft qiymətlərinin sürətlə düşəcəyini proqnozlaşdırır, bunu tələbin qeyri-müəyyənliyi və ehtiyatların "qorxulu" həcmləri ilə izah edir. Bank iddia edir ki, «Brent»in qiyməti yaxın həftələrdə 35 dollara düşəcək. Beləliklə, sazişin daha bir ay və ya daha uzun müddətə uzadılması variantı istisna edilə bilməz, özəlliklə də neftə tələbatın artması tempi gözləntilərə uyğun gəlməyən indiki zamanda.

 

Müddət uzadılsın?

Düzdür, Moskva bu ehtimalı ehtiyatla şərh edir. Nazir A.Novak vaxtından əvvəl proqnozlar verməməyə, bazarda vəziyyətin inkişafını yaxından izləməyə çağırır. “Biz yalnız iyul ayında qərar verdik, bazardakı vəziyyəti diqqətlə araşdırdıq. Həm hava nəqliyyatında, həm də avtomobil nəqliyyatında tələbatın bərpa olunması ilə bağlı vəziyyəti ciddi şəkildə izləyirik. İyul-avqust aylarındakı vəziyyətdən çox şey asılı olacaq", - deyə nazir vurğulayıb.

A.Novak hesab edir ki, hazırkı OPEK+ kvotalarının avqust ayına qədər uzadılması bazarın bərpasından, neft ehtiyatlarından və anlaşmada iştirak edən bütün ölkələrin öhdəliklərini yerinə yetirməsindən asılı olacaq.

“Sazişin tam icrası ilə yanaşı, əsas şərt bazardakı mövcud vəziyyət, tələbatın bərpa sürətinin və bizim üçün tələbatın təmin olunduğu sektorlarda vəziyyətin monitorinqidir. Əlbəttə, qalıqları da unutmamalıyıq. Son bir neçə ayda ehtiyatlar xeyli artıb", - deyə o vurğulayıb.

Rusiya tərəfi OPEK+ anlaşmasının ümumi şərtlərinin dəyişdirilməsi məsələsində də oxşar mövqedən çıxış edir. “Mənə elə gəlir ki, 2 ildən sonra nə baş verəcəyi barədə indidən danışmaq hələ ki tezdir. Bazar o qədər gözlənilməz və dəyişkəndir ki… Dünyadakı iqtisadi vəziyyətdən asılıdır, buna görə də biz belə də, böyük və uzunmüddətli anlaşmanı qəbul etdik: 6 ay vardı, maksimum 9 ay idi, indi isə 2 ildir - bu, bazara bir siqnaldır ki, ən azından iki il ərzində bazarı tarazlaşdırmaq üçün izləyəcəyik və birgə hərəkətlər edəcəyik. Orada isə vəziyyətin necə inkişaf edəcəyini həyat özü göstərəcək ", - deyə A.Novak bildirib.  

Ər-Riyad isə, əksinə, OPEK+ anlaşmasının müddətinin 2023-cü ilə qədər artırılmasını istisna etmir. “OPEK+ ölkələri bazarın vəziyyəti ilə bağlı ayıq olaraq qalırlar. 2021-ci ilin dekabrında hazırda 2022-ci ilin mayınadək qüvvədə olan anlaşmanın 2022-ci ilin sonuna qədər uzadılması ilə bağlı qərar verilə bilər", - deyə Abdulaziz bin Salman bildirib.

Analitiklər isə, öz növbəsində, sanırlar ki, anlaşmanın bir ay yox, ən azı daha iki ay və daha çox uzadılması «Brent» qiymətlərini bir barel üçün 40-45 dollara qədər artıra biləcək.

Əlbəttə ki, anlaşmanın avqust ayına qədər artırılması neftin qiymətində kəskin artımına səbəb ola bilməz, ancaq bu anlaşma onun iştirakçılarının neft bazarında pisləşən vəziyyətə çevik və tez reaksiya verməyə hazır olduğunu nümayiş etdirdi ki, bunun özü də önəmlidir. İndi OPEK+ alyansı sabit qiymət artımına diqqət ayırdıqdan sonra nəticələr anlaşma tərəflərinin özlərindən, daha doğrusu, onların öz öhdəliklərinə vicdanla yanaşmasından asılı olacaq. Üstəlik, bir sıra Yaxın Şərq ölkələrinin iyul ayında istehsalı müəyyən olunmuş kvotalara əlavə olaraq könüllü şəkildə azaltmaqdan imtina etməsi yalnız məsuliyyəti artırır.

Bazar artıq Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Omanın iyul ayında hasilatı könüllü şəkildə kvotadan əlavə 1,2 milyon barel/sutka azaltmayacaqları barədə xəbərdarlıqlarına qiymətləri endirməklə cavab verdi. Belə vəziyyətdə OPEK+ anlaşmasının şərtlərinə əməl olunmaması vəziyyəti daha da çətinləşdirəcək.

"Bazar Səudiyyə Ərəbistanının hasilatı kvotadan əlavə 1 milyon barel/sutka azaltmaq barədə qərarı uzatmamağı qərara almasından məyus oldu", - deyə ANZ mütəxəssisləri bildiriblər.

 

Şist nefti canlanır

Bununla yanaşı, «AxiCorp» analitiklərinin fikrincə, OPEK+ üçün əsas problem şist neft hasilatının bərpa olunmasıdır. Bəllidir ki, ABŞ-da çox sayda neft şirkəti qiymətlərin düşməsi üzündən neft hasilatını azaltmaq və ya dayandırmaq məcburiyyətində qalıb.

May ayında WTI fyuçersləri həqiqətən rekord artım göstərdilər, halbuki 20 apreldə tarixdə ilk dəfə müqavilə qiyməti sıfırdan aşağı düşmüşdü. İyun ayının ilk həftəsində isə WTI qiymətinə 11% əlavə edib.

«The Wall Street Journal»a görə, neftin qiymətinin artması fonunda ABŞ-ın şist nefti istehsalçıları hasilatı qismən bərpa etməyə başlayıblar. Məsələn, ABŞ-ın ən böyük müstəqil neft istehsalçılarından biri olan «EOG Resources Inc.» 2020-ci ilin üçüncü rübündə hasilatı bərpa etməyi planlaşdırır. Onun rəqibi olan «Parsley Energi Inc.» bu yaxınlarda investorlara məlumat verib ki, ötən ay Texasın qərbində yerləşən Perm hövzəsində hasilatda, təxminən, 26 min barel/sutka səviyyəsində baş vermiş azalmanın çox hissəsini artıq kompensasiya edir.

Bununla yanaşı, WSJ qeyd edir ki, bu artım ABŞ-da mart ayında qeydə alınmış 13,1 milyon barel/sutkalıq istehsal rekordu səviyyəyə çatmaq üçün kifayət etməyəcək. ABŞ Energetika Nazirliyinin Enerji Məlumatları İdarəsinə (EIA) görə, may ayının sonunda ölkədə günlük hasilat 11,2 milyon barel/sutka olub.

Bundan əlavə, şirkətlərin yeni quyuların qazılmasını dayandırdıqlarını nəzərə alsaq, bu yay mövcud quyuların hesabına hasilatın artmasına baxmayaraq, 2020-ci ildə ABŞ-da hasilatın azalacağını gözləmək olar. Şist neft istehsalının texnologiyası belədir ki, mövcud olanlar sürətlə tükəndiyindən yeni quyuların daim qazılması tələb olunur. ABŞ-da may ayında qazma qurğularının sayı əvvəlki aya baxanda 218 ədəd azalıb və 348 olub. Bu, rekord aşağı həddədir.

Yeri gəlmişkən, EIA proqnozlarına görə, 2020-ci ildə günlük neft hasilatı üzrə may ayında verilmiş proqnoz 2019-cu illə müqayisədə 0,7 milyon barel az, yəni 11,6 milyon barel səviyyəsində olacaq. 2021-ci il üzrə proqnozu da azalma istiqamətində 100 min barel/ sutka düzəliş edilər, yəni 10,8 milyon barelə salıblar.

Bütünlükdə, indiki artıma baxmayaraq, şist neft istehsalını bərpa etmək üçün daha yüksək qiymətlər tələb edir. «Fitch» agentliyinin baş təbii ehtiyatlar və əmtəə qrupunun direktoru Dmitri Marinçenko hesab edir ki, şist neftini davamlı hasilata qaytarmaq üçün qiymət bir barel neft üçün 50 dollar və ya daha çox olmalıdır.

«Qazprombank»ın Strategiya İşlənməsi Mərkəzinin rəhbəri Yeqor Susinin sözlərinə görə, şist sənayesi qiymətlərin barel üzrə 40-50 dollar aralığında sabitləşməsi ilə bərpa ediləcək, lakin bir sıra şirkətlərin güclü borcları üzündən çox şey dövlət dəstəyindən asılı olacaq.

Neft qiymətlərinin tədricən bərpa olunması və tələbatın getdikcə geri dönməsi, təbii ki, ABŞ da daxil olmaqla, neft bazarının bütün iştirakçıları arasında nikbinliyə səbəb olur. Bu məsələdə önəmli rol OPEK+ ölkələrinə məxsusdur.  

Təəccüblü deyil ki, Vaşinqton müqavilənin uzadılması ilə bağlı xəbəri məmnuniyyətlə qəbul etdi, çünki qiymətlərin sabit artımı Amerika neft sənayesinin gerçəkdən ehtiyac duyduğu amildir. Bununla belə, neft istehsalçıları yenidən sakit nəfəs almaq üçün, uzun bir yol qət etməlidirlər. Sürətli bərpa baş verməyəcək. Üstəlik, Amerika nefti bazarın digər iştirakçıları üçün ciddi bir təhdiddir, şübhəsiz ki, onlar küncə sıxışdırılmaq istəməyəcəklər və şist neft şirkətlərinin istehsal artımını məhdudlaşdıran bir mexanizm düşünəcəklər.



MƏSLƏHƏT GÖR:

303