29 Mart 2024

Cümə, 01:54

QARANLIQ KEÇMİŞDƏN DUMANLI GƏLƏCƏYƏ

Əfqanıstanda ikihakimiyyətliliyə son qoyuldu, lakin ölkədə dayanıqlı sülhün təmini hələ də sual altındadır

Müəllif:

15.06.2020

Koronavirus pandemiyası və on illərdir susmayan terror aktlarını nəzərə almasaq, bu ilin əvvəlindən Əfqanıstanda iki mühüm tarixi hadisə baş verib. Fevralın 29-da ABŞ və Taliban hərəkatı arasında Qətərin paytaxtı Dohada imzalanan sülh razılaşması və mayın 17-də prezident seçkisindən sonra yaranmış ikihakimiyyətliliyə son qoyulması oldu.

Birinci razılaşma Talibanla 19-cu ildir davam edən müharibənin başa çatması, terrora son qoyulması baxımdan mühüm hadisə hesab olunurdusa, ikinci hadisə ölkədə onsuz da kövrək olan mərkəzi hakimiyyət daxilindəki bölünməyə son qoyulması baxımından mühüm idi.

 

Müharibə kimi seçkilər

Əfqanıstanda prezident seçkiləri 2019-cu il sentyabrın 28-də keçirilib. Lakin ölkə ərazisinin bir qismində ümumiyyətlə, seçki keçirmək mümkün olmayıb, seçkinin baş tutduğu vilayətlərdə isə iştirak faizi aşağı olub. Oktyabrın 19-da elan olunmalı olan seçkilərin ilkin nəticələri dekabrın 22-də açıqlanıb. Və Əfqanıstan Seçki Komissiyası hazırkı prezident Əşrəf Qəninin qalib gəldiyini elan edib. Əfqanıstan Seçki Komissiyasının ilkin rəyinə əsasən hazırkı prezident Əşrəf Qəni 50,64 faiz, Əfqanıstan İcraiyyə Qurumunun sədri Abdullah Abdullah 39,52 faiz, Gülbəddin Hikmətyar isə 3,85 faiz səslə üçüncü olub.

Ancaq bu qərar etirazla qarşılanıb. Fevralın 18-də Seçki Komissiyası yekun nəticələri Əşrəf Qəninin xeyrinə elan etsə də, Qəniyə ən yaxın nəticə göstərmiş keçmiş xarici işlər naziri Abdullah Abdullah da özünün qalib gəldiyini elan edib. Martın 9-da hər iki namizəd paytaxt Kabilin fərqli yerlərində “andiçmə” mərasimi keçiriblər.

İki lideri barışdırmaq üçün ABŞ-ın Əfqanıstan üzrə xüsusi təmsilçisi Zalmay Xəlilzad işə qarışsa da nəticə əldə edə bilməyib. Bundan sonra ABŞ Dövlət Departamenti bəyanat yayaraq Əfqanıstanda paralel hakimiyyət yaradılmasını sərt şəkildə tənqid edərək Əfqanıstanda yalnız bir hakimiyyəti dəstəkləyəcəyini bəyan edib.

Bu ərəfədə Kabildə terror hücumları şiddətlənib. Martın 9-da “andiçmə” mərasimi keçirilən Prezident Sarayı yaxınlığında terror aktı baş verib. Həmçinin sonrakı dövrdə paytaxt Kabildə və əyalətlərdə çoxsaylı terror hücumları baş verib. Ən dəhşətli terror hadisəsi isə mayın 12-də Kabildə baş verib. Polis formasında olan 3 terrorçu Sərhədsiz Həkimlər Təşkilatının Kabildəki doğum evinə etdiyi hücum zamanı 3-ü doğuşda əsnasında olan 16 hamilə qadın olmaqla 24 nəfəri qətlə yetirib. Həmin gün Nanqaharda bir dəfn mərasiminə hücum zamanı 30-dan çox insan öldürüldü.

Əfqanıstanda siyasi anlaşma Kabildəki amansız terror aktından 5 gün sonra əldə olunub. Mayın 17-də Əşrəf Qəni və Abdullah Abdullah arasında siyasi anlaşma və hakimiyyət bölgüsü ilə bağlı razılaşma əldə olundu. Razılaşmaya əsasən Əşrəf Qəni prezident postunu qoruyub saxlasa da, hər iki lider bərabər sayda nazir təyin edəcək.Tacik əsilli Abdullah Abdullah isə Əfqanıstan Milli Ali Barışıq Şurasının sədri və Talibanla başlayacaq siyasi müzakirə prosesinə rəhbəri təyin olunub. Yeri gəlmişkən, daha əvvəl Əfqanıstan hökumətində müdafiə naziri və sonuncu kabinetdə vitse-prezident postu tutmuş özbək əsilli Rəşid Dustuma marşal rütbəsi verilib.

 

Nisbətən yeni oyunçular

Bu razılaşmanın nə qədər möhkəm olduğunu indidən demək çətindir. Düzdür, bəzi ekspertlər indiki razılaşmanın 2014-cü ildə əldə olunan razılaşma ilə müqayisədə daha dayanıqlı olacağını düşünür. Lakin hələlik bununla bağlı nəsə demək çox çətindir, çünki siyasi vəziyyət sürətlə dəyişir və əgər Talibanla razılaşma baş tutacaqsa o zaman Əfqanıstanda yeni leqal siyasi qüvvə, yəni Taliban meydana daxil olacaq və təbii ki, bu zaman bir sıra qüvvələrlə razılaşma və ittifaqlar yenidən pozulacaq. Çünki hazırkı siyasi və hərbi liderlərin bir çoxu uzun illər Talibanla savaşıb, indi Talibanla eyni ittifaqda təmsil olunmaları çox çətin olacaq.

Qeyd edək ki, Əfqanıstan 407 inzibati rayona bölünüb və hazırda bu rayonların, təxminən, 229-na hökumət, 59-na isə Taliban nəzarət edir. Qalan 119 rayon isə mübahisəli ərazidir və burda vaxtaşırı toqquşmalar baş verir.

2014-cü ilin yayında isə Əfqanıstanda yeni qüvvə - İŞİD peyda oldu. Ölkənin Pakistanla sərhədi Nanqahar və dağlıq şimal rayonlarında möhkəmlənən İŞİD-in nəqədər üzvünün olduğu məlum olmasa da, ötən 6 il ərazində İŞİD bir neçə Talibanla, dəfələrlə Əfqanıstan hökumət qüvvələri ilə toqquşmalara qatılıb. Yeri gəlmişkən, ötən ilin noyabrında əfqan hökumət qüvvələrinin Nanqahar vilayətində İŞİD-ə qarşı əməliyyatları zamanı 615 nəfər terror təşkilatı üzvü təslim olsa da, İŞİD hələ də Əfqanıstanda ən böyük hərbi güclərdən biri hesab olunur. Və vaxtaşırı olaraq həm də Əfqanıstan ordusu, həm də Talibana hücumlar edir.

Bundan başqa Əfqanıstanda “Əl-Qaidə” hələ də varlığını davam etdirir. Bəzi məlumatlara əsasən Əfqanıstanın 12 əyalətində “Əl-Qaidə”tərəfdarları mövcuddur. Yeri gəlmişkən, bu yaxınlarda açıqlanan BMT hesabatna əsasən Taliban ABŞ hökuməti ilə aparılan sülh danışıqları ilə bağlı mütəmadi olaraq “Əl-Qaidə”ni də məlumatlandırır və iki qrup arasında məsləhətləşmələr aparılır.

2017-ci ildə ABŞ prezidenti kimi səlahiyyətlərinin icrasına başlayan Donald Tramp Əfqanıstanda yeni strategiya izləyəcəyini bəyan etdi. Və tezliklə Talibanla Vaşinqton arasında birbaşa danışıqlar başladı. Bu danışıqlar Talibanın ABŞ ordusuna qarşı terror hücumları səbəbi ilə bir neçə dəfə pozulsa da, daha sonra bərpa olunub və bu il fevralın son günü Dohada atəşkəs razılaşması əldə olunub. Razılaşmaya əsasən ABŞ ordusu mərhələli şəkildə Əfqanıstanı tərk edəcək, eyni zamanda Əfqanıstan hökuməti və Taliban arasında sülh danışıqları başlayacaq. Bundan əvvəl isə hər iki tərəf qarşılıqlı olaraq əsirləri azad edəcək. Daha dəqiqi, hökumət Taliban üzvü 5 min əsiri, Taliban isə mindən çox hökumət əsgərini azad edəcək. Son məlumatlara əsasən rəsmi Kabil 2710 talibançını, Taliban isə 420 hökumət hərbçisini azad edib. İndi isə Əfqanıstanda hökumətlə Taliban arasında siyasi danışıqlar başlamalıdır.

ABŞ isə tarixində ən uzun müddət davam edən Əfqan müharibəsini başa çatdırmaq istəyir. Çünki ildən ilə müharibə daha yorucu və nəticəsiz olur. Son zamanlar üzə çıxan gizli yazışmalarda isə Pentaqonun Əfqanıstanda çox ciddi çətinliklərinin olduğu üzə çıxıb.

Məsələnin digər tərəfi isə hazırda Əfqanıstanda ABŞ-ın ciddi rəqibləri peyda olub. Daha əvvəl Əfqanıstanda təsiri olan Çin, İran və son illərdə Rusiya Əfqanıstanda Talibanla əlaqələr qurub. İran hazırda Əfqanıstanla sərhəd-keçid məntəqəsinin birinə Taliban nəzarət edir. Ötən il isə Rusiya Taliban liderlərinin Moskvaya dəvət etmişdi. Bu proses Vaşinqtonu Əfqanıstanın gələcəyi ilə bağlı narahat edir. Digər tərəfdən, indi Talibandan daha təhlükəli olan İŞİD var və Vaşinqton regional rəqabətdə Əfqanıstanı rəqiblərinə uduzmaq və daha əvvəl elə Əfqanıstanda məğlub etdiyi SSRİ-nin taleyini yaşamaq istəmir.

Lakin bütün bunlar hələ Əfqanıstana köklü sülhün gələcəyini deməyə əsas vermir. Çünki danışıqlar və razılaşma hələ çox kövrəkdir, hər an pozula bilər. Digər tərəfdən, həm əfqan liderlərin həm də Talibanın Əfqanıstanın gələcəyi ilə bağlı öz planları var və bu planların uzlaşması həddən artıq çətindir. Daha dəqiqi bu uzlaşma ilə bağlı hər hansı bir görüş və ilikin “yol xəritəsi” hələ yoxdur. Düzdür, bu ilin aprelində 18 illik fasilədən sonra ilk Taliban heyəti Kabilə daxil olub. Lakin Əfqanıstanda eyni düşərgəni təmsil edən liderlərin bu qədər çətinliklə anlaşdığı bir zamanda 30 ildir savaşan qüvvələrin bir araya gələrək ölkə hakimiyyətini bölməsi elə də asan görünmür. Üstəlik, burada həm fərqli ideoloji-siyasi qüvvələrin və maraqları toqquşan ölkələrin olması sülhü daha da əlçatmaz edir.



MƏSLƏHƏT GÖR:

263