25 Aprel 2024

Cümə axşamı, 15:52

İKİNCİ DALĞA

Pandemiya dövründə terror təşkilatları nəinki zəifləməyib, əksinə, daha da fəallaşıb

Müəllif:

15.06.2020

Son aylarda beynəlxalq xəbər lentində terrorçuluqla mübarizə mövzusu ikinci plana keçib. O, yerini COVID-19 pandemiyasının yayılması ilə mübarizəyə dair informasiyalara verib. Bir tərəfdən bu, anlaşılandır: təəssüf ki, pandemiyanın fəsadları müxtəlif ölkələrə terrorun vurduğu ziyanı istər maddi, istərsə də mənəvi baxımdan geridə qoyub. Bu mənada düşünmək olar ki, dünyada terrorçuların fəallığı azalıb və terrorçuluq obrazlı ifadə etsək, «karantin rejiminə keçib».

Amma bu, belə deyil. Beynəlxalq analitik mərkəzlər bildirir ki, son aylarda terror təşkilatları əksinə, dağıdıcı fəaliyyəti daha da artırıblar. Mart-aprel aylarında yalnız İraqla Suriyada terror aktlarının sayı xeyli artıb. Bundan başqa, terrorçuluğun arealı da getdikcə genişlənir. Filippin, Maldiv və Mozambikdə törədilmiş terror aktlarına görə «İslam Dövləti» (İD) məsuliyyəti öz üzərinə götürüb. İraqda yaraqlıların sayının artması isə xüsusi narahatlıq doğurur.

 

İraq: terrorçuluq yenidən dirçəlir?

Məlum olduğu kimi, hələ 2017-ci ilin sonlarında İraq hökuməti ölkədə İD yaraqlılarının praktik olaraq, məhv edildiyini açıqlamışdı. Lakin zaman bu bəyanatın vaxtından əvvəl verildiyini ortaya qoyub. Regiondakı vəziyyət göstərir ki, Anbar, Diyala, Kərkük, Salahuddin, Mosul kimi kənd rayonlarında terrorçuların mövcudluğu əvvəlki qədər hiss olunmaqdadır. Ölkənin bu hissələrində İraq Ordusu yaraqlılara qarşı əməliyyatları davam etdirsə də, müqaviməti tam qırmaq mümkün olmur.

Bir sözlə, İraqdakı siyasi qeyri-sabitlik, təhlükəsizliklə bağlı problemlər fonunda İD terror təşkilatı xüsusilə kənd yerlərində ciddi şəkildə fəallaşıb. Buna ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin ölkədən çıxarılması (koronavirus pandemiyası səbəbindən) da öz təsirini göstərib. Belə bir şəraitə İD ölkənin ucqar rayonlarında öz operativ potensialını artırmağa çalışır. Bu zaman terrorçular İraq hökumətinə qarşı keçirilən etiraz aksiyaları nəticəsində mərkəzi strukturların və yerli administrasiyaların zəifləməsindən də yararlanır. Məlum olduğu kimi ötən ilin payızında İraqı miqyaslı etiraz aksiyaları bürümüşdü. Həyat səviyyəsinin ağırlaşmasına və korrupsiyanın artımına etiraz edən kütlə sonda baş nazir Adil Abdul-Mehdinin istefa verməsinə nail olub.

İraqın İnsan haqları üzrə ali komissarının məlumatına görə, oktyabrın 1-dən başlamış etiraz aksiyalarının gedişində ən azı 496 nəfər həlak olub, 17 min insan yaralanıb. Abdul-Mehdinin dekabrın 1-də istefa verməsindən sonra ölkədə hökumət böhranı başlayıb, İraqın siyasi qüvvələri arasında ziddiyyətlərin dərinləşməsi İD-nin fəaliyyətini bütün ölkəyə, xüsusilə şimal-qərbinə yaymasına imkan verib. İD-nin səfərbər olmasına, hərbi əməliyyatları artırmasına, silsilə terror aktları törətməsinə yol açmış bir neçə səbəb var. Məsələn, COVID-19 üzündən bütün İraq ərazisində komendant saatının elan olunması, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin pandemiya səbəbilə bölgədə fəaliyyətini 2 ay müddətinə dondurması, həmçinin 6 hərbi bazadan koalisiya qüvvələrinin, ümumiyyətlə, çıxarılması və s. Nəticədə, İD təhlükəsizliyin daha çox zəiflədiyi bölgələrdə mövqelərini bərpa etməyə başlayıb. Mütəxəssislər bildirir ki, koalisiya qüvvələrinin İraq hökumətinə maddi-texniki və kəşfiyyat dəstəyini dayandırmasından sonra yaraqlılar «əl-qol açıb».

Terrorçuların xeyrinə işləyən daha bir amil İraqın mərkəzi hökumətilə regional kürd hökuməti arasında həmrəyliyin olmamasıdır. Məhz onların arasındakı fikir ayrılıqları İD-nin fəaliyyətini genişləndirməsi üçün «dəhliz» açıb. Odur ki, indi terrorçular İraqın vaxtilə daha fəal olduqları şimal rayonlarında yenidən dirçəlməyə başlayıblar.

Doğrudur, yaraqlılar, hələ ki, miqyaslı döyüşlərə girəcək qədər güclü deyillər. Lakin onların güclərini sürətlə bərpa etməyə başladıqları hiss olunur. İD bunu xüsusilə sıralarına yeni üzvlərin cəlbilə edir.

Rəsmi statistika göstərir ki, 2020-ci ilin ilk 4 ayı ərzində İD-nin təşkil etdiyi hücumlar və digər zorakılıq halları nəticəsində İraqda ümumilikdə 170 mülki şəxs və təhlükəsizlik xidməti əməkdaşı həlak olub. Mütəxəssislərin proqnozları isə nikbinliyə əsas vermir. Onlar hesab edir ki, bu tendensiyanın davam edəcəyi təqdirdə, İD qısa zamanda keçmişdəki mövqeyini bərpa edə bilər.

 

İraq problemin yalnız bir hissəsidir

Bununla yanaşı, dünyanın digər bölgələrindən də narahatlıq yaradan xəbərlər gəlir. İraq, Suriya, Yəmən, həmçinin bir sıra Saxara və Sahel dövlətləri və Əfqanıstanla yanaşı, Filippin, Mozambik, Maldiv adaları və digər regionlarda da terrorçuların fəallaşdığı müşahidə olunur.

Yaranmış vəziyyətdə «Boko haram» Saxaradan cənuba – Afrika qitəsinin əhəmiyyətli hissəsinə yayılmağa çalışır. Bu təşkilatın 2020-ci ilin martında Çadda təşkil etdiyi hücum nəticəsində ən azı 98 nəfər həlak olub. Ekspertlər hesab edir ki, hərbçilərin fəaliyyətinə də təsir göstərən sərt karantin tədbirləri «Boko haram» üçün «qapıları açıq qoya» bilər və bu, təşkilatın daha geniş əraziyə yayılmasına yol açacaq.

Bir sözlə, terrorçuların fəaliyyət zonasında Qərb dövlətlərinin hərbi kontingentini azaltması və onların fəaliyyətinə məhdudiyyətlərin qoyulması terror təşkilatlarının fəallığının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. Bu vəziyyətdə terror təşkilatları öz üzvlərinin də yoluxma riskinə rəğmən, pandemiyanın daha geniş yayılmasında da maraqlı ola bilər. Hər halda, terror təşkilatlarının ideoloqları geniş kütlələrin qorxudulması və çaşdırılması məqsədilə artıq COVID-19 amilindən də tez-tez istifadə etməyə başlayıb. Xəstəlik tep-tez İD-nin məhv edilməsinin, «Əl-Qaidə» və digər təşkilatların rəhbərlərinin öldürülməsinin qarşılığı, «ədalətli cəza» və s. kimi təqdim olunur. Qərbi Afrikada «Bako haram»ın lideri bəyan edib ki, virus İslama tabe olmayanlar üçün cəzadır. O, bundan xilas olmaq istəyənləri «Bako haram»a qoşulmağa çağırıb.

Digər ölkələrdə terror təbliğatçıları Baqdidinin ölümünə görə qisas yoluna çıxmağa və bununla da, planeti bu təhlükəli xəstəlikdən xilas etməyə çağırır. Hökumətlərin nüfuzunun və rəsmi möqeyinin zəif olması fonunda insanlar belə təbliğatlara daha tez inanır.

Görünən odur ki, terror təşkilatları yaranmış çətinliklərdən daha effektiv istifadə etdikləri üçün səfərbər ola, güclərini artıra bilirlər. «Boko haram»ın Nigeriya lideri Əbubəkr Şekau bəyan edib ki, COVID-19 «şər əməlidir». Şekau tərəfdarlarını Qərbin zəifliyindən istifadə edərək, ona hücum etməyə çağırıb. Ekstremist ideyalarının yayılmasına hesablanmış təbliğat kampaniyasının fəallaşması isə uzaq perspektivdə son dərəcə təhlükəli nəticələr verə bilər.

Hazırda internetdə də ekstremistlərin ciddi fəallığı müşahidə olunmaqdadır. Bu isə yaxın və orta perspektivdə radikallaşma riskini artırır.

 

Müasir dünyanın iki şəri

Pandemiya nəticəsində iqtisadi baxımdan ciddi zəifləyəcək dövlətlərin uzaq perspektivdə terrorçu qrupların yaranması və ya bərpasının qarşısını ala bilməyəcəyi təhlükəsi də var. Bir çox terror təşkilatının nümayəndələri özləri də deyir ki, pandemiya nəticəsində hökumətlərin təhlükəsizliyin təmini resursları ciddi şəkildə zəifləyib. Ciddi problemlərdən biri COVID-19-un terrorçularda kimyəvi, bioloji, radioloji və nüvə silahlarından istifadəyə maraq yarada biləcəyilə bağlıdır. Məlum olduğu kimi, çoxsaylı terror təşkilatları hələ pandemiyadan əvvəl bioloji və kimyəvi silahlardan istifadə imkanlarını öyrənməklə məşğul idi. Lakin onların bel silahlardan istifadə etdiyinə dair fakt, hələ ki, yoxdur. Çünki terrorçuların belə silahları ələ keçirməsi yolunda ciddi maneələr var. COVID-19-un müxtəlif dövlətlərin təhlükəsizliyə məsul strukturlarını zəiflətməsi isə destruktiv qüvvələrin qadağan olunmuş silahlardan istifadəyə marağını artıra bilər.

Bütün bunların fonunda COVID-19 ilə bağlı vəziyyət nə qədər çətin olsa da, bəşəriyyətin terrorla mübarizə prioritetləri dəyişməməlidir. Cəmiyyətin terror təşkilatları qarşısında daha zəif olan təbəqəsinin müdafiəsi hər zamankı kimi, beynəlxalq birliyin diqqət mərkəzində olmalıdır.

Dünyanın COVID-19 pandemiyası nəticəsində yaranmış vəziyyətə uyğunlaşmağa çalışdığı bir vaxtda bütün diqqətlər daxili problemlərə yönəlib: biznesin aparılması qaydasından tutmuş, ünsiyyət, vaxt keçirmə üsullarınadək hər şey dəyişir. Müxtəlif ölkələrdən olan ekspertlər isə bütün bunların fonunda terrorçuların fəallaşdığını nəzərdən qaçırmamağa çağırır. Əks təqdirdə, COVID-19 təhlükəsi aradan qalxar-qalxmaz, dünya yeni qlobal ekstremizm savaşı ilə qarşı-qarşıya qalacaq. Pandemiya kimi, terrorçuluq da sərhəd tanımır və bir şərlə mübarizə digər şərlə mübarizəni inkar etmir.



MƏSLƏHƏT GÖR:

273