19 Dekabr 2024

Cümə axşamı, 20:00

NÜVƏ TAPMACASI

Amerikanın sanksiyaları İranla yeni danışıqlara yol açacaqmı?

Müəllif:

15.06.2020

ABŞ İranda atom enerjisindən dinc məqsədlərlə istifadəsilə bağlı layilələr həyata keçirən dövlətlərə (Rusiya və Çindən tutmuş, Avropa ölkələrinədək) bu layihələrin dayandırılması üçün 60 gün vaxt verib. Vaşinqton bunu mayın sonunda bəyan edib.

Ultimatum Arakdakı atom reaktorunda aparılan işlərə aiddir. İran dinc məqsədlərlə nüvə sınaqlarının aparılması üçün buradakı reaktoru başqa dövlətlərin də dəstəyilə yenidən qurmağa çalışır. Daha bir səbəb Tehrandakı tədqiqat reaktorunun zənginləşdirilmiş uranla təchiz olunması və işlənmiş yanacağın İrandan çıxarılmasıdır. Hələlik yalnız «Büşəhr» Atom Elektrik Stansiyasına göstərilən beynəlxalq yardıma 90 günlük istisna tətbiq olunur.

Respublikaçılar deyir ki, onların Nümayəndələr palatasına iyunun 10-da təqdim etdiyi qanun layihəsi keçərsə, bu, «Konqres tarixində İrana qarşı qəbul olunmuş ən nəhəng cəza tədbiri olacaq». Lakin çoxları hesab edir ki, sənəd çoxluğun demokratlarda olduğu Aşağı palatadan keçməyəcək.

 

Trampın məqsədi nədir?

ABŞ prezidenti Donald Trampın 2018-ci ilin mayında ölkəsini İranla nüvə razılaşmasından birtərəfli şəkildə çıxarmasından sonra Vaşinqton Tehrana görünməmiş təzyiq kampaniyasına başlayıb. O vaxtdan İrana az qala hər ay yeni sanksiyalar tətbiq olunur. Trampın sözlərinə görə, o, Tehranı razılaşmaya yenidən baxmağa məcbur etmək üçün ona «maksimum təzyiq göstərməyə» çalışır. Ağ Ev sahibi hesab edir ki, həmin razılaşma «bütün dövrlərin ən pis sazişidir».

ABŞ-ın 2018-ci ildə xüsusilə enerji, dəniz və maliyyə sektorunda sanksiyaları bərpa etməsi xarici investisiyaların İrandan axınına yol açıb və ölkənin neft ixracına ən ciddi zərbəni vurub. Sanksiyalar Amerika şirkətlərinə, o cümlədən digər şirkətlərə İranla ticarəti qadağan edir. Nəticədə, elə 2018-ci ildəcə İranda ÜDM 4,8%, növbəti il isə artıq 9,5% azalıb. Bunun fonunda ölkədə 2018-ci ildə 14,5% olmuş işsizlik ötən il 16,8%-ə yüksəlib.

Nüvə sazişini imzalamış digər 5 dövlət – Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya isə sənəd sadiq qalır. Onlar bildirir ki, sözügedən saziş Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İranda davamlı təftiş aparmasının açarıdır və məhz bu sənəd Tehranın nüvə silahı əldə etməsinə imkan vermir. Vaşinqtonun sanksiyaları fonunda Avropa alternativ ödəniş sistemi və ya Special Purpose Vehicle (SPV) yaraıb. Məqsəd şirkətlərin İranla ticarəti ABŞ tərəfindən cərimələnmədən davam etdirməsinə yol açmaqdır.

Lakin Amerika administrasiyasının İran iqtisadiyyatı üçün miqyaslı və ağrılı qərarları ən azı indiki dövr üçün nəticə verməyib – Tehran Vaşinqtonla yeni saziş imzalamaq fikrində deyil. Əksinə, Birləşmiş Ştatların sanksiyaları İranın nüvə proqramını daha da genişləndirməsinə, Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub.

İndi, ABŞ ikiqat dalandan (bir yandan Tehranla, digər tərəfdən isə daxili və xarici tənqidçilərlə münasibətlərdə) çıxmaq üçün müttəfiqlərilə sanksiyalar üzündən yaranmış çəkişmələri minimuma endirməlidir. İkincisi, Vaşinqtonun təzyiqlərdən dialoqa keçidlə bağlı dəqiq planı işləməsi vacibdir. Əks təqdirdə, elə təəssürat yaranır ki, sanksiyalar sistemsiz və məqsədsiz tətbiq edilir.

 

Yumşaq şantaj

İranın nüvə proqramı ilə bağlı hərtərəfli sazişin şərtlərinə sadiqliyi ABŞ-ın yeni sanksiyalarına və razılaşmanın digər üzvlərinin acizliyinə rəğmən davam etdirməsi göstərir ki, İran liderləri onun iqtisadi deyil, strateji üstünlüklərinə arxalanır. Tehran məhz bu üzdən ABŞ-ın razılaşmaya qayıtması üçün əlindən gələni edir. Görünən odur ki, o, bu cəhdləri iki istiqamətdə həyata keçirir. Birincisi, Tehran ABŞ ilə regiondakı müttəfiqləri arasında gərginlik yaratmaq üçün istər birbaşa, istərsə də vasitəçilərin köməyilə cidd-cəhdlər göstərməkdədir. Nümunə kimi, Səudiyyə Ərəbistanının şərq əyalətlərindən Yanbu limanına neftin nəql olunduğu «Şərq-Qərb» boru xəttinə ötən ilin mayında təşkil olunmuş dron hücumunu göstərmək olar. Bundan başqa, BƏƏ-nin Fuceyra limanı yaxınlığında və Oman körfəzində kommersiya gəmilərinə hücum, iyunda Hörmüz boğazı ərazisində Amerikaya məxsus pilotsuz uçuş aparatının vurulması da deyilənlərə misaldır. Sentyabrda «Saudi Aramco» neft emalı zavodunun atəşə tutulmasını da yada salmaq olar.

Birləşmiş Ştatlar İranın bu təxribatlarını uzun müddət sükutla qarşılayıb. Bundan başqa, Trampın «Aramco» zavoduna hücuma reaksiyasından anlaşılan bu idi ki, Vaşinqton daha Fars körfəzindəki müttəfiqlərinin, həmçinin regional enerji infrastrukturunun belə hücumlardan müdafiəsində maraqlı deyil. Bu, açıq-aydın Karterin doktrinasından imtina demək idi. Həmin doktrinaya əsasən, ABŞ Fars körfəzindəki maraqlarının müdafiəsi üçün hərbi gücdən belə, istifadə edə bilər. Beləliklə, regionda İranın əməlləri üzündən gərginliyin artması Vaşinqtonla regional müttəfiqləri arasında münasibətlərdə müəyyən soyuqluq yaradıb.

Nəhayət, 2019-cu ilin dekabrında Amerikanın İraqın Kərkük şəhərindəki hərbi bazasının atəşə tutulması Vaşinqtonun səbrini daşdırıb. «Bloomberg»in məlumatına görə, Tramp məhz bu hadisədən sonra məsələyə reaksiya verib. Daha konkret desək, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Qasım Süleymaninin məhvi göstərişi məhz bu hücumdan sonra verilib. Amerika kəşfiyyatı hesab edirdi ki, Kərkükdəki hücum məhz Süleymaninin işidir. Bununla yanaşı, o, regionda başqa terror aktlarına hazırlaşmaqda da şübhəli bilinirdi.

Lakin bundan sonra ABŞ yenə də İraqdakı bazalarına hücumlara xüsusi reaksiya göstərməyib. Halbuki, Süleymaninin qətlə yetirildiyi gündən – yanvarın 3-dən bu yana ən azı 20 belə hücum baş verib.

İranın təzyiqlərində ikinci istiqamət nüvə sazişi üzrə öhdəliklərdən tədricən (2019-cu ilin mayından başlayaraq) imtina olunmasıdır. O vaxtdan 2 ay fasilələrlə bənzər addımlar atmağa başlayan Tehran bildirir ki, ABŞ və Aİ razılaşmaya əməl etməyə başlamazsa, hər 2 aydan bir bu istiqamətdə növbəti addımını atacaq.

İlk mərhələdə zənginləşdirilmiş uranın və ağır suyun miqdarı kəskin şəkildə artırılıb.

İkinci addım uranın icazə verilən 3,67%-dən çox zənginləşdirilməsidir. Bunun ardınca üçüncü addım gəlib – Tehran artıq nüvə texnologiyası sahəsində tədqiqatla bağlı məhdudiyyətləri qəbul etmir.

Dördüncüsü, Fordodakı obyektdə uranın zənginləşdirilməsi üzrə sentrifuqalardan istifadəyə başlanılıb. Halbuki, razılaşmaya əsasən, o, yalnız tədqiqat mərkəzi kimi fəaliyyət göstərməlidir. Nəhayət, 2020-ci ilin yanvarında İran uranın zənginləşdirilməsi üçün nəzərdə tutulmuş sentrifuqaların sayına heç bir məhdudiyyət tətbiq etməyəcəyini açıqlayıb.

Doğrudur, o vaxtdan Tehran nəinki heç bir yeni addım atmayıb, əvvəlki işləri də tam başa çatdırmayıb. Məsələn, o, dəfələrlə hədə dolu xəbərdarlıqlarına rəğmən, uranın 20%-dək zənginləşdirilməsinə başlamayıb, Natanzdakı qurğusunda yeni IR-1 sentrifuqalarını işə salmayıb, MAQATE-yə geniş təftiş imkanları verən Əlavə Protokoldan imtina etməyib.

Ola bilsin ki, bu, İranın dini lideri ayətolla Xameneinin lazımsız risklərə getmək istəməməsilə bağlıdır. Bundan başqa, son bir neçə ayda İran bir sıra problemlərlə üz-üzədir və burada söhbət heç də yalnız pandemiya ilə bağlı deyil. Son zamanlar ölkədə miqyaslı etiraz aksiyaları ara vermir, iqtisadi təzyiqlər isə gündən-günə artır. Odur ki, Tehran böyük ehtimalla hələlik vəziyyətin qarışmasında maraqlı deyil.

 

İran cəzalanmayıb

Bütün bunların fonunda İran az zənginləşdirilmiş uran ehtiyatını artırmaqda davam edir və nüvə silahı üçün lazım olan materialların istehsalına tələb olunan müddəti getdikcə azaldır. Bu müddətin azalması hələ 2015-ci ildə Obama administrasiyasına İranla bağlı nüvə sazişindən çıxmaq üçün əlavə arqument vermişdi. O zaman Obama deyirdi ki, indi Birləşmiş Ştatlar diplomatik razılaşma ilə müharibə arasında seçim etmək məcburiyyətindədir. Xatırladaq ki, 2016-cı ilin yanvarında İranda nüvə silahı üçün lazım olan materialların istehsalına 12 ay lazım idisə, 2020-ci ilin martında bu müddət 3,5 aya düşüb.

MAQATE-nin 5 iyun tarixli hesabatına əsasən, İran zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı nüvə sazişində nəzərdə tutulmuş limiti 8 dəfə aşaraq, 1571,6 kiloqrama çatdırıb. O, icazə verilən xalis uranın həcmini də artırıb. Bundan başqa, nüvə reaktorlarında istifadə olunan ağır suya tətbiq olunmuş 130 tonluq məhdudiyyəti də aşıb. Hesabatda deyilir ki, İran hələ də gizli nüvə materiallarının yer ala biləcəyi 2 obyektə ekspertləri buraxmır. Bu faktlardan çıxış edən MAQATE-də hesab edirlər ki, İran nüvə bombasının əldə olunmasında istifadə edilə biləcək kifayət qədər materiala sahibdir.

Lakin Tehran hələ də hərtərəfli nüvə sazişinin tələblərini pozmaq ittihamı ilə cəzalardırılmayıb. Onun yanvarda sentrifuqaların sayı ilə bağlı məhdudiyyətlərə əməl etməyəcəyini açıqlamasından sonra Fransa, Almaniya və Böyük Britaniya razılaşmada nəzərdə tutulmuş mübahisələrin nizama salınması mexanizminin tətbiqinə başlayıb. Lakin bu, son dərəcə uzun və böyük ehtimalla mənasız prosesdir. Demək, o, cərimə sanksiyalarına yol açmayacaq.

Fransa prezidenti Emmanuel Makronla Böyük Britaniyanın baş naziri Boris Consonun təcili diplomatik tədbirləri də nəticə verməyib. Onlar Trampı İran prezidenti Həsən Ruhani ilə birbaşa təmas qarşılığında sanksiyaları yumşaltmağa razı sala bilməyiblər. Halbuki ABŞ prezidenti belə danışıqlarda maraqlı olduğunu hər imkanda dilə gətirir.

 

Noyabra qədər dözmək lazımdır

Beləliklə, görünən odur ki, həm İran, həm də Birləşmiş Ştatlar 2019-cu ildə seçdikləri strategiyaya sadiqdirlər. Görünür, İranın məqsədi hərtərəfli nüvə sazişinin qüvvədə qalmasıdır. Çünki o, Tehrana siyasi fayda verməklə yanaşı, gələcəkdə nüvə silahı yaratmaq imkanı da qazandırır.

Tramp administrasiyası isə özünün dediyi kimi, İrana «maksimum təzyiq» göstərir – hədəf Tehranın iqtisadi itkilərini davamlı şəkildə artırmaqdır.

Hər iki dövlətin yanaşmasında cüzi dəyişikliklər, güman ki, Amerikada 2020-ci ildə keçirilməli olan prezident seçkisi ərəfəsində baş verə bilər.



MƏSLƏHƏT GÖR:

321