24 Aprel 2024

Çərşənbə, 19:11

AMERİKA NƏFƏS ALA BİLMİR

Pandemiyanın iqtisadi nəticələri və irqçiliyə etiraz aksiyaları ABŞ-ın daxili siyasətindəki nöqsanları üzə çıxarıb

Müəllif:

15.06.2020

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılan zaman ölməsi Birləşmiş Ştatlarda uzun illərdir görünməyən miqyasda etirazlara yol açıb. Bu gün yaşanan etirazın miqyasını yalnız 1968-ci ildə vətəndaş hüquqları uğrunda mübarizə aparan Martin Lüter Kinqin qətlindən sonra baş vermiş nümayişlərlə müqayisə etmək olar. Minneapolisdə insanlar koronavirus pandemiyası ilə bağlı sosial məsafə qaydasını belə unudaraq, küçələrə axışır, polis özbaşınalığına etirazını bildirmək üçün etiraz aksiyaları keçirir. Artıq bu şəhərin sakinlərinə Amerikanın onlarla meqapolisindən və kiçik şəhərlərindən dəstək gəlib – Los-Anceles, Boston, Nyu-York, Çikaqo, Las-Veqas… «Black lives matter» (Qara həyat vacibdir) və mərhumun son sözü olmuş «I can't breathe» («Nəfəs ala bilmirəm») şüarları ilə keçirilən etirazlar qısa vaxtda yerini talanlara, soyğunçuluğa verib, insanlar qarşılarına çıxan maşınları, mağazaları və s. yandırmağa, asayiş keşikçilərilə toqquşmalara başlayıb. Ardınca kütləvi həbslər, ölənlər, şikəst olanlar və nəhayət, İkinci Dünya müharibəsindən bu yana ilk dəfə komendant saatı. İndi Amerika şəhərlərinin küçələrində Milli Qvardiyanın hərbçiləri dolaşır.

İnternetdə və KİV-də yayılan kadrlardan görünür ki, mərhum afroamerikalı saxlanılan zaman qollarına qandal vurulur və o, yerə uzadılır. Bunun ardınca polis əməkdaşlarından biri dizini onun boğazına qoyur. Floyd bir neçə dəfə nəfəs ala bilmədiyini desə də, polis buna əhəmiyyət vermir və bu vəziyyət düz 8 dəqiqə 46 saniyə davam edir. Bu, saxlanılmış şəxsin reanimasiyada dünyasını dəyişməsi üçün kifayət olur…

Bir neçə gün sonra məlum olub ki, Floydu vətəndaş hüquqları uğrunda əfsanəvi mübarizlə müqayisə etmək mümkün deyil. O, oğurluq, narkotik maddələrin saxlanılması və yayılması ittihamları ilə 7 dəfə cinayət məsuliyyətinə cəlb olunubmuş. Saxlandığı vaxt da güclü psixotrop maddənin təsiri altında imiş. Lakin o, artıq polis özbaşınalığına etirazın ikonasına çevrilib.

 

Niyə?

Əlbəttə ki, qanunları dəfələrlə pozmuş şəxsi belə, faktiki olaraq məhkəməsiz, istintaqsız öldürmək haqqı heç kəsə verilməyib. Amma ABŞ-da bu, polisin qeyri-proporsional güc tətbiq etdiyi ilk hal deyil. Məlum olduğu kimi, dünyada ən çox məhbusun olduğu ölkə Birləşmiş Ştatlardır. Burada məhbusların sayı əhalinin sayına nisbətdə ən yüksək həddədir. Odlu silahdan tez-tez istifadə olunduğu ölkələr sırasında da ABŞ ilk pillələrdə qərarlaşır.

İrqçiliyə gəlincə, bu da yalnız ABŞ tarixinin deyil, həm də bu gününün tərkib hissəsidir. Doğrudur, orada qaradərililər həyatın bütün sahələrindən çoxdan təmsil olunurlar. Lakin afroamerikalılar ağdərililərlə müqayisədə sosial və iqtisadi baxımdan hələ də geridədirlər. Bəs, niyə bu qədər geniş miqyaslı etiraz, polisə əsl qəzəb məhz Floydun ölümündən sonra baş qaldırıb? Polis özbaşınalığına etirazlar niyə talanlarla, xuliqanlıqla müşayiət olunur? Bu, Amerika dəyərlərinə əməl olunması tələbidir, yoxsa özbaşına yaranmış və Trampın siyasi rəqiblərinin yararlanmağa çalışdığı dalğa?

Bu suallara cavab vermək üçün ABŞ-da küçəyə çıxan kütlənin detallı təftiş olunması lazımdır. Bilmək lazımdır ki, onların arasında dərrakəli şəkildə etiraza çıxanlar nə qədərdir, vəziyyətdən yararlanmaq istəyənlər nə qədər. Bu, xüsusilə artan işsizlik və iqtisadi böhran fonunda aktuallıq qazanır. Hər halda, mağazaların dağıdılmış piştaxtalarından televizorları və digər texnikaları rahat-rahat, tələsmədən evinə daşıyan insanlar heç qəzəbli fəallara bənzəmirlər. Marketlərin üzərində yazılmış «Eat the rich» («Varlıları ye»), «Fuck capitalism» («Rədd olsun kapitalizm!») və «Make America pay» («Amerikanı cavab verməyə məcbur et!») kimi şüarlar da irqçiliklə mübarizəyə uyğun gəlmir.

 

Talan başlayırsa, atışma da başlayır

Maraqlıdır ki, KİV-də etiraz aksiyası iştirakçıları ilə kütləvi müsahibələrə rast gəlinmir. Əvəzində, saysız-hesabsız mediaşou elementləri: polislərin diz çökməsi, nümayişçilərlə polislərin qucaqlaşması, ağdərili amerikalıların qaradərili amerikalıların ayaqqabılarını öpməsi və s. Minneapolis meri Ceykob Freyin Floydla vida mərasimindəki hədsiz emosionallığını da nümunə gətirmək olar: qızılı tabutun qarşısında bir dizini yerə qoymuş, üzünü tibbi maska ilə örtmüş mer düz 8 dəqiqə yarım hönkürüb. Yəni polis Derek Şovinin dizi ilə Floydun boynunu sıxdığı vaxt qədər.

ABŞ prezidenti Donald Tramp isə «tvit»lərindən birində ölkədə baş qaldırmış iğtişaşlara görə radikal solçu anarxistləri və onlara «yol açan» zəif qubernatorlarla demokrat merləri günahlandırıb. Bununla yanaşı, Tramp Milli Qvardiyanı «küçələrdə vəziyyəti nəzarətdə saxlamağa» çağırıb, iğtişaşları «daxili terror aktı» kimi qiymətləndirib.

Bir çox müşahidəçi hesab edir ki, etirazların dolayı səbəbi afroamerikalıların COVID-19 pandemiyasından, onun iqtisadi fəsadlarından ağdərilərdən çox ziyan çəkməsidir. Məsələn, Floydun yaşadığı Minnesotda xəstələrin dörddə üçü qaradərililərin payına düşür. Halbuki ümumilikdə ştat əhalisinin yalnız 9%-i afroamerikalıdır. Amerika KİV-nin yazdığına görə, son zamanlaradək əsl «koronavirus cəhənnəmi» olmuş Nyu-Yorkda da nisbət belədir. Elə həmin şərhçilər onu da bildirir ki, Tramp istər seçki kampaniyası zamanı, istərsə də prezidentliyi dövründə dəfələrlə irqçi bəyanatlar səsləndirib.

Amma deyəsən, bu ittihamlar Trampı o qədər də narahat etmir. Hər halda, o, mayın 29-da «Twitter» hesabında belə bir fikir yazıb: «Talan başlayırsa, atəş də başlayır». Bu ifadə Mayami polisinin şefi Uolter Xedliyə məxsusdur. Xedli bu fikri 1967-ci ildə avroamerikalıların məhəllələrindəki etirazların qəddarlıqla dağıdılmasına haqq qazandırmaq üçün demişdi.

 

Cəmiyyət parçalanmağa doğru gedir

«Twitter» Trampın bu paylaşımını «zorakılığın qəhrəmanlaşdırılması» kimi qiymətləndirib. Yeri gəlmişkən, bu günlərdə Ağ Ev sahibini tənqid atəşinə tutan yalnız bu sosial şəbəkə deyil. Birləşmiş Ştatların sabiq müdafiə naziri, vəzifəsindən 2018-ci ildə Trampın Amerika qoşunlarının Suriyadan çıxarılması qərarından sonra istefa vermiş Ceyms Mettis prezidenti məqsədli şəkildə cəmiyyəti parçalamağa çalışmaqda günahlandırıb. Bu vəziyyətdə Trampın əleyhinə danışan digər siyasətçilər isə xalqı öz uğursuzluğunu görməyə, dəyişikliyə və birliyə çağırır. Beləliklə, onlar etirazların güc yolu ilə yatırıla biləcəyini deyə prezidentə qarşı çıxırlar. Demokratlar məhz bu səbəbdən artıq Konqresə polisin səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan qanun layihəsi də təqdim edib.

Amma problem ondadır ki, onlar Trampı salmağa çalışdıqları tələyə özləri də düşə bilər. Hər halda, Demokratlar Partiyasının iyunun 6-da keçirilmiş qurultayında partiyanın prezidentliyə namizəd göstərdiyi Cozef Bayden sırf ağ siyasi elitanın təmsilçisi sayılır. O, uzun karyerası boyu müxtəlif vəzifələrdə dəfələrlə birmənalı qarşılanmayan irqçi fikirlər səsləndirib. Odur ki, qaradərililərin bir anda Baydeni özlərinə lider sayacağı o qədər də inandırıcı görünmür.

Baş verənlər fonunda ABŞ-da yaşananlara xaricin reaksiyası da maraqlıdır. Əksər avropalı siyasətçilər bu və ya digər formada etirazçılara dəstək veribsə, Rusiya KİV-də istehza dolu şərhlərə rast gəlinir. Halbuki, hələ SSRİ dövründə ABŞ-da qaradərililərə qarşı aparılan ayrı-seçkilikdən antiamerika təbliğatında gen-bol istifadə olunurdu. Rusiya mətbuatı Amerika şəhərlərində yaşanmaqda olan talanları Kiyevin Maydan hadisələrilə müqayisə edir. Ölkənin əsas telekanallarından biri isə ABŞ-da baş verənlərin görüntüsünü guya təsadüfən «Brat-2» filminin final titrilə – «Qud bay, Amerika» mahnısı ilə yayımlayıb.

«The New York Times» nəşri yazır ki, «onilliklərdir insan haqları ilə bağlı vəziyyətə görə Amerika tərəfindən tənqid olunan Rusiya indi əvəz çıxmaq şansı qazanıb». Məqalədə deyilir ki, yandırılmış binalar və qarət olunmuş mağazalar haqda videomateriallar Kremlə istənilən aksiyaların, hətta dinc aksiyaların belə dağıdıcı iğtişaşlara yol açması haqda sevimli arqumentini təkrarlamaq imkanı verir.

Çin də analoji mövqedən çıxış edir. Çin XİN-nin mətbuat katibi Xua Çunin bir müddət əvvəl Honkonqdakı etirazçılara dəstəyini ifadə etmiş ABŞ Dövlət Departamentindən olan həmkarına elə həmin ruhda cavab verib.

Beləliklə, ABŞ-da son günlərdə yaşanan etirazlar Amerikanın daxili siyasətindəki ziddiyyətlərin nəticəsidir. İrqçilik amili və pandemiyanın iqtisadi fəsadları isə onlar üçün rahat platformadan başqa bir şey deyil. Məlum olduğu kimi, noyabrda Birləşmiş Ştatlarda prezident seçkisi keçirilməlidir. Demək, seçki yaxınlaşdıqca, yeni çıxışlar da görmək mümkün olacaq. Məsələn, baptist vaiz, vaxtilə prezidentliyə namizəd və Barak Obamanın köməkçisi olmuş El Şarpton bildirib ki, avqustun 28-də Vaşinqtonda 1963-cü ildə keçirilmiş məşhur aksiya kimi, yeni yürüş təşkil olunacaq. Bundan başqa, noyabrda məğlub olacaq namizəd – istər Bayden, istərsə də Tramp – seçkinin nəticəsini tanımaya, onun ləğvinə çalışa bilər. Bu isə artıq ölkəni real olaraq parçalanmaya aparacaq.



MƏSLƏHƏT GÖR:

288