29 Mart 2024

Cümə, 10:31

"VİRUS" YAZIRIQ, "HƏRBİ ÇEVRİLİŞ" YADDA

Koronavirus pandemiyası Ermənistanda yeni inqilaba yol aça bilər

Müəllif:

15.06.2020

Dünyanı bürümüş COVID-19 pandemiyasını çoxları tamamilə haqlı olaraq, təbii fəlakətlə müqayisə edir – onun gələcəyilə bağlı xəbərdarlıqlar edilsə də, vaxt yetişdikdə heç də hər kəsin bu çətin imtahana hazır olmadığı üzə çıxıb.

Bir maraqlı məqam da var. Bu haqda ilk dəfə artıq yeni əsrdə danışılıb: dünyamızda sırf təbii fəlakət – texnogen, siyasi və sosial komponentsiz – ola bilərmi? 2004-cü ilin dekabrında, Milad tətili günlərində Cənubi Asiya sahillərində dəhşətli sunami baş verir. Məlum olur ki, Sakit okean regionundan fərqli olaraq, Hind okeanı və Andaman dənizi sahillərində sunami haqqında xəbərdarlıq sistemləri yox imiş. 2010-cu ildə zəlzələ Haitidə ən azı 150 min insanın həyatına son qoyur. Qonşuluqdakı Dominikan Respublikasında isə ciddi dağıntı və tələfat qeydə alınmır. Səbəb? Haiti əhalisinin əksəriyyəti tikinti normaları ilə heç bir əlaqəsi olmayan, seysmik davamlılığı sıfırın altında olan daxmalarda yaşayır…

1988-ci ilin dekabrında isə Ermənistanda zəlzələ baş vermişdi. O zaman da əksər mütəxəssisin etiraf etdiyi kimi, dağıntıların miqyası yalnız yeraltı təkanın gücü ilə deyil, həm də texniki normaların pozulması ilə əlaqədar idi…

Hökumətlərin belə hallara reaksiyası, daha dəqiq desək, adekvat reaksiya verməməsi ciddi daxili siyasi hərəkətliliyə də yol aça bilir. Məsələn, 2005-ci ilin avqustunda Amerikanın Yeni Orlean bölgəsi «Katrina» qasırğasının qurbanı olmuşdu. Əksəriyyət hesab edir ki, oğul Corc Buşun 2008-ci ilin prezident seçkisindəki məğlubiyyəti hakimiyyətin həmin təbii fəlakətin öhdəsindən layiqincə gələ bilməməsinin nəticəsi idi. Hər halda, kiçik Buş nəinki seçkini uduzur, üstəlik, «ABŞ-ın ən qeyri-populyar prezidenti» adına da layiq görülür.

Bu gün dünya artıq koronavirus pandemiyasından nəticələr çıxarır. Bu xəstəlik, həqiqətən də, istər hökumətlərin çağırışlara reaksiyası, istərsə də səhiyyə sisteminin vəziyyəti baxımından ciddi imtahandır. ABŞ, Böyük Britaniya və Aİ ölkələrinin vəziyyəti də düşünmək üçün əsasdır. Bu, xüsusilə Azərbaycanla müqayisədə daha çox nəzərəçarpandır. Bakı bu günlərdə COVID-ə dəqiq düşünülmüş, çevik reaksiyası ilə, o cümlədən məhdudlaşdırıcı tədbirləri, maska istehsalına başlaması, modul tipli klinikaların tikintisi və s. ilə yadda qalıb. Üstəlik, Azərbaycan Gürcüstandan fərqli olaraq, «təhlükənin yüksək olduğu zona» idi. Çünki qonşu İranda hökumət həddindən artıq uzun müddət koronavirus epidemiyasının mövcudluğunu etiraf etməmişdi, nəticədə, COVID-19-un İrandan Azərbaycana keçidinin qarşısını almaq asan deyildi.

İndi bir çox əlamətlər Ermənistanın da dünyaya «koronavirus inqilabı» «hədiyyə edə» biləcəyini göstərir.

 

Cəhənnəmdən cəhənnəmə

Bu ölkənin koronavirusla savaşı uduzduğunu, əslində, baş nazir Nikol Paşinyanın özü də etiraf edir. Ölkəni «Facebook» vasitəsilə idarə etmək ənənəsinə sadiq qalan Paşinyan sosial şəbəkədə canlı efirə çıxaraq, ölkəsinin sanki «cəhənnəmə getdiyini» etiraf edib. Ekspertlər əmindir ki, baş nazir bu fikri söyləməklə, heç də şişirtməyə yol verməyib. Həqiqətən də, əgər mayın 20-də Ermənistanda məhdud testetmə nəticəsində 5606 yoluxma halı qeydə alınmışdısa, artıq iyunun 10-da onların sayı 14 mini keçmişdi. Bu, həqiqətən də, «partlayış» həddidir. Bunun fonunda ölüm halı yüksəkdir – 327 nəfər.

Bu yerdə bir məqamı xatırlatmaq yerinə düşər: Ermənistanın səhiyyə naziri Armen Torosyan kifayət qədər uzun müddət koronavirus təhlükəsini qəbul etməyib. Ermənistanda karantin cəmi 2 həftə çəkib. Üstəlik, vətəndaşların onun tələblərinə tam əməl etdiyini söyləmək də çətindir. İlkin mərhələdə qaydalara məhəl qoymayanları dayandırmağa belə, çalışmayan polis isə bu işə hələ indi-indi ciddi yanaşmağa başlayır. Amma bu, artıq vəziyyətə təsir göstərmir. Ekspertlər Ermənistan əhalisinin tibbi maarifləndirməyə də ciddi ehtiyac duyduğunu deyir. Onlar daha çox COVID-19-un dünyanın hansısa «oyun»u olduğundan danışmağa üstünlük verirlər. Bütün bunlarla yanaşı, İrəvanın «koronavirus strategiya»sının iflası Ermənistanın ictimai həyatındakı tənəzzülün yalnız bir əlamətidir.

Koronavirusla mübarizə yaxşı düşünülmüş qərarlar, dəqiq strategiya, nizam-intizam, lazım gəldikdə isə məcburiyyət tələb edir. Ən əsası isə maliyyə tələb olunur: laboratoriyalar, testlər, xəstəlikdən qoruyan kostyumlar, virus əleyhinə preparatlar, süni tənəffüs aparatları, modul hospitallar və s. Amma Ermənistanın öz «spesifikası» var. Tanınmış rusiyalı ekspert Fyodor Lukyanov hələ bir neçə il əvvəl bu haqda çox dəqiq fikir söyləmişdi: «Ermənistanın öz «cəhənnəm»i var və onun Aİ və ya hər hansı başqası ilə müqavilənin imzalanması ilə heç bir əlaqəsi yoxdur. Bu «cəhənnəm» Ermənistanın düşdüyü, boğulmaqda olduğu təcrid vəziyyətidir». Ekspertin sözlərini belə ifadə etmək olar: Azərbaycanla müharibə, düşmən siyasəti üzündən Türkiyə ilə sərhədlərin qapalı olması İrəvanı regional iqtisadi proseslərdən təcrid edib. Bu cür sərt təcrid şəraitində Ermənistanın nəzəri baxımdan belə, işlək iqtisadiyyat qurmaq şansı yoxdur. Rusiyanın maddi yardımı Ermənistanın «suyun üzündə qalmasına» yardım etsə də, onun Rusiyanın regional layihələrinə tam inteqrasiyasına imkan vermir. Üstəlik, ermənilərə ayrılan pul «işləmək» əvəzinə quma hopan su kimi axıb gedir.

İndi bu problemlərə «inqilab sərxoşluğu»nun nəticələri də əlavə olunub. «Kabab inqilabı»nın tozu, şübhəsiz ki, ekranlarda, monitorlarda yaxşı, effekli görünür. Amma o, dövlət idarəçiliyi təcrübəsini əvəz edə bilməz. Karantin qaydalarına da sırf rəmzi əməl olunur, çünki «inqilab sərbəstliyi» şəraitində polis vətəndaşlarla sərt davrana bilmir. Üstəlik, cəmi 2 həftə sonra məhdudiyyətləri aradan qaldırmağa başlayıblar. Çünki yoxsul, tədricən ölməkdə olan iqtisadiyyatı fonunda Ermənistan «qapadılmış sahələr»ə kompensasiya ödəmək iqtidarında deyil. Odur ki, ölkədə modul tipli klinikaların tikintisi haqda, ümumiyyətlə, düşünən olmayıb.

Vəziyyətə idarəçilikdəki yanlışlıqlar da öz təsirini göstərib. Azərbaycan, Rusiya və bir çox digər ölkədən fərqli olaraq, Ermənistanda qruplararası operativ qərargah belə, yaradılmayıb. Bu isə təbii ki, fəaliyyətin koordinasiya edilməsinə imkan verməyib.

Bütün bunlarla yanaşı, bu gün Ermənistanda koronavirus problemi tam fərqli hal alır. Ölkədə COVID-19 xəstələrinin kəskin artması Nikol Paşinyanın reytinqinin sürətlə azalması ilə eyni vaxta təsadüf edib. Hakimiyyətə gəlməsindən keçən müddət ərzində, o, seçiciyə heç nə verə bilməyib. Üstəlik, darmadağın edilmiş «qarabağlılar» da ona qarşı aktiv fəaliyyətə başlayıblar.

 

«Virus» yazılır, «hərbi çevriliş» oxunur

Nikol Paşinyan «koronavirus» etirafları ərəfəsində «Facebook» sosial şəbəkəsindəki səhifəsində daha bir məlumat yayıb: «General-leytenant Onik Qasparyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunur. Polkovnik Arqişti Karamyan MTX-nin direktoru təyin edilir. Polkovnik Vaqe Kazaryan polis rəisi təyin olunur».

Bu rokirovkanın səbəbi açıqlanmır. Deyilənə görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davatyanın istefasına oğlunun toyu səbəb olub – mərasim koronavirus məhdudiyyətləri çərçivəsini aşıbmış. Amma bu yerdə işğal altındakı Şuşada Paşinyanın özünün də iştirakı ilə təşkil olunmuş ziyafəti yada salmaq lazımdır. Orada «koronavirus qaydaları»ndan əsər-əlamət yox idi.

Paşinyanın güc strukturları ilə yumşaq desək, sözü tutmayıb. Polis ona «Sasna srer» terrorçularının əfvini bağışlamayıb (və güman ki, bağışlamayacaq). MTX-də qurumun sabiq rəhbəri, bu gün Paşinyanın ünvanına sərt tənqidlər yağdıran Artur Vanetsyanın tərəfdarları kifayət qədər çoxdur. Orduda isə «Qarabağ klanı»nın mövqeyi lap əvvəldən güclü olub.

Bütün bunların fonunda güc strukturlarında «ağır fiqurlar»ın tələsik dəyişdirilməsi daha çox özünü hərbi çevrilişdən sığortalamağa bənzəyir. Bu ssenari Ermənistan üçün heç də mümkünsüz görünmür.



MƏSLƏHƏT GÖR:

288