Müəllif: Nadir SƏNANOĞLU
Bütün dünyanı cənginə alan koronavirus pandemiyası futbol üzrə Azərbaycan çempionatı və kubok yarışlarının vaxtından əvvəl dayandırılmasına səbəb oldu. Martdan bəri yarımçıq qalan çempionat və kubok yarışları iyunda da bərpa edilmədi. Nəticədə, AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilən iclasında mövsümə yekun vurulması barədə qərar qəbul edildi.
Üzrlü səbəbdən
COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların maliyyə çətinliyi və digər məqamları nəzərə alan AFFA 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqasını dayandırmağı qərara aldı. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirildi. Yarışın lideri "Qarabağ" Azərbaycan çempionu elan edildi. "Neftçi" gümüş, "Keşlə" bürünc medallara layiq görüldü. Azərbaycan Kuboku yarışları ləğv olunduğundan avrokuboklara dördüncü vəsiqə "Sumqayıt" klubuna verildi.
Maraqlıdır ki, 12 nəfərin iştirak etdiyi AFFA İcraiyyə Komitəsinin iclasında (üzrlü səbəbdən yalnız AGİN nümayəndəsi Fərid Mansurov videokonfransa qatılmadı) 11 nəfər çempionatın dayandırılmasına səs verdi. Yalnız İcraiyyə Komitəsinin üzvü Xarici işlər naziri Elmar Məmmədyarov qərarın əleyhinə oldu.
Planlar və bombardirlər
AFFA eyni zamanda 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaratdı. Qərara alındı ki, 2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməsin. COVID-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə klublara məşqlərini davam etdirməyə icazə verildi.
Cari mövsümün əsasnaməsinə görə, yekunda birdən çox futbolçu eyni sayda qol vurduğu halda bütün oyunçular bombardir hesab olunmalı idi. Son nəticələrə əsasən Azərbaycan Premyer Liqasında 2019/2020-ci il mövsümünün bombardiri adına 4 futbolçu yiyələndi. Hərəyə 7 qol vuran Stiven Monroz, Baqali Dabo (hər ikisi “Neftçi”), Peyman Babayi (“Sumqayıt”) və Mahir Emreli (“Qarabağ”) Peşəkar Futbol Liqası tərəfindən xüsusi mükafata layiq görüldü.
AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov “R+”a açıqlamasında Azərbaycan Premyer Liqasının və ölkə kubokunun dayandırılmasına münasibət bildirərkən qərarı belə əsaslandırıb: "Belə bir vəziyyətdə çempionatı keçirmək qeyri-mümkün idi. Sərt karantin rejimində futbolçulara məşq etməyə icazə verilmir. Belə vəziyyət onların sağlamlığına zərbə vura bilər. Meydanda zədə alacaqları halda milli komandaya təsir edəcək. Prezident İlham Əliyev iqtisadiyyatla insanların arasında seçim edərkən sağlamlığı ön plana çəkib və onu seçib. Biz də qərar verərkən insanların sağlamlığını ön plana çəkib qərar verdik".
Məşq etmək çətinliyi
AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov da toplantıda əksəriyyətin çempionatın dayandırılmasına razı olduğunu bildirdi: "UEFA avqustun əvvəlinədək bütün çempionatları bitirməyi tövsiyə edib. Klublar məşq edirdilər, təəssüf ki, son 2-3 həftə ərzində karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar həftə sonları idmançılara hazırlaşmağa icazə verilmədi. Futbolçular cəmi 5 gün məşq edirdilər. Premyer Liqada 8 tur, kubokda isə yarımfinal və final oyunları qalmışdı. Kubok matçlarını birləşdirmək də olardı. Bu rejimdə çempionatı başa çatdırmaq ehtimalımız o qədər də yüksək deyildi. Futbolçular uzun müddət məşq etmədikləri üçün çox asanlıqla zədə alırlar. İclasda fikir mübadiləsi aparıldı, yekunda səs çoxluğu ilə çempionatın dayandırılmasına qərar verildi. Cəmi 1 nəfər yumşaq şəkildə çempionatın dayandırılmasının əleyhinə oldu. Bildirildi ki, turnir cədvəlindəki mövcud sıralama son nəticə kimi qəbul olunsun və UEFA-ya bu barədə məlumat verilsin".
Futbol ictimaiyyəti çempionatın davam etdirilməsini istəsə belə mövcud vəziyyətdə AFFA-nın düzgün qərar qəbul etdiyi görünür. İtaliya, İspaniya, Türkiyə kimi ölkələrdə çempionat bərpa olunmasına baxmayaraq, mövcud vəziyyəti müqayisə etmək çətindi. İlk olaraq hazırda Azərbaycanda sərt karantin rejiminin qüvvədə olduğu və açıq havada idman yarışlarının keçirilməsinə, hətta məşqlərə icazə verilmədiyini yada salaq. UEFA ən geci avqustun 3-dək çempionatların başa çatdırılmasını tələb edib. Sərt karantin rejimi bərpa olunduğu üçün premyer liqa və kubok oyunlarını yekunlaşdırmaq mümkün olmur.
Digər problem klubların maliyyə vəziyyəti ilə əlaqədardır. Adətən çempionat mayda yekunlaşır. Sirr deyil ki, iyun-iyul aylarına görə futbolçular klublardan əlavə məvacib tələb edib. Bu halda da klublarımız əlavə xərcə düşmək istəməyərək çempionatın dayandırılmasına razı olub.
Daha bir məqam hava şəraiti ilə bağlıdır. İsti yay günlərində futbolçularımız meydana çıxmaqla ciddi zədə almaq ehtimalını artırır. Çünki ilk dəfə olaraq Azərbaycan klubları həftədə 2 oyun keçirməli olacaqdı. Çempionat bərpa olunsaydı, klublar həm də avrokuboklara və yeni mövsümə lazımi səviyyədə hazırlaşa bilməyəcəkdi. Ən vacib isə klubların yarışında hər oyunda azarkeş olmadan belə 100-200 insan stadionda olmalıdı. Bu vəziyyətdə də yoluxma ehtimalı yaranır. Ona görə indiki halda qərarın səhv olmadığını etiraf etməliyik.
Çempion kürsüsündən baxış
Koronavirus pandemiyasına görə ölkə çempionu "Qarabağ" ilk dəfə olaraq mükafatlandırma mərasimini sönük şəkildə təşkil etdi. Azarkeşlər tədbirə buraxılmadı, yalnız rəhbərlik, baş məşqçi və 2 futbolçu mərasimdə mükafatları qəbul etdi. "Qarabağ"ın kapitanı Rəşad Sadıqov karyerasında son çempionluq kubokunu başı üzərində qaldırdı və karyerasına son qoydu. Pandemiya dövründə Rəşad Sadıqov üçün vida matçı belə keçirmək mümkün olmadı.
İndi “Qarabağ” Çempionlar Liqasının avqustun 17-də başlanacaq təsnifat mərhələsinə hazırlaşmalıdır. Baş məşqçi Qurban Qurbanov qalan vaxtdan səmərəli istifadə etmək niyyətindədir. “Çalışacağıq ki, qarşıdakı zamandan düzgün istifadə edək. Komanda uzun müddətdir rəsmi oyunlara çıxmır. Avqustun 17-də isə Çempionlar Liqasının təsnifat mərhələləri başlayır. O vaxta qədər düzgün plan qurmalıyıq. Çempionat yekunlaşsa da, bizim üçün ən çətin dövr başlayır. Həm transfer dönəmi başlayır, həm də rəsmi oyunlarsız Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşmağa daha çox vaxt sərf etmək lazım olacaq", - deyə Q. Qurbanov bildirib.
Beləliklə Azərbaycanda futbol mövsümünə yekun vuruldu. Amma avrokuboklara gedəcək klubların əsas işi indi başlayır. Onlar mövcud şəraitdə hazırlıq planı tərtib etməli, lazım olacağı halda transferlər sayəsində heyəti gücləndirməlidir. Pandemiya dövründə klubların ölkədən kənara çıxmayacağı və Azərbaycanda hazırlaşacağı gözlənilir. Avrokuboklarda bir oyundan ibarət olacaq təsnifat mərhələsindəki rəqiblərimiz avqustun 9-10-da məlum olacaq.
MƏSLƏHƏT GÖR: