25 Aprel 2024

Cümə axşamı, 09:54

QAZ İDDİALARI

«Mavi yanacağa» tələbatın azalması fonunda dünya istehsalçıları bazar uğrunda sərt rəqabətə girirlər

Müəllif:

01.07.2020

Dünya qaz bazarı da başqa sahələrlə yanaşı koronavirusdan zərərçəkmişlər siyahısında yer alır. COVID-19 pandemiyası və karantin məhdudiyyətləri əksər ölkələrdə isti qış üzündən onsuz da zəifləmiş olan bu bazarı vurdu. Beynəlxalq Enerji Agentliyi (BEA) bu il qaz bazarının tarixində mavi yanacağa tələbatın ən aşağı həddə olacağını gözləyir. «İllik istehlak 20-ci əsrin ikinci yarısında təbii qaz bazarının formalaşmasından bu yana ən aşağı səviyyəyə enəcək. Qlobal qaz tələbatı 2020-ci ildə 150 milyard kubmetr və ya 4% azala bilər», - deyə təşkilatın hesabatında deyilir.

BEA-nın qiymətləndirməsinə görə, tələbatın azalması dünyanın əksər bölgələrində baş verəcək. İlk növbədə söhbət Avropa, Şimali Amerika, Asiya və Avrasiyanın qlobal qaz istehlakının 75%-ni təşkil edən inkişaf etmiş bazarlardan gedir. Ekspertlərin qiymətləndirməsinə görə, qaza tələbatın azalmasının yarısı elektrik enercisi sektorunda qaz istehlakının azalması hesabına baş verəcək.

Bununla yanaşı, BEA-nın qiymətləndirməsinə görə, artıq 2021-ci ildə qaza qlobal tələbat artaraq böhrandan əvvəlki səviyyəni keçəcək. 2025-ci ilə qədər isə qaz istehlakı hər il, orta hesabla, 1,5% artacaq. Tələbatın artması əsasən sənayenin hesabına olacaq – tələb artımının 40%-i onun payına düşəcək. Sənayedə qaz istehlakı ildə orta hesabla 2,5% artacaq.

Bununla belə, qlobal qaz bazarında liderlik uğrunda mübarizə davam edir. Sıxılmış maye qaz, şübhəsiz ki, boru kəmərləri ilə daşımaları azaldır. Bu günün əsas qaz intriqası Amerika sanksiyaları şəraitində Rusiyanın "Şimal axını-2" (Nord Stream-2) qaz kəmərinin tikintisini necə və nə vaxt başa çatdıracağıdır. Rusiya ekspertlərinin fikrincə, əgər qaz kəmərinin tikintisi yaxın aylarda tamamlanarsa və Avropa İttifaqına (Aİ) daşımalara başlanarsa, bu, Rusiyanın bu sahədəki mövqeyini köklü şəkildə möhkəmləndirəcək və ABŞ-ın qaz sektorundakı dominantlığına zərbə vuracaq.

 

Sanksiya şəraitində sağ qalmaq  

BEA-nın məlumatına görə, bugünkü ana ABŞ qaz hasilatında dünya lideri olaraq qalır. Bununla yanaşı, 2025-ci ilə qədər Amerikada qaz hasilatı hər il 1,2% artacaq ki, bu da Rusiyanın artım göstəricisi ilə müqayisədə daha yavaş olacaq. Bununla belə, 2019-2025-ci illərdə Rusiya bazarda təklifin artımına görə ikinci ən böyük mənbəyə çevriləcək. Birinci yeri ABŞ tutacaq.

"Başlıca olaraq ixrac layihələri sayəsində qaz hasilatı hər il 1,7% artacaq və Rusiyanın dünyanın ən böyük qaz ixracatçıları arasındakı mövqeyini daha da gücləndirəcək", - deyə agentlikdən vurğulayıblar.

Göründüyü kimi, qlobal qaz bazarında liderliyi əldən verməmək istəyi ABŞ-ı Rusiyanın qaz layihələrinə («Şimal axını -2»yə və «Türk axını»na) qarşı sanksiyalar tətbiq etməyə yönləndirir.

Baltik dənizinin dibi ilə ildə 55 milyard kubmetr qaz ötürmək gücünə sahib «Şimal axını-2» qaz boru kəməri birbaşa Rusiya resurs bazası ilə Avropa istehlakçılarını əlaqələndirəcək. Bir sıra dövlətlər, özəlliklə Ukrayna, Litva, Latviya, Polşa və ABŞ bu boru kəmərinin çəkilməsinə qarşı çıxırlar.

ABŞ administrasiyası 2019-cu ilin dekabrında layihəyə qarşı sanksiyalar tətbiq etdi. Bundan sonra «Şimal axını-2» podratçısı - İsveçrənin «Allseas» şirkəti sanksiyalardan qorxaraq boru çəkmə işlərini dayandırdı. Bu günə olan ana «Şimal axını-2»nin 93%-i çəkilib.

Bu ilin iyun ayında ABŞ hakimiyyəti boru kəmərinin tikintisini daha da çətinləşdirməyi nəzərdə tutan yeni sanksiyalar layihəsi işləyib-hazırlayıb.

Rusiyanın Enerji naziri Aleksandr Novakın sözlərinə görə, «Şimal axını-2» qaz kəmərinin başa çatması üçün 160 km boru çəkilməlidir. Hazırda boru kəmərinin 2020-ci ilin sonlarında və ya 2021-ci ilin əvvəlində istismara veriləcəyi güman edilir.

Yeri gəlmişkən, Kremldə «Şimal axını-2»yə qarşı cərimələri proteksionist qərarlar sayırlar, Amerika qazının isə rəqabət qabiliyyəti olmadığını deyirlər.

Rusiyanın Enerji naziri Aleksandr Novak Almaniyanın "Handelsblatt" nəşrinə verdiyi müsahibədə bildirib ki, Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar artıq Rusiyanın enerji sektoruna təsir etmir və heç bir şəkildə onu çətinliyə salmır. Onun fikrincə, Qərb ölkələri Moskvaya qarşı sanksiyalardan daha çox öz proteksionist məqsədlərinə çatmaq üçün bir növ dəyənək kimi istifadə etməyə çalışırlar.

«Artıq «Şimal axını-2» qaz kəmərini sərmayə fəaliyyəti və iqtisadi fəaliyyət baxımından başa çatmış hesab etmək olar. Bütün mümkün texniki vasitələr yalnız tikinti işlərinin fiziki şəkildə başa çatdırılması üçün istifadə olunur", - deyə nazir vurğulayıb və əlavə edib ki, boru kəmərinin qalan hissəsi artıq hazırdır.

 

Rusiyanın Baltik təcrübəsi  

Amma hələ ki, Rusiya «Şimal axını-2» qaz boru kəmərinin inşasını davam etdirmək üçün bir fürsət axtarır, Polşa, demək olar ki, tam vəchlə «Şimal axını-2»nin əsas rəqibi adlandırılan «Baltik borusu» (Baltic Pipe) layihəsinin həyata keçirilməsinə başlayır.

Ölkə prezidenti Ancey Duda hesab edir ki, «Baltik borusu» kəməri Polşanın Rusiya asılılığından tam qurtulmasına imkan verəcək.  

"Tezliklə bu müstəqillik tam olacaq – biz «Baltic Pipe» kəmərini tikdikdən sonra qazı kimdən - Rusiyadan və ya başqa təchizatçılardan almaq üçün seçim azadlığımız olacaq. Onda biz tam müstəqil olacağıq", - deyə Polşa lideri bəyan edib.

Əslində Rusiya qazından asılılığı azaltmaq üçün Polşa ABŞ-dan və Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) alınmasını artırıb, Baltik dənizi sahilində - Svineuystsedə LNG terminalı tikib, Şimal dənizi bölgəsində yataqların işlənməsi işini fəallaşdırıb, həmçinin onu qonşuları ilə birləşdirən qaz nəqli xətlərinin tikinitsinə daim sərmayə qoyur.

«Baltic Pipe» boru kəmərinin 1 oktyabr 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Qaz Norveç şelfindən Danimarkaya, oradan isə Polşaya nəql ediləcək. Bütün layihənin dəyəri 1,6 milyard avrodur. Tikinti üçün vəsaitlərin üçdə biri Avropa fondlarından gələcək. Baltik boru kəməri ildə 10 milyard kubmetr qaz ötürmək üçün nəzərdə tutulub.

Varşava Universitetinin Avropa mərkəzinin eksperti Beata Varda layihənin Aİ üçün önəmindən danışarkən vurğulayıb ki, onun gerçəkləşdirilməsi Polşanın Mərkəzi Avropa üçün qaz tranzit qovşağı olmasına, Baltikyanı ölkələr və cənub ilə mümkün qədər çox əlaqələrin qurulmasına imkan verəcək.

 

Cənub Qaz Dəhlizi uzaqda deyil

Bununla yanaşı, Avropaya qaz tədarükünün şaxələndirilməsinə yönəlmiş daha bir layihə - Cənub Qaz Dəhlizi (CQD) başa çatmaq üzrədir. Bəllidir ki, layihə Avropaya ildə 10 milyard kubmetr qaz ixracını nəzərdə tutur. Hazırda onun dörd komponentdən üçü – «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi, genişləndirilmiş Cənubi Qafqaz boru kəməri və Trans-Anadolu qaz kəməri (TANAP) uğurla işə salınıb.

Bu il 30 iyunda TANAP Azərbaycandan Türkiyəyə ticari nəqlin başlanmasının ikinci ildönümünü qeyd etdi.

TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bildirib ki, 30 iyun 2020-ci il tarixinə bu ticari nəqlin ümumi həcmi 6 milyard kubmetr təşkil edəcək. Bu boru kəməri ilə 2020-ci ilin iyul ayından etibarən illik nəqlin həcmi də bu qədər olacaq.

Konsorsium rəhbərinin sözlərinə görə, TANAP biznes fəaliyyətinə başladığı gündən etibarən heç bir müdaxilə olmadan 100 faizlik səmərəliliklə işləyir. "Dünyadakı iqtisadi və sosial böhranlar ticarət fəaliyyətimizdə pozulmalara səbəb olmur, çünki ticari nəqli ilə bağlı 15 illik müqavilə çərçivəsində həcm və tariflər öncədən müəyyənləşdirilib. Buna görə də nəqldən hər il sabit gəlir təmin olunur",- deyə S.Düzyol vurğulayıb.

Yeri gəlmişkən, TANAP qaz boru kəmərinin işə düşməsi ilə Azərbaycan Türkiyə qaz bazarındakı mövqeyini möhkəmləndirməyə nail olub. Türkiyənin enerji tənzimləyicisinin (EPDK) rəsmi məlumatına görə, bu ilin mart ayında Azərbaycan Türkiyəyə qaz nəqli üzrə lider olub və bazarın, demək olar ki, dörddə birini tutub. Qətər ikinci, İran üçüncü, Əlcəzair dördüncü, Rusiya isə beşinci olub.

"Azərbaycanın gəlişi ilə Türkiyə bazarında rəqabət güclənib: TANAP qaz boru kəməri işə başlayıb ki, onun vasitəsilə Türkiyə ildə 6 milyard kubmetr qaz almalıdır", - deyə «Alpari» informasiya-analitika mərkəzinin rəhbəri Aleksandr Razuvayev bildirib.

İndi TANAP Azərbaycan qazının Avropaya ixracına hazırlaşır və Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) sınaqdan keçirilməsi üçün ilk qaz tədarükünə başlayıb.

“TAP-ın sınağı üçün 21,4 milyon kubmetr qaz göndərmişik. Önümüzdəki aylarda TAP tələbindən asılı olaraq sınaq qazının nəqlini artıracağıq. TAP qaz kəmərinin sınaqlarını mümkün qədər tez başa çatdıraq və onu istismara vermək istəyirik ki,

ən qısa müddətdə Avropaya ticari qaz nəqlinə başlayaq", - deyə S.Düzyol bildirib.  

TAP-da sınaq doldurulması 25 noyabr 2019-cu il tarixində başlayıb. Qaz ilk olaraq boru kəmərinin Yunanıstandakı 2 kilometrlik hissəsinə, bu ilin may ayında isə kəmərin Albaniyadakı hissəsinə axmağa başlayıb. Tezliklə TAP-ın İtaliyadakı hissəsinin qazla doldurulmasına başlanacaq.

Özü də, İtaliyanı Albaniya ilə birləşdirən 105 km-lik boru kəmərinin dəniz hissəsinin çəkilişi bu ay tam başa çatdı. Bütünlükdə, TAP qaz kəmərinin tikintisinin 96%-dən çoxu başa çatdırılıb. Maraqlıdır ki, İtaliya hissəsində tikinti işləri koronavirus epidemiyasının ən yüksək nöqtəsində belə dayanmadı, əksinə iş bütün sanitariya-gigiyena tələblərinə uyğun aparıldı. İş zamanı heç bir gecikmənin olmadığı nəzərə alınsa, Azərbaycan qazının Avropaya nəqlinin göstərilən tarixdə, yəni 2020-ci ilin sonunda başlayacağına şübhə yoxdur.

 

Qaz birliyi

Təchizatçıların həm təbii qaz hasilatını, həm də mayeləşdirilmiş təbii qaz istehsalını artıraraq qlobal qaz bazarında mövqe uğrunda mübarizə aparsalar da, qiymətlə bağlı durumu hələ də arzu olunmayacaq səviyyədə qalır.

Tələbin azalması fonunda qazın qədərindən artıq istehsalı qiymətləri tarixi minimumlara aparır. Bu yaz bazarda təklif artıqlığı və koronavirus pandemiyası fonunda Avropada qaza olan tələbatın azalması üzündən spot qiymətlər hər min kubmetr üçün 40 dollara düşərək çox illik minimuma endi. Bununla yanaşı, ekspertlər istisna etmirlər ki, anbarlar dolduğu üçün bazarda təklif həcmi yüksək qalarsa qiymət mənfi göstəricələrə qədər düşə bilər.

"Bir gün sonra çatdırılan qazın qiyməti mənfiyə düşə bilər, çünki qaz anbarları Qətərdən gətirilən böyük həcmdə LNG təklifi və koronavirus pandemiyası üzündən kəskin azalan tələb fonunda doludur", -deyə Parisin «Sciences Po» institutunun professoru, qaz bazarı mütəxəssisi Terri Bro bildirir.

Bu şərtlərdə mümkün çıxış yolu dünya neft bazarındakı qiymətləri tənzimləyən neft kartelinə bənzəyəən vahid bir tənzimləmə mexanizminin yaradılması ola bilər.

Rusiya Enerji Nazirliyinin rəhbəri dünya qaz bazarındakı vəziyyəti OPEK kimi bir tənzimləyicinin olmaması üzündən neft bazarındakı vəziyyətdən "daha xaotik və mürəkkəb" adlandırıb.

"Qaz bazarındakı vəziyyət ... koronavirus pandemiyası ilə bağlı tələbin azalması üzündən çox mürəkkəbdir. Qaz bazarı, neft sektoru kimi çox dəyişkən olub. Qiymətlər kəskin aşağı düşdükdə sərmayələr azalır, təklif azaldıqda isə qiymətlər sabitləşir. Ümid edirəm ki, qaz bazarında ən pis dövr bitdi. Buna baxmayaraq ki, vəziyyət xeyli mürəkkəbdir, çünki qaz sektorunda OPEK kimi tənzimləyici qurum yoxdur və fərqli tərəflərin addımlarını əlaqələndirmək daha çətindir. Buna görə qaz bazarı daha xaotikdir və bir sıra şirkətlər iflasa uğrayacaq", - deyə A.Novak vurğulayır.

Rusiya Federasiyası Enerji nazirinin müavini Anatoli Yanovski isə öz növbəsində ehtimal edir ki, OPEK+ formatının neft bazarındakı uğurundan sonra Qaz İxrac edən Ölkələrin Forumu (GECF) da qaz bazarında oxşar funksiya gerçəkləşdirə bilər.

“Düşünürük ki, bu çətin vəziyyətdən çıxmaq üçün enerji bazarı iştirakçılarının kollektiv gerçəkləşdirəcəyi qarşılıqlı faydalı və razılaşdırılmış addımlara gərək var. Kollektiv fəaliyyətin başqa bir aspekti beynəlxalq enerji qurumlarının artan rolu ola bilər. OPEK+-in neft bazarındakı fəaliyyətinin uğuru qəbul edilərsə, Qaz İxrac edən Ölkələr Forumu qaz sektorunda konsolidasiya edici anti-böhran rolu oynaya bilər", - deyə o bəyan edib.

2001-ci ildə təsis edilmiş və 12 əsas "mavi yanacaq" istehsalçısını birləşdirən Qaz İxrac edən Ölkələr Forumu, təəssüf ki, hələ də sahənin maraqlarının təsirli təmsilçisi olmaıyıb, əlaqələndiricisi isə heç ola bilməyib. Buna baxmayaraq, GECF rəhbəri Yuri Sentyurin hesab edir ki, COVID-19 pandemiyası, o cümlədən həm neftə, həm də qaza olan tələbatın nəzərəçarpacaq dərəcədə azalması fonunda "bəlkə də indi qaz və neft sənayesi üçün neft sənayesinin əldə etdiyi bilik və həll yollarını tətbiq etmək baxımından ən yaxşı zamandır."

Qurumun ekspertlərinin fikrincə, aşağı qiymətlər üzündən qaz təminatının əlçatarlıq müddətinin artması istehlakçı ölkələri təbii qazla bağlı enerji siyasətinin strateji baxımdan yenidən qurulması üçün tutarlı iqtisadi və ekoloji səbəbləri təmin edir.

Gerçəkdən, bəlkə də yeni həll yollarının vaxtı gəlib və iri qaz istehsalçıları öz iddialarının arxada qoyaraq, qaz bazarını böhrandan birgə səylərlə qorumaq üçün birləşməlidirlər. OPEK+ -un uğurunu təkrarlamaq dərhal alınmaya bilər, ancaq necə deyərlər, "əsas başlamaqdır".



MƏSLƏHƏT GÖR:

295