29 Mart 2024

Cümə, 18:23

GÜRCÜSTAN DƏYİŞİKLİYƏ GEDİR

Ölkənin siyasi həyatında yeni mərhələ başlayır

Müəllif:

01.07.2020

Gürcüstan parlamenti ölkə Konstitusiyasına dəyişiklikləri qəbul edib. Dəyişikliklər ali qanunverici orqana seçkinin yeni sistemlə keçirilməsini nəzərdə tutur. Şişirtməyə yol vermədən demək olar ki, bu, ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcıdır. Bəs, Gürcüstanın siyasi sinfi nəzərdə tutulmuş seçki islahatını uğurla həyata keçirə biləcəkmi və bu, partiyalararası mübarizədəki gərginliyin azalmasına yol açacaqmı?

 

Yeni qarışıq sxem

Gürcüstan Konstitusiyasına dəyişikliklər bu ilin oktyabrına planlaşdırılmış parlament seçkisinin yeni qarışıq sistemlə keçirilməsini nəzərdə tutur. Yeniliyə əsasən, parlamentin 150 deputatından 120-si proporsional, 30-u mojaritar sistemlə seçiləcək. Dəyişiklik partiyalar üçün minimal səs baryerinin 5%-dən 1%-ə endirilməsini də nəzərdə tutur. Bloklar üçün isə minimal baryer ona daxil olan partiyaların sayına görə müəyyənləşəcək. Qalib partiya hökuməti təkbaşına formalaşdırmaq səlahiyyətinə yalnız o halda malik olacaq ki, proporsional sistem üzrə seçicilərin ən azı 40%-nin səsini qazanmış olsun.

Daha bir vacib məqam: siyasi partiyanın seçkiyə buraxılması üçün cəmi 5 min imza toplaması kifayətdir. Bu, könüllü dəstək baryerinin 20 min imza azaldılması deməkdir.

Daha bir maraqlı yeniliyə görə, 2018-ci il seçkisinin ilk turunda ən azı 15 min səs yığmış partiyaların imza toplamağa ehtiyacı yoxdur.

Yeni seçki modeli hakim «Gürcü arzusu» partiyası ilə müxalifətin martın 8-də Tbilisidə ABŞ səfirliyi və Aİ nümayəndəliyinin vasitəçiliyilə əldə etdikləri razılaşma ilə təsdiqlənib. Ümumiyyətlə, Gürcüstan hökumətilə müxalifəti arasında hələ ötən ilin dekabrında start götürmüş danışıqlara məhz Qərb ölkələri ciddi dəstək verib. ABŞ və Aİ Cənubi Qafqaz regionunun qərbpərəst bəndi sayılan Gürcüstanda siyasi partiyalar arasındakı qarşıdurmadan narahatlığını hər zaman ifadə edib və bu gün də edir. Etiraf etmək lazımdır ki, bu narahatlıq heç də əsassız deyil. Onun əsasını mojaritar sistemin tam aradan qaldırılması ilə bağlı qanunverici təşəbbüsün əvvəlki müzakirələri zamanı ortaya çıxmış ziddiyyətlər qoyub.

Mart razılaşması isə ölkədə yeni qarışıq seçki sisteminin tətbiqilə yanaşı, siyasi təqiblərin sona çatdığı, siyasi məhbusların azad olunacağı anlamı verib. Doğrudur, əvvəlcə hökumət razılaşmanın ikinci maddəsinin anlamsız olduğunu bildirir, bunu ölkədə siyasi məhbusun olmaması ilə əsaslandırırdı. Lakin müxalifət Tbilisinin sabiq meri, büdcə israfçılığında günahlandırılaraq həbs olunmuş Gigi Uqulavanı məhz siyasi məhbus sayırdı. Müxalifətin siyasi məhbus elan etdiyi şəxslər arasında sabiq müdafiə naziri, parlament binasının ələ keçirilməsinə cəhdin təşkilində təqsirləndirilən İrakli Okruaşvili də var. Buraya müxalifətçi «Mtavari arxi» telekanalının səhmdarı Giorgi Ruruanı da əlavə etmək olar. O, qanunsuz yolla odlu silah almaq və gəzdirməkdə təqsirləndirilərək saxlanılıb.

Nəhayət, sonda hökumət güzəştə gedib. Konstitusiyaya dəyişikliklərlə bağlı müzakirələr mayda məhz siyasi məhbus məsələsi üzündən pozulmaq ərəfəsinə çatdıqda, Gürcüstan prezidenti Salome Zurabişvili Uqulava lə Okruaşvilini əfv etmək qərarına gəlib. Dövlət başçısının bu qərarı Qərbin aşkar təzyiqi ilə verdiyi də şübhə doğurmur. Üçüncü siyasi məhbus Rurua isə hələ həbsdədir – onun işi ilə bağlı məhkəmə prosesi davam edir. Konstitusiya dəyişikliklərinə dair yekun qərarın qəbulunda həlledici məqam məhz onun azadlığa buraxılması məsələsi olub. Gürcüstanın ən böyük müxalifət qüvvələrindən biri, sabiq prezidenti Mixail Saakaşvilinin yaratdığı «Vahid Milli Hərəkat» (VMH) Konstitusiya dəyişikliklərilə bağlı müzakirələri boykot edib. Halbuki, o vaxtadək ölkədə yeni seçki sisteminin qəbulunu, proporsional sistemin tətbiqini tələb edən əsas qüvvə məhz VMH idi. İndi, VMH dəyişiklikləri yalnız Ruruanın azadlığa buraxılacağı təqdirdə dəstəkləyəcəyini bildirirdi. Vəziyyət belə davam etsəydi, yəqin ki, parlamentdə dəyişikliklərin səsə qoyulması alınmayacaqdı. Məsələ ondadır ki, ölkənin daha bir nüfuzlu müxalifət partiyası – «Avropa Gürcüstanı» (AG) da eyni mövqedən çıxış edir, hökumətin mart razılaşmasına əməl etməsinin vacibliyini bildirirdi. AG nümayəndələri bildirirdilər ki, «Mtavari arxi»nin səhmdarı azadlığa buraxılmazsa, partiya dəyişikliklərlə bağlı qanun layihəsini dəstəkləməyəcək. Parlamentdə 19 deputatla təmsil olunan AG nümayəndələri hesab edir ki, onlar bu mövqelərilə parlamentdəki çoxluğun yeni seçki sistemilə bağlı təşəbbüsü iflasa uğratmasına imkan verməyiblər.

Beləliklə, parlamentdə məsələ ilə bağlı üçüncü oxunuş müzakirələri son anadək sual altında idi. Çünki birinci və ikinci oxunuşda sənədin lehinə səs vermiş AG həlledici mərhələdə geri çəkiləcəyini bildirirdi. Hazırda parlamentdə 95 mandata sahib «Gürcü arzusu» fraksiyasının səsləri isə seçki təşəbbüsünün qəbuluna kifayət etmirdi – bunun üçün 112 deputatın səsi tələb olunurdu.

Beləliklə, yeni seçki sisteminin qəbulunda məhz AG-nin mövqeyi həlledici rol oynayıb. Bəs bu, bundan sonra Gürcüstanda siyasi proseslərin «yumşalacağına» zəmanət verirmi? Məsələ ondadır ki, ölkənin əsas siyasi oyunçuları son dərəcə sərt mövqelərilə tanınır və əksər hallarda onlar kompromisə getməkdən birmənalı şəkildə imtina edir.

 

Daxili və xarici güclər

Beləliklə, ölkədə 2020-ci ildə təşkil ediləcək parlament seçkisinin yeni sistemlə keçirilməsini nəzərdə tutan Konstitusiya dəyişiklikləri Gürcüstanın praktik olaraq, bütün siyasi qüvvələri tərəfindən dəstəklənib. Müxalifət proporsional seçki sisteminə «Gürcü arzusu»nun hakimiyyətinə son qoymaq vasitəsi kimi baxır. Onlar hesab edir ki, bu sistem konkret partiyaların siyasi potensialını nümayiş etdirməsi üçün daha geniş imkanlar yaradır. Hakim partiya isə öz növbəsində, yeni qarışıq sistemin ona elektoratını daha effektiv səfərbər etmək imkanı verəcəyini düşünür. Ələlxüsus da 2018-ci illə müqayisədə sosial narazılıq üçün daha çox əsas olan indiki dövrdə.

Bu gün «Gürcü arzusu»nun əleyhinə işləyən amillərdən biri sosial-iqtisadi konyunkturun pisləşməsi, ölkənin Avroatlantik məkana inteqrasiyası prosesində ciddi irəliləyişlərin olmamasıdır. Yeri gəlmişkən, Gürcüstanın siyasi elitası arasında tam konsensus yalnız son məsələ ilə bağlıdır. Sadəcə, ayrı-ayrı siyasi qüvvələrin Qərbin siyasi-iqtisadi sisteminə inteqrasiyanın taktikası ilə bağlı yanaşmaları fərqlidir. Məsələn, VMH ilə AG bu məsələdə daha radikal mövqedən çıxış edirsə, «Gürcü arzusu» bu işin Rusiya amili də nəzərə alınmaqla, daha praqmatik şəkildə görülməsini doğru hesab edir.

Yeri gəlmişkən, Gürcüstan parlamentinin kifayət qədər səs-küylü bu qərarı Qərb tərəfindən də səs-küylə qarşılanıb. Artıq qeyd edildiyi kimi, Birləşmiş Ştatlarla Avropa İttifaqı Gürcüstanın seçki sistemilə bağlı Konstitusiya dəyişikliyinə bütün lazımi dəstəyi verib. Lakin şübhə yoxdur ki, Qərb bu islahata «təkan verməkdə», faktiki olaraq, ilk növbədə, gürcü müxalifətinə yardım edib. Əslində, Vaşinqtonla Brüssel «Gürcü arzusu»na onun siyasi prosesləri idarə mexanizminin o qədər də bəyənilmədiyini bir daha nümayiş etdiriblər. Məlum olduğu kimi, Gürcüstanda siyasi proseslərin idarə rıçaqı hakim partiyanın lideri, oliqarx Bidzina İvanişvilinin əlində cəmləşib. O isə təbii ki, ölkədə daxili siyasi gərginliyin azalmasının maksimum təmin olunmasında maraqlıdır. Xüsusilə artan kənar təzyiqlər, müxalifət qüvvələrinin birləşməsi (ən azı, seçki məsələsində), həmçinin koronavirus pandemiyası fonunda yaranmış sosial-iqtisadi problemlər şəraitində buna şübhə yoxdur. İvanişvili uzun illərdir israrla müdafiə etdiyi seçki sistemindən (partiya siyahısı ilə 100 və mojaritar qayda ilə seçilmiş 50 deputat) məhz bu səbəblərə görə imtina etmək qərarına gəlib. Bununla yaşı, «Gürcü arzusu» danışıqlarda yeni, lakin qarışıq seçki sisteminin qəbulunda israr edib. Halbuki, VMH ilə AG seçkinin tam proporsional sistemlə keçirilməsini tələb edirdilər. Nəticədə, İvanişvilinin partiyası seçki dövründə siyasi manevr imkanını özündə saxlayıb.

Amma İvanişvilinin rəqiblərinin də uğur qazanmaq şansı az deyil. İndiki mərhələdə müxalifətin hədəfi «Gürcü arzusu»nu siyasi səhnədən tam çıxarmaq yox, onun nüfuzunu azaltmaq, idarəçilik potensialını məhdudlaşdırmaqdır. Nəzərə alsaq ki, «Gürcüstanın ən zəngin insanı»nın real siyasi imkanlarının miqyasından Qərb də tez-tez narazılıq edir, müxalifətin bu şansı az deyil.

Yeni seçki sistemilə parlament seçkisi oktyabrın 31-nə təyin olunub. Lakin koronavirus bu planı poza bilər. Epidemiyanın «ikinci dalğası»nın baş vermə ehtimalını nəzərə alan gürcü siyasətçilər seçkinin təxirə salınacağını istisna etmir.



MƏSLƏHƏT GÖR:

288