20 Aprel 2024

Şənbə, 06:12

PAŞİNYANIN PİRR QƏLƏBƏSİ

Ermənistanın baş naziri Konstitusiya Məhkəməsini devirdi. Bəs, bu, onun hakimiyyətini qorumasına kömək edəcəkmi?

Müəllif:

01.07.2020

Əti çubuğa keçirərək odun üzərində bişirməyin ilk dəfə nə vaxt, harada və kimin ağlına gəldiyini nə tarixçilər, nə arxeoloqlar bilir. Etnoqraflarla kulinarlar isə deyir ki, açıq od üzərində nəsə qızartmaq ənənəsi çox ölkədə, çox xalqda var. Azərbaycanda kabab, gürcülərdə mtsvadi, yaponlarda yakitori, Cənubi Asiyada satay, Avropada barbekü… Ermənilərin də öz variantı var – «xorovats».

Nikol Paşinyanın rəhbərliyilə baş vermiş inqilabı ilk gündən «kabab inqilabı» adlandırırlar. Lakin bu gün – inqilabdan iki il sonra hər kəsə məlumdur ki, ermənilərin «xorovats»ından dəqiq iqtisadi və sosial proqramı olan «Azərbaycan kabab»ı çıxmayacaq. Ondan heç ciddi siyasi islahatlarla yadda qalmış «gürcü msvadisi» də olan deyil. Demək, «Avropa barbeküsü»ndən isə söhbət belə, gedə bilməz.

İki il əvvəl üçüncü dövlətlərdən olan müşahidəçilər Ermənistanın tezliklə demokratikləşəcəyinə ümidlərini ifadə edirdilər. Hər halda, ölkədə «Qarabağ klanı»nın kriminal diktaturası devrilmişdi. Lakin bu gün vəziyyəti qiymətləndirənlər arasında əksini düşünənlər daha çoxdur. Ekspertlər həyəcan təbili çalır: Paşinyan Ermənistanda hər şeyin öz əlində cəmləşdiyi təkhakimiyyətlilik qurur.

 

Məhdudiyyətlər layihəsi

Ermənistan parlamentinin iyunun 22-də keçirilmiş növbədənkənar sessiyasında ölkə Konstitusiyasına dəyişikliklər layihəsi qəbul olunub. Dəyişikliklər Ermənistan Konstitusiya Məhkəməsinin real səlahiyyətlərinin kəskin məhdudlaşdırılmasını nəzərdə tutur. Paşinyanın əleyhdarı olan 3 hakim istefaya göndərilir, Konstitusiya Məhkəməsinin (KM) sədri Qrayr Tovmasyan adi hakim səviyyəsinə endirilir. Bunadək ekspertlər Paşinyanın hakimiyyət strukturlarındakı ən təhlükəli rəqibi kimi məhz Tovmasyanı göstərirdilər.

Açığı, Nikol Vovayeviç Konstitusiya islahatları layihəsini çoxdan düşünmüşdü. O, ölkə daxilində ekspertlərin etirazlarına rəğmən, məsələni aprelin 5-də referenduma çıxarmağı planlaşdırırdı. Bunu haqlı olaraq hakimiyyət bölgüsünün pozulması kimi qiymətləndirən Venesiya Komissiyasının narazılığı belə, Paşinyanın vecinə deyildi.

Lakin koronavirus pandemiyasının referenduma imkan vermədiyi indiki şəraitdə (Ermənistanda hər gün ən azı 700 nəfərdə xəstəlik aşkarlanır və bunun nə vaxt başa çatacağını heç kim bilmir), Paşinyan «va-bank» getmək qərarına gəlib. İndi Konstitusiyaya dəyişiklik parlamentdə həll olunacaq. Orada isə Paşinyanın «Mənim addımım» fraksiyası mütləq çoxluğa malikdir. Üstəlik, indi dəyişikliklərin prezident tərəfindən imzalanmasına belə, ehtiyac yoxdur.

KS və onun sədri, əlbəttə ki, baş verənləri hiddətlə qarşılayıb. Onlar hər kəsi Konstitusiyaya əməl etməyə çağırır. Müxalifət partiyalarından biri – «Çiçəklənən Ermənistan» isə Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşır. Lakin bu demarşın nə qədər işə yarayacağı ən azı açıq qalır. Hər halda, Paşinyan artıq bu orqanı «şikəst edib».

 

Demokratdan diktatora?

«Çiçəklənən Ermənistan» partiyasının özü də o qədər dayanıqlı deyil. Hələ iyunun əvvəlində onun məşhur biznesmen lideri Qaqik Tsurakyan tərəfdarlarına müraciətdə Ermənistan hökumətinin tərkibinin tam dəyişməli olduğunu bildirmişdi. Partiya sədri bu fikri hökumətin vədlərə əməl etməməsi, inqilabi dəyişikliklərə getməməsilə əsaslandırıb. Lakin bu bəyanat Tsurakyanın bir sıra cinayətlərdə ittiham olunmasına yol açıb – seçicilərin pulla ələ alınmasından tutmuş, ona məxsus «Şanqri-La» kazinosunda vergi fırıldağına qədər. Bu, təbii ki, hüquq mühafizə orqanlarından siyasi rəqiblərin cəzalandırılmasında istifadə olunduğunun, «sifarişli» cinayət işlərinin açıldığının göstəricisidir.

Bu, «demokratik kütlə»nin liderinin diktatora çevrilməsi haqqında klassik prosesin müqəddiməsi sayıla bilərdi. Lakin burada bir «əmma» var. Nikol Paşinyanın demokrat imici yoxa çıxsa da, o, şəxsi diktaturasını qura bilmir və yəqin ki, bilməyəcək. Onun mövqeyi gündən-günə laxlayır və bu, özünü gündən-günə daha açıq göstərir.

Əslində, bu, gözlənilən proses idi. Ermənistan diplomatik arenada bir-birinin ardınca iflas yaşayır. Qarabağ məsələsində İrəvan xüsusilə Avropa institutlarından ard-arda şapalaq «yeyir». Moskva ilə münasibətlər görünməmiş həddə pozulub. Qərblə münasibətlər haqda da bənzər fikirləri söyləmək olar. İqtisadiyyata investisiya yatırımı yoxdur və gözlənilmir. Üstəlik, ölkədə iqtisadi islahatlar aparmaq iqtidarında olan komanda da yoxdur. Amulsar mədəni ətrafında qalmaqal ortadadır… Bir sözlə, Qaqik Tsarukyan «ayaqqabılarını dəyişmək» qərarına məhz «xalqın baş naziri»nin işlərinin son dərəcə pis getdiyi dönəmdə gəlib.

Ekspertlər xatırladır ki, Paşinyan özü də 2015-ci ildə Serj Sarqsyana müxalifətə məhz eyni situasiyada, Sarqsyanın mövqeyi açıq-aşkar laxladıqdan sonra keçmişdi. «Çiçəklənən Ermənistan» liderinin «siyasi iybilmə» qabiliyyətinə isə şübhə yoxdur və bu təbii ki, Paşinyana da bəllidir. Demək, Nikol Vovayeviçin repressiyalara başlamasının əsl vaxtı idi. Lakin Qaqik Tsarukyana hücum yarımçıq qalıb. Onu deputat toxunulmazlığından məhrum etsələr də, tam «zərərsizləşdirə», yəni həbs edə bilməyibər. Amma bunun səbəbi heç də Tsarukyanın etiraza çıxmış və polis tərəfindən bir anda zərərsizləşdirilmiş tərəfdarları deyil. Sadəcə olaraq, Paşinyan vəziyyətə repressiyalara əl atacaq qədər nəzarət etmir.

 

Köhnə nağıllar

Tsarukyan, təbii ki, fərqli, özünəməxsus personajdır. Keçmiş «araq oliqarxı» siyasətə hələ doxsanıncı illərdə gəlib. Onun «xidmət dəftərçəsi»ndə şəxsi həyətində zooparkdan tutmuş, hələ aclığın hökm sürdüyü doxsanıncı illərdə oğlunun toyuna dəvət etdiyi braziliyalı rəqqasələrədək bir çox əməllər var – lap «yeni ruslar» kimi. Bir sözlə, o, xalqın öndəgedəni və ya Ermənistanda deyildiyi kimi, «poqos» adına çox da uyğun gəlmir. Bu üzdən, Tsarukyan Paşinyan üçün heç də ən təhlükəli fiqur deyil. O, daha çox «lakmus vərəqi», yaxud küləyin hansı tərəfə əsdiyini göstərən siyasi flügerdir. Ölkə müxalifəti isə artıq Paşinyana qarşı vahid cəbhə formalaşdırmağa başlayıb. «Çiçəklənən Ermənistan», «Vətən» və «Daşnaksutyun» birgə strategiyanın hazırlanması üçün işçi qrupun yaradılması haqda razılığa gəlib. Ən azı «Daşnaksutyun»un gücü isə nəzərə alınmaya bilməz. Yeri gəlmişkən, onun güc yoluna, terrora əl atmaq imkanları da hər kəsə məlumdur.

Bütün bunların fonunda Paşinyan cavab hədələri səsləndirir: «Aclıqdan danışırlar, bizi sosial qiyamla qorxudurlar. Bu sosial qiyamdan onların özləri qorxmalıdır. Bizim nəyimiz var ki, bu qiyamın qurbanı olaq?! Sosial qiyamın qurbanı, ilk növbədə, sizin «Bentli»ləriniz və qanunsuz tikdiyiniz saraylarınız olacaq! Belə qiyam istəyirsiniz? İstəyirsinizsə, qaldırın! Bundan sonra sizin harada, ən əsası isə hansı pozada olacağınız maraqlıdır!»

Burada eyhamın Tsarukyana edildiyi şübhə doğurmur. Lakin bu, baş nazirin populyarlığını itirməsinin qarşısını almır. Onun hakimiyyəti üçün daha ciddi təhlükə «qarabağlılar»dır. Bundan da pisi ölkənin ikinci prezidenti Robert Koçaryanın girov qarşılığında həbsdən çıxmasıdır. Əksəriyyət hesab edir ki, Paşinyan üçün ən təhlükəli rəqib məhz Koçaryandır. Bu yerdə əminliklə demək olar ki, «ikinci inqilab» və ya «xalq izdihamı» yeganə variant deyil. 1997-1998-ci illərdə Robert Koçaryanın başçılıq etdiyi «qarabağlılar» hakimiyyətə «sürünən çevriliş» vasitəsilə gəlmiş, ozamankı prezident Levon Ter-Petrosyanı istefaya bu yolla məcbur etmişdilər. 2008-ci ildə Serj Sarqsyanın yalançı qalibiyyətindən sonra isə seçkinin saxtalaşdırılmasına etiraz edənlərə atəş açılması əmri belə, verilmişdi. Doğrudur, Paşinyanın «kabab inqilabı» zamanı ovaxtkı hökumət güc tətbiqinə getmədi. Lakin bu, «qarabağlılar»ın mümkün revanşının «güc yolu» ilə olmayacağına zəmanət vermir. Üstəlik, istər Koçaryanın, istərsə də Sarqsyanın arxalanacağı qüvvə var.

Odur ki, «xorovats»dan get-gedə güllə-mərmi iyi gəlməyə başlayır…



MƏSLƏHƏT GÖR:

281