19 Aprel 2024

Cümə, 09:40

VİRTUAL DƏRS

«Şərq Tərəfdaşlığı» sammiti proqramın güclü və zəif tərəflərini ortaya qoydu

Müəllif:

01.07.2020

«Şərq Tərəfdaşlığı» proqramı üzrə iyunun 18-də keçirilmiş virtual sammit onun inkişafında vacib mərhələ sayıla bilər. Yalnız ona görə yox ki, sammitdə 2020-ci il strategiyasının reallaşdırılması üçün cizgilər müəyyənləşdirilib. O, 2021-ci ilin əvvəlində baş tutmalı olan növbəti sammitin gündəliyinin konturlarını da müəyyən edib.

 

Avrointeqrasiya – müxtəlif sürətlər proqramı

Avropa İttifaqının (Aİ) «Şərq Tərəfdaşlığı» proqramına 2009-cu ilin mayında start verilib. Bu gün o, faktiki olaraq, reallaşdırılmasının dördüncü mərhələsindədir.

Proqramın ilk illərindən ona yalnız Minsk xüsusi maraq göstərmirdi. Digər iştirakçılar prosesə ilk mərhələlərdən böyük fəallıqla qoşulmuşdu. Ukrayna, Moldova və Gürcüstan rəsmilərisə açıq şəkildə bildirirdilər ki, onlar «Şərq Tərəfdaşlığı»na o qədər də uzaq olmayan perspektivdə Aİ-yə üzvlük prosesinin sürətləndirilməsi vasitəsi kimi baxırlar. Ermənistanla Avropa İttifaqı ilə daha sıx əlaqələrin qurulmasına ümidini gizlətmirdi. O, bu proqram vasitəsilə özü üçün sonradan Aİ-yə üzvlüyə yol açacaq baza yaratmağı düşünürdü.

Proqramın ilk mərhələsində iş sərhədyanı əməkdaşlıq, bələdiyyələrin rolunun artırılması və s. kimi ayrı-ayrı istiqamətlər üzrə aparılıb. Bu, təxminən, 2012-ci ilin mayına – proqramın icrası ilə bağlı 2012-2013-cü illər üçün «yol xəritəsi»nin qəbulunadək davam edib. «Yol xəritəsi» proqrama üzv dövlətlərin xarici işlər nazirlərinin həmin ilin iyulunda Brüsseldə keçirilmiş sammitində təsdiqlənib. Plana əsasən, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycanla (Belarus istisna olmaqla) assosiasiya haqqında razılaşma üzrə danışıqlar 2013-cü ilin noyabrında Vilnüsdə keçiriləcək sammitədək yekunlaşmalı idi. Sənəddə iqtisadi inteqrasiya üzrə də irəliləyişə nail olunduğu bildirilirdi. Artıq Moldova və Gürcüstanla dərin və hərtərəfli azad ticarət zonası haqda danışıqlara belə, başlanılmışdı, yaxın perspektivdə isə Ermənistanla da analoji müzakirələrə start verilməli idi.

Lakin 2013-cü ilin əvvəlində vəziyyət kökündən dəyişdi. Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi, Brüsselin İrəvanla son dərəcə yaxınlaşmasının Moskvada yaratdığı narazılıq artıq 2013-cü ilin payızında Ermənistanın Aİ ilə assosiasiya sazişi imzalamaqdan imtinası ilə nəticələndi. Kiyev də razılaşmanın Ukraynanın şərtlərinə adaptasiya olunması üçün imzalanmanın təxirə salınmasını istədi, lakin rədd cavabı aldı. Azərbaycan isə assosiasiya haqda sazişin Bakının maraqlarına tam cavab vermədiyini bildirdi və hər iki tərəfin maraqlarına tam cavab verən strateji sazişin hazırlanaraq imzalanmasını təklif etdi.

Bununla yanaşı, Rusiya Ukrayna ilə 2014-cü ilin əvvəlində yaşadığı münaqişədən sonra proqramla bağlı daha ehtiyatlı davranmağa başlayıb. Beləliklə, proqramın reallaşdırılmasının ikinci mərhələsinə start verilib. Assosiasiya haqda sazişi imzalamış dövlətlər – Moldova, Gürcüstan, sonradan isə Ukrayna faktiki olaraq, postsovet məkanının qərb cinahında Aİ-nin əsas tərəfdaşları rolunda çıxış etməyə başlayıblar. Ermənistan, Azərbaycan və potensial olaraq Belarus isə Brüssel üçün tərəfdaşlıq çərçivəsində «xüsusi statuslu» dövlətlərə çevrilib.

Beləliklə, «Şərq Tərəfdaşlığı» Bakı üçün xarici siyasətin Avropa xəttinin yeni şərtlərlə davam etdirilməsi vasitəsinə çevrilib. Minsk üçün o, siyasəti daha möhkəm maraqlar balansına əsasən qurmaq vasitəsidir. Ermənistan isə Aİ ilə razılaşmaya daha çox Rusiya ilə münasibətlərdə istifadə olunan «xırda pul» kimi yanaşıb. Bu, bir tərəfdən Kremli qıcıqlandırmaqla yanaşı, digər yandan İrəvanın bu proqramda mövqelərini möhkəmləndirməsinə mane olub.

Azərbaycan Brüssellə hər zaman xüsusi münasibətlərdən danışıb. O, ikitərəfli münasibətlərdə hər zaman praqmatik olaraq, öz maraqlarını önə çəkməyə çalışıb. Azərbaycan rəhbərliyi üçün gələcəkdə Aİ-ə üzvlük heç zaman prioritet olmayıb. Bakı bu gün də şəxsi maraqlarını heç bir halda güzəştə getməyəcəyini nümayiş etdirir. Bununla yanaşı, Azərbaycan üçün Avropanın enerji bazarı və Avropaya uzanan enerji dəhlizlərinin inkişafında iştirak böyük əhəmiyyət kəsb edir. Bu məsələdə Bakı Aİ-nin özünün əsas tərəfdaşlarından biri sayır.

2017-ci ildə keçirilmiş «Şərq Tərəfdaşlığı» sammitində 2020-ci il üçün prioritetlərin qəbulu Brüsselin proqram iştirakçıları ilə münasibətlərin müxtəlifliyinə cavab olub. Bu, onun yeni şərtlər çərçivəsində hədəf və vəzifələri vahid şəklə salmaq niyyətini də ortaya qoyub. Başqa sözlə, artıq proqramın inkişafında 2020-ci ilədək davam edəcək üçüncü mərhələdən danışmaq mümkün idi.

Hələ 2019-cu ilin noyabrında «Şərq Tərəfdaşlığı»nın 10 illiyinə həsr olunmuş sammitdə Aİ rəhbərliyi «2020-ci ilə 20 nəticə» («20 deliverables for 2020») konsepsiyasını açıq müzakirəyə çıxarmışdı. O Riqa sammitində müəyyənləşdirilmiş 4 prioritet istiqamətin hər biri üzrə nəticələrin əldə olunmasına hesablanmışdı. Söhbət institutların gücləndirilməsi, insanlar arasında mobillik və kontaktlar, bazarın imkanlarından və qarşılıqlı əlaqələrdən gedirdi. Faktiki olaraq söhbət vahid parametrlərini və ümumi məqsədlərini itirmiş, fraqmentlərə bölünmüş proqramın ortaq məxrəcə gətirilməsindən gedir. Bununla yanaşı, Aİ «Şərq Tərəfdaşlığı» ölkələrini vahid orqanizm kimi qəbul etmək planından imtina etmir və onların arasında qarşılıqlı əlaqələrin təmininə çalışır.

Yeri gəlmişkən, Aİ-nin məhz bu  yanaşması GUAM formatında əməkdaşlığa yeni dinamika qazandırır. «Şərq Tərəfdaşlığı»nın üzvü olan 6 ölkədən 4-nün (Gürcüstan, Ukranya, Azərbaycan və Moldova) yer aldığı bu birliyin son sammiti bu yaxınlarda Tbilisidə keçirilib.

 

Dördüncü mərhələ, yaxud Azərbaycanın prioritetləri

Məlum olduğu kimi, Avropa Parlamentinə 2019-cu ildə keçirilmiş seçki nəticəsində Aİ-nin bütün rəhbərliyi dəyişib. Əlbəttə ki, bu, «Şərq Tərəfdaşlığı» proqramının prioritetlərinin və strateji hədəflərinin dəyişdiyi anlamına gəlmir. Bununla yanaşı, Aİ-nin yeni rəhbərliyi proqramın mövcud prioritetlərinə öz dəyişikliklərini etməyə, onu müasir şərtlərə uyğunlaşdırmağa çalışıb. Artıq bu ilin martında Avropa Komissiyasının ali nümayəndəsi Cozep Borrel proqramın yeni prioritetlərini elan edib. Onların arasında ekoloji və rəqəmsal transformasiya, həmçinin hər kəs üçün işləyəcək iqtisadiyyatın yaradılması da var.

Aİ ilə iqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığa hər zaman prioritet kimi baxan Azərbaycan üçün «Şərq Tərəfdaşlığı»nın yeni istiqaməti Aİ ilə əməkdaşlıq baxımından da yeni üfüqlər açır. Tərəflər arasında strateji tərəfdaşlığa dair yeni saziş üzərində işlərin yekunlaşmaq üzrə olduğu indiki vaxtda iqtisadi sahədə qarşılıqlı əməkdaşlıq xüsusi önəm kəsb edir. Bu işdə Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq böyük rola malikdir. Məlum olduğu kimi, AYİB bu günədək «Şərq Tərəfdaşlığı»nın iştirakçısı olan 6 ölkədə 1,2 mindən artıq layihəyə 27 milyard avroyadək investisiya yatırıb.

Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. 2019-cu il avqustun 31-nə olan məlumata görə, bu qurum Azərbaycanda 168 layihəyə, ümumilikdə, 3,43 milyard avro sərmayə qoyub. Hazırda bank Azərbaycanda 37 layihə reallaşdırmaqdadır və onun aktiv portfeli 1,4 milyard avro təşkil edir. Bankın portfelinin 23%-i özəl sektorun payına düşür. Kapitala investisiya qoyuluşu 1%-dir.

Azərbaycan Prezidenti İlham Əliyevlə bankın rəhbəri Suma Çakrabarti arasında bu yaxınlarda baş tutmuş videokonfransda AYİB-in 2020-ci ildə Azərbaycan ərazisində müxtəlif layihələrə 250 milyon dollardan artıq vəsait xərcləməyə hazır olduğu vurğulanıb. Söhbət Azərbaycanda «Yaşıl şəhər» layihəsinin reallaşdırılması da daxil olmaqla, son dərəcə geniş proqramdan gedir. Bank bu layihəyə 150 milyon dollar xərcləməyə hazırdır. Bundan başqa, elektrik enerjisi şəbəkəsinin yaxşılaşdırılması, bərpa olunan enerji mənbələri, dövlət qurumlarının özəlləşdirilməsi kimi sahələrə 100-200 milyon avro investisiyanın yatırılması istəyi də var. AYİB Azərbaycanda suvarma sahəsində pilot layihənin reallaşdırılmasına, ölkənin kommersiya banklarına texniki yardımın göstərilməsinə, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə kiçik və orta biznes subyektlərilə işləməyə də hazırdır.

 

Pandemiyaya rəğmən

«Şərq Tərəfdaşlığı»nın iyunun 18-də videokonfrans formatında baş tutmuş sammiti göstərib ki, proqramın əsas prioriteti dəyişməz qalır. Söhbət, ilk növbədə, prinsipial məsələlərdən gedir. Məsələn, ərazi bütövlüyünə dəstək prinsipi. Avropa Xalq Partiyasının rəhbəri Donald Tusk bildirib ki, onun partiyası Aİ-də ən nüfuzlu siyasi təşkilat olaraq, «dövlətlərin beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir». Onun sözlərinə görə, partiyası bu kontekstdə «ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərini hərtərəfli dəstəkləyir».

Ümumilikdə sammit iştirakçıları «Şərq Tərəfdaşlığı» proqramının strateji əhəmiyyətini bir daha təsdiqləyiblər. Onlar xüsusilə COVID-19 böhranı zamanı dövlətlərin həmrəyliyinin vacibliyini vurğulayıb, Aİ-nin epidemiyanın «Şərq Tərəfdaşlığı» ölkələrinə təsirinin yumşaldılmasına ciddi dəstəyinin aktual olduğunu bildiriblər. Sammitdə qısamüddətli siyasi hədəflər, 2020-ci ildən sonra əldə olunması vacib nəticələr haqda da müzakirə aparıblar. Yeri gəlmişkən, bu hədəflər 2021-ci ilin əvvəllərində təsdiqlənməlidir.

Təbii ki, proqramın hər bir iştirakçısının bu forumdan öz gözləntiləri var idi. Məsələn, Ukraynanın Aİ ilə əməkdaşlığa dair təkliflərinin əksəriyyəti ticarətin, enerji əməkdaşlığının, rəqəmsal transformasiyanın və digər sahələrdə münasibətlərin inkişafını nəzərdə tutur.

Azərbaycan üçünsə prinsipial əhəmiyyət daşıyan onun ərazi bütövlüyünün təsdiqi idi. İqtisadi-ticari əməkdaşlıq, nəqliyyat, enerji və investisiya sahələrində əməkdaşlıq prioritetləri də vacib məqamlardır.

Sammit ərəfəsində – iynun 17-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı da olmuşdu. Tərəflər Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq sazişi üzərində işlərin gedişindən, «Cənub Qaz Dəhlizi» layihəsinin reallaşdırılmasından, Dağlıq Qarabağ münaqişəsindən, həmçinin regional təhlükəsizlik məsələləri və koronavirus pandemiyası ilə mübarizə tədbirlərindən danışmışdılar.

Sammitdə isə bu məsələlərə daha geniş toxunulub və bütün bunlar toplantının yekun sənədində öz əksini tapıb.

«Şərq Tərəfdaşlığı»nın öz tarixi və perspektivləri var. Son sammit bir daha göstərib ki, tərəflər müxtəlif yanaşmalar əsasında olsa belə, hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Pandemiya və onun nəticəsində tətbiq olunan karantin tədbirləri, şübhəsiz ki, bu əməkdaşlığa öz təsirini göstərib. Lakin proqramın o qədər də uzun olmayan tarixi göstərir ki, gələcəklə bağlı ümidlər və planlar bütün çətinliklərə rəğmən, bu dəfə də uğurla həyata keçiriləcək.

 

Bir daha əsas məsələ barədə…

Sammitdən danışarkən Azərbaycan üçün bir vacib məqamdan yan keçmək olmaz. Ölkə Prezidenti İlham Əliyevin «Şərq Tərəfdaşlığı» sammitindəki çıxışı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyinin nə qədər ədalətli olduğunu bir daha dünyaya göstərib. Hər şeydən əvvəl qeyd edək ki, sammit «Şərq Tərəfdaşlığı»nın prioritetlərini bir daha təsdiqləyib və onların arasında ərazi bütövlüyü və suverenliyə dəstək öncül sıralardadır. Təəssüf ki, bu prinsipi proqramın bütün iştirakçıları bölüşmür. Məsələn, təcavüzkar ölkə olan Ermənistan nəinki beynəlxalq qanun və prinsipləri tapdalamaqla məşğuldur, üstəlik, «Şərq Tərəfdaşlığı» proqramının özünün baza prinsiplərinə məhəl qoymur. Ermənistanın baş naziri Nikol Paşinyanın sammitdəki çıxışı bunu bir daha tam açıq şəkildə ortaya qoyub.

Nə qədər təəccüblü olsa da, Paşinyan Ermənistan-Aİ əməkdaşlığının perspektivləri haqda danışarkən utanmadan «Şərq Tərəfdaşlığı» proqramının baza prinsiplərini dəstəklədiklərini deyib, hətta Azərbaycan tərəfinin haqlı ittihamlarına cavab üçün gülməli arqumentlər belə, gətirib. Lakin Prezident Əliyev ilə baş nazir Paşinyan arasındakı debat bir daha Azərbaycanın üstünlüyünü, qarşı tərəfinsə miskinliyini ortaya qoyub. Məlum olub ki, Ermənistanın baş naziri bir müddət əvvəl Münhendə aldığı dərsdən nəticə çıxarmayıb. Nəticədə, o, Azərbaycandan növbəti dərsini alıb.

Təəssüf ki, Ermənistanın aldığı dərsdən bu dəfə də nəticə çıxaracağına ümid yoxdur. Aydın olan isə odur ki, İrəvanın «Şərq Tərəfdaşlığı»ndakı mövqeyi də qeyri-müəyyən və xoşagəlməzdir. Azərbaycan diplomatiyasının hər növbəti uğuru isə işğal olunmuş ərazilərin boşaldılacağı günü daha da yaxınlaşdırır.



MƏSLƏHƏT GÖR:

272