19 Dekabr 2024

Cümə axşamı, 19:50

İTALİYADAN SALAMLAR

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi ilə müsahibə

Müəllif:

15.07.2020

Nəhayət futbol üzrə Azərbaycan millisinin baş məşqçisi məlum oldu. Koronavirus pandemiyasına görə yeddi ay məşqçi həsrətində qalan milli italiyalı mütəxəssis Canni De Byaziyə tapşırıldı.

AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında baş tutan iclasında 8 nəfər məhz Canni De Byazinin baş məşqçi postuna təsdiqlənməsinə səs verdi. Arif Əsədovun təyinatını dəstəkləyən digər 5 üzvün səsi həmyerlimizin baş məşqçi olmasına kifayət etmədi. İrəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilənin imzalanması barədə qərar qəbul edilib.

 

Bizim arayış

Ciovanni "Cianni" De Byazi 1956-cı ildə İtaliyada anadan olub. Futbolçu kimi yarımmüdafiəçi mövqeyində oynayıb. Onun həm İtaliya, həm də Albaniya vətəndaşlığı var. Yarımmüdafiəçi olan de Byazi peşəkar karyerasına "İnter" klubunda başlayıb. O qədər uğurlu olmayan futbolçu karyerasına 1990-cı ildə son qoyan De Byazi məşqçilikdə özünü sınayıb. Məşqçi kimi ən böyük uğuru 2011-2017-ci illərdə çalışdırdığı Albaniya millisində reallaşıb. Onun rəhbərliyi altında Albaniya millisi tarixində ilk dəfə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb. De Byazinin son iş yeri İspaniyanın “Alaves” klubu olub. Cəmi 2 ay ispan klubunda çalışan mütəxəssis 2017-ci ilin noyabrından işsiz idi.

 

Gözləntilər

Canni De Byazinin Albaniya millisində uğur qazanması onu bütün qitəyə tanıtdı. Bununla belə zəif yığmalarla işləməyi bacaran məşqçinin tez bir zamanda Azərbaycan yığmasında uğur qazanacağı inandırıcı deyil. Əvvəla millimizdə hazırda vəziyyət yaxşı deyil. Pandemiya dövründə məşq etməyən futbolçularımız daha da geriləyib. İkincisi De Byazi gərək Azərbaycan mentalitetini, bizim futbolçuların vəziyyətini öyrənsin. Üçüncüsü - ən əsası De Byazinin milliyə dəvət etməyə yüksək səviyyəli futbolçu seçimi o qədər çox deyil.

 

Azərbaycana dəvət bir çağırışdır

Yeni təyinatla bağlı suallarımıza AFFA rəsmilərindən cavab tapmaqda çətinlik çəkdik. Əvəzində səbəbkarın telefonunu öyrəndik və zəng vurduq Canni De Byaziyə. Beləliklə R+ oxucuları üçün danışır millimizin yeni baş məşqçisi Canni De Byazi.

- Hər vaxtınız xeyir. Sizi Azərbaycandan, “Region Plus” jurnalından narahat edirik. Artıq sizi Azərbaycan millisinin baş məşqçisi kimi təqdim etmək olar?

- Hər vaxtınız xeyir. Gözlənilməz zəng olmadı. Federasiya tərəfindən mənimlə əlaqə saxlanılıb. Bütün detallar barədə danışmışıq. Yalnız danışdıqlarımızı rəsmiləşdirmək qalır. Fövqaladə hadisə baş verməsə yaxın günlərdə müqavilə imzalanacaq.

- Mətbuatda sizin Bakıda olduğunuz yazılmışdı. Bu doğrudu?

- Yox, mən evimdəyəm. Venesiya yaxınlığında Veneto əyalətindəyəm. Hazırda pandemiyaya görə sərhədlər bağlıdı. Belə vəziyyətdə ölkənizə necə səyahət edə bilərəm. Biz telefonla mütəmadi əlaqə saxlayırıq. Yəqin tezliklə Bakıda olacam.

- Sərhədlər bağlı olduğu halda Azərbaycana gəlişiniz mümkün olacaq?

- Deyəsən Bakıdan Avropanın bir neçə şəhərinə təyyarə reysləri bərpa olunub. Ona görə bu məsələylə məşğul olurlar. AFFA Bakıya gəlməyimə kömək edəcək.

- Azərbaycan millisində işləmək təklifini nə vaxt almısınız?

- Təxmini 4-5 ay əvvəl olar. O vaxtdan Azərbaycan millisinin oyunlarına baxmağa başladım. Bəzi futbolçularınız barədə məlumat topladım. Yəni müəyyən məlumatım var. Paytaxtınız Bakıda olmuşam. Şəhərinizin gözəl olduğunu deməliyəm.

- Bakıda nə vaxt olmusunuz?

- 6 il əvvəl. “Qarabağ”da çıxış edən alban futbolçuları Ansi Aqolli və Admir Telinin oyununa baxmağa gəlmişdim. O vaxt İçəri Şəhərdə də oldum. Qısa müddətli səfərə baxmayaraq Bakını bəyəndim. Yəqin növbəti aylarda daha yaxından tanımağa imkan olacaq.

- Müqavilə müddəti barədə məlumatınız var?

- Dəqiq fikir bildirmək çətindi. Düşünürəm müqavilə 2021-ci ilin sonuna qədər olacaq. Müqavilədə pandemiya zamanı vəziyyətin dəyişməsi və ya oyunların təxirə salınması kimi məqamlar da yer alacaq. Yəni dünya indi hər an dəyişə bilər. Hər şeyə hazır olmalıyıq.

- Məşqçi kimi AFFA-nın təklifi maddi baxımdan çox sərfəlidi?

- Başa düşdüm nəyi soruşursunuz. Bilirsiniz mən hazırda pulu düşünmürəm. Bəlkə Azərbaycan maddi baxımdan əlverişli ölkədi, bilmirəm. Lakin mən pula görə dəvəti qəbul etməmişəm. Azərbaycan millisi müəyyən mənada Albaniyaya oxşayır. Albaniya yığmasıyla Avro-2016-ya vəsiqə qazandıq. Niyə yenidən uğur qazanmayaq? Azərbaycan millisindən dəvət sanki mənə yeni çağırışdı.

- İtaliya mətbuatında aylıq təxminən 50-60 min avro məvacib alacağınız yazılmışdı. Ona görə soruşduq.

- Bu həqiqət deyil. Digər tərəfdən ölkənizə pul üçün deyil, işləməkdən ötrü gəlirəm.

- Yəni mümkündü? Azərbaycan yığmasıyla Avropa və ya dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağı soruşuram…

- Həyatda mümkünsüz çox az şey var. İşləmək, öyrənmək lazımdır. İndi əvvəlcədən söz vermək istəməzdim. Danışan məşqçiləri xoşlamıram. İşimi meydanda göstərməliyəm. Necə olacağını bilmirik. Amma yığmanızı yüksək səviyyəyə qaldırmaq üçün əlimdən gələni edəcəm.

- İlk rəsmi oyun sentyabrda olacaq. Komandanı hazır səviyyəyə çatdırmağa vaxt çatacaq?

- Başqa variant yoxdu. Avqustda Bakıya gəlməliyəm. İlk oyunumuz Millətlər Liqasında sentyabra təsadüf edəcək. Ümid edirəm ölkə çempionatınız avqustda başlayacaq. İlk oyunlar çətin olacaq. Amma başqa yolumuz yoxdu.

- Köməkçiləriniz məlumdu?

- Benni Karbone və Klaudio Beluççiylə birgə işləyəcəyik.

- Köməkçilərinizlə millimizin oyununa baxdığınızı dediniz. Sizə elə gəlmir Azərbaycan yığmasında işləmək hər məşqçi üçün çətindi?

- Ola bilər. Əsas komandada oyun ruhu olmalıdı. Hər oyuna sonuncu kimi çıxmaq vacibdir.

- Üstəlik bizim xaricdə oynayan futbolçularımız yoxdu…

- Bilirəm. Əksər futbolçularımız Azərbaycan çempionatında çıxış edir.

- AFFA tərəfindən Millətlər Liqasında qarşısınıza hansı məqsəd qoyulub?

- Bir az zamana ehtiyac var. Bu barədə danışacayıq. Millətlər Liqasında bütün yığmalar qrupdan çıxmaq istəyir. Azərbaycan millisi də yüksək yerlər uğrunda mübarizə aparacaq. Yalnız vaxtımızın az olduğuna heyfslənirəm. Millini tanımağa vaxtım çox olmayacaq. Bununla belə həvəslə işləyəcəm. Uğur qazanmaq üçün hamımız birləşməliyik. Mənə insanların, futbol həvəskarlarının dəstəyi lazımdır. Təkbaşına çətin olacaq.

- Sonda Azərbaycan millisinin azarkeşlərinə sözünüz var?

- Hər birinə salamlarımı göndərirəm. Millinin uğurları naminə birləşməyi xahiş edirəm. Sizə də işinizdə uğurlar arzu edirəm.

 

- Çox sağ olun.


MƏSLƏHƏT GÖR:

316