19 Dekabr 2024

Cümə axşamı, 20:04

VİRTUAL QEYRİ-REALLIQ

Nə muzeylər, nə teatrlar, nə də onların ziyarətçiləri hələ də «rəqəmsallaşa» bilmirlər

Müəllif:

15.07.2020

Son vaxtlar Azərbaycan Prezidenti İlham Əliyev bir sıra tarixi mədəniyyət obyektlərinin açılışında iştirak edib: Mingəçevirdə - Dövlət Rəmzləri Muzeyi; Tərtərdə - Dövlət Rəmzləri Muzeyi, Tovuzda - Azərbaycan Dövlət Aşıq Sənəti Muzeyi. Bu yaxınlarda isə Prezident İ.Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Xanları Sarayında iki il əvvəl başlamış əsaslı təmir və bərpa işlərinin, həmçinin İçərişəhərin Qoşa Qala qapısında arxeoloji qazıntılar zamanı aşkarlanmış 17-ci əsrə aid yeraltı hamamın bərpasının gedişi ilə tanış olublar. Təmirdən sonra bu obyektlər açılıb. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (NMİA) 100 illik yubileyi çərçivəsində yenidənqurma və bərpa işlərindən sonra Hacı Zeynalabdin Tağıyevin Ev-Muzeyinin açıldığını da unutmaq olmaz. Bütün bunlar pandemiya fonunda baş verir və bu, o deməkdir ki, gün gələcək, ziyarətçilər bu muzeylərin eksponatları ilə onlayn deyil, əyani, real vaxt rejimində - "burada və indi" ilə tanış ola biləcəklər.

 

Gerçəklik muzeyi  

Bu gün çox sayda ölkədə muzeylər COVID-19-un yayılmasının qarşısının alınması üçün ekspozisiyalarında virtual gəzintilər keçirmək imkanı verirlər. Milanın Pinakoteka Brera Qalereyasında, Uffitsi Qalereyasında, Vatikan və Luvr muzeylərində, Prado Muzeyində, Britaniya Muzeyində və «Metropoliten» muzeyinin veb saytlarında pulsuz onlayn turlar yaradılıb. Rəqəmsal platformalar sayəsində Amsterdamdakı Van Qoq Muzeyi, Vyana İncəsənət Tarixi Muzeyi, Nyu-York Müasir İncəsənət Muzeyi, Salvador Dali Muzeyi və dünyanın başqa qurumları ilə tanış olmaq mümkündür.

Rusiyada isə Rus Muzeyi, Ermitaj, Tretyakov Qalereyası, Qələbə Muzeyi və digər böyük qurumlar onlayn fəaliyyətə keçiblər. Onların resurslarında kolleksiyalar üzrə virtual gəzintiyə çıxmaq, mühazirələrin və xüsusi tədbirlərin video yayımlarını izləmək olar. «Qaraj» muzeyinin veb saytının «Özünü izolyasiya» bölməsində sərgilər üzrə video turlar və səyyar bələdçilər, mühazirələr və reportajlar mövcuddur.

Azərbaycan da bu trendlərdən kənarda qalmır. Ölkənin muzeyləri izləyici auditoriyası üçün onlayn turlar gerçəkləşdirir, onları qurumların tarixi və fəaliyyəti, eksponatları və s. ilə tanış edir. Azərbaycan muzeylərinin sosial şəbəkələrdəki rəsmi səhifələrində də onlayn ekskursiyaları izləmək olar: bu sıraya Azərbaycan İstiqlal Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Vaqif Mustafazadənin Ev Muzeyi, Niyazinin Mənzil-Muzeyi və s. Beynəlxalq Muzeylər Günündə - mayın 18-də isə Azərbaycan muzeyləri bir sıra onlayn təqdimatlar, tədbirlər və sərgilər keçirdilər.

Məsələn, İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi nəzdindəki İçərişəhər Muzey Mərkəzi Qız qalasını ilk dəfə olaraq «World Heritage 3D Scanning» («Dünya irsinin 3D skanı») proqramında təqdim edib. Layihə Almaniyanın «EKM Global Consulting GmbH» şirkəti ilə birlikdə həyata keçirilib. Həmçinin, ilk dəfə olaraq Qız qalasına 3D virtual tur iki dildə məlumat bəndləri ilə təqdim edilib. Onlaynda indi də bütün mərtəbələrdə gəzmək və qalanın başından Bakının mənzərəsinə heyran olmaq mümkündür.

«World Heritage 3D Scanning» proqramı tarixi abidənin vizuallaşdırılması və sənədləşdirilməsidir, mədəni irs obyektinin bir növ rəqəmsal arxivləşdirilməsidir. Obyekt tam həcmdə skan edilərkən rəqəmsal formatda saxlanılır, bu məlumatlar zərərdəymə və ya dağıntı zamanı abidələrin peşəkar şəkildə yenidən qurulması və ya bərpası üçün istifadə edilə bilər.

 

Virtual, yoxsa gerçək?

Bütün bunlar, əlbəttə, yaxşıdır, ancaq onlayn format muzeydəki fiziki mövcudluğu tamamilə əvəz edə bilərmi? Yüksək texnologiyalar bizi əhatələsə də, muzeylər insanın təkcə mədəni baxımdan deyil, həm də bir tamhüquqlu bir şəxs kimi ümumi inkişafı üçün önəmini itirməyib. Dünyada məşhur "Cokonda" əsərini ən yaxşı monitorda izləmək, onu canlı görməyin verdiyi təəssüratı heç cür əvəz edə bilməz. Belə bir imkanı yalnız muzeyin özü təqdim edə bilər.

Muzeylər əsrlər boyu yığılan bədii və mədəni sərvətləri bölüşərək incəsənətlə maraqlanan və onu öyrənən insanlara təkcə mədəni dəyərləri göstərməklə qalmırlar. Muzeylərin böyük hissəsi tarix və mədəniyyət abidələrini sadə sərgiləmək və qorumaq çərçivəsindən çoxdan kənara çıxmışdılar. Onlar "incəsənət komplekslərinə" çevriliblər və orada yalnız tanıdılma gerçəkləşdirməklə qalmırlar, həm də humanitar və texniki elmlərin öyrənilməsini həyata keçirirlər. Məsələn, Luvr tərkibində bütöv bir institut - tamhüquqlu bir təhsil müəssisəsi var.  

Tarixlə və sivilizasiya tarixi ilə tanışlıq - bu, həmçinin insanın bədii təfəkkürünün inkişaf tarixi - şəxsiyyətin estetik tərbiyəsinin əsasını təşkil edir. Yalnız öz xalqının deyil, digər xalqların da mədəniyyətini tanımaq insanın dünyagörüşünü genişləndirir, atalarının həyatına və yaradıcılığına, həmçinin dünyanın digər xalqlarının tarixinə hörmət aşılayır, tolerantlıq öyrədir, insanın özündə yaradıcılıq istəyi oyadır.

Bu da təbiidir ki, heç bir virtual layihənin muzeyə gerçək ziyarəti əvəz edə bilməz. Muzey proyeksiya ilə deyil, gerçək əşyalarla işləyir, yəni onlayna müvəqqəti keçid səbəbindən anlayışların dəyişdirilməsi mümkün ola bilməz. Təəssürat və duyğular əldə etmək üçün muzeyi ziyarət etmək lazımdır. Bəli, onlayn imkan məlumatlılığı artıra və mövzu haqqında məlumat verə bilər. Bundan başqa, muzeylərin davam edən onlayn təşəbbüsləri ekstremal durumda yaşamaq, gələcəkdə sərgilər üçün tədris obyekti və materialına çevrilmək üçün bənzərsiz təcrübə toplamağa kömək edir. Ancaq muzeyin divarları içərisindəki işləri heç bir şey əvəz edə bilməz, heç bir onlayn ekskursiya eksponatlara canlı baxışın verdiyi qarşılıqlı əlaqəni təmin edə bilməz. Bugünkü durum virtual gerçəkliyə nəyi və necə çevirməyin gərək olduğu barədə düşünmək üçün bir səbəbdir. Digər bir istiqamət genişlənən gerçəkliklə işləməkdir. Standart bir video turu məlumat verə bilər, ancaq gerçək əşya ilə izləyici arasındakı körpü məsafəsini dəf edə bilməz.

 

Duyğu  

“Dünya muzeyləri onlayn ekskursiyalar təklif etməyə başlayanda rəfiqələrim və mən çox xoşbəxt olduq. Həmişə olduğu kimi nəvələr kömək edirdi. Razılaşdıq ki, həmişə və hər yerə bir yerdə getdiyimizdən, "bu ekskursiyaları da birlikdə edəcəyik", yəni hər birimiz öz mənzilimizdən", - deyə pensiyaçı İrina Veroçkina bildirib. Ancaq "birlikdə" effekti alınmayıb.  

"Ünsiyyəti sonra qurmalı olduq. Yenə sağ olsun nəvələrimiz, telefonlarda bizim üçün qrup yaratdılar, orada gördüklərimizi müzakirə edə bildik. Bələdçilər ekspozisiyalar haqqında gözəl danışırdılar! Ancaq, məsələn, məşhur sənətkarın işi barədə danışdıqda, nədən danışdıqlarını dəqiq görmək istəyirsən, yəni sonraya qoymaq istəmirsən. Bundan əlavə, bəzi muzeylərdə rəsmlər şüşə altındadır, bu da qavramaq üçün böyük çətinlik yaradır. Hər hansı bir ekranın şüşəsindən görünən bir teatr və ya bir muzey incəsənətin mahiyyətini öldürür."

Etnoqrafik muzeylərdə qurumun qüruru olan artefaktların xırdalıqlarını görmək mümkün deyil. Bir sözlə, ekskursiyalar üçün hansı “qabaqcıl texnologiya”dan istifadə olunmasından asılı olmayaraq, birbaşa muzeydə və ya teatrda əldə etdiyiniz hiss və təəssüratların yarısını belə çatdıra bilmirlər, estetik həzzi vermirlər.  

Sənəti "şüşənin arxasından" dərk etməyə çalışmaq 16-cı mərtəbədəki bir mənzilin pəncərəsindən baxaraq, həyati və fiziki məkanı öyrənməyə bənzəyir. Yəni pəncərədən kənarda həyat var, ancaq sən orada deyilsən, mənzilinin şüşəsinin arxasındasan. Həyatda heç bir oyun gerçək həyatı əvəz edə bilməz. Heç bir virtual incəsənət böyük hərf ilə yazılan İncəsənət ola bilməz. Kimsə deyə bilər ki, həmişə və hər zaman yeniliyin oturuşması çətinliklə alınıb, çünki insanlar köhnədən ayrılmaq istəmirdilər. Ancaq bu məsələdə belə deyil.  

“İnanın, biz texnoloji tərəqqiyə qarşı deyilik. Həyat kimi onu da dayandırmaq mümkün deyil. Bunu heç istəmirik də. İstəyirik ki, bu texnoloji yeniliklər həyatımızı yoxsullaşdırmasın, son illərdə daha da aktiv şəkildə bütün dünyaya sırınan yeni dəbli Avropa dəyərlərindən bizi müsbət mənada fərqləndirən mənəvi-əxlaqi xüsusiyyətlərdən bizi və nəvələrimizi məhrum etsin”, - deyə pensiyaçı qadın vurğulayır.

Qərbin texniki sivilizasiya dünyasının üstünlük təşkil etdiyi çağdaş zamanda təhsilin mədəni və humanitar əsasları xüsusi önəm kəsb edir. Çağdaş dünyada yaşayan insanın gerçək, tamhüquqlu bir şəxsiyyətinin formalaşdırılması üçün bütün nəsillər boyu toplanmış təcrübəni cəlb etmək gərəkdir.

 

«Teatr gerçəkliyi»

Görəsən, 2500 il əvvəl çağdaş Avropa teatrının modelini yaradan Aristotel güman edirdimi ki, bu model 21-ci əsrdə dəyişdirilməli olacaq? Aydındır ki, yox. Ancaq indi bəşəriyyət XXI əsrə qədəm qoyub: praqmatik, vecsiz, hər şeyi dəyişən əsrə - mənəvi idealları təhrif etməyə yönəlmiş korlayıcılar istər-istəməz milli adət-ənənələrin məhv edilməsinə, bununla da, hər bir şəxsin özünəməxsusluqdan məhrum edilməsinə yönəlirlər.

Teatr insanlar üçün və insanlar naminə yaradılıb. İncəsənəti – canlı və emosional – «burada və indi» şəklindədir. Həm izləyicilər, həm də aktyorlar tərəfindən yaradılır. Çünki teatrı yalnız aktyorlar və izləyicilər arasındakı bu ayrılmaz bağ bütün dünyada Teatr halına gətirir. Teatrın estetik platformasının nə olmasından asılı olmayaraq, hər ölkənin öz teatrı var. Önəmli odur ki, Teatr virtual aktyor və tamaşaçı üçün deyil, zalda canlı izləyicinin olması halında, "burada və indi" rejimində bir İncəsənət olaraq dünyaya gəlir.  

Avropa teatrı. Şərq teatrı. Asiya teatrı. Bu, insan identifikasiyasının çox unikal kodunu daşıyan bir incəsənətdir. Bu kod insanın özünü milli bütövün bir zərrəsi kimi hiss etməyə imkan verir, insanın özünün və xalqının mənsub olduğu əxlaqi mədəniyyət modelini bir güzgü kimi əks etdirir. Bu bağlantı pozularsa, nə baş verər?

 

Pandemik vurnuxmalar

Beləliklə, 21-ci əsrdə, "taclı" virus pandemiyasının qəfil ortaya çıxması ilə teatrın virtual ola biləcəyi ehtimalı da yarandı. Çeşidli televerilişlərdə sel kimi axan tükənməz müzakirələr onu vurğulayır ki, virtual teatr canlı, duyğusal, anı yaşayan teatra alternativdir. Yəni teatrı sevən izləyici yenə tamaşaları arxiv yayını formatında da izləyəcək. Ancaq bu bir yanlışlıqdır! Çünki bu format izləyicini birgə (tamaşaçı + aktyor) yaradıcılıq hissindən məhrum edir. Teatrı teatr edən o əvəzedilməz anlardır.  

İkinci yanlış anlama onunla bağlıdır ki, salondakı oturacaqların sayını azaltmaq, izləyiciləri bir-birindən metr yarım məsafədə şahmat qaydası ilə oturtmaqla, səhnədən zala və əksinə axan gur müsbət enerji yükünün yaratdığı həmin o təkrarsız birgə yaradıcılıq atmosferini qorumaq mümkündür. Tamaşaçıları şahmat qaydası ilə oturduqda bu ruh halını əldə etmək mümkün deyil. Bununla yanaşı, bu problemin maddi tərəfinə hələ toxunulmur, bu problem var və öncədən nəzərə alınmadıqda özünü olduqca kəskin göstərəcək.  

Üçüncü yanlışlıq tamaşanın video formatda izlənilə biləcəyi ilə bağlıdır. Tamaşanın dörd kamera ilə lentə alındığını, yəni teatrda olduğu kimi bir kamera ilə çəkilmədiyini fərz etsək də, tamamilə fərqli - televiziya versiyası alınacaq, yəni enerji və intellekt ötürmə düsturuna əsaslanan canlı aktyor + tamaşaçı = tamaşaçı + aktyor birgə yaradıcılığı alınmayacaq. Yalnız bu düstur mövcud olduqda biz teatr haqqında canlı, ani yaradılan bir İncəsənət kimi danışa bilərik.

Bu mövzuda təsadüfi müsahiblərimizlə danışdıq.

 

Səidə BABAYEVA, BDU-nun tələbəsi:

“Karantin zamanı anam və mən Milli Dram Teatrının arxiv əsərlərini videoda izlədik. Nə vaxtsa səhnədə gördüklərimizi və heç görmədiklərimizi. Bu izləmənin parlaq təəssüratlar buraxdığını deyə bilmərəm. Əksinə, yüngül məyusluq yarandı. Tamaşa həyəcan vericiliyini itirdi. Süjeti izlədik, amma hətta öncə gördüyümüz tamaşa belə həyəcan verici olmadı. Sonra bəzi rus teatrlarının tamaşalarını, muzeylərə ekskursiyalarını izləməyə çalışdıq, amma istənilən halda bir teatra və ya muzeyə getməklə əldə edilən təəssürat yoxdur ".

 

Rəşid ZEYNALOV, taksi sürücüsü:

“Mən tez-tez teatra getmirəm, amma Gənc Tamaşaçılar Teatrındakı premyeraları buraxmamağa çalışıram. Xeyr, real vaxt rejimində baxılan tamaşa videoda göstərilən tamaşa ilə müqayisə edilə bilməz. Mən də hamı kimi müsbət rəylər eşitdiyim tamaşalara internetdə baxmağa çalışdım. Kaş ki, baxmayaydım. Daha baxmıram, çünki ümumiyyətlə, teatr haqqında təəssüratımı korlamaq istəmirəm ”.

 

Tahirə AŞUROVA, ingilis dili müəllimi, pensiyaçı:

“Xeyr, tamaşaların videoarxivini izləmirəm. Mart ayında, bütün teatrlar arxiv tamaşalarını göstərməyə başlayanda izləməyə çalışdım. Mən belə nümayişi teatr tamaşası kimi qəbul etmirəm. Sanki hər şeyi görürsən, hər şeyi eşidirsən, amma ... istənilən halda bu, tamaşa deyil. Bu, nəsə başqa bir şeydir... məlumatın ötürülməsi kimi. Hisslər və duyğular oyatmır. İnformasiya şəklində teatr mənimçün maraqlı deyil. Tamamilə."

Biz ara məsafəsini saxladıq və maskalarımızı çıxarmadıq. Dünya muzeylərindən birinə virtual gəzintidən aldığımız hisslərimizi təsadüfi həmsöhbətlərimizin dedikləri ilə, eləcə də Rusiya, Almaniya, Böyük Britaniya, Polşa və Ukraynadakı teatrlardan izlədiyimiz tamaşaların yaratdığı duyğularla müqayisə edərək anladıq ki, yaranan hisslər üst-üstə düşür. Sözün düzü, növbəti virtual gəzintidən sonra bu cür səyahətdən imtina etməli olduq... ümid etdik ki, bəşəriyyət tezliklə virtual qeyri-reallıqdan normal həyata qayıdacaq.



MƏSLƏHƏT GÖR:

368