19 Aprel 2024

Cümə, 21:05

AÇMAQ OLMAZ BAĞLAMAQ

COVID-19 pandemiyasının ikinci dalğası təhlükəsinin olduğu şəraitdə sərhədlərin və turizm infrastrukturunun açılması nə qədər doğrudur?

Müəllif:

15.07.2020

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən aparılmış son araşdırmada bildirilir ki, COVID-19 pandemiyası ilə bağlı, demək olar ki, dörd ay davam edən durğunluqdan sonra qlobal turizm sektoru ən azı 1,2 trilyon dollar və ya dünya ümumi daxili məhsulunun (ÜDM) 1,5 faizini itirib. Əgər turist səfərlərinə daha səkkiz ay məhdudiyyət qoyularsa, itkilər 2,2 trilyon dollara qədər arta bilər. Ən pessimist ssenariyə görə isə, mütəxəssislərin fikrincə, bu itkilər 3,3 trilyon dollar ola bilər.

UNCTAD-da hesab edirlər ki, Fransa, Yunanıstan, İtaliya, Portuqaliya, İspaniya və ABŞ kimi populyar Avropa və Şimali Amerika istiqamətləri beynəlxalq turizmin kəskin azalması səbəbindən milyardlarla dollar itirəcək. İnkişaf etməkdə olan ölkələrdə, məsələn, Yamayka və Tailandda itkilər böyük olacaq - ÜDM-in ən azı 9-11%-ni təşkil edəcək.

Ekspertlərin fikrincə, bir sıra ölkələrdə davam edən səyahət məhdudiyyətləri və insanların gəlirlərinin azalması yalnız turizm sektorunun dirçəlişini xeyli yavaşlatmaqla qalmayacaq. Turizm gəlirlərinin hər milyon dollar azalması bütün iqtisadiyyat üçün 2-3 milyon dollar itkiyə səbəb olacaq və dövlətin köməyi olmadan bu sahə (biznes, hotellər, aviaşirkətlər) iflasla üzləşə bilər.

Belə görünür ki, məhz bundan qaçmaq, turizm sektorunun və bütövlükdə iqtisadiyyatın itkilərini minimuma endirmək üçün, iyunun 15-dən etibarən Avropa Birliyinə (AB) üzv dövlətlərin əksəriyyəti AB və Şengen zonası daxilində sərbəst hərəkəti bərpa etdilər. Mart ayından koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər, İsveçdən başqa bütün AB dövlətləri üçün qaldırıldı. COVID-19 ilə mübarizədə tutduğu "xüsusi yol" nəticəsində İsveçdəki yaranmış əlverişsiz epidemioloji vəziyyət daxili sərhədlərin açılması üçün AB meyarlarına cavab vermir.

Daxili sərhədlərin açılmasından sonra iyulun 1-dən xarici sərhədləri açılan AB ölkələrinin siyahısı dərc edildi. "İcazə verilənlər" siyahısına 15-dən çox ölkə daxildir. Bunlar Əlcəzair, Avstraliya, Kanada, Gürcüstan, Yaponiya, Çernoqoriya, Yeni Zelandiya, Cənubi Koreya, Tailand və s. Onların arasında müəyyən rəsmiyyətlərə riayət etməklə, Çin də var. İki həftədən bir nəzərdən keçiriləcək siyahıda hələ ki, ABŞ, Braziliya, Rusiya, Ukrayna, Belarus və Azərbaycan yoxdur.  

Söhbət AB-nin sərhədlərini bu və ya başqa konkret ölkəyə açmasının obyektiv olub-olmamasından getmir, sual dünyadakı çətin epidemioloji vəziyyəti və pandemiyanın ikinci dalğasının başlamasının həqiqi təhlükəsi nəzərə alındıqda, sərhədləri açmağın və turist cəlb etməyin nə qədər doğru olması ilə bağlı yaranır.

 

Ümidsiz statistika

SARS-CoV-2 virusuna yoluxma planetdə 12 milyon insanı keçib və yoluxmanın gündəlik artımının azalacağı ilə bağlı heç bir məlumat yoxdur. Ən çox yoluxma, o cümlədən ölüm halları ABŞ, Braziliya, Rusiya və Hindistan kimi ölkələrin payına düşür.

ABŞ-da epidemioloqlar həyəcan təbili çalırlar və hakimiyyəti virusun cilovlanması üçün təcili tədbirlər görməyə çağırırlar. ABŞ-ın baş epidemioloqu Entoni Fauçi xəbərdarlıq edib ki, təcili olaraq cilovlama mexanizmi tapılmazsa, epidemiya fəlakətli miqyas alacaq.

Öz növbəsində, BMT Təhlükəsizlik Şurası pandemiya başlayandan bu yana ilk qətnaməni qəbul etdi və dünyadakı bütün münaqişə tərəflərini COVID-19-un daha da yayılmasının qarşısını almaq üçün ən azı üç ay atəşkəs elan etməyə çağırdı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, Yaxın Şərq ölkələri pandemiya ilə mübarizədə artıq bütün imkanlarını tükəndiriblər. ÜST əmindir ki, Suriya və Yəmən kimi münaqişə zonalarında həkimlərin xəstəliyin yayılmasına nəzarət etmək imkanları sadəcə yoxdur.  

Avropanın özündə, o cümlədən Böyük Britaniyada, Fransada, Almaniyada ikinci pandemiya dalğası təhlükəsi barədə xəbərdarlıq edirlər. «The BMJ» elmi jurnalındakı bir məqaləyə görə, əldə olan məlumatlar göstərir ki, lokal yoluxmalar getdikcə artır və ikinci dalğa təhdidi gerçəyə dönür. Bu, muzey, kinoteatr, restoran, bar və hotellərin qapılarını yenidən ziyarətçilərin üzünə açan İngiltərədə 4 iyuldan karantin məhdudiyyətlərinin zəiflədilməsinə faktiki cavab kimi qəbul edilə bilər.

Almaniyanın səhiyyə naziri Yens Şpan, təxminən, eyni açıqlama verib və lokal yoluxmalar üzündən COVID-19 yoluxdurucusunun sürətlə yayılma təhlükəsini xatırladıb. Ölkənin qərbində – «Tönnies» ət kəsimi fabrikində koronavirus yoluxmasının baş verməsi üzündən Qüterslo və Varendorf bölgələrində karantinin yenidən başlaması bunun təsdiqi oldu. Burada, təxminən, 7000 işçidən 1550-də virus aşkar edilmişdi.

Fransada isə növbəti tədris ili öncəsi epidemiyanın ikinci dalğasını gözləyirlər. Ölkə hakimiyyəti şirkətlərə və idarələrə ən azı 10 həftə üçün maska ehtiyatı tədarük etməyi tövsiyə edir. İyul ayının ilk ongünlüyündə İspaniyanın Qalisiya muxtar bölgəsində, eləcə də Kataloniyada COVID-19 ilə yeni yoluxma hallarının önəmli dərəcədə artması ilə bağlı təkrar məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

İsraildə də vəziyyət sadə deyil. İsrailin Baş naziri Benyamin Netanyahu yeni yoluxma hallarının kəskin artması fonunda ölkədə fövqəladə vəziyyət elan edib: “Biz yeni koronavirus dalğasının ortasındayıq. Bu, çox güclü yoluxmadır - bütün dünyada və bizdə".  

Netanyahu bunu İsraildə iyul ayında gündəlik yeni yoluxma göstəricisinin mini aşmasından sonra söyləyib. Nəticədə, təkrar məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gəlib.

Pandemiyanın yayılması təhlükəsi ilə bağlı vəziyyətin çətin olduğu ölkələrin siyahısı davam etdirilə bilər. Bunlar - Braziliya, Hindistan, Rusiya, Səudiyyə Ərəbistanı, Meksika, Avstraliya, İndoneziya...

 

Azərbaycan və çevrəsi

Gürcüstan istisna olmaqla, Azərbaycanın özündə və sərhədyanı ölkələrdə vəziyyət  elə də yaxşı deyil. İyun ayında karantinin bir qədər yumşaldılmasından sonra Azərbaycanda gündəlik yoluxanların sayı 500-ü keçdi. Yenidən sərt karantin rejimi tətbiq olundu, hotel, restoran və ticarət mərkəzlərinin fəaliyyəti qadağan edildi. Avqustun 1-dək yük və çarter reysləri istisna olmaqla, quru və hava yolu ilə Azərbaycan ərazisinə gediş-gəlişə məhdudiyyət qoyulub. Ölkəyə çarterlərlə gələn bütün vətəndaşlar sərhəddə simptomlara görə müayinə olunurlar. Yoluxma şübhəsi olduqda sərnişin vətəndaşlığından və səyahət məqsədindən asılı olmayaraq iki həftəlik karantin üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilir.

Rəsmilər söyləyirlər ki, Azərbaycanla digər ölkələr arasında beynəlxalq uçuşların açılması məsələsinə baxıla bilər. Digər ölkələrlə çarter reyslərinin təşkilinə pilot layihəsi kimi Bakı-İstanbul-Bakı nəzərdə tutulur.  

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Turizm Təşkilatının (DTT) baş katibi Zurab Pololikaşvili ilə videokonfrans şəklində görüşü də müəyyən düşüncələr üçün əsas verdi. DTT başçısı, demək olar ki, 150 ölkənin sərhədlərinin bağlı qaldığını, turizm sektorunun görünməmiş bir böhranla üzləşdiyini və təxminən, 1,5 trilyon dollar zərərə uğradığını söylədi. Pololikaşvili bu yay dövründə daha çox yerli turizm sənayesinə tələbat olacağını nəzərə alaraq regional turizmə sərmayə yatırmağı məsləhət gördü.

Prezident İlham Əliyev xatırladıb ki, ölkənin sərhədləri bu günə qədər yalnız vətənlərinə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu və Azərbaycandan getmək istəyən əcnəbilərin yola salınması üçün işləyir: “ Bu, onunla bağlıdır ki, biz, ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük. Əlbəttə, virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq hesab edirik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır. Lakin eyni zamanda, ümid edirik ki, pandemiya zəiflədikcə, o cümlədən bizim sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri açacağıq. Bunun nə vaxt baş verəcəyini demək çətindir”, - deyə dövlət başçısı bildirib.

Qonşu ölkələrə gəldikdə isə, əlbəttə ki, ən çətin vəziyyət SARS-CoV-2 virusuna yoluxma üzrə qlobal siyahıda Hindistanla birlikdə üçüncü yeri bölüşən Rusiyadadır. İyul ayında Rusiya Federasiyasından beynəlxalq reyslərin bərpa edilməsi ehtimalı olsa da, Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) karantin üzündən xarici vətəndaşların Rusiya Federasiyasına iyulun 31-dək girməsini qadağan edib.

Azərbaycana qonşu olan ölkələr arasında COVID-19-dan ən yüksək ölüm səviyyəsi İranda qeydə alınıb – təxminən, 12 min ölüm olub. İyul ayının ilk ongünlüyü üzrə İran yoluxmuşların sayına görə 11-ci yeri, Türkiyə 14-cü yeri tutur.

Statistikaya baxmayaraq, Türkiyə bəyan edir ki, pandemiya ilə bağlı turizm və tibb infrastrukturunu praktik olaraq nəzarətə götürüb, buna görə iyun ayından əksər ölkələr üçün öz sərhədlərini açıb və planlı şəkildə aviareysləri açır.

Məlumatlara görə, Türkiyə hava limanlarına gələn zaman tibbi arayış tələb edilməyəcək, amma yüksək temperatur olduqda sərnişin pulsuz müayinədən keçməli olacaq. Amma kiməsə öz vətəninə qayıtmaq üçün test lazım olarsa, onu Türkiyə hava limanlarında 15 avroya əldə etmək mümkün olacaq. Düzdür, sərhədlərin açılması heç də o demək deyil ki, bütün ölkələrin vətəndaşları, o cümlədən Azərbaycan vətəndaşları da sərbəst şəkildə Türkiyəyə istirahətə gedə biləcək. Bir çox ölkələrdə hələ də sərt karantin rejimi mövcuddur və sərhədlər bağlıdır.

İyulun ilk yarısının statistikasına əsasən, Mərkəzi Asiya ölkələrində, xüsusilə də karantinin də sərtləşdirildiyi Qazaxıstanda pandemiya ilə bağlı vəziyyət elə də yaxşı deyil. Ermənistanda da vəziyyət, yumşaq deyilsə, çox gərgin olaraq qalmaqda davam edir. Bu ölkədə gün ərzində yüzlərlə (700 və daha çox) koronavirusa yoluxma aşkar edilir, xəstələnənlərin ümumi sayı 30 mindən çoxdur. Halbuki ölkənin əhalisi 3 milyondan azdır.

Rəsmi statistikaya, görə Gürcüstanda pandemiya vəziyyəti bölgənin digər ölkələrinə nisbətən daha yaxşı olsa da, Tbilisi yaxın gələcəkdə qonşu dövlətlərlə quru sərhədləri açmağı planlaşdırmır. Bununla yanaşı, Gürcüstan Xarici İşlər Nazirliyi AB ölkələri ilə birbaşa avia uçuşlara başlanılması ilə bağlı ikitərəfli danışıqlar aparır.

 

Dəlil və arqumentlərlə

İndi-indi iqtisadi fəaliyyətə başlayan bəzi ölkələrdə koronavirusa yeni yoluxmalar qeydə alınıb. "Bir çox ölkələrdə müəyyən irəliləyiş əldə edilməsinə baxmayaraq, qlobal pandemiya əslində sürətlənir", - deyə bu yaxınlarda ÜST rəhbəri Tedros Qebreyesus bildirib.

Qebreyesus əmindir ki, pandemiya ilə bağlı gərgin vəziyyət bütün dünyanı narahat edir və bu, uzun müddət davam edəcək. "Önümüzdəki aylarda bütün ölkələrin qarşılaşacaqları kritik sual bu virusla necə yaşamaq olacaq", - deyə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri sözünü tamamlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge hələ iyun ayında xəbərdarlıq edib ki, ehtiyat tədbirləri görülməzsə, pandemiyanın ikinci dalğası daha dağıdıcı olacaq.  

“Getdikcə daha çox ölkə məhdudiyyətləri aradan qaldırır, COVID-19 infeksiyasının yenidən püskürməsi təhlükəsi var. Bu püskürmələr dayandırılmasa, ikinci dalğa gələ bilər və bu, çox dağıdıcı ola bilər", - deyə Klüge bildirir.  

O haqlıdır. Axı, indi vəziyyət, heç də ilin əvvəlindəki vəziyyətdən yaxşı deyil və əvvəlki kimi, koronavirus üçün nə peyvənd, nə də dəqiq müalicə yoxdur. Buna görə ÜST bürosunun direktoru sanır ki, məhdudiyyətləri tədricən və ehtiyatla aradan qaldırmaq, vəziyyəti davamlı monitorinq altında saxlamaq vacibdir.

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirir ki, çox sayda ölkələr karantin rejiminin yüngülləşdirilməsinin ilk mərhələsindən sonra infeksiyaların sayında yeni artım yaşayıblar. Yəni karantin rejiminin zəifləməsi yeni bir yoluxma dalğası üçün zəmin yaratdığından, bir çox ölkələr yenidən karantin rejimini sərtləşdirmək məcburiyyətində qalırlar.

Ekspert «Trend»ə müsahibəsində Azərbaycanda karantin müddətinin uzadılmasının düzgün addım olduğunu və bunun zəncirvari infeksiyanın qarşısını almağa kömək edə biləcəyini söyləyib. "Lakin indi koronavirusla mübarizədə müsbət nəticə əldə etmək nəinki hökumətin, Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətindən, həm də cəmiyyətimizin və hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır. Bu gün hamımızı narahat edən məsələ hələ də yoluxma səviyyəsinin yüksək olmasıdır. Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların heç də hamısının ictimai nəqliyyatda, qapalı yerlərdə maska taxmadığının şahidi oluruq, koronavirus xəstəliyinə yoluxmuş qohumları və qonşuları ziyarət edirlər, cənazə mərasimlərində iştirak edirlər və müxtəlif görüşlər keçirirlər. İnsanlar qaydalara əməl etməsələr, istədiyimiz nəticə əldə edilməyəcək", - deyə o vurğulayıb.  

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndi hesab edir ki, sərt karantin rejiminə görə ölkənin turizm sənayesi acınacaqlı vəziyyətə düşüb: “Turizm agentlikləri, hotellər, restoranlar və digər biznes qurumları bu qədər uzun qapanmaya dözə bilməzlər. Məncə, virusla mübarizədə səhvlər və düşünülməmiş qərarlar çoxdur. Məsələn, böyük ticarət mərkəzləri açılır, eyni zamanda daxili turizm və ictimai iaşə xidməti qadağan edilir. Bəs, onda biz niyə bir sıra metodik göstərişlər qəbul etmişik?”

Samir Dübəndi «R+»a açıqlamasında Azərbaycanın sərhədləri bağlamaq qərarını dəstəkləyib. Lakin o hesab edir ki, "hamının bir səslə haqqında danışdığı daxili turizm yay mövsümünün əvvəlində başlamalı idi".

“Qida Təhlükəsizliyi Dövlət Agentliyi və Dövlət Turizm Agentliyi metodik göstərişlər hazırlamışdılar və o, kağız üzərində qaldı. Digər tərəfdən ictimai iaşə xidməti sahəsinin açıldığı qısa bir müddətdə bəzi obyektlər təlimatlara uyğun davrandılar, qalanları isə kobud şəkildə pozdular. Bəziləri daha az müştəri qəbul etdi, masaları lazımi məsafədə qurdular, bəziləri heç bir qaydalara riayət etmədən kütləni qəbul etdi. Nəticədə, zərər görənlər elə qanuna tabe olanlar oldular. Ancaq monitorinq və digər yoxlamalar olmadı", - deyə o bildirdi.  

Assosiasiyanın idarə heyətinin rəhbəri hesab edir ki, hazırlanmış qaydaların tələblərinə ciddi riayət olunması və nəzarət şəraitində daxili turizmin açılmasını zəruridir. “İnsanlar daha çox təbiətdə olmalıdırlar. Bu, ümumilikdə, istirahətdir və xüsusən insanların psixoloji vəziyyətinin bərpası üçün vacibdir", - deyə Samir Dübəndi əmindir.

İndi dünyada məhdudiyyətlərin qaldırılmasının və sərhədlərin açılmasının tərəfdarları çoxdur, eləcə də bunun əleyhdarları var. Ötən bir neçə ayın təcrübəsi bizim hamımıza dərs verdi: inadkar və son dərəcə yaşar COVID-19 ilə zarafat etməyə dəyməz. Mütəxəssislərin tövsiyələri rədd edilməməli və istənilən addım diqqətlə və ehtiyatlı atılmalıdır. Atalar sözündə deyildiyi kimi: "Yüz dəfə ölçün, bir dəfə biçin."



MƏSLƏHƏT GÖR:

304