20 Aprel 2024

Şənbə, 03:08

MUXTARİYYƏT, YOXSA ŞƏHƏR?

Honkonq Çinlə Qərbi yenidən qarşı-qarşıya qoyub

Müəllif:

15.07.2020

Artıq neçə gündür ki, Viktoriya limanında qırmızı bayraqlarla bəzədilmiş barjalar var-gəl edir – onların üzərində qızıl hərflərlə dövlət təhlükəsizliyi haqda qanunun qəbuluna görə Honkonq sakinlərinə təbriklər yazılıb. Bütün şəhər boyu küçələrdə üzərində neon yazılar olan bayraqlar asılıb. Yazılarda yeni sabitlik və çiçəklənmə erası elan olunur. Amma bütün bu bayram dekorasiyaları 8 milyonluq şəhərin böyük bir hissəsinin əhvalı ilə tam ziddiyyət təşkil edir.

Honkonqlular 2019-cu ildə, demək olar ki, ilboyu ekstradisiya haqqında qanunun qəbuluna etiraz ediblər. Bu qanun etirazçı hərəkatların fəallarının Pekinə təhvil verilməsinə şərait yaradır. Nəhayət, qanunun geri çağırılmasından, əhalinin qələbə çaldığını düşünməyə başlamasından az sonra Çinin Kommunist Partiyası Honkonq xüsusi inzibati rayonunun müstəqilliyinə son qoymaq qərarına gəlib.

İyunun 30-da Ümumçin Xalq Nümayəndələri Məclisi «Dövlət təhlükəsizliyi haqqında» qanunu yekdilliklə qəbul edib. Əslində, bu qanun keçmiş Britaniya müstəmləkəsi sakinlərinin həyat tərzində radikal dəyişikliklər üçün zəmin yaradır.

Məlum olduğu kimi, Honkonq Çinin nəzarətinə 23 il əvvəl qayıdıb. İndi Honkonqda nizam-intizama yeni yaradılmış Milli Təhlükəsizliyin Təmini İdarəsi nəzarət edəcək. O isə tamamilə Çinin əsas hissəsinin nümayəndələrindən ibarətdir. Qurumun əməkdaşlarına son dərəcə geniş səlahiyyətlər verilir – onlar Honkonqun qanunlarına əməl etmək məcburiyyətində deyillər və onları «yoxlamaq, üzərlərini axtarmaq və ya həbs etmək» olmaz. Vəzifə səlahiyyətləri də genişdir – şəhər administrasiyasının və polisinin fəaliyyətini istiqamətləndirmək və ona nəzarət. Bununla yanaşı, yeni qurumun əməkdaşları kəşfiyyat məlumatları toplaya, lazım gəldikdə bilavasitə milli təhlükəsizliyə təhdidlə bağlı cinayət işi aça bilərlər. Milli təhlükəsizliyə təhdidin nə olduğu isə yeni qanunla əks edilib.

 

Yeni qanun necə tətbiq ediləcək?

Yeni qanunda bildirilir ki, separatçılıq, pozuculuq, terrorçuluq fəaliyyəti, Çinin mərkəzi hökumətinə və Honkonqun regional hökumətinə qarşı nifrətin yaradılması üçün əcnəbilərlə əlbirliyə görə 3 il həbsdən ömürlük azadlıqdan məhrumetməyədək cəza nəzərdə tutulur.

Hüquqşünaslar isə deyir ki, qanunda bu cinayətlərlə bağlı dəqiq tərif yoxdur, bu isə gen-bol təfsir edilməsinə yol açacaq. Məsələn, istər yerli, istər mərkəzi hökumətin tənqid olunması «nifrət yaradılması» sayılırmı? Qanunun ictimaiyyətə açıqlanmasından dərhal sonra jurnalistlər Honkonqun ədliyyə nazirindən bu maddədə konkret nəyin nəzərdə tutulduğunu soruşsalar da, o, suala dəqiq cavab verə bilməyib. Bəlkə də, ona görə ki, qanunda onun təfsirilə bağlı müstəsna hüququn Honkonqun deyil, materik Çininin məhkəmə və siyasi orqanlarında olduğu yazılıb. Üstəlik, yeni qanun şəhərin qanunvericiliyilə ziddiyyət təşkil edərsə, üstünlük yeni qanuna verilir.

İndi Honkonq polisi mənzillərdə məhkəmənin orderi olmadan axtarış aparmaq, internet firmalarına kontentin silinməsi göstərişini vermək, onların avadanlıqlarını müsadirə etmək hüququna malikdir. İnternet firmaları və fərdi şəxslər isə milli təhlükəsizliyə təhdid hesab olunacaq bütün informasiya və ya elektron məlumatı internetdən silməli, yaxud görünməz etməlidir.

Bundan başqa, hökumətin qərarından asılı olaraq, məhkəmə prosesləri dövlət sirrinin, ictimai asayişin qorunması və ya «digər şəraitə uyğun olaraq» qapalı keçirilə bilər.

Corc Vaşinqton Universitetinin professoru, Çin hüququ sahəsində ixtisaslaşmış Donald Klarkın sözlərinə görə, Honkonqun qanununun bəzi maddələri materik Çininin qanunundan sərtdir.

Professor deyir ki, qanun dünyanın istənilən nöqtəsində törədilmiş əmələ görə (məsələn, Çinin partiya və ya siyasi rəhbərliyinin tənqid olunması) cinayət məsuliyyəti nəzərdə tutur ki, bu da ÇXR-in Cinayət Məcəlləsinin əhatəsilə müqayisədə daha genişdir. Donald Klark deyir ki, sizin fəaliyyətinizin Çinə heç bir aidiyyəti olmasa belə,  əməliniz Honkonqun hüquq-mühafizə orqanlarının diqqətini çəkə bilərsə, Honkonqdan, ümumilikdə Çindən və sizi Pekinə təhvil verə biləcək ölkələrdən uzaq durun.

 

Sosial şəbəkələr narahatdır

Hüquq məsələləri üzrə ekspertlər hesab edirlər ki, milli təhlükəsizlik üzrə qanun şəhərdə istənilən insana – fəal dissidentlərdən tutmuş, siyasi müzakirələr aparan adi vətəndaşlaradək tətbiq oluna bilər. ÇXR hökumətinə tənqiddən ibarət istənilən bəyanat və ya fikir bu qanunun təsir dairəsinə düşür.

Nəticədə, ömürlük həbs və ciddi cərimə (13 min ABŞ dollarınadək) cəzası çox sayda smartfon və internet istifadəçisində qorxu yaradıb. Bəziləri SMS yazışmalarının şifrəli olması üçün tətbiqlər yükləyir, digərləri sosial şəbəkələrdəki postlarını silir və şəbəkəyə təhlükəsiz qoşulma proqramından (VPN) istifadə edir. Üstəlik, bu tədbirləri istinasız olaraq, hər kəs görür: Pekinin Honkonqun işlərinə qarışmasının əleyhdarları da, tərəfdarları da. Hətta siyasətə xüsusi marağı olmayan insanlar belə, özlərindən olmasalar da, daha açıq olan dostlarına görə narahatlıq keçirdiklərini etiraf edirlər.

«WhatsApp», «Facebook», «Google», «Twitter» və «Zoom» artıq iyulun ilk günlərindən Honkonq hökumətinin istifadəçi məlumatları ilə bağlı sorğularına cavab verilməsini dayandırdıqlarını bəyan ediblər. Bu qurumlar hələ bir müddət hadisələrin inkişafını müşahidə edəcəklərini, yeni qanunun insan haqlarına necə təsir göstərdiyini müəyyənləşdirməyə çalışacaqlarını bildiriblər.

Bu arada, müxalifət fəalları artıq şəhəri tərk etməyə başlayıblar. Məsələn, Honkonq Xalq Cəbhəsi şəhərdə fəaliyyətini dayandırdığını, bundan sonra ölkədən kənarda fəaliyyət göstərəcəyini elan edib.

Amma artıq şəhəri yalnız müxalifətçilər yox, sadə vətəndaşlar da tərk edir. Bunu 1997-ci ildə baş vermiş axınla müqayisə edirlər. Xatırladaq ki, o zaman şəhərin Çinin yurisdiksiyasına verilməsi ərəfəsində milyonlarla sakin Honkonqu tərk etməyə başlamışdı. Lakin onda Pekinin keçmiş Britaniya müstəmləkəsinin işlərinə qarışmayacağı vədinə sadiq olduğunu görən insanların çoxu sonradan geri dönmüşdü. Ekspertlərin fikrincə, bu dəfə belə ümid yoxdur.

 

Dünya ölkələrinin fikri haçalanıb

Onlarla ölkə Honkonqda baş verənlərlə bağlı mövqeyini açıqlayıb. Pekinin əməllərini dəstəkləyənlərlə pisləyənlər, demək olar ki, eyni qədərdir – hər tərəfdə 70-dən çox dövlət yer alır. Bu günə Honkonqu tərk etmək istəyən sakinlərə az-çox konkret təklif yalnız Böyük Britaniya ilə Tayvandan gəlib.

Britaniyanın baş naziri Boris Conson xüsusi xarici pasportu BN (O) olanlara (Honkonq vətəndaşlarının təxminən 3 milyonunda belə pasport var) Britaniya vətəndaşlığının sadələşdirilmiş şərtlərlə veriləcəyini bildirib. Söhbət Britaniyanın keçmiş müstəmləkəsinin 1997-ci ildə Çinə qaytarılmasınadək doğulmuş insanlardan gedir.

«Reuters» xəbər verir ki, Tayvan da Honkonq sakinlərini qəbul etməyə hazırlaşsa da, onlarla birlikdə ölkəyə Çin casuslarının da daxil olacağından ehtiyatlanır. Yaponiya isə bu ölkəyə üz tutmaq niyyətində olan honkonqlu mütəxəssislər üçün xüsusi güzəştli rejimin hazırlanmasına başlayıb. ABŞ-da hər iki partiyadan olan qanunvericilər təqiblərlə üzləşəcək Honkonq sakinlərinə qaçqın statusunun verilməsinə yol açacaq qanun layihəsilə çıxış ediblər. Almaniya və digər Aİ ölkələrinin rəhbərliyi isə artıq emiqrasiya ilə bağlı lazımi qanunvericiliklərinin olduğunu deyirlər.

Prinsipcə, hələlik dünya ictimaiyyətinin Honkonqun probleminə diqqəti bununla məhdudlaşır. Qərb bir sıra səbəblərdən indiki şəraitdə hansısa konkret addım atmağı (formal deyil, ciddi), sanksiyalar tətbiq etməyi və s. düşünmür. Səbəb həm Qərbin özünün üzləşdiyi iqtisadi problemlərdir, həm Çinin Avropa da daxil olmaqla, bir çox ölkənin iqtisadiyyatına ciddi inteqrasiyasıdır. Başqa səbəblər də var.

ABŞ Honkonqa müdafiə qurğularının ixracını dayandırdığını, orada ikili təyinatı olan texnologiyalardan istifadəni məhdudlaşdırdığını bəyan edib. Lakin bunun, həqiqətən, belə olub-olmadığını demək çətindir.

Artıq iyulun ilk günlərində ABŞ Senatı və Nümayəndələr palatası Honkonqun Çindən «yüksək muxtariyyət statusu»na son qoyulması istiqamətində fəaliyyət göstərən şəxslərə mütləq sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini yekdilliklə təsdiqləyib. Qanun layihəsində onları maliyyələşdirən maliyyə qurumlarına da sanksiyaların tətbiqi nəzərdə tutulur.

İndi parlamentin tələm-tələsik qəbul etdiyi bu sənəd prezident Trampın imzasını gözləyir. Lakin onun qanun layihəsini nə vaxt imzalayacağını, hətta ümumiyyətlə, imzalayıb-imzalamayacağını heç kəs bilmir. Ötən ilin sonunda o, Sintszyan-Uyğur muxtar rayonundakı həbs düşərgəsində insan haqlarını pozmaqda təqsirləndirilən çinli məmurlara sanksiya tətbiqindən imtina etmişdi.

Böyük Britaniyada isə ölkənn Çinlə münasibətə dair strategiyasına tam yenidən baxılması ilə bağlı çağırışlar artır. Lakin bu artan skeptisizmi hər kəs bölüşmür. Onların sırasında baş nazir Boris Conson da var. Ölkə parlamentində və hökumətindəki nüfuzlu dairələr düşünür ki, Böyük Britaniya Pekinlə siyasi savaşa girməməlidir. Çünki «Brexit»dən sonra, üstəlik, pandemiya şəraitində ölkə iqtisadiyyatının dirçəldilməsi üçün Çin investisiyalarına ciddi ehtiyac var.

 

Uğurlu zaman seçimi

Belə təəssürat yaranır ki, ÇXR sədri Si Cinpin nüfuz dairəsinin Honkonqa doğru gernişləndirilməsi üçün doğru zaman seçib. Çinin yüksək rütbəli məmurları qeyri-rəsmi söhbətlərdə etiraf edirlər ki, Pekin honkonqluların mühacirətə getməsinə ciddi maneə yaratmaq niyyətində deyil. Çünki onlar xüsusi biznesin, yüksəkixtisaslı kadrların yaxşı qazancdan imtina etməyəcəyinə, Honkonqda qalacağına əmindirlər. Yeri gəlmişkən, biznes nümayəndələri də yeni qanunun onların maraqlarına toxunmayacağı təqdirdə, Pekinlə əməkdaşlığa hazır olduqlarının mesajlarını verirlər. Məsələn, Honkonqun ən nüfuzlu biznes qrupu olan, özündə, təxminən, 1400 şirkəti birləşdirən Amerika Ticarət Palatası (AmCham) beynəlxalq biznes mərkəzi kimi, Honkonqda qalmaq niyyətindədir. Ona lazım olan yeganə şey hökumətin bəzi məsələlərə aydınlıq gətirməsidir – yeni qanun necə təfsir və tətbiq olunacaq, şəhərdə işləyən, ona investisiya yatıran Amerika şirkətlərinə necə təsir göstərəcək.

İri biznesdə sakitliyin və sabitliyin davam etməsi Honkonq birjasının fəaliyyətinə də təsir göstərib. «Hang Seng» indeksi kəskin tənəzzüldən sonra bərpa olunub, Honkonq dolları gücünü qoruyub saxlayır, kapital axını müşahidə olunmur.

Sentyabrda isə Honkonq Xüsusi İnzibati Rayonunun parlamentinə seçki keçirilməlidir. Onun nəticəsi şəhər sakinlərində son 23 ilin qiyamçı ruhunun davam edib-etmədiyini göstərəcək. Sentyabrda məlum olacaq ki, onlar qanunverici orqana öz nümayəndələrini keçirə biləcəklər, yoxsa parlamentdəki 70 yerin hamısını tarixdə ilk dəfə olaraq, mərkəzi hökumətin tərəfdarları tutacaq.



MƏSLƏHƏT GÖR:

234