26 Aprel 2024

Cümə, 01:46

TƏK ƏLDƏN SƏS ÇIXMAZ

Dünya liderləri Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiya ilə birgə mübarizə yollarını müzakirə edəcəklər

Müəllif:

15.07.2020

Turizm, idman, mədəniyyət, şou-biznes – bütün sahələr «donub». Olimpiya oyunları və futbol matçlarını yoluxanların, sağalanların və təəssüf ki, ölənlərin gündəlik sayı, yeni klinikaların açılışı, yeni dərman preparatlarının sınağı və peyvəndin hazırlanması haqda xəbərlər əvəzləyib.

Bütün bunların fonunda bu dövr ərzində böyük diplomatiyada koronavirusla mübarizəyə hesablanmış ciddi təşəbbüslərin olmaması, sözün əsl mənasında, təəccüblüdür. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü son dərəcə qiymətlidir.

Artıq Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək olaraq, 130-dan artıq dövlət BMT katibliyinə müraciət edib. Onların arasında Qoşulmama Hərəkatının, Avropa İttifaqının üzvləri, Rusiya və s. var. «Bu təşəbbüsün reallaşması üçün bizə 97 səs lazım idi. Biz isə 130-dan çox ölkənin səsini qazandıq», - deyə Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib.

 

Pandemiya ilə birgə mübarizə

Bu yerdə, yəqin ki, yaxın keçmişə qısa ekskursa ehtiyac var. Mayın 4-də Azərbaycan Prezidentinin sədrliyilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında sammiti keçirilib. O zaman sammitin formasını (o, videokonfrans şəklində keçirilib) və gündəliyini koronavirus pandemiyası müəyyənləşdirmişdi. Sammitdə Azərbaycan Prezidenti yalnız ölkədə COVID-19 epidemiyası ilə mübarizə istiqamətində görülən işlərdən danışmayıb, həm də təşəbbüslə çıxış edib: «…Qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik. Hamımız üçün bu çətin dövrdə mən bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət edirəm».

BMT Nizamnaməsinə əsasən, «Baş Assambleyanın növbəti illik sessiyasından başqa xüsusi sessiyası şəraitin tələbilə keçirilə bilər. Xüsusi sessiya baş katib tərəfindən Təhlükəsizlik Şurasının və ya təşkilat üzvlərinin əksəriyyətinin tələbilə çağırılır». İndiyədək cəmi 30 belə sessiya çağırılıb. İlk belə toplantı BMT-nin fəaliyyətə başladığı 1947-ci ildə keçirilib. Xüsusi sessiyalarda ən müxtəlif məsələlər müzakirə olunub – o zaman hələ Britaniyaya məxsus Fələstinin taleyi (bölgədə yəhudi və ərəb dövlətlərinin yaradılması haqda qərar qəbul olunub), Tunisdəki vəziyyət, aparteidlə mübarizə, tərk-silah edilmə və s.

Hazırda gündəmdə COVID-19 pandemiyası ilə mübarizədir. Bu isə həqiqətən qlobal çağırışdır. İndi Azərbaycan Prezidentinin təşəbbüsü ilə məsələ dünya liderlərinin müzakirəsinə çıxarılmalıdır.

Xüsusi sessiyaya hazırlıq məsələləri İlham Əliyevin BMT-nin baş katibi Antoniu Qutyerreşlə iyulun 8-də baş tutmuş telefon danışığında da müzakirə edilib. Azərbaycan Prezidenti baş katibə Azərbaycanın təşəbbüsünü dəstəklədiyi üçün təşəkkür edib, bildirib ki, Bakı BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunacaq xüsusi sessiyasının keçirilməsi üçün texniki-logistik məsələlərin həllinə töhfə verməyə hazırdır.

Xüsusi sessiyanın keçirilməsi təşəbbüsünü dəstəklədiyini deyən Qutyerreş isə texniki-logistik məsələlərin həllində Azərbaycanla əməkdaşlığa hazır olduqlarını söyləyib. «İnterfaks-Azərbaycan»ın məlumatına görə, tərəflər xüsusi sessiyanın COVID-19 ilə mübarizədə vacib addım olacağına əminlik ifadə edib.

Artıq iyulun 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin xüsusi sessiyanın təşkili üçün hazırlığa başladığını bildirib. «Qoşulmama Hərəkatının təşəbbüsü ilə – bu il ona Azərbaycan başçılıq edir – BMT Baş Assambleyasının COVID-19 mövzusunda xüsusi sessiyası keçiriləcək. O, bir müddət sonra baş tutacaq. Bu gün – iyulun 10-da xüsusi sessiyanın çağırılması zamanı əsas götürüləcək qaydaların müəyyənləşdirilməsinə başlanılıb. Koronavirus infeksiyasının yayıldığı şəraitdə həmişəkindən fərqli olaraq, distant formatda təşkil edilən tədbirlərin təşkilati-prosedur məqamları razılaşdırılmalıdır. Bu səbəbdən, hazırda yalnız prosedur məsələləri müzakirə edilir, xüsusi sessiyanın çağırılacağı tarix isə hələ müəyyən edilməyib», - deyə TASS-ın məlumatına görə, S.Lavrov qeyd edib.

 

COVID-19 – məsələnin dəyəri

Dünya artıq İtaliya və İspaniyadakı «epidemioloji apokalipsis»lə tanışdır. O da məlumdur ki, səhiyyə sistemi Avropa ilə müqayisədə daha zəif olan Asiya, Afrika və Latın Amerikası ölkələrində bu pandemiya daha ciddi təhlükə yaradır. Üstəlik, ÜST-ün qiymətləndirməsinə görə, pandemiya hələ indi qızışır. Ekspertlər isə epidemiya və onun qarşısının alınması üçün tətbiq edilən karantin qaydalarının iqtisadi fəsadlarının da olduğunu xatırladır. Başqa sözlə, dünya «böyük depressiya» ilə müqayisədə daha dərin böhranla üzləşə bilər. Odur ki, BMT-nin baş katibi Antoniu Qutyerreş dünyanın bütün dövlətlərinin hökumətlərini ərzaq təhlükəsizliyinin təmini üçün təcili tədbirlər görməyə çağırıb. O, milyonlarla insanın hələ pandemiyadan əvvəl aclıqdan əziyyət çəkdiyini xatırladıb və bildirib ki, indi ərzaq çatışmazlığı ilə üzləşən insanların sayı sürətlə artır. Odur ki, təcili tədbirlərin görülməyəcəyi təqdirdə qlobal ərzaq böhranının başlama ehtimalı yüksəkdir. BMT-nin baş katibi hesab edir ki, bu halda böhranı yüz milyonlarla insan, o cümlədən uşaqlar və yaşlılar hiss edəcək.

Bu yerdə Azərbaycanın ayrı-ayrı dövlətlərə o cümlədən COVID-19 ilə mübarizə məqsədilə yardımlar ayırdığını da xatırlatmaq yerinə düşər. Bakı artıq təşəbbüslə çıxış etdiyi dövrdə «auditoriyanı genişləndirməyə» çalışırdı. Qoşulmama Hərəkatının videokonfransında BMT-nin baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika Şurasının sədri, ÜST-ün baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirak edirdilər. Bu, vəziyyəti kökündən dəyişərək, daha geniş formatda dialoqu qaçılmaz etmişdi.

 

Diplomatiyanın yeni tarixi

Bu, Azərbaycanın çıxış etdiyi ilk önəmli təhəbbüs deyil. Məsələn, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda vacib layihə olan «Bakı prosesi»ni xatırlamaq olar. «Bakı prosesi»nə 2008-ci ildə start verilib – həmin il dekabrın 2-3-də Azərbaycanda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilib. «Mədəniyyətlərarası dialoq – Avropada və qonşu regionlarda sülh və dayanıqlı inkişafın əsasları» mövzusunda keçirilən tədbirə Azərbaycanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatına üzv 10 ölkənin də mədəniyyət və turizm nazirləri qatılmışdı. Beləliklə, məhz Azərbaycanın təşəbbüsü ilə konfransın formatı dəyişmişdi. Onun işində 48 ölkə, 8 beynəlxalq qurum və müxtəlif qeyri-hökumət təşkilatlarından yüksəkrütbəli nümayəndələr iştirak etmişdi. Konfransın sonunda qəbul edilmiş «Bakı bəyannaməsi»ndə dünya mədəniyyətlərarası dialoqu genişləndirməyə çağırılırdı.

Təxminən, 1 il sonra – 2009-cu il oktyabrın 13-15-də Azərbaycan paytaxtında İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransı təşkil edilib. Burada isə 10-dan artıq Avropa ölkəsinin də nümayəndələri iştirak edib.

Nəhayət, BMT Baş Assambleyasının 2010-cu il sentyabrın 23-də keçirilmiş 65-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bununla da, «Bakı prosesi» qlobal miqyas alıb.

O zaman Azərbaycan özünün nadir üstünlüyündən ağılla və əminliklə istifadə etmişdi. Məsələ ondadır ki, Bakı həm Avropa Şurasının, həm də İƏT-in üzvüdür. Burada Azərbaycanın unikal xüsusiyyətlərindən olan tolerantlıq, həmçinin onun Şərqlə Qərb, Şimalla Cənub arasında tarixi körpü rolu da öz sözünü deyib. Çoxları Türk Şurasının bu yaxınlarda keçirilmiş videosammitinə də eyni nöqteyi-nəzərdən yanaşır. Onun işində Macarıstanın baş naziri Viktor Orban da iştirak edib.

İndi Azərbaycan yeni əməkdaşlıq çərçivələri və formatları yaratmaqla, görüş və təşəbbüslərin coğrafiyasını genişləndirir. Dünyanın gündəmini COVID-19 pandemiyasının zəbt etdiyi indiki şəraitdə Azərbaycanın növbəti əhəmiyyətli beynəlxalq təşəbbüslə çıxış etməsi də təəccüblü deyil. O, bu dəfə də Qərblə Şərq arasında körpü kimi çıxış edir. Bu, sadəcə gəlişigözəl sözlər və arzular deyil. Söhbət konkret təklifdən, səylərin birləşdirilməsinə çağırışdan, konkret proqramla çıxışdan gedir. Başqa sözlə, müasir beynəlxalq siyasətdə məhz bu çatışmır və məhz buna tez-tez ciddi ehtiyac duyulur.

 

Bəs, bunun əleyhinə olan kimdir?

Bakının bütün beynəlxalq təşəbbüsləri onun bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyinin bu və ya digər dərəcədə möhkəmlənməsinə xidmət edir. İndiki halda Azərbaycan prezidentinin humanitar təşəbbüsü BMT-yə üzv dövlətlərin üçdə ikisi tərəfindən dəstəklənib. Bu, BMT və digər beynəlxalq qurumlarda Azərbaycanın «lehinə» olan səslərin göstəricisidir.

BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxan yeganə dövlət isə Azərbaycan ərazisinin 20%-ni işğal etmiş Ermənistandır. «Bu, bir daha onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir», - deyə İ.Əliyev qeyd edib. Dövlət başçısı hesab edir ki, Ermənistan bu qərarı ilə özünü bir daha dünyadan təcrid edib: «Biz öz təşəbbüsümüzlə dünyanı birləşdirmək istəyirik. İstəyirik ki, dövlətlər həmrəylik göstərsin, inkişaf etmiş ölkələr yoxsul dövlətlərə koronavirusla mübarizədə yardım etsin. Odur ki, Ermənistanın mövqeyi başadüşülən deyil».

Sonda onu da əlavə edək ki, bütün bunların fonunda İrəvan dünyaya onun koronavirusla mübarizəsinə dəstək olması üçün, sözün əsl mənasında, yalvarır. Eyni zamanda, o, bu mübarizədə sistemli məğlubiyyətə uğradığını da etiraf etmək məcburiyyətində qalıb. Necə deyərlər, «şərhsiz»!



MƏSLƏHƏT GÖR:

300