20 Aprel 2024

Şənbə, 10:58

KİNO METRLƏRİ KİNOMETR HAQQINDA

Azərbaycan filmləri necə olmalıdır: Milli Kino Günü ərəfəsində söhbətlər

Müəllif:

01.08.2020

Düz 122 il öncə, yəni 2 avqust 1898-ci ildə fransız əsilli Bakı fotoqrafı, Rusiya vətəndaşı Aleksandr Mişon o dövrdə şəhər sakinləri üçün qeyri-adi olan tamaşa nümayiş etdirib. O, üç müəllif süjeti və Bakı bağlarından birində baş verən gülməli hekayələrdən ibarət "İlişdin" sənədli filmini göstərib. Əsərlərin premyerası Birjevaya küçəsində yerləşən V.Vasiliyev-Vyatski taxta sirk teatrında (indiki Üzeyir Hacıbəyov küçəsindəki poçt şöbəsinin binasında) baş tutub. Filmlər həmin il keçiriləcək Paris Dünya Sərgisində iştirak üçün çəkilmişdi. Məhz həmin gün - 2 avqust Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə rəsmi olaraq Milli Kino Günü kimi təsdiq edilib.

Ancaq sən demə, Azərbaycan kinosunun tarixi əvvəllər düşünüldüyü kimi 20-ci əsrdən deyil, 19-cu əsrdən başlayırmış. Bu barədə sensasiyalı bir yeniliyi üzə çıxarmaqla kifayətlənməyib, bunu sənədlərlə sübut edən şəxsin adını çəkməsək, bu əlamətdar hadisə barədə məlumatımız dolğun olmazdı. Həmin şəxs Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kinoşünas Aydın Kazımzadədir.  

Beləliklə, artıq 122 ildir ki, Azərbaycan kinosu dünyanın bütün kinoları ilə birlikdə Zamanda yürüş edir, dünyaya həm dövlət sifarişi ilə, həm də kommersiya əsasında çəkilmiş bədii və sənədli filmlər, müəllif filmləri təqdim edir. Azərbaycan filmləri beynəlxalq festivalların iştirakçısı olur və mükafat alıb-almamasından asılı olmayaraq, diqqətdən kənarda qalmır. Zamanın bəşəriyyətə iqtisadi böhran və ya pandemiya şəklində yaratdığı bütün çətinliklərə baxmayaraq, Azərbaycan kinosu yaşayır və inkişaf edir: seriallar, qısametrajlı filmlər, sənədli filmlər , müəllif filmləri, cizgi filmləri çəkilir.

Ölkə kinematoqrafçılarının peşə bayramı ərəfəsində “R+” həm yerli kinonun metrləri, həm də yeni başlayanları ilə, yəni onun tarixini yaradanlarla ünsiyyətə ehtiyac duydu.

 

Oqtay Mir-Qasım

Xalq artisti, rejissor, ssenarist, yazıçı, prodüser, professor, bir çox milli və beynəlxalq mükafatların laureatı, həmçinin Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatının laureatı və Azərbaycan kinosunun inkişafındakı xidmətlərinə görə ordenlərin sahibi.

- Siz yerli kinonun metrlərindən biri sayılırsınız və onun barəsində hər şeyi bilirsiniz. Sizcə, dünya kinosunun müxtəlif janrları: kommersiya və ya arthaus filmləri ilə yaxşı tanış olan bugünkü tamaşaçımız milli kinodan nə gözləyir?

- Əslində, hər şeyi bilmək mümkün deyil. Lakin əldə edilmiş bilik, onun cüziliyini anladığınız an, özəlliklə dəyərli olur. Dünyadakı hər bir ayrıca götürülmüş izləyci kimi, bizim izləyicimizin də kinoda özünəməxsus istəkləri var. Mənə elə gəlir ki, unutmamalı olduğumuz əsas məsələ kinonun ən təsirli sənət növlərindən biri olmasıdır. Bugünkü dünya kinematoqrafı öz şərtsiz uğurları ilə yanaşı, təəssüf ki, müəyyən qüsurlara malikdir: kütləyə iddiasız zövq, mənəviyyatsızlıq və inkişaf üçün səbəbsizlik stereotipləri sırıyır.  

Bununla yanaşı, unutmaq olmaz ki, toplum öz estetik zövqlərinə görə bircins deyil. Bizdə fərqli formatlarda nümayiş salonları açılarsa, çox yaxşı olardı. Yeri gəlmişkən, bu da dünya təcrübəsidir. Özü də, müsbət nəticələr verir. Çünki həmişə məhdudiyyətsiz seçim imkanı var: kimsə baxmaq üçün melodrama gedəcək, kimsə - tarixin ekranlaşdırılmasına, kimsə - trillerə və ya döyüş filminə, kimsə də - psixoloji dramı seçəcək.  

Hələ ki, bu, yoxdur və aşağı keyfiyyətli məhsulların kütləvi sırınması gedir. Unutmayaq ki, gənc rejissorlar da kinoteatrlara gedirlər. Onlar da orada bu "uğurlu kino"lara baxırlar və bu, bəziləri üçün örnək olur. Yenə də bədbəxtçilikdən. Mən bacardığım qədər apardığım müşahidələrdən belə anladım ki, aşağı keyfiyyətli kinonun sırıdığı davranış stereotipləri təkcə cəmiyyətdə zorakılıq yaymaqla qalmır, həm də insanın psixostrukturunu dəyişdirir, onu mənəviyyatdan məhrum edir.

Təəssüf ki, bu meyil neçə illərdir ki, ölkəmizdə təkcə mövcud olmaqla qalmır, həm də inkişaf etməkdədir. "Ucuz" çəkilmiş çox sayda aşağı keyfiyyətli komediya psixikanı şikəst edir və insanlara "mənəviyyat" sözünü unutdurur. Bu - FƏLAKƏTDİR! Bu, çoxdan həll edilməli ictimai-sosial problemdir. O, toplumun bütün layları arasında açıq müzakirə tələb edir. Bəlkə də, onda nəyi göstərilməyinə və nəyin izləməyə ehtiyac olduğu anlaşılacaq.

 

Fəridə Nesterenko

Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının aktrisası və kinoaktrisa. Çox sevilən "Bir ailəm var" serialında (Alina), "Miras" filmində (Anna Nobel), "Keçmişdən gələn zəng" filmində (Sonya) və s. rolların ifaçısı.  

- Fəridə, sizin seriallarda və tammetrajlı filmlərdə iş təcrübəniz var. Çəkiliş qrupu harada daha çox peşə məsuliyyəti göstərir, personajların xarakterinin və həyat şərtlərinin əsli barədə ətraflı müfəssəl öyrənmə və dərindən qavrama imkanlarına sahibdir?

- İstər seriallar olsun, istər tammetrajlı filmlər - peşəkar məsuliyyət hər bir layihə iştirakçısından asılıdır. O cümlədən aktyorlardan da. İstənilən rolun materialı ətraflı və dərindən öyrənilməlidir: xarakterin özəllikləri, ilkin şərtləri, qəhrəmanı əsas münaqişə səviyyəsinə aparan səbəb və nəticələr, həmçinin peşəkar sənətkarlıq anlayışına daxil olan çox şey. Yeganə fərq ondadır ki, seriallarda tez-tez qəhrəmanla birlikdə "burada və indi" zaman strukturunda improvizasiya edən - inkişaf etdirilən süjetin fəzasında "uçmaq" lazım gəlir. Sənin hər şeyi düşünməyə, götür-qoy etməyə, səhnədə məşq etməyə vaxtın olmur: obrazdan çıxmadan qəhrəmanla birlikdə süjetin gözlənilməz dəyişiklərinə uyğunlaşmaq lazımdır. Düşünürəm ki, bu, istənilən aktyor üçün çox yaxşı peşə hazırlığıdır. Baxmayaraq ki, bu, yüksək emosional gərginlik tələb edir.

 

Emil Quliyev

Rejissor, ssenarist, prodüserdir. 30 qısametrajlı bədii film çəkib, "Pərdə" adlı üç tammetrajlı hekayənin müəllifidir. Payızda premyerası planlaşdırılan "Mən burda tək olmuşam" adlı dördüncü isə tamamilə yeni bir kino əhvalatdır. Bir milyondan çox baxışı olan birinci filmi və iki milyondan çox baxışı olan ikinci filmi ilə yüksək reytinqi var. Üçüncü filmi hələ üzə çıxmayıb, amma izləyiciyə göstəriləcəyinə ümid var. Gəncdir, cəmi 34 yaşı var və böyük kinoya öz mövzusu ilə daxil olub, bu da yeni başlayan rejissorlarda nadir hallarda alınır.

- "Pərdə" filmi bəlkə də sizi şöhrətli etmədi, amma tanıtdı, bu dəqiqdir. Siz kinoya öz mövzunuzla daxil oldunuz. İşinizlə bağlı rəylər və təəssüratlar fərqlidir. Ancaq filminizi qəbul edənlər də, bütün mövqeləri ilə razılaşmayanlar da bu filmləri izləməyə davam edirlər və ardını gözləyirlər. Bəlkə bu, çağdaş toplumun ağrılı nöqtəsini tapdığınıza görədir? Yeni başlayan kimi, necə düşünürsünüz, tamaşaçı üçün nəyi çəkmək daha yaxşıdır – kommersiya filmi, yoxsa arthaus filmi?

- Düzünü deyim ki, elə də dərindən təhlil eləməmişəm. Məşhur olub-olmamağımın mənim üçün önəmi yoxdur. Önəmli olan insanların bu filmlərə baxmasıdır. Onlar baxırlar və məni "eşidirlər". Mənim düşüncələrim, hisslərim və baxışlarım çağdaş Bakı şəhərinin həyatında var olan qlobal insan problemi ilə bağlıdır. XXI əsrin Bakısının. Mənim ağrılı nöqtə axtarmağa ehtiyacım yox idi. Mən bu şəhərin adamıyam və filmlərimdə bəhs etdiyim mühitdənəm. Uydurma bir şey yoxdur. Ancaq barəsində danışmaq doğru sayılmayan gerçəklik var. Danışmaq doğru sayılmır, amma belə yaşamaq norma kimi görünür. İkili standartlar norması. Buna görə də mövzu gizli matriarxatlıq problemi oldu. Mən nə danışdığımı bilirəm. Mən bu mühitdə böyümüşəm. Bu filmləri izləyənlər də məni anlayırlar. «Pərdə» filmlərində alışılmış anlamda baş qəhrəman yoxdur. Müəyyən dərəcədə bu qəhrəman - Şəhər və Zamandır. Kommersiya kinosunu incəsənət saymıram. Arthaus kinosu - ürəklərə, düşüncələrə və hətta insanların ruhuna aparan yoldur. Bu, ürəkdən açıq və dürüst söhbət imkanıdır. Bir-birimizlə. Biz daha yaxşı olmaq üçün gerçəyi özümüzə və başqalarına söyləməliyik. Yoxsa, biz bu dünyaya niyə gəlirik? "Mən burada tək olmuşam" filmini bitirdikdən sonra nə çəkəcəyimi bilmirəm. Ancaq əminəm ki, bu da açıq, dürüst bir söhbət olacaq. İnsanlar üçün və insanlar haqqında filmlər çəkmək istəyirəm. Tanıdığım və yaşadığım mühitin insanları haqqında. İnsanlar üçün kino isə dürüst olmalıdır.

 

Kiçik kino janrı haqqında  

Bu gün multiplikasiya incəsənətini xatırlamamaq ədalətsizlik olardı. Bu kino növü böyük kinodan xeyli gəncdir, çünki ilk multfilmlər, o cümlədən «Abbasın bədbəxtliyi» (ssenari A.Popov, rejissor E.Dikarev) yalnız 1930-cu illərdə xalq nağılları əsasında çəkilib. Sovet dövründə Azərbaycanın multiplikasiya incəsənəti İttifaq respublikalarının multiplikatorları arasında aparıcı yerlərdən birini tuturdu, bunu müxtəlif film festivallarında və müsabiqələrdə qazanılmış mükafatlar təsdiqləyir. Firəngiz Qurbanova bütün peşə həyatını bu kino incəsənət növünə həsr edib. Rəssam-multiplikator kimi ilk işi («Niyə bulud ağlayır», rejissor Sərdarov, 1973) uğurlu olub: multfilm VII Bakı Kino Festivalında münsiflər heyətinin mükafatını alıb (1974).

 

Firəngiz Qurbanova

Azərbaycanın Əməkdar incəsənət xadimi, Dövlət Rəssamlıq Akademiyasının professoru, «Birlik» kinostudiyasının rəhbəri, animasiya filmlərinin rejissoru və rəssamı, Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdindəki Kino məktəbinin animasiya filmi rejissorluğu şöbəsinin rəhbəridir.

- Niyə rəsmli multiplikasiya animasiya janrından kənarlaşdırılır, bu incəsənət növünü uşaqlar və ölkə mədəniyyəti üçün qorumaqla bağlı hansı tədbirlər görmək lazımdır?

- Düşünürəm ki, animasiya kinosunun vəziyyəti haqqında bütövlükdə ölkəmizin bir incəsənət növü kimi danışmaq lazımdır. Bu durumda yada salmaq gərəkdir ki, incəsənət yönümlü ali məktəblərə qəbul olan tələbələrdə dünyaya özəl bir baxış istedadı var. Sadə dillə deyilsə, ətraf dünyanı rəsm şəklində təsvir etmək bacarığı. Ancaq indi hər kəsin öyrənə biləcəyi kompüter proqramları var. Hətta rəsm çəkməyi bacarmayanların da. Hətta rəsm üçün heç bir istedada ehtiyac yoxdur, proqramdan məharətlə istifadə etmək lazımdır! Təəssüf ki, ölkəmizdə və həm də ölkəmizdən kənarda, uzun illərdir ki, animasiya filmlərinin yaradılması üzrə bədii prosesdə tələbələrin canlı rəsmlərinə deyil, kompüter proqramı ilə işləməsinə üstünlük verilir. Bu, bütün animasiya filmlərinin təsvirlərinin simasızlığının və eyni tipliyinin nəticəsində oldu. Onlar son nəticədə reklam-məlumat xarakteri qazandılar. Bunun da böyük incəsənətə heç bir aidiyyəti yoxdur. Bu, rəssamların deyil, logistiklərin sənətidir! Unutmaq lazım deyil ki, dövlət animasiya filminin bahalı istehsalını maliyyələşdirərək, Azərbaycan filmlərinin xaricdə nüfuzlu film festivallarında tanınması kimi bir nəticəyə ümid edir.  

Lakin bu, multfilmlərin bədii-təsviri həllində müəllif-insanın parlaq ifadə edilmiş fərdilik şərtilə mümkündür. Ekran kompüter proqramı ilə deyil, bir insanın - bir sənətkarın əli ilə yaradılan canlı xəttin təsvirini təqdim etməlidir. Bu gün "Birlik" kinostudiyası yeganə qurumdur ki, Kinematoqrafçılar İttifaqı və SSRİ Dövlət Kinematoqrafiya Komitəsi tərəfindən təsdiqləndikdən (1988) sonra, ekranda rəssamlıq qrafikasından istifadə edərək müəllif animasiya filmləri ənənəsini qoruyur. Yalnız animasiya içərisində bədii qrafika üslubunun qorunması sayəsində Mədəniyyət Nazirliyinin sifarişi ilə «Birlik» kinostudiyası tərəfindən lentə alınan multfilmlər Rusiya, Almaniya, Ukrayna, Yaponiya, İran, Qazaxıstan və Gürcüstanda keçirilən beynəlxalq kinofestivalların iştirakçısı, mükafatçısı və diplomçusu olub.  

2019-cu ildə Kinematoqrafçılar İttifaqının yanında kino məktəbi açıldı. Bu məktəbə daxil olanlara kağız üzərində qrafiki düşünmək qabiliyyəti olur. Onlar ekran üçün müəllif filmləri çəkilişini öyrənirlər! Bədii obrazların yaradılmasında şəxsiyyətsizləşdirilmiş kompüter proqramının deyil, birbaşa insanın iştirakı prosesi xaricdə Azərbaycan animasiyasının nüfuzu üçün çox önəmlidir, yəni Azərbaycanın kino incəsənəti üçün gərəklidir. Rəsmli multiplikasiya kinosunun qorunub saxlanması və inkişaf etdirilməsi üçün biz Mədəniyyət Nazirliyinin dəstəyinə çox ümid edirik. Bu, multiplikasiya kinosunun incəsənətində çox çətin bir janrdır. Klassik animasiya istehsalı üzrə peşəkar bir kinostudiya olaraq «Birlik» animasiya kinosunun inkişafı işini davam etdirməyə hazırdır.

 

Gerçəklərin qoruyucuları  

Milli kinonun inkişaf tarixində Azərbaycan Dövlət Film Fondu və işçiləri də mühüm rol oynayırlar, onlar kahinlər kastası kimi, milli kino barədə Gerçəklərin keşikçiləridirlər. Onlar bizim kinomuzla bağlı hər şeyi və hətta daha çoxu dəqiq bilirlər. Burada biganə qalmayan, öz işlərini ürəkdən sevən insanlar çalışırlar, onlar heç kimin yenidən yarada bilməyəcəyi və mənimsəyə bilməyəcəyi bu incəsənətin formalaşması və inkişafı ilə bağlı tarixi gerçəkləri qayğı ilə qoruyurlar. Çünki hər şeyin ciddi uçotu aparılır və indi hər şey rəqəmsal formatda ölümsüzləşdiriləcək. Bu qoruyucu kahinlərdən biri Rəşad Qasımovdur.

 

Rəşad Qasımov

Azərbaycan Dövlət Film Fondunun kinoarxiv üzrə baş eksperti.

- Dövlət Film Fondu bütün dövrlərdə Azərbaycan ərazisində lentə alınmış bütün kino məhsulların anbarıdır, yoxsa yalnız ən yaxşı əsərlər qorunur? Dövlət Film Fondunda saxlanan bütün məhsullar, yoxsa yalnız seçilmiş əsərlər rəqəmsal formata keçiriləcək?

- Sovet dövründə bizim filmlərimiz SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin və SSRİ Dövlət Televiziya və Radio Fondunun sifarişi ilə çəkilib. Çəkinlən materiaların orijinalları (plyonka neqativləri) Moskvaya göndərildi (Belıye Stolbı anbarına). Müstəqillik qazandıqdan sonra (1994) bizim kinematoqraflarımız orijinalları Azərbaycan Dövlət Film Fonduna təhvil verməyə başladılar. İndi biz həm bizim kinematoqraflarımızın sovet dövründə çəkdiyi bədii filmləri, həm də müstəqillik dövründə çəkilmiş bədii və sənədli filmləri saxlayırıq. Əgər sovet dövründən əlimizdə yalnız pozitivlər varsa, 1994-cü ildən bəri də həm də orijinallığımız var. Rusiyalı həmkarlarımızla gözəl mədəniyyət və dostluq əlaqələrimiz var, əgər bəzi filmlərimizi oradan almalıyıqsa, rəqəmsallaşdırılmış halda əldə edirik. Bu gün plyonkaya çəkilmiş filmlərimizin 70%-ni özümüz rəqəmsallaşdırmışıq. Bu, təxminən, 150 filmdən ibarətdir. Lakin iş davam edir.

 

Murad Yagizarov

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru, teatr və kino mükafatlarının sahibi, "Şöhrət" və "Şərəf" ordenləri kavaleri. 1958-ci ildən bəri filmlərdə çəkilir: «Arşin mal alan» (Süleyman), «İnsan məskən salır» (Murad), «Babək» (Xalifə Məmun) və s. «Gəmi saatlarının sirri» (1983) Ukrayna filmində də çəkilib.  

- Siz Azərbaycanın çağdaş kinosunun inkişafını diqqətlə izləyirsiniz. Milli Film Günündə həmkarlarınız kniematoqraflara nə arzu etmək istərdiniz?

- Mən bizim kinomuzun bir incəsənət forması kimi çiçəklənməsini və dirçəlişini xatırlayıram. Adil İsgəndərov və Məhərrəm Haşımov kimi gözəl sənətkarların rəhbərlik etdiyi dövrlərdə kinostudiyanın necə yaşadığı yadımdadır. Yaradıcılıq həyatı qaydasında irəliləyirdi! Daimi çəkilişlər, montaj, təbiətə çıxış, çəkilmiş materiala baxış vardı. Hər dəfə yeni bir film istehsalına başlayanda bütün yaradıcı işçilər bu layihədə kimin yer alacağı ilə bağlı məlumatları həyəcan və həvəslə gözləyirdilər.

Bu, nəşəli bir proses idi - həmişə çəkiliş meydançasını ssenaristlərin, rejissorların, aktyorların, operatorların, qrimçilərin, bəstəkarların, texniki heyətin nəhəng yaradıcı fədakarlığı ilə doldururdu. Prosesdə iştirak edən hər kəsin yaradıcılıq tutqusu yüksək peşəkarlığın və öz işinə qeyri-adi yanaşmanın nəticəsi idi. Pavilyonlar, səs sexləri, dublyajlar, kostyumerlər işləyirdi: hər şey və hər şey bir şeyə - yüksək keyfiyyətli kinonun yaradılmasına tabe idi. Kino tariximizdə çox sayda film var ki, millətin qürur və mədəni sərvəti kimi kino salnaməsinə daxil olub. Bu gün bütün həmvətənlərimi-kinematoqrafları Milli Kino Günü münasibətilə təbrik edərkən, yeni başlayan həmkarlarıma nə arzu etmək istərdim? Peşəyə dərindən bağlılıq, fədakarlıq, öz işlərinə sevgi və çox perspektivli gələcəyə inam - həm həyatda, həm də peşədə; yerli müəlliflərin - Ordubadinin, Manaf Süleymanovun, Çingiz Abdullayevin, Rüstəm İbrahimbəyovun əsərləri əsasında mümkün qədər çox film çəksinlər. Ancaq ən əsası Vətənimizi və mədəniyyətimizi sevsinlər. Bizim ən yaxşı dəyərlərimizi - mənəvi, mədəni və tarixi dəyərlərimizi qorusunlar və gələcəyə aparsınlar.



MƏSLƏHƏT GÖR:

331