19 Aprel 2024

Cümə, 23:55

HƏDƏFƏ DOĞRU TAM CİDDİ

OPEK+ dünya iqtisadiyyatının bərpasına ümid edərək avqust ayından neft hasilatını artırır

Müəllif:

01.08.2020

OPEC+ ölkələrinin bazardakı neft artıqlığı aradan qaldırmaq üçün hasilatı azaltmaq barədə aprel anlaşmasının gerçəkləşdirilməsi öz təsirini göstərib. "Qara qızıl"ın etalon markalarının qiyməti artıq bir barel üçün 40 dolları keçib və tələb tədricən bərpa olunmağa başlayıb. Bu, OPEK+ iştirakçılarına seçilmiş yolun doğruluğu barədə inam verdi və sazişin növbəti mərhələsinə – gündəlik neft hasilatının avqust ayından 2 milyon barel artırılması barədə qərar qəbul etməyə imkan yaratdı. Ancaq bazar da bu qərarı belə inamla qəbul edəcəkmi, qiymət artımının indiki müsbət dinamikasını qoruyacaqmı, yoxsa istənilən halda bu, vaxtından əvvəl atılmış addımdır?

 

Savaş və dostluq arasında

Açığı deyilsə, neft hasilatının artırılması heç də bazarda nikbin reaksiya yaratmır, baxmayaraq ki, anlaşma tərəfləri özləri bunda elə bir ciddi problem görmürlər və qiymətin aşağıya doğru ciddi dəyişəcəyini gözləmirlər. “Gözləmirik, çünki bazar bunu artıq nəzərə alır. İndi qiymət bir aydır 40-43 dollar səviyyəsində dayanır, qiymət az-çox balanslıdır", - deyə Rusiyanın Enerji naziri Aleksandr Novak bildirib.

Bununla yanaşı, «Rystad Energy»nin analitikləri avqustda neftin qiymətinin yenidən kəskin enəcəyinə əmindirlər. "Avqust ayında istehsalın artırılması ilə bağlı tələbin azalması qiymətlərin yenidən aşağı səviyyələrə qayıtmasında əsas rol oynaya bilər", - deyə «Rystad Energy» şirkətinin neft analitiki Luiza Dikson bildirib.

Bazarın dəyişkənliyi həm də ona görə dərinləşir ki, ABŞ prezidenti Donald Trampın Çinə qarşı münasibəti daima təhdidlər və dost münasibət arasında var-gəl edir. Vaşinqton və Pekin münasibətlərindəki gərginliyin iki ölkə arasındakı ticarət sazişinin birinci mərhələsinin yerinə yetirilməsinə təsir edəcəyi barədə narahatlıq qiymətlərin müəyyən edilməsinə təzyiq göstərir.

Belə ki, ABŞ hakimiyyəti iyulun 22-də Hyustondakı (Texas) Çin konsulluğunun bağlanması barədə sərəncam verib. ABŞ prezidenti Donald Tramp Ağ Evdəki brifinqdə jurnalistlərə açıqlamasında bildirib ki, başqa Çin konsulluqlarının da bağlanacağı istisna edilmir. Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyi iyulun 24-də Sıçuan əyalətinin inzibati mərkəzi Çendudakı ABŞ Baş Konsulluğunun bağlanacağını elan etdi.

Bununla yanaşı, "Oanda"nın aparıcı bazar analitiki Edvard Moyya bildirir ki, Donald Tramp "güclü iqtisadiyyata ehtiyac duyur və imkan verə bilməz ki, Çin ticarət sövdələşməsinə riayət etməsin. Buna görə də son nəticədə biz gərginləşmənin aradan qalxacağını görəcəyik".

 

Tam irəli

Yada salaq ki, OPEK+ ölkələri tərəfindən neft hasilatının azaldılması barədə anlaşma COVID-19 pandemiyası səbəbindən neftə tələbatın indiyə kimi görünməmiş azalması fonunda bağlanmışdı. Anlaşmaya əsasən, birinci mərhələdə (may-iyun aylarında) neft hasilatının 9,7 milyon barel/gün azaldılması, sonra azalan hasilatın bir qisminin iki mərhələdə 2 milyon barel/gün səviyyəsində bərpa edilməsi planlaşdırılırdı.

İyun ayında OPEK+ ölkələrinin nazirləri birinci mərhələ çərçivəsində məhdudiyyətləri daha bir ay uzatmaq və avqust ayından etibarən sazişin ikinci mərhələsinə keçmək qərarına gəldilər. Bir sıra ekspertlər gözləyirdi ki, iyul ayında avqust ayı üçün yeni bir uzatma qərarı olacaq, ancaq müəyyən olunmuş kursdan yayınmamaq qərarı verildi.

Nazirlərin Monitorinq Komitəsinin (JMMC) 15 iyul tarixli iclasında A.Novak və Səudiyyə Ərəbistanının Enerji naziri şahzadə Əbdüləziz bin Salman neftə tələbatın bərpa olunduğunu və hasilatı artırmağın mümkün olduğunu söylədilər, ancaq may və iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən dövlətlərin kompensasiya məsələsi kəskin olaraq qalır.

“Tələbin düşməsi ilə bağlı maksimum çətinliklər arxada qaldı. Tələbatın, uçuşların sayının, avtomobil yanacağı satışının bərpasının əlamətləri görünür, bununla bağlı istehlak üçün riskə səbəb ola biləcək ikinci dalğanın gəlmə ehtimalı var", - deyə A.Novak JMMC-nin iclasında bildirib.

Rusiyalı nazir sanır ki, düzəlişlərin gündə 7,7 milyon barelə bərabər razılaşdırılmış ikinci mərhələsinin başlaması mövcud bazar meyillərinə tam uyğundur. "Bu, volatillikdən qaçmağa imkan verəcək, çünki artan hasilatın bütün həcmi tələbat bərpa olduqca istehsalçı ölkələrin daxili bazarında istehlak ediləcək", - deyə A.Novak vurğulayıb.

Bu arada, anlaşmanın birinci mərhələsinin icrasında hər şey elə də rahat olmayıb. May-iyun aylarında bazara nəzərə tutulandan təqribən 1,5 milyon barel/gün artıq neft daxil olub.

OPEK-in hesabatına görə, gələcəkdə təkcə kartel ölkələri hasilatı kvotalarına əlavə olaraq daha 1,3 milyon barel azaltmalıdırlar. Anlaşmanı ən açıq şəkildə pozanlar sırasında İraq, Nigeriya, Anqola, Qabon, Konqo yer alır. OPEK-ə daxil olmayan ölkələr arasında yalnız Qazaxıstanın adı açıq şəkildə səsləndirildi.

Buna baxmayaraq, avqust ayından azalmanın yumşaldılmasına keçid qərarı verilib. Eyni zamanda, pozuntuların kompensasiyası mexanizminə riayət edilməsi də əsas məqamlardandır. Şahzadə bin Salman sanır ki, pozucular tərəfindən yerinə yetirilməmiş öhdəliklərin kompensasiyası nəzərə alındıqda, avqust ayında neft hasilatında azalma 7,7 milyon barel/gün deyil, 8,1-8,3 milyon barel /gün olacaq.

Beləliklə, avqust ayında 400-640 min barel/gün öhdəlik kompensasiya edilə bilər. Nigeriya anlaşmanın icrasını iyulun sonuna kimi 100% yerinə yetirməyi vəd edib, İraq isə bunu avqustun əvvəlinə qədər çatdırmağa söz verib. Anqola, Qabon, Konqo və OPEK üzvü olmayan Cənubi Sudan da anlaşmaya sadiq olduqlarını və "kəsiri" kompensasiya etmək niyyətlərini bir daha təsdiqləyiblər.

 

Öz hesabına kompensasiya

Kompensasiyalara əlavə olaraq, nazir Bin Salman və A.Novakın sözlərinə görə, yumşaq varianta keçiddən sonra yaranacaq əlavə istehsal həcmləri yanacağa artan tələbat səbəbindən anlaşma tərəfləri arasında udula bilər. Özəlliklə, bir sıra OPEK+ ölkələrində enerji şirkətləri tərəfindən tələbin artması müşahidə edilir, insanlar səyahətə başladıqları üçün benzin və dizel yanacağı istehlakı artır. Buna görə OPEK+ ölkələrindən ixrac məhdudlaşacaq və artım, demək olar ki, hiss edilməyəcək.

“Anlaşmanın növbəti mərhələsinə keçdiyimiz vəziyyətdə azalmanın planlaşdırılmış yumşaldılması nəticəsində yaranan əlavə təchizat istehlak ediləcək, çünki tələb artacaq. Bütün dünyada iqtisadiyyatlar açılır, baxmayaraq ki, bu, ehtiyatlı və tədrici bir prosesdir", - deyə Əbdüləziz bin Salman vurğulayır.

Xüsusilə, şahzadə əmin edir ki, Səudiyyə Ərəbistanının əlavə olaraq istehsal olunan bir bareli belə ixrac etməyəcək və artan 500 min barel hasilatı daxili bazarda işlədəcək. Səudiyyə Ərəbistanı Enerji Nazirliyinin rəhbəri əmindir ki, Rusiya və digər OPEK+ ölkələri də əlavə istehsal həcmlərini daxili bazarlara yönəldəcəklər, çünki benzinə tələbat artacaq.

Rusiyalı nazir rəqəmləri vermədən bu açıqlama ilə razılaşdı. "Biz dəstəkləyirik ki, avqust ayında qüvvədə olan kvotaların azalması bazarlara və ixracatın artmasına təsir etməməlidir. Çünki avqust neft məhsullarına yüksək tələbat, səfərlərin sayının artması və məhdudlaşdırıcı tədbirlərin ləğv edilməsi dövrüdür. Bütün bunlar, o cümlədən OPEK+ üzvü olan ölkələrin daxili bazarlarında tələbin artmasına səbəb olur", - deyə o vurğulayıb.

A.Novak qeyd edib ki, Rusiyada da neft məhsullarına tələbatın və istehlakın tədricən bərpası müşahidə olunur ki, bu da istehsal artımının böyük hissəsinin ölkə daxilində istifadə olunacağını göstərir. 

 

Azeri Light yüksəlişdədir

Ümumiyyətlə, anlaşma iştirakçılarının fikrincə, OPEK+ strategiyası bu günə qədər özünü doğruldub. "Bu anlaşma çərçivəsində sazişlərin həyata keçirilməsi dünya bazarında neftin qiymətinin iki qat artmasına səbəb oldu", - deyə Azərbaycanın Enerji naziri Pərviz Şahbazov bildirib.

Gerçəkdən, OPEK+-un fəaliyyəti sayəsində, “Brent” markalı neftin qiyməti barel üzrə  aprel ayında son 21 il üzrə ən aşağı səviyyəyə – 16 dollara düşdükdən sonra 43 dollara yüksəldi. Bundan əlavə, vəziyyət Azərbaycanın «Azəri Light» markalı nefti üçün vəziyyət ən yaxşı şəkildə inkişaf edir. Apreldə onun qiyməti 19 il üzrə minimuma (bir barel üçün 15,81 dollara) düşdü. «Azeri Light» markasının «Brent»ə nisbətən baha satıldığı nəzərə alınarsa, hazırda dünya bazarlarında qiyməti CIF çatdırılma şərtləri ilə bir barel üçün 44-45 dollar arasında dəyişir.

Yeri gəlmişkən, Azərbaycan üçün qiymət amili böyük önəm daşıyır, çünki neft ölkənin əsas ixrac məhsuludur və uyğun olaraq valyuta gəlirlərinin əsas qaynağıdır.

“Neft və qaz istehsalı, dünya bazarlarında neftin qiyməti bizim üçün xüsusi önəm kəsb edən məsələlərdir. Bunlar təkcə bizim üçün deyil, həm də neft və qaz hasil edən və ixrac edən bütün ölkələr üçün önəmlidir, çünki bu ölkələrin iqtisadiyyatı, artıq oturuşmuş iqtisadiyyatları onun əsasında qurulub. Buna görə də neftin qiymətinin bir dollara düşməsi milyonlarla dollar itki deməkdir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarından birində bildirib.

Bu isə o deməkdir ki, ölkə neft qiymətlərinin sabitləşməsinə yönəlmiş istənilən səyləri dəstəkləyir və bu prosesə öz töhfəsini verəcək.

Azərbaycan Energetika Nazirliyinin rəhbərinin sözlərinə görə, davam edən pandemiya şəraitində və qlobal iqtisadiyyatın bərpa olunmasına qədər OPEK+ neft bazarındakı balansı tənzimləyən əsas vasitə olaraq qalır.

May ayında ölkədə gündəlik neft hasilatı 557,2 min barel təşkil edib ki, bu da hasilatın azaldılması barədə anlaşmanın yerinə yetirilməsinin 98%-inə uyğundur, iyun ayında gündəlik hasilat 553,8 min barel olub (anlaşma 100,1% yerinə yetirilib).

Azərbaycanda neft hasilatının azaldılması prosesinə SOCAR, «Azəri-Çıraq-Günəşli» blokunu işlədən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, eləcə də quru yataqlarından neft çıxaran əməliyyat şirkətləri və birgə müəssisələr cəlb edilib.

"Neft təklifinin 2020-ci ilin birinci rübündəki 100 milyon bareldən üçüncü rübdə 88,3 milyon barelə endirilməsi ilə bağlı optimist proqnozlar göstərir ki, OPEK+-un təklifləri tənzimlənməsi siyasəti özünü doğruldur. Proqnozlara görə, 2020-ci ilin üçüncü rübündən etibarən neftə tələb təklifi üstələyəcək və 3,9 milyon bareldən artıq kəsir yaranacaq", - deyə P.Şahbazov vurğulayır.

 

Pandemiya tələbə qarşı

Bununla yanaşı, dünyada koronavirusa yoluxma hallarının artması yanacağa gələcək tələbat və təbii olaraq yeni neft artıqlıqlarının yaranması ilə bağlı narahatlıq doğurur. ABŞ-da və ya digər əsas bazarlarda, məsələn Hindistanda, Çində və ya Cənubi Koreyada yeni bir koronavirus dalğası vəziyyəti yenidən pisləşdirə bilər.

«Rystad Energy»nin analitikləri gözləyirlər ki, neft təklifləri 2020-ci ilin sonuna qədər tələbdən daha yüksək olmaqda qalacaq və hesab edirlər ki, “Brent” markalı neftin qiyməti ilin sonuna qədər 40 dollar/barelin ətrafında olacaq.

"Son həftələrdə məhdudlaşdırıcı tədbirlərin qaldırılması ilə neftə olan tələb artsa da, qlobal iqtisadiyyatın vəziyyəti və ABŞ-da koronavirusa yoluxma hallarının artması nəzərə alınmaqla hasilatın azaldılması tədbirlərinin yumşaldılması erkən ola bilər", - deyə FXTM analitiki Lukman Otunuqa bildirir.

Səudiyyə şahzadəsi bin Salman da pandemiyanın ikinci dalğası ilə bağlı risklərin olduğunu etiraf edir, amma əmindir ki, bu halda da OPEK+ nazirləri tez bir zamanda toplanaraq, vəziyyət pisləşməmiş gərəkli tədbirləri görə biləcəklər. "Düzdür, bəzi bölgələrdə karantin peyda ola bilsə də, həm fiziki bazarda, həm də fyuçers bazarında açıq bərpa əlamətləri var", - deyə o vurğulayıb.

Eyni zamanda «Julius Baer»in analitiki Norbert Rüker hesab edir ki, "pandemiya ilə bağlı yaranan yeni qorxular normallaşma istiqamətində irəliləməni poza bilməz və ən azından ona görə ki, neft hasilatı daha sonra da azalmış vəziyyətdə qalacaq".

Neft bazarının iştirakçıları müəyyən ümidlərini yaxın gələcəkdə COVID-19 əleyhinə vaksinin yaradılacağına bağlayırlar, bəzi araşdırmaçılar yaxın zamanlarda vaksinin hazır olacağını vəd edirlər.

"COVID-19 vaksininin işlənməsində tərəqqi haqqında son müsbət xəbərlər sərmayəçilərin uzunmüddətli dövrdə yenidən balansın bərpasına diqqət yetirməsinə imkan yarada bilər", - deyə «AxiCorp»un analitiki Stiven İnns bildirib.

Bu müsbət xəbərlər neft qiymətlərində öz əksini tapır, çünki vaksinin əldə edilməsi

iqtisadi canlanmanı sürətləndirəcək və neftə tələbatı artıracaq. Hələ ki, araşdırmalar uzun test yolundan keçirlər, OPEK+-un isə həmişə qazanılan uğurları itirməmək üçün daha sərt azaltmalara qayıtmaq imkanı var.



MƏSLƏHƏT GÖR:

244