25 Aprel 2024

Cümə axşamı, 20:40

ƏNƏNƏLƏR LİBERALİZMƏ QALİB GƏLİR

Polşada keçirilmiş prezident seçkilərində mühafizəkar görüşlərilə tanınan Ancey Duda qələbə qazanıb

Müəllif:

01.08.2020

Ancey Duda növbəti dəfə Polşa prezidenti seçilib. Hakim Qanun və Ədalət Partiyasının namizədi seçkinin ikinci turunda rəqibini cüzi səs üstünlüyülə məğlub edib. Mühafizəkar baxışları və vətənpərvər ritorikası ilə tanınan Dudanın ikinci turdakı rəqibi liberal baxışlı, Avropaya inteqrasiyanın dərinləşdirilməsinə tərəfdar olan Rafal Tşaskovski idi. O, Varşavanın sabiq meridir.

Hazırkı dövlət başçısının postunu çətinliklə qoruyub saxlaması, səslərin demək olar ki, yarıya bölünməsi ölkədə emosiyaların nə qədər coşqun olduğunu göstərir. Başqa sözlə, Polşada siyasi ehtirasların yaxın perspektivdə sönməyəcəyi aşkardır.

 

Uğurun siyasi səbəbləri və Berlinin rolu

Bəs, Duda rəqibinə nədən ciddi fərqlə qalib gələ bilməyib? Niyə seçkidən sonra Polşa ictimaiyyətinin iki düşərgəyə bölündüyünü söyləyənlərin səsi daha ciddi eşidilməyə başlayıb?

Məsələ ondadır ki, əksər Şərqi Avropa ölkəsi kimi, Polşa ictimaiyyəti, o cümlədən siyasi cəmiyyəti çoxdan «avroskeptiklər» və «avronikbinlər» kimi iki düşərgəyə bölünüb. Dudanın və partiyası Qanun və Ədalət Partiyasının mənsub olduğu birinci düşərgə ənənəvi olaraq, daha müstəqil daxili və xarici siyasətin yürüdülməsini istəyir, ölkənin Brüsseldən asılılığının minimuma endirilməli olduğunu düşünür. «Vətəndaş platforması» da daxil olmaqla, ikincilər isə Polşanın siyasətini Brüssellə daha sıx koordinasiya etməli olduğu qənaətindədir.

Bir sözlə, Polşada şərti siyasi suayırıcı məhz bu məsələ ilə bağlıdır. Bununla yanaşı, hər iki siyasi platformanı ölkə siyasətinin iki «ağır çəkili» siyasətçisi təmsil edir. Bir tərəfdə mərhum eks-prezident Lex Kaçinskinin qardaşı Yaroslav Kaçinski ilə onun Qanun və Ədalət Partiyası, digər yanda «Vətəndaş platforması»nın yaradıcılarından biri, Avropa Şurasının sabiq rəhbəri Donald Tusk. Odur ki, Dudanın namizədliyinin arxasında əslində Y.Kaçinski dayanırdısa, Tşaskovskinin silueti, şübhəsiz ki, Tusk idi.

Bu arada, Polşada keçirilən seçkinin rezonansı ölkənin sərhədlərindən çox uzağa yayılmışdı. Bu, özünü Avropanın informasiya məkanında da göstərirdi. Önəmli xarici KİV-in böyük hissəsinin R.Tşaskovskiyə simpatiya bəslədiyini hiss etməmək mümkün deyildi. Məsələn, Almaniyanın «Welt» nəşri açıq şəkildə yazırdı ki, Duda prezident postunda qalmaq üçün Avropa İttifaqının Polşadakı əleyhdarlarının «qılığına girir». Daha bir alman nəşri «Fakt» («Axel Springer» konserninə məxsusdur) isə hazırkı dövlət başçısının həbsdə olan pedofili əfv etdiyini xatırladırdı. Söhbət Polşa prezidenti Ancey Dudanın 7 nəfərin əfv edilməsilə bağlı martın 14-də verdiyi qərardan gedir. Onların arasında öz qohumunu zorlamaqda təqsirli bilinən pedofil də var. Qalan dustaqlar o qədər də ağır olmayan cinayətlərə görə, şərti cəza alanlar idi.

Prezident pedofili məhkumun anasının israrlı xahişindən və qohumu olan qurbanının müraciətindən sonra azad edib.

«Almanlar Polşaya prezident seçmək istəyir? Bu, əclaflıqdır», - deyə Ancey Duda Almaniya mətbuatında ölkəsində keçirilən prezident seçkisilə bağlı yer alan yazılara münasibət bildirərkən qeyd edib.

İyunun əvvəlində Polşa ilə Almaniya arasında bu mövzu ilə bağlı, az qala, diplomatik qalmaqal belə, yaşanmışdı. Almaniyanın Polşadakı səfirliyinin nümayəndəsi «alman KİV-dəki məqsədli məqalələr»lə əlaqədar, Polşa Xarici İşlər Nazirliyinə dəvət olunmuşdu.

Yeri gəlmişkən, Polşa KİV-nin vəziyyətilə bağlı Varşava ilə Berlin arasında fikir ayrılıqları çoxdan mövcuddur. Polşanın media məkanında alman kapitalı çoxdan özünə güclü yer edib. Almaniyalı mediamaqnatlar uzun illərdir bu ölkənin populyar ümummilli radio və televiziya kanallarına, həmçinin populyar internet portallarına sahiblik edir. Polşada «Newsweek» ilə «Forbes»i artıq adını çəkdiyimiz «Axel Springer» nəşr edir. Əslində, Odradan (almanca Oder) qərbə hazırkı Polşa hökumətinin KİV-ə münasibətindən narazı olduqlarını heç zaman gizlətməyiblər. Berlində, Brüsseldə və bir sıra digər Avropa paytaxtlarında Polşanın KİV-lə bağlı yeni qanunu açıq-aşkar qeyri-demokratik adlandırılıb. Qanun layihəsi mühafizəkarlar hökuməti tərəfindən təqdim edilib və ölkə prezidenti tərəfindən dəstəklənib.

Maraqlıdır ki, qanun layihəsinin müəllifləri özləri də etiraf edirlər ki, onun məqsədi xarici dövlətlərin, ilk növbədə, Almaniyanın Polşanın media məkanına təsirini məhdudlaşdırılmasıdır. Onlar belə təsirin olduğunu təsdiqləyən faktlar da təqdim ediblər.

Bundan başqa, Ancey Duda xüsusilə abort və gey nikahı kimi məsələlərdə mühafizəkar mövqedən çıxış edir. O, seçki kampaniyasını həm də ənənəvi dəyərlərin müdafiəsi üzərində qurmuşdu. «LGBT ideologiyası»nı kommunist ideologiyasından təhlükəli adlandıran Duda eyni cinsdən olan cütlüklərin övladlığa uşaq götürməsilə bağlı qanunu sərtləşdirəcəyini vəd edib. Bununla yanaşı, Polşa lideri yoxsul ailələrə ciddi yardımların göstərilməli olduğunu bildirir. Məhz bu məqam kəndlərdə və balaca şəhərlərdə onun xeyrinə işləyən əsas amillərdən olub.

Dudanın rəqibi – Rafal Tşaskovski davamlı olaraq Avropa dəyərləri haqda danışan əsl polyak ziyalısı kimi tanınır. O, əsas dəstəyi elektoratın koronavirus pandemiyası fonunda artmaqda olan problemlərdən (işsizlik, sosial vəziyyətin pisləşməsi və s.) yorğunluğuna «istinad»la qazanıb. Bundan başqa, Brüssel bütün mümkün vasitələrlə Polşanın yeni prezidentilə işləməyin əleyhinə olmadığını göstərirdi. Lakin bu dəstək belə, onun illərin təcrübəsilə mübarizədən qalib çıxmasına kifayət etməyib. Hər şey polşalı seçicilərin səsilə müəyyənləşib. Onlar isə məhz Ancey Dudaya «hə» deyib.

 

Polşa iqtisadiyyatının perspektivləri

Son illər Polşada hakimiyyətin populyarlığı ölkə iqtisadiyyatında müşahidə olunan ciddi irəliləyişlə izah olunur. Avropa İttifaqının altıncı iqtisadiyyatı olan Polşa son illər ərzində dayanıqlı iqtisadi inkişaf tempi nümayiş etdirir.

2019-cu ilə olan məlumata görə, Polşa iqtisadiyyatı son 28 ildə sabit inkişaf edib. Bu, Aİ üçün rekorddur. Bu vəziyyətin səbəblərindən birisə ixtisaslı kadrların bol olduğu ölkədə işçi qüvvəsinin ucuzluğudur. Bu, investorları cəlb edir.

Polşa Aİ-nin də dəstəyilə ölkə büdcəsinin az qala 2 mislinə bərabər vəsait əldə edib. 2018-ci ildə Polşada adambaşına düşən ÜDM 2003-cü illə müqayisədə 81% çox olub. Son illərdə Polşada ailələrin gəlirləri və aktivləri Avropanın daha zəngin dövlətlərinin göstəricilərini tədricən geridə qoyur. Mütəxəssislərin pandemiya dövrünədək verdikləri proqnozlarda deyilirdi ki, Polşa yaxın 15 ildə dünyanın ən nəhəng 20 iqtisadiyyatından birinə çevrilə bilər.

Ötən onillikdə ölkə Aİ-yə üzvlüyün verdiyi imtiyazlardan gen-bol istifadə edib. O, Avropa İttifaqına üzv olduqdan sonra iqtisadiyyatını müasirləşdirib, nəqliyyat infrastrukturunun yenilənməsi də daxil olmaqla, ciddi nailiyyətlər qazanıb.

Polşanın belə iqtisadi uğurları Varşavanın miqyaslı nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və hərəkətverici qüvvəsi kimi daha tez-tez çıxış etməsinə şərait yaradıb. Bu layihələrdə həm regional, həm də regiondan kənar oyunçular iştirak edir. Məsələn, «Via Carpatia» nəqliyyat magistralı. Əvvəlcə bu nəqliyyat dəhlizi ideyası Aİ üzvü olan Şərqi Avropa ölkələrinin avtomobil magistralı ilə birləşdirilməsini nəzərdə tuturdu. Sonradan təşəbbüsə Türkiyə və Ukraynanın da qoşulması qərara alınıb. Bundan başqa, Polşa Azərbaycanın da iştirakçısı olduğu Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu layihəsində də iştiraka maraq göstərməyə başlayıb.

 

Azərbaycan-Polşa: prioritetlər dəyişməzdir

Varşavanın regional və beynəlxalq məsələlərdə rolunun artması, əlbəttə ki, Polşa-Azərbaycan əməkdaşlığının inkişafına da müsbət təsir göstərib. Polşa prezidenti Ancey Dudanın Azərbaycana 31 may - 1 iyun 2019-cu ildə etdiyi səfəri yaxşı xatırlayırıq. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Varşavaya 2017-ci ilin iyununda etdiyi səfərə cavab idi. Yeri gəlmişkən, bu, Dudanın və ümumiyyətlə, Polşa prezidentinin Bakıya 2011-ci ildən bu yana ilk səfəri olub. O vaxt – 2011-ci ilin iyununda Bakıya Bronislav Komorovski səfər etmişdi.

İki ölkə arasında münasibətlərin intensivləşməsinin yeni mərhələsi İlham Əliyevin Polşaya 2017-ci ildə etdiyi səfərlə başlayıb.

A.Duda Bakıda etdiyi çıxışda bildirib ki, tərəflər Lex Kaçinskinin faciəvi ölümündən sonra itirilmiş vaxtın yerini doldurmalı, bütün istiqamətlərdə əlaqələri intensivləşdirməlidir. Azərbaycan-Polşa gündəmində əsas diqqət aqrar sənaye və nəqliyyat sahəsindəki imkanlardan istifadəyə yönəldilib. Polşanın məhsul istehsalçıları regionda alıcılıq qabiliyyəti daha yüksək olan Azərbaycan bazarına maraq göstərir. Ümumilikdə iki ölkə arasında ticarət dövriyyəsi 600 milyon dollar təşkil edib və bu, onun böyük inkişaf potensialının olduğunu göstərir. Bundan başqa, Polşa tərəfi Azərbaycanda iqtisadi mövcudluğunu artırmaq istəyir. Bu, onun üçün yalnız Cənubi Qafqazda deyil, həm də Xəzər regionunda möhkəmlənmək imkanıdır. Bu məqsədə çatmaq üçün Ələtdəki azad iqtisadi zonadan da istifadə edilə bilər.

Polşa üçün Azərbaycan və regionun nəqliyyat infrastrukturundan istifadə də böyük maraq doğurur. Bu maraq Azərbaycan tərəfinin də cavab reaksiyasına səbəb olur. Bakı üçün Avropa bazarlarına çıxış, həmçinin Avropa İttifaqı ölkələrində etibarlı iqtisadi-ticari, həmçinin siyasi tərəfdaş qazanmaq çox vacibdir. Bu, Azərbaycanın da vacib iştirakçısı olduğu nəqliyyat marşrutları layihələrinin reallaşdırılması baxımından önəmlidir. Məlum olduğu kimi, Polşaya məxsus «Metallurgiçeskaya Şirokokoleynaya Doroqa PKP» MMS Azərbaycan, Qazaxıstan və Gürcüstan tərəfindən təsis olunmuş Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun assosiativ üzvüdür. Hazırda tərəflər Cənubi Qafqaz və Şərqi Avropanın infrastrukturundan istifadə etməklə, ümumi nəqliyyat marşrutlarının reallaşdırılması imkanlarını öyrənir. Polşa Azərbaycana nəqliyyat zəncirinin vacib bəndi, Mərkəzi Asiya regionu bazarlarına, oradansa Çinə yaxşı çıxış imkanı kimi baxır.

İnvestisiya sahəsində də əməkdaşlığın inkişafı imkanlarından danışan tərəflər aqrar sənaye, enerji, kimya sənayesi kimi sahələrdə əməkdaşlıq imkanlarını xüsusi vurğulayır. Bununla yanaşı, Polşa şirkətlərinin Azərbaycan iqtisadiyyatına, Azərbaycan şirkətlərinin isə Polşa iqtisadiyyatına birbaşa investisiyalarının kifayət qədər olmadığı vurğulanır. Son dövrlərdə yalnız konkret portfel investisiyalarında və maliyyə tranzaksiyalarında müəyyən tərpəniş müşahidə olunur.

Sözügedən səfərin önəmli hadisələrindən biri də prezidentlərin iştirakı ilə biznes forumun keçirilməsi olub. Yeri gəlmişkən, 2018-ci ildə artıq hər iki ölkə sahibkarlarının iştirakı ilə forum keçirilib.

Dağlıq Qarabağ münaqişəsindən də danışan Polşa tərəfi Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh danışıqlarına yardım etmək arzusunu ifadə edib. Söhbət Bakının bütün işğal olunmuş əraziləri üzərindəki suverenliyinin etirafından, problemin bütün tərəflərin maraqlarına uyğun həllindən gedir.

Ümumilikdə səfər hər iki tərəfin intensiv dialoqun davam etdirilməsində maraqlı olduğunu bir daha təsdiqləyib. Bu, Polşaya Lex Kaçinskinin rəhbərlik etdiyi dövrdə də belə olub. O zaman Bakı Polşanın Qafqaz-Xəzər regionundakı, Varşava isə Azərbaycanın Aİ və Şərqi Avropadakı maraqlarının ifadəçisi olublar.

Ancey Dudanın təkrarən Polşa prezidenti seçilməsilə Azərbaycan-Polşa münasibətlərində «sürprizlər» olmamalıdır. İstəyin olduğu təqdirdə, müsbət dəyişikliklər imkanının həddi-hüdudu yoxdur. Belə istək isə hər iki tərəfdə müşahidə olunur.



MƏSLƏHƏT GÖR:

263