28 Mart 2024

Cümə axşamı, 19:48

DONBAS YOL AYRICINDA

Ukraynanın şərqindəki münaqişənin birdəfəlik həll şansı yaranıb

Müəllif:

01.08.2020

Donbasda vəziyyətin nizama salınması üzrə kontakt qrupu atəşkəs rejiminə nəzarət tədbirlərini razılaşdırıb. Danışıqlar prosesinin şəksiz uğuru olan bu razılaşma Ukraynanın şərqində gərginliyin azalmasına yol açacaqmı? Nəhayət, illərdir davam edən silahlı münaqişənin sülh yolu ilə həllində ciddi nailiyyət əldə olunacaqmı?

 

İrəliləyiş

Özündə Ukrayna, Rusiya və ATƏT-i birləşdirən Üçtərəfli kontakt qrupunun (ÜKQ) iyulun 22-də Minskdə keçirilmiş növbəti iclası tarixə Donbas münaqişəsinin həlli prosesində irəliləyişin başlama nöqtəsi kimi düşə bilər. Toplantıda tərəflər 27 iyun 2020-ci ildən bölgədə tam atəşkəs rejiminin tətbiqinə dair razılığa gəlib. Razılığa əsasən, hücum və kəşfiyyat-diversiya əməlləri, bütün növ uçuş aparatlarından istifadə, snayperlər də daxil olmaqla, istənilən silahdan atəş açmaq, yaşayış məntəqələri və ətrafına ağır silahlar toplamaq qadağandır. Sənəd atəşkəs rejiminin pozulması hallarına görə cəza, pozuntuya birgə reaksiya üzrə xüsusi koordinasiya mexanizminin yaradılmasını nəzərdə tutur.

Bütün bu razılaşmaların münaqişə bölgəsində vəziyyətin həm siyasi, həm də hərbi müstəvidə son dərəcə gərginləşməsinin ardından əldə edilməsi onların əhəmiyyətini daha da artırır.

Tərəflər sözügedən sənədin razılaşdırılması işinə hələ 2 ay əvvəl başlamışdılar. Lakin tam atəşkəs rejiminin elan olunması alınmamışdı. İyulun ortalarında silahlı insidentlərin artması və Donbas separatçıları rəhbərliyinin regionun Ukraynanın tərkibinə qayıtmasının mümkünsüzlüyü haqda bəyanatlarının ardından vəziyyət ümumiyyətlə nəzarətdən çıxacaq hala gəlmişdi.

Lakin, nəhayət, eskalasiyanın aradan qaldırıla biləcəyinin əlamətləri özünü göstərməyə başlamışdı. İyulun 3-də Berlində «Normand formatı»nda (Ukrayna, Rusiya, Almaniya, Fransa) keçirilmiş toplantıdan sonra Donbasda dayanıqlı barışığa nail olunması üçün konkret formatın müəyyənləşdirildiyi açıqlanıb. Bunun ardından, münaqişə tərəfləri Donbasda mina əleyhinə tədbirlərin həyata keçirilməsi üçün 13 lokasiya razılaşdırıb, axtarışda olan şəxslərlə bağlı informasiya mübadiləsinə dair razılığa gəlib.

Müzakirələr nəticəsində Luqansk vilayətinin Zolotoye və Sçastiye şəhərlərində iki yeni giriş-çıxış məntəqəsinin açılması imkanlarını müzakirə etməsi də müsbət faktlar sırasındadır. Onların fəaliyyətinin təhlükəsizliyinə zəmanət iyulun 10-dan qüvvədədir.

Nəhayət, müsbət ştrixlər yekun razılaşmada da özünü göstərir. ATƏT-in Ukraynadakı xüsusi nümayəndəsi Xaydi Qrau deyir ki, razılaşmanın məqsədi «hərtərəfli, dayanıqlı və müddətsiz barışığa əməl olunmasını təmin etməkdir». Münaqişə tərəflərinin razılaşdırılmış tədbirləri həyata keçirməsinə məhz ATƏT-in xüsusi monitorinq missiyası dəstək verəcək. Səfir Qrau bu tədbirlərin «münaqişə zonasına çoxdan gözlənilən sakitlik gətirəcəyinə, mülki əhalini xeyli rahatlaşdıracağına» ümidini ifadə edib.

ÜKQ çərçivəsində əldə edilmiş razılaşmanın həqiqətən ciddi nailiyyət olduğunu göstərən daha bir fakt ona Kiyevlə Moskvanın reaksiyasıdır. Ukrayna rəhbərliyi onu «Minsk prosesində irəliləyiş» kimi xarakterizə edib. Kiyevdə hesab edirlər ki, «tam və hərtərfli atəşkəs rejiminə qarşı tərəf əməl edərsə, bu, Minsk razılaşmasının və razılaşmaların digər maddələrinin reallaşdırılması üçün baza rolunu oynayacaq».

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə «Normand formatı»nda keçirilmiş, «dördlüyün» 2014-2015-ci illərə aid Minsk razılaşmasına sadiqliyini təsdiqləmiş Paris sammitinin qərarlarının icrasında «müəyyən müsbət tərpənişlərin» olduğunu deyib.

Beləliklə, atəşin yandırılması, tam atəşkəs rejimindən istifadə edərək, tərəflər arasında siyasi razılaşmalar doğru gedilməsi üçün real imkanın yarandığı ortadadır. Başqa sözlə, sadalananlar bir tərəfdən Ukrayna, digər tərəfdən isə separatçı «xalq respublikaları» və onları dəstəkləyən Rusiya arasında çoxdan gözlənilən razılaşmaya yol aça bilər.

Bəs, Ukraynanın şərqində yaşayan insanlara illərdir arzulanan sülhü gətirə biləcək bu tarixi imkandan istifədə olunacaqmı?

Axı, sülh prosesinin iflasa uğraması onların 6 ildən artıqdır yaşadıqları fəlakətlərin, məhrumiyyətlərin davam etməsi demək olacaq.

 

Dayanıqlı sülhə doğru addım?

Nəzərə almaq lazımdır ki, Kontakt qrupu 2014-cü ildən münaqişəyə son qoymalı olan konkret tədbirlərin nəzərdə tutulduğu bir çox sənəd qəbul edib. Lakin həmin sülhməramlı qərarların reallaşdırılması heç cür mümkün olmayıb, nəticədə, Donbasda qanlı toqquşmalar illərdir davam edir. Odur ki, indi ÜKQ çərçivəsində əldə edilmiş razılaşmanın insanlarda sülh prosesinin davamlı olacağına yeni ümid yaradıb. Bu mənada, Ukrayna prezidenti Vladimir Zelenskinin «Normand dördlüyü» ölkələri liderlərini israrla Donbasda tam atəşkəs rejiminin tətbiqinə dair hərtərəfli razılaşma imzalamağa çağırması da maraqlıdır. Görünən odur ki, Ukrayna liderinin son dərəcə böyük əziyyətlə ərsəyə gətirilmiş sənədin reallaşdırılacağına ciddi şübhəsi var. Məhz bu üzdən o, müvafiq öhdəliklərin «Normand formatı» tərəfindən ən yüksək səviyyədə təsdiqlənməsini istəyir. Bundan başqa, o da aydındır ki, atəşkəs sülh yolunda son dərəcə vacib olsa da, yalnız ilk addımdır. Bu işin uğurla məntiqi sonluğa çatdırılması üçün bütün siyasi ziddiyyətlərə son qoyulmalıdır. Sülh prosesi üçün əsas təhlükə isə məhz bu məqamda ortaya çıxır.

Donbas problemin sülh yolu ilə həllində əsas məqam regionun Ukrayna dövləti çərçivəsindəki statusudur. Bu gün Ukraynanın Donetsk və Luqansk vilayətlərində seçki məsələsi geniş müzakirə olunur və bu, prinsipial əhəmiyyətə malikdir. Ukrayna Ali Radasının iyulun ortalarında qəbul etdiyi qətnamə oktyabrın 25-nə təyin olunmuş seçkinin hazırda separatçıların nəzarətində olan «DXR» və «LXR»də keçirilməsini nəzərdə tutmur. Rusiya ukraynalı parlamentarilərin bu qərarından ciddi narahatlığını ifadə edib. Rusiya tərəfi bildirir ki, Kiyev Minsk razılaşmasına əsasən, seçkilər məsələsini «Donetsk və Luqanskla birbaşa dialoq vasitəsilə razılaşdırmalıdır». Bundan başqa, Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova yenə də Minsk razılaşmasına istinadla bildirib ki, əvvəlcə Ukrayna Konstitusiyasına və digər qanunlarına Konstitusiya islahatları çərçivəsində dəyişikliklər edilməli, orada Donbasın desentralizasiyası, xüsusi status qazanması məsələləri əksini tapmalıdır.

Kiyev isə problemin həllini fərqli görür. Bu, Rusiyanın Donbasda hərbi mövcudluğuna son qoyulması, Ukraynanın ölkənin şərq sərhədlərinə nəzarətinin bərpası, Donbasın Kiyevin nəzarətinə qayıtması və yalnız bundan sonra orada ATƏT standartlarına uyğun seçkinin keçirilməsidir. Bu mövqe istər Ali Radanın qətnaməsində, istərsə də Ukrayna Prezidentinin Ofisinin iyulun 22-də – atəşkəs razılaşmasının əldə olunduğu gün açıqlanmış bəyanatında öz əksini tapıb. Bəyanatda bildirilir ki, «DXR» və «LXR»in nəzarətində olan ərazilərdə seçkilər yalnız Ukrayna qanunvericiliyinə uyğun və yalnız Rusiya ilə sərhədə nəzarətin Kiyevə qayıtmasından sonra keçirilə bilər.

Ukrayna rəhbərliyinin bu mövqeyini nəzərə alsaq, onun ÜKQ çərçivəsində əldə edilmiş razılaşmaya niyə bu qədər birmənalı yüksək qiymət verdiyi tam anlaşılır. Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiya məsələləri naziri Aleksey Reznikov bildirib ki, əsas irəliləyiş danışıqlar prosesindəki prioritetin dəyişməsidir – indi prosesdə «əvvəlcə müdafiə məsələləri gəlir, daha sonra siyasi və digər məqamlar».

Lakin Kremlin son razılaşmaya dəstək verməsi onun məsələnin siyasi tərəfinə diqqəti azaltdığı anlamına da gəlməməlidir. Şübhə yoxdur ki, Rusiya barışığa nail olunmasını Kiyevin Donbasa «xüsusi status» verməsi üçün yaranmış şans kimi qiymətləndirir. Başqa sözlə, Moskva yalnız «xüsusi statuslu» Donbası Ukrayna ərazisi kimi qəbul edə biləcəyini göstərir. Amma hansı Ukraynanın? Hazırkı siyasi və ərazi-administrativ bölgə Ukraynanınmı, yoxsa…?

Ukraynanı narahat edən əsas məqam da məhz budur. Kiyevdə düşünürlər ki, Donbasa «xüsusi status»un verilməsi dövlətin siyasi quruluşunun dəyişməsinə, onun, ən azı, federativ dövlətə çevrilməsinə yol aça bilər. Bütün bunların xarici siyasətdə Qərbə inteqrasiyanı dövlət strategiyasının əsası elan etmiş Ukrayna üçün bunların nələrə yol aça biləcəyini söyləmək çətindir.

Bütün bunlar həlli mümkün olmayan ziddiyyətlər kimi görünür və Donbasda tam atəşkəs rejiminin tətbiqilə bağlı razılaşmanın etibarsızlığını təsdiqləyir. Ukraynanın müdafiə naziri Andrey Taranın kifayət qədər açıq bəyanatı da bunun təsdiqidir: «Barışıq separatçıların ilk atəşilə pozulacaq. Heç kəs əyləşib bizi nə vaxt öldürəcəklərini gözləməyəcək. BMT Nizamnaməsinin 51-ci maddəsi dövlətlərə özünü müdafiə hüququ verir».

Bütün sadalananlara rəğmən, irəliləyiş şansı həqiqətən mövcuddur. İyulun 22-də əldə edilmiş razılaşma göstərir ki, istər münaqişə tərəfləri, istərsə də maraqlı tərəflər Donbasdakı silahı qarşıdurmadan bezib. Bu vəziyyət onların strateji hədəf və məqsədlərinə cavab vermir. Odur ki, lazımi siyasi iradə olarsa, əldə edilmiş barışıq yeni döyüş dalğası öncəsi qısamüddətli fasilə yox, dayanıqlı sülhə aparan yolun başlanğıcı ola bilər.



MƏSLƏHƏT GÖR:

299