20 Aprel 2024

Şənbə, 06:35

BİZSİZ AVROKUBOKLAR

Komandalarımızın beynəlxalq yarışlarda iştirak etməməsi Azərbaycanda voleybolun inkişafını ləngidir

Müəllif:

01.09.2020

Azərbaycanda voleybol hələ XX əsrin ortalarından sevilməyə başlayıb. Xüsusilə qadın voleybolu ölkədə böyük uğurlara nail olub. Təsadüfi deyildir ki, dünyada ilk və yeganə dördqat Olimpiya mükafatçısı olan voleybolçu məhz Azərbaycan voleybol məktəbinin yetirməsi İnna Rıskaldır.

 

Şanlı ənənələr

18 yaşlı azərbaycanlı voleybolçu İnna Rıskalın SSRİ milli komandasıyla 1962-ci ilin dünya çempionatında iştirakı böyük diqqətə səbəb oldu. Yalnız finalda məğlub olan SSRİ yığması gümüş medallara sahib çıxdı. Dünya çempionatında gümüş medal bu gənc azərbaycanlı voleybolçunun beynəlxalq arenada ilk uğuru kimi tarixə düşdü. İlk altılığın əsas oyunçusuna çevrilən İnna Rıskal ardıcıl olaraq 4 Olimpiya Oyunlarında iştirak edir və komandanın liderlərindən birinə çevrilir. Yay Olimpiya Oyunlarında qazandığı 4 medalla tarixi rekorda imza atmış olur. Qürurvericidir ki, bu rekord hələ də yenilənməyib və bir Azərbaycan voleybolunun yetirməsi bu adı daşıyır. Belə ki, İnna Rıskalla bərabər daha bir azərbaycanlı voleybolçu, Bakı voleybolunun yetirməsi Vera Lantratova da iki dəfə SSRİ yığmasının tərkibində Olimpiya oyunlarının mükafatlarını qazanmışdır. Daha bir qürurverici fakt ondan ibarətdir ki, SSRİ yığması kimi böyük voleybolçu seçiminə malik olan voleybol komandasının heyətində iki azərbaycanlı voleybolçu çıxış edib və onun ən böyük uğurlarında pay sahibi olub.

1966 və 1972-ci illərdə Azərbaycanın qadınlardan ibarət “Neftçi” voleybol klubu SSRİ çempionatının bürünc mükafatlarını qazanıb. “Neftçi” voleybol klubunun voleybolçuları, həmçinin 1967-ci ildə Azərbaycan milli komandası adı altında SSRİ ölkələri çempionatlarının bürünc mükafatlarını qazanıb. Bakının BMKZ komandası 1990-cı ildə SSRİ çempionatının bürünc mükafatına yiyələnir və ardından 1991-ci ildə SSRİ Kubokunun qalibi olur. Bu Kubok SSRİ-nin dağılması səbəbiylə son kubok olur. 1993-cü ildə BMKZ komandası ilk müstəqil Azərbaycan voleybol klubu adı altında Avropa Kuboklar Kuboku turnirində iştirak edir və yalnız finalda məğlub olaraq Avropa Kubokunun gümüş medalını qazanır.

 

Fasilədən sonra

Müstəqillik qazandıqdan sonra Azərbaycan qadın milli voleybol komandası 1994-cü ildə Braziliyada keçirilən dünya çempionatında iştirak edir və 9-cu yeri tutur. Sənədlərin doldurulması zamanı edilən səhvlərin ucbatından yüksəlişdə olan Azərbaycan milli komandası Beynəlxalq Voleybol Federasiyası tərəfindən 3 il müddətinə diskvalifikasiya olunur. Olduqca qüvvətli və perspektivli voleybolçulara malik olan Azərbaycan voleybolu bu üç il ərzində inanılmaz itkilərə məruz qalır. Beləliklə, Yelena Şabovta, Alla Həsənova, Alla Teterina, Viktoriya Ravva, Oksana Məmmədyarova kimi oyunçular Türkiyə, Rusiya və başqa ölkələrə üz tutmalı olurlar. Bu oyunçularla yanaşı, Feliks Məmmədov, Faiq Qarayev kimi tanınmış mütəxəssislər də Türkiyə kimi ölkələrə üz tuturlar. Təsadüfi deyil ki, onların səyi nəticəsində Türkiyədə voleybol daha da inkişaf etməyə başladı. Faiq Qarayev Türkiyə milli komandasını Avropa Elitasına çıxardaraq böyük bir uğura imza atır.

Uzun müddət Türkiyədə çıxış etdikdən sonra Milli Olimpiya Komitəsinin prezidenti, ölkə Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə Faiq Qarayev və voleybolçu qızlarımız Azərbaycan voleyboluna qaytarıldılar. Bu müddət ərzində federasiyada bir çox uğurlara imza atılır. Hər il ölkəmizdə qadınlar və kişilər arasında ölkə çempionatları keçirilir. Milli komandalarımız isə vətənimizi beynəlxalq yarışlarda layiqincə təmsil edir. AVF CEV və FİVB yarışlarışlarına ev sahibliyi həyata keçirir. Voleybol üzrə qadınlardan ibarət milli komandamız 4 dəfə Dünya çempionatında, 9 dəfə Avropa çempionatının final mərhələsində iştirak etməyə imkan qazanır. Dövlət başçısı İlham Əliyevin idmana və idmançılara yaratdığı şərait nəticəsində ölkə voleybolu yeni inkişaf mərhələsinə qədəm qoyur. Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan millisi iki dəfə qitə çempionatında dördüncü yeri tutur. “Azərreyl” voleybol klubu Avropa yarışlarında ölkəmizin idman şərəfini layiqincə qoruyur.

İllər ötdükcə sponsorların voleybola marağı yaranır və ölkə çempionatımız Avropada ən yüksək reytinq toplayan yarışlar sırasına daxil olur. İtaliya, Rusiya, Türkiyə çempionatlarıyla yanaşı, Azərbaycan superliqasında dünyanın aparıcı voleybolçuları – dünya, Avropa çempionları çıxış edir. 2004-cü ildə yaradılan “Rabitə” komandası klublar arasında dünya çempionatında qələbə qazanır, 8 dəfə Azərbaycan çempionatında qızıl medala layiq görülür.

2016-cı il mövsümündə ölkəmiz avrokuboklarda 4 komanda ilə təmsil olunur. “Azərreyl”, “Telekom”, “Lokomotiv” Çempionlar Liqasında , “Azəryol” isə CEV (Avropa Voleybol Konfederasiyası) kubokunda mübarizə aparır. Voleybol üzrə qadınlardan ibarət milli yığma komandamız Avropanın mötəbər yarışlarından biri olan “Avropa liqası”nda ölkəmizi təmsil edir. Azərbaycan İspaniya, Monteneqro, Fransa ilə eyni qrupda mübarizə aparmaqla 6 görüşdə qalib gəlir. Yarımfinalda Yunanıstan, finalda Slovakiyaya qalib gələn millimiz Avropa Liqasının qalibi olur. 2018-ci ildə qadın voleybolçulardan ibarət “Azərreyl”, kişilərdən ibarət “Lokomotiv” klubları “Çağırış Kuboku”nda iştirak etdi. Və bundan sonra voleybolumuzun avrokuboklarda çətin günləri başlayır.

 

Ümidləri öldürməyən ikiqat zərbə

Tarixi təsadüfən vərəqləmədik. Son illər voleybol klublarımızda durğunluq yaşanır. Təəssüflə qeyd etməliyik ki, sponsorlar voleybol klublarına böyük maraq göstərmir. Üç il öncə bahalı legionerlər Azərbaycandan ayrılandan sonra klublarımız böyük hədəflərdən imtina etdi. Hər zaman ölkədə sevilən və seçilən idman növü olan voleybol çətin günlərinə qədəm qoydu. Ötən il Azərbaycan klubları avrokubok yarışlarında iştirakdan imtina etdi. Bu il də eyni hadisə təkrarlandı. Bütün dünyanı cənginə alan koronavirus pandemiyası ölkə voleyboluna da zərbə vurdu. Azərbaycanda karantin elan olunandan sonra Azərbaycan Voleybol Federasiyası həm kişilər, həm də qadınlar arasında ölkə çempionatlarını yarımçıq dayandırdı, mövsümü ləğv etdi. Nəticədə, 20192020 mövsümündə qalib olmadı.

Ardınca avrokubokların 2020/21 mövsümündə təmsil olunmayacağımız təsdiqləndi. Ölkəmizi qitə miqyasında təmsil etməli olan yeganə klub – qadınlardan ibarət “Azərreyl” (20182019 mövsümünün qalibi) avrokuboklarda oynamayacağını bəyan etdi. “Challange Cup”da çıxış etməli olan Bakı klubu koronavirusla bağlı məhdudiyyətlər üzündən turnirə qatılmamağı məqsədəuyğun saydı. Paytaxt təmsilçisi artıq bu barədə Avropa Voleybol Konfederasiyasına da məlumat verib. Nəticədə, ötən il olduğu kimi, yenə də beynəlxalq oyunlardan kənar qalacağıq.

Azərbaycan azarkeşi hər zaman voleybolçularımızdan qələbə xəbəri gözləyib. Çünki onlar bizi uğura öyrəşdirib. Klublarımızın avrokuboklardan kənarda qalması Azərbaycan voleybol məktəbini inkişafdan saxlayır.Yeniyetmə voleybolçuların idmanın bu növünə olan həvəsini azaldır. Eyni zamanda milli komandanın beynəlxalq yarışlarda uğur qazanmasına çətinlik yaradır. 2021-ci ildə qadın voleybolçulardan ibarət millimiz 24 ölkənin təmsil olunacağı Avropa Çempionatının final mərhələsində iştirak etməlidir. Klublarımız avrokuboklarda oynamayacaqsa, deməli voleybolçularımız beynəlxalq praktikadan məhrum olacaq. Bu halda Azərbaycan yığmasından uğur gözləmək mümkün deyil.

Tezliklə voleybolumuzun ən yaxşı günlərinə qayıdacağına inanırıq.


MƏSLƏHƏT GÖR:

247