29 Mart 2024

Cümə, 15:09

QIZIL TAC

Dünya qiymətli metal bazarındakı canlanma Azərbaycan şirkətlərini yeni yataqları işləməyə stimullaşdırır

Müəllif:

01.09.2020

Qızıl qiymətlərində 2020-ci ilin əvvəlindən bəri müşahidə olunan artım meyli bu vacib ehtiyat aktivinə marağın dayanıqlı yüksək olduğunu göstərir. Bir sıra analitiklərin fikrincə, qiymətli metal bazarındakı növbəti ajiotaja koronavirus pandemiyasının qlobal nəticələri - neft bazarının çökməsi, ABŞ və Avropada genişmiqyaslı ressesiya səbəb olur. Mərkəzi bankların "çap maşınlarını" sürətləndirməsi isə dollarla xəzinə istiqrazlarının, eləcə də avroda olan aktivlərin qiymətini aşağı salır ki, bu da vəziyyəti bir az da mürəkkəbləşdirir. Yuxarıda deyilənlərin hamısı həll olunmamış maliyyə problemlərinin - əvvəlki iki böhrandan qalmış problmlərin, həmçinin davam edən "ticarət müharibələri"nin, Çində və Cənub-Şərqi Asiya ölkələrində iqtisadi templərin azalmasının fonunda baş verir. Göstərilən amilləri nəzərə alan ekspertlər proqnozlaşdırır ki, investorların təhlükəsiz sığınacaq kimi qızıla olan marağı ən az 2022-ci ilə qədər davam edəcək.

 

COVID-19 bazarın aparıcısı rolunda

2020-ci ildə qiymətli metallarda kəskin qiymət artımı tamamilə proqnozlaşdırılan bir hadisə oldu, çünki əvvəlki qlobal böhranların təcrübəsinə əsaslanaraq, inamla demək olar ki, geosiyasi və iqtisadi problemlər demək olar ki, həmişə qızıl qiymətlərinin artımını dəstəkləyən amil kimi özünü göstərib. Bu meyil onsuz da 2019-cu ildə nisbətən mülayim şəkildə müşahidə edilirdi və bu ilin əvvəlinə qədər bir Troya unsiyası üçün 1500 dollara yaxınlaşan qızıl qiymətlərində 15 faizlik artımı təmin edib.

Beləliklə, hələ keçən ilin payızında fransız bankı «Natixis»in ekspertləri böyüməkdə olan böhran proseslərini nəzərə alaraq, qiymətlə metalların qiymət artımı üçün yüksək orta müddətli perspektivlərdən bəhs ediblər. Öz növbəsində, Dünya Qızıl Şurasının (World Gold Council) həmin vaxt dərc olunmuş icmalında investorların qızıla artan marağı qeyri-sabit dönəmlərdə risklərdən sığortalanma vasitəsi kimi göstərilib.

Əslində, qiymətli metalların 2020-ci ildə gözlənilən bahalaşması daha öncə özünü göstərən böhran təzahürlərini dəfələrlə sürətləndirən və gücləndirən, katalizator rolu oynayan COVID-19 virusunun sürətlə yayılması üzündən partlayış xarakterli oldu. Bu ilin yaz və yay aylarında sürətlə artan qızıl qiymətləri 6 avqustda Nyu-Yorkdakı COMEX əmtəə birjasında fyuçers əməliyyatları zamanı bir unsiya üçün 2078 dollara çatdı. Ayın sonuna qədər cüzi (1919 dollara qədər) azalmaya baxmayaraq, yenə də artıma dayanıqlı meyil var. Sonuncu dəfə qızılın uyğun rekord qiyməti 2011-ci ildə qlobal maliyyə böhranı şəraitində bir Troya unsiyası üçün 1920 dollar olmuşdu.

Ümumilikdə, ekspert qiymətləndirmələri dünya iqtisadiyyatının əsas göstəricilərinə və fond bazarlarındakı vəziyyətə əsaslanaraq cari qiymət səviyyəsinin orta perspektivdə qorunacağını təsdiqləyir.  

“Növbəti qlobal böhran daha mürəkkəb və uzunmüddətli ola bilər. Maliyyə bazarlarında aktivlərin bahalaşması müşahidə olunur, çünki bəzi ölkələrin hökumətləri heç bir şeylə dəstəklənməyən çox miqdarda pul çap ediblər. Bu cür maliyyə yardımı ABŞ və Avropa bazarlarını qısamüddətli perspektivdə çökməkdən xilas edə bildi, lakin borc yükünün artması uzunmüddətli perspektivdə qlobal iqtisadiyyata mənfi təsir göstərəcək”, - deyə qiymətli metal bazarı üzrə tanınmış analitik Cim Rocers bildirib.  

Onun fikrincə, yaranmış durumda "sarı" qiymətli metala sərmayə yatırma perspektivləri yetərincə yüksəkdir və qızıl bazarında hələ də nəzərəçarpacaq artım potensialı var. “Mən düşünürəm ki, qızılın qiyməti çox uzun müddət, yəni artım potensialı ta bitənə kimi, artmağa davam edəcək. «Köpük» yaranması ehtimalı da var, amma ümid edirəm ki, yaxın iki ildə bu, olmayacaq", - deyə Rocers vurğulayıb.

Qiymətli metal bazarında artım meylinin davam edəcəyi bir sıra ölkələrin mərkəzi banklarının və suveren fondlarının ehtiyat qızılın həcmini artırması ilə sübut olunur. Belə ki, Türkiyəyə qızıl idxalı 2020-ci ilin yanvar-iyul aylarında üç dəfə - 137 ton artaraq, ümumilikdə 583 ton olub. Halbuki həmin müddətdə qiymətli metalların dünya qiymətlərində rekord artım müşahidə olunub və Türkiyə lirəsinin məzənnəsi çöküb.

Bu il ABŞ, Sinqapur, Hindistan, bir sıra ərəb dövlətləri tərəfindən rezerv üçün önəmli həcmlərdə qızıl alınıb, postsovet məkanında Qazaxıstan bu baxımdan liderdir, bu ölkənin Milli Bankı bu il yerli bazarda 60 ton qızıl külçə satın almağı planlaşdırır, 378,5 ton qzıl rezervi isə artıq var. Postsovet ölkələri arasında Qazaxıstan rezervdəki qızılın həcminə görə Rusiyadan (2,29 min ton) sonra ikinci yeri tutur, Özbəkistan üçüncü yerdədir (342,8 ton) və qızıl ehtiyatlarını dinamik şəkildə artırır.  

Kiçik investorlar və əhali tərəfindən nəzərəçarpacaq dərəcədə artan satınalmalar da qızıl bazarına təzyiq göstərir - burada ABŞ və Almaniya liderdir. Bu trendin dayanıqlı olmasını qızıl mədən şirkətlərinin səhmlərinin bazar qiymətlərindəki artım da sübut edir, onlara investorların da marağı artıb. Misal olaraq, milyarder Uorren Baffetin investisiya şirkəti tərəfindən Kanada qızıl hasilatı şirkəti «Barrick Gold»un səhmlərinin yarım milyard dollarlıqdan bir qədər çox hissəsini satın alınmasını göstərmək olar. Bu sövdələşmə diqqəti ona çəkir ki, Baffet yaxın vaxtlara qədər qızıl bazarına sərmayələrə çox şübhə ilə yanaşırdı, lakin indi fikirlərini kökündən dəyişdirib. Mütəxəssislərin fikrincə, bu gün iri biznesin bir çox nümayəndəsi oxşar yanaşmalara üstünlük verir.

 

Tələb qalacaq

Qızıl bumunun davam edəcəyi müddət və qiymətli metalların bahalaşmasının maksimum səviyyəsi barədə ekspertlərin fikirləri çox fərqlidir, lakin əksər analitiklər nikbin proqnozlarını 2022-ci illə məhdudlaşdırırlar. Onlar qeyd edirlər ki, önümüzdəki iki ildə bir Troya unsiyasının qiyməti 3-3,5 min dollar səviyyəsinə və daha da yüksək səviyyəyə çata bilər, amma «Goldman Sachs» analitiklərinin mövqeyi daha real görünür, onlar qızıl qiymətlərinin yaxın 12 ayda 2300 dollara yüksələcəyini proqnozlaşdırırlar. «Fitch Solutions» agentliyi isə daha ehtiyatlı proqnozlara tərəfdardır və bu il qiymət artımının ən yüksək səviyyəsinin unsiya üçün 2130 dolları keçməyəcəyini və qiymətlərin 2021-ci ildə sabitləşməyə başlayacağını və orta orta hesabla 1850 dollar/unsiyaya bərabər olacağını düşünürlər. 2021-2024-cü illər ərzində qiymətlər, orta hesabla, 1705 dollar/unsiya olacaq, çünki risklərin balansı tarazlığa çatacaq. «Fitch Solutions»un ekspertləri bunu ABŞ-dakı seçkilərdən sonra siyasi qeyri-müəyyənliyin zəifləməsi, həmçinin effektiv bir koronavirus peyvəndinin hazırlanması və tətbiqi ilə əlaqələndirirlər ki, bu da investorların qiymətli metallardan müdafiə aktivi kimi istifadə olunmasına marağı azaldacaq.

Yüksək qızıl qiymətlərinin davam edəcəyinə inananlar bunu dünya iqtisadiyyatının qeyri-bərabər və yavaş bərpa olunması, istiqrazların aşağı gəlirliliyi və artan geosiyasi gərginliklə əsaslandırırlar. Qızılın yüksək qiymətlərinin saxlanması üçün daha fundamental səbəblər - mövcud yataqların tükənməsi, həmçinin qızılın kəşfiyyat və hasilat xərclərinin ildən ilə artmasıdır. Bu qiymətli metal yer qabığında ən nadir olanlardan biridir və asan əldə edilən filizlərin çoxu artıq çıxarılıb. Qızıl çıxaranlar toxunulmamış yataqların axtarışı üçün uzaq bölgələrdə və daha dərinlərdə işləməli olurlar ki, bu da istehsalın maya dəyərini artırır.

«Minex» konsaltinq agentliyi indiki vəziyyəti daha dəqiq xarakterizə edir. Onun məlumatlarına görə, 2009-2018-ci illərdə bir unsiya qızılın axtarışının orta qiyməti 62 dollar olub ki, bu da əvvəlki 10 ildəkindən iki dəfə çoxdur. Analitika və konsaltinq şirkətinə «Refinitiv»in məlumatına görə, bir unsiya qızılın istehsalının toplam pul və kapital xərcləri nəzərə alınmaqla hesablanmış orta dəyəri 1990-cı ildən bəri 253 dollardan 705 dollara yüksəlib.

Mədənçiliyin keyfiyyəti, yəni hər ton filizdən alınan metalın miqdarı da azalır. «Metals Focus» konsaltinq şirkətinin məlumatına görə, 1970-ci illərin əvvəllərində hər tondan 10 qramdan çox qızıl alındığı halda, 2019-cu ildə, təxminən, 1,46 qram təşkil edib.  

Ekspert rəyləri əsasında belə bir nəticəyə gəlmək olar: pandemiyanın və və dünyanın inkişaf etmiş bölgələrində iqtisadi tənəzzülün yaratdığı problemlər üzündən yaxın il yarımda qızıla olan qlobal tələb yetərincə yüksək səviyyədə qalacaq. Daha uzunmüddətli perspektivdə yüksək qiymətlər istehsalın azalması və qızıl istehsalının maya dəyərinin artması ilə dəstəklənəcək.

 

Azərbaycan qızıl bumunun benefisiarıdır

İstənilən halda, yuxarıda sadalanan hallar, bütünlükdə, Azərbaycan üçün əlverişlidir – ölkədə 11 ildən çoxdur ki, sənaye üsulu ilə qızıl hasil edilir, əldə olunan məhsulun bir hissəsi Mərkəzi Bankın ehtiyyatlarına yönəldilir və bir hissəsi isə ixrac olunur. Qısamüddətli planda qızıl gəlirlərində bu il müşahidə olunan artım neft və qaz gəlirlərindəki yetərincə azalma fonunda çox önəmli amildir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin iyul ayında dərc etdiyi «İxrac icmalı»na görə, qeyri-neft məhsullarının ixracında qızıl pomidor ixracından sonra ikinci yerdədir.

Belə ki, ilin birinci yarısında Azərbaycan 2,147 tondan çox qızıl ixrac edib, 85,8 milyon dollardan çox gəlir əldə edərək keçən ilin eyni dövrü ilə müqayisədə 21,8% artım təmin edib. Bu artımın əsasında qiymətli metalların dünya qiymətlərindəki artımı dayanır. Əgər istehsalda 1,2%, ixracatda 6,6% azalma olmasaydı, gəlir daha böyük ola bilərdi. Karantin məhdudiyyətləri dövründə xoşagəlməz, lakin ehtimal ki, qaçılmaz faktdır, həm də yataqlarda yeni sahələrin işlənməsi zamanı bir sıra obyektiv səbəblərlə bağlıdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yeddi ayı ərzində Azərbaycanda gümüş hasilatı 15,5% artıb və fiziki həcmi 2,475 ton təşkil edib. Gümüşdəki artımı müsbət amillər sırasına aid etmək olar, çünki bu ilin əvvəlindən bu qiymətli metalın dünya qiymətləri 46% artaraq, avqustun əvvəlində unsiyası son altı il üzrə rekord səviyyəyə - 26 dollara çatıb. Müqayisə üçün - qızılın qiyməti 30%-dən bir qədər artıb. «Deutsche Bank»a görə, nisbətən qısa bir müddətdə gümüş qiymətlərində bu qədər önəmli artım son dəfə yalnız 1979-cu ilin dekabrında qeydə alınıb.

Qeyd etmək gərəkdir ki, yerli qızıl çıxaran şirkətlərin mənfəətlərinin və büdcəyə vergi ödənişlərinin artması ilə yanaşı, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) da qiymətli metalların qlobal bahalaşmasından yararlanan başqa bir tərəfidir. Bu ilin ortalarına ARDNF-nin aktivlərində fiziki qızılın payı 101,8 ton olub və ya fondun ümumi portfelinin 13,6%-ni təşkil edib. ARDNF bu ilin əvvəlindən bəri yerli qızıl hasilatı şirkətlərindən, təxminən, 0,6 ton qızıl satın alıb və iyul ayının əvvəlinə onun qızıl ehtiyatları, təxminən, 5,9 milyard dollar olub. Hətta yeni satınalmalar nəzərə alınmasa belə, fond tərəfindən rezervə alınan qızılın dəyəri yalnız qiymətlərin dünya qiymətli metallar birjalarındakı dəyişməsi hesabına dörddə birdən çox artıb.

 

Qızıl çıxaranlar yeni yataqları işləyir

Azərbaycanda qiymətli metal və mis hasilatı hazırda iki şirkət – «AzerGold» QSC və «Azerbaijan International Mining Company Ltd» tərəfindən həyata keçirilir. 2020-ci ilin əvvəlindən bəri qızıl və gümüş qiymətlərində müşahidə olunan qlobal artım onların dövriyyəsinə, şübhəsiz ki, müsbət təsir göstərib. Belə ki, ilin birinci yarısında «AzerGold» tərəfindən istehsal olunan qiymətli və əlvan metalların ümumi ixracatı 41,8% artaraq 43,1 milyon dollar qiymətləndirilir. Öz növbəsində, «Azerbaijan International Mining Company Ltd» tərəfindən xaricə ixrac 51,7 milyon dollar təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricilərindən 10% çoxdur.

Qiymətli metalların yüksək qiymətləri qızıl istehsalçılarını yeni yataqların axtarışı templərini artırmağa və indi işlənən yataqlarda yeni sahələrin açılmasına stimullaşdırır.

Bu gün «Azerbaijan International Mining Company Ltd» qızıl və mis yataqlarının tapıldığı beş yeni sahədə ehtiyatları müəyyənləşdirmək üzərində işləyir.

«AzerGold» QSC tərəfindən də yeni yataqların işlənməsi üzrə işlər aparılır, yeddi ərazidə geoloji kəşfiyyat və qiymətləndirmə işləri davam etdirilir. Sonrakı illərdə bu yataqların istismara verilməsi ilə QSC bir neçə milyard manatın iqtisadiyyata cəlb olunmasını təmin edəcək və yüzlərlə yeni iş yerlərinin açılmasına şərait yaradacaq.


MƏSLƏHƏT GÖR:

221