23 Aprel 2024

Çərşənbə axşamı, 09:30

GÜNAHSIZ GÜNAHKARLAR

Konstitusiya Məhkəməsi vətəndaşların müflis olmuş banklardakı sığortalanmamış əmanətlərinin geri qaytarılmasına icazə verib

Müəllif:

01.09.2020

Bu ilin yazında müflis elan edilmiş üç yerli bankın sığortalanmış depozitləri ilə bağlı problem Azərbaycan Konstitusiya Məhkəməsinin qərarı ilə əmanətçilərin xeyrinə həll edildi. Belə ki, ləğv edilmə prosesində olan «AGBank», «NBC Bank» və «AtaBank»da bloka salınmış əmanətlər üzrə kompensasiyalar Azərbaycan Əmanətlərin Sığortası Fondu (ADIF) tərəfindən 14 avqustdan ödənilməyə başlanılıb. Ancaq bu, o deməkdirmi ki, gələcəkdə analoji durumlarda bu cür problemlər yaranmayacaq?

 

Problem həll olunub

Bəllidir ki, aprel-may aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) dörd problemli bankın – «AtaBank», «Amrahbank», «AGBank» və «NBC Bank»ın lisenziyalarının ləğvi barədə qərar qəbul edib. Dörd bankın dördü də müflis elan edilib, onların ləğvi və əhalinin bu banklardakı sığortalanmış əmanətlərinin Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən qaytarılması prosesi başlayıb. Beləcə, son proses zamanı birdən-birə aydın oldu ki, «AtaBank», «AGBank» və «NBC Bank» müştəri depozitlərini qəbul etməkdə davam edirlər, halbuki onların lisenziyalarına məhdudiyyətlər tətbiq edən tənzimləyici bunu qadağan etmişdi.

Daha öncə mövcud durumu şərh edən ADIF icraçı direktoru Tural Piriyev qeyd edib ki, fonda gələn şikayətlərin çoxu «AGBank» və «NBCBank»a qarşıdır. «AGBank»da fiziki şəxslərin müddətli əmanətlərinin qəbuluna qadağa hələ 10 oktyabr 2017-ci ildən qoyulub. "Bank bu qadağaya əməl etmədiyi üçün indi bir çox problemlərlə və əmanətçi şikayətləri ilə üzləşirik", - deyə T.Piriyev bildirib.

Onun sözlərinə görə, «NBC Bank»da analoji qadağa 27 yanvar 2020-ci ildən qüvvəyə minib. T.Piriyev əlavə edib ki, 2017-ci ildən bəri 800 müştərinin «AGBank»da dondurulmuş əmanətlərinin həcmi 49,2 milyon manat, «NBC Bank»da isə 12,8 milyon manatdır, «AtaBank»da isə cüzidir.  

Bu il bağlanmış daha bir bankın – «Amrahbank»ın müştərilərindən isə ümumiyyətlə belə müraciət daxil olmayıb. Bu zaman aydın olub ki, «AtaBank»ın 283 müştərisi üzrə depozit portfelində yanlışlığa yol verilib, onlar sığorta edilmiş olmalarına baxmayaraq, sığorta edilməmiş kimi qeydiyyata alınıblar. Bu, bankın filiallarının miqrasiyası zamanı baş verib. Onda depozit sazişlərində göstərilmiş tarix əvəzinə, miqrasiya tarixi daxil edilib.

“Mərkəzi Bank banklara əmanətlərin qəbuluna qadağa qoyulması barədə bildiriş göndərib. Lakin banklar buna məhəl qoymayıblar və fiziki şəxslərdən əmanət qəbul etməyə davam ediblər. Nəticədə, bu əmanətlər sığortalanmamış hesab olunur və onlara kompensasiya düşmür",- deyə ADIF başçısı bildirib.  

Xatırladaq ki, 2017-ci ildə lisenziyası ləğv edilmiş «Dəmir Bank»ın əmanətçiləri də bir vaxtlar oxşar problemlə üzləşmişdilər. Onda ADIF Nazirlər Kabinetinə məktub göndərdi və Konstitusiya Məhkəməsinə müraciət etdi, onun qərarı ilə əmanətçilərə kompensasiya ödənişi təmin edildi.

Bu dəfə də ADIF məsələni əmanətçilərin xeyrinə həll edəcəyinə söz verdi, "çünki onların günahı yoxdur, qoyulmuş məhdudiyyətdən xəbərləri olmayıb". Bununla bağlı Nazirlər Kabineti yenidən Konstitusiya Məhkəməsinə (KM) müraciət edib və o da Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini, həmçinin «Banklar haqqında» qanunun 47 və 48-ci maddələrini, «Əmanətlərin sığortası haqqında» qanunun 2.1.-2.6-cı maddələrini əsas götürərək, bütün bu hallar üzrə depozitləri sığorta edilmiş saymaqla bağlı qərar verib.

 

Məlumatsızlıq məsuliyyətdən azad edir?

Maliyyə eksperti Vüqar Mirzəzadə bildirir ki, sığortalanmış əmanət bankın Azərbaycan ərazisindəki filialları və nümayəndəlikləri tərəfindən müəyyən faiz şərtləri çərçivəsində qəbul edilən əmanətdir. Müəyyən məhdudiyyətlərdən kənar yerləşdirilən əmanətlər ilk növbədə sığortalanmış əmanətlər hesab olunur. Əgər hər hansı bir bankda əmanətlərin qəbulu ilə bağlı məhdudiyyətlər varsa və bu barədə məlumatlar dərc edilməyibsə, əmanətçi buna görə zərər çəkməməlidir və məsuliyyət daşımır. Bu prosesin əsas iştirakçıları nəzarət qurumu, Əmanətlərin Sığortalanması Fondu və banklardır.

Əgər banka əmanət qəbulu qadağandırsa, bank onları cəlb etməməlidir. Bəs banklar bu cür möhtəkirliyə getməyi necə bacarırlar?

Məsələ bundadır ki, ADIF banklardan əmanət siyasəti və digər məsələlər barədə məlumat almalıdır və alır. Ayrıca, banklar mütəmadi olaraq tənzimləyiciyə - Mərkəzi Banka hesabat verirlər ki, oraya depozit portfeli haqqında məlumat da daxildir. Əmanətlər haqqında məlumat hər bir müştəri üçün xüsusi deyil, ümumi portfeldə əks oluna bilər. Bəzən önəmli dəyişikliklər olarsa, tənzimləyicinin tələbinə uyğun olaraq, 10 əsas müştəri üzrə məlumat verilə bilər. Ancaq siyahıda bütün müştərilər təmsil olunmadığı üçün, məlumat ümumilikdə tərk etmiş müştərilər və portfel həcminin azalması haqqında məlumat verilir, yəni "yeni gələnlər" haqqında danışılmır və kimsə diqqətlə yoxlamadan bunu görə bilməz.  

Belə ki, cəlb edilmiş əmanətləri izləmək üçün nəzarətçi qurum bankdan müştərinin kodu və ya əmanətin cəlb edilmə tarixi barədə məlumat tələb etməlidir. Bankların belə xüsusi hesabat forması olmadığı üçün nəzarətçi qurum qadağan şamil olunan bankın əmanət qəbul etdiyindən xəbərdar ola bilmir. Doğrudur, qadağanın tətbiq edilməsindən sonra onun xüsusi hesabat tələb etmək və bankdan məlumat almaq hüququ var.

ADIF-in rəhbəri Tural Piriyev etiraf edir ki, bütövlükdə Azərbaycan banklarında əmanətlərin sığortalanması sistemi dəyişdirilməli və təkmilləşdirilməlidir. “Hazırda biz əmanətlərin risklərə əsaslanan sığortalanması dövrünü nəzərdən keçiririk. Bundan başqa, bir problem də var ki, fonda əmanətçilərin adları üzrə reyestr təqdim olunmur, yalnız hər rüblük reyestrdə təqdim olunur ki, bu da hər bir banka qoyulan əmanətlərin ümumi həcmini göstərir",- deyə Piriyev vurğulayıb.

ADIF rəhbərinin sözlərinə görə, əgər banklar tam məlumat göndərsələr, bankın iflas etməsi yarandıqda, fond təsdiqlənmiş məlumatlar əsasında kompensasiyanın həcmini təyin edə bilər. T.Piriyev qeyd edib ki, qanunvericilik hələ də belə bir fürsət vermir, amma fond bu istiqamətdə çalışacaq.

Bankdakı real vəziyyət barədə məlumatların açıqlanmasına gəldikdə isə, burada fikirlər haçalanır. Məsələn, ekspert V.Mirzəzadə hesab edir ki, bu, banklara olan inamı sarsıda bilər. Axı, əmanətçinin depozit qoyduğu bank bütün informasiya resurslarında ADIF üzvü olan bank kimi qeyd olunur.  

“Əgər bankın hər hansı bir maliyyə çətinliyi varsa, məlumat verilməlidir ki, yerləşdirilən əmanətlər sığortalanmır, bu şərtlə ki, bu, bazar iştirakçıları arasında narazılıq yaratmamalıdır. Əgər belə bir məlumat verilmirsə, onda əmanət sığortalanmış sayılmalıdır", - deyə hüquqşünas əmin olduğunu bildirib.

Mərkəzi Bank hesab edir ki, bankların fəaliyyətinə qoyulan qadağalar barədə məlumatların açıqlanması maliyyə sabitliyinə zərər verə bilər: "Bu məlumatların açıqlanması həm bankın özünə, həm də maliyyə sabitliyinə ciddi ziyan vurur", - deyə Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev vurğulayıb.  

Onun sözlərinə görə, banklara qoyulan qadağaların ictimaiyyətə çatdırılması üçün qanunla nəzərdə tutulmuş formalar var. "Əmanətlərin qəbuluna qoyulan qadağa açıqlanmamalıdır. Bu məlumatlar açıqlanarsa, bankdakı gərgin vəziyyət daha da pisləşər, müştərilər təbii olaraq əmanətlərini kütləvi şəkildə götürməyə başlayarlar",- deyə A.Quliyev vurğulayıb.

 

Qanuna düzəliş ediləcək  

Bununla yanaşı, bir sıra ekspertlər ümumiyyətlə əmanətlərin qəbuluna qadağa tətbiq edilməsinin məqsədəuyğun olmadığını bildirirlər. “Təsəvvür edin ki, siz banka gəlirsiz və depozit qoymaq istəyirsiniz, ancaq sizə rədd cavabı verilir. Bunu bir mağazaya gəlməyiniz və orada sizə mal satışından imtina edildiyi vəziyyətlə müqayisə etmək olar. Bankın əmanəti qəbul etməkdən imtina etməsi barədə məlumatlar dərhal ictimaiyyətə məlum olacaq və hamı vəziyyətin çətin olduğunu başa düşəcək”,- deyə ekspert Əkbər Həsənov bildirir.

A.Quliyevin dediyi kimi, bu gün bu məsələ tənzimləyicinin və aidiyyəti digər qurumların gündəmindədir və qanunvericiliyə yenidən baxılacaq: “Bu istiqamətdə tədbirlər görülür. Ümumiyyətlə, AMB əmanətlərin sığortalanması mexanizmini təkmilləşdirmək üçün təkliflər hazırlayır. Yəqin ki, bu təkliflər ilin sonuna qədər qəbul ediləcək”. 

Qeyd edək ki, lisenziyaların ləğvindən dörd ay keçməsinə baxmayaraq, avqustun 24-ə olan vəziyyətə, ADIF «AtaBank», «Amrahbank», «NBC Bank» və «AGBank»ın 20,36 min əmanətçisinə sığortalanmış əmanətçilər üzrə 480 mln. manat kompensasiya ödəyib. Bütünlükdə isə 670,7 mln. manat ödənilməsi düşünülür. Bu məbləğə bloklanmış əmanətlər üzrə məbləğlər də daxildir. Yəni əmanətlərin böyük bölümü artıq qaytarılıb. 

Beləliklə, qanunvericiliyin bəzi önəmli məqamlarına yenidən baxmaqla, bank rəhbərliyinin müştəriləri aldatmasını asanlaşdıran və buna imkan yaradan boşluqları aradan qaldırmaqla tənzimləyici və ADIF pandemiyanın çətin dövründə müştəri etibarını bərpa etmək və biznesin işləkliyini qorumaq üçün bank sektoruna ciddi kömək edə bilər.


MƏSLƏHƏT GÖR:

258