19 Aprel 2024

Cümə, 02:10

QARA DƏNİZ SÜRPRİZİ

İri qaz yatağı «Sakarya»nın açılması dünya enerjidaşıyıcıları bazaranda Türkiyənin mövqeyini dəyişəcək

Müəllif:

01.09.2020

Görünür, boş yerdən demirlər ki, axtaran həmişə tapar: Türkiyənin enerji mənbələrini öz ərazisindən çıxarıb idxaldan asılılığını azaltmaq üçün göstərdiyi səylər uğurla başa çatıb.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan 21 avqustda xalqa etdiyi telemüraciətdə Qara dənizdə 2100 metr dərinliyində, ehtiyatlarının 300 milyard kubmetrdən çox olduğu təxmin edilən, ölkə tarixində ən böyük təbii qaz yatağı olan «Sakarya»nın kəşf edildiyini təntənəli şəkildə elan etdi.

Bu kəşfi, şişirtmədən, Türkiyə üçün tarixi adlandırmaq olar, çünki o, Türkiyə qaz bazarındakı güc nisbətini önəmli dərəcədə dəyişdirə bilər, bununla da hər il enerji idxalına gedən milyardlarla dollara qənaət edə bilər. “İnanıram ki, bundan sonra Türkiyə gələcəyə daha inamla baxacaq”, - deyə R.T.Ərdoğan vurğulayıb.

Bundan başqa, Türkiyə hakimiyyəti enerji resurslarının netto-ixracatçısı olmaq niyyətində olduqlarını artıq açıqlayıblar, beləliklə yaxın gələcəkdə qlobal qaz bazarında yeni bir oyunçu meydana çıxa bilər. Hələliksə, bu kəşf, mövcud təchizatçılarla idxal olunan qazın qiymətləri ilə bağlı danışıqlarda Türkiyə üçün önəmli bir kozır ola bilər.

 

Gərgin işlərin bəhrəsi  

Prezident İlham Əliyev Türkiyəyə təbrik göndərərək, yeni yatağın tapılmasının Türkiyənin sənaye potensialının və artan gücünün təcəssümü olduğunu bildirdi. “Bu, Türkiyənin enerji təhlükəsizliyində növbəti vacib addım oldu. Qaz yatağının işlənməsi türk xalqına fayda gətirəcək. Ümid edirəm ki, hazırda Türkiyə tərəfindən həyata keçirilən digər kəşfiyyat layihələri də müvəffəqiyyətlə başa çatacaq”, - deyə Azərbaycanın ölkə başçısının R.T.Ərdoğana məktubunda vurğulanır.

2010-cu ildən bəri Türkiyə dünyanın enerji nəhəngləri - BP, «ExxonMobil», «Chevron», «Petrobras»ın iştirakı ilə Qara dənizdəki müxtəlif sahələrdə kəşfiyyat işləri aparır. Türkiyənin Qara dəniz şelfində geoloji kəşfiyyat işlərinə 4 milyard dollar xərclənib, bunun 500 milyonunu Türkiyə xərcləyib, lakin axtarış uğursuz olub - heç bir karbohidrogen yatağı tapılmayıb. Bir müddət Türkiyə Qara dəniz şelfində işləri dondurub, lakin 2017-ci ildə Türkiyə tədqiqatını öz gəmilərinin iştirakı ilə təkbaşına davam etdirməyə qərar verib. Türkiyənin ilk seysmik gəmisi «Barbaros Hayrettin Pasha» kəşfiyyat işləri gördü və Qara dənizin qərb sahillərindəki Türkiyə sularında Dunay blokunda zəngin təbii qaz ehtiyatları tapdı.

Türkiyənin qazma gəmisi «Fatih» 20 iyul 2020-ci il tarixdə Qara dənizdə Bolqarıstan və Rumıniya dəniz sərhədlərinin Türkiyənin daxili suları ilə kəsişməsinin yaxınlığında yerləşən perspektivli «Tuna-1» sahəsində qazma işlərinə başladı.

"İstanbulun fəthinin ildönümündə Qara dənizə yollanan "Fatih" gəmisi uğurlu işi ilə öz adını doğrultdu və türk xalqında qürur hissi doğurdu ", - deyə Türkiyə prezidenti xalqa müraciətində vurğulayıb.

Eyni zamanda Türkiyə lideri yeni yatağın ehtiyatlarının elan olunanlardan xeyli çox ola biləcəyini də bildirib. “Quyudan əldə edilən məlumatlar elə həmin bölgədə yeni qaz yataqlarının aşkar olunma ehtimalının yüksək olduğunu göstərir. Yəni ilk quyuda tapılan ehtiyatlar zəngin qaynaqların yalnız bir hissəsi ola bilər”, - deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə Qara dənizdən ilk qazı 2023-cü ildə alacağına ümid edir, hələ ki, quyuların möhkəmləndirilməsi, istehsal konsepsiyasının müəyyənləşdirilməsi, lazımlı infrastrukturun inşasına və quraşdırılmasına başlanılması üzrə işlər görülməlidir.

“Faktiki olaraq qaz çıxan kimi mənbədən istifadə etməyə başlayacağıq. Məqsəd 2023-cü ildə Qara dəniz qazını xalqın istifadəsinə verməkdir. Beləliklə, Türkiyə illərdir səbirlə apardığı əziyyətli işin ən yaxşı bəhrəsini alacaq”, - deyə ölkə prezidenti bildirib.

“Bu gün bizi üçüncü ölkələrdən enerji asılılığından xilas edəcək bir addımı atdıq. Ümid edirəm ki, tədiyyə balansındakı kəsirdən qurtulacağıq, çünki indi ən böyük vəsaitlər enerci daşıyıcılarının alınmasına xərclənir”, - deyə ölkənin maliyyə və xəzinədarlıq naziri Berat Albayrak sevincini gizlətmir.

Enerji naziri isə, öz növbəsində söyləyib ki, bu yataqdan qaz çıxarmaq üçün dövlət neft şirkəti TPAO lisenziya alacaq və digər şirkətlərin layihədə iştirakı düşünülmür. “Şübhəsiz ki, Türkiyənin yeni dəniz yataqlarının işlənməsi üçün bütün imkanları var. Türkiyənin bu məsələdə ortaqları yoxdur”, - deyə nazir F. Dönməz bildirib.

Onun sözlərinə görə, qazı quruya nəql etmək üçün Qara dənizin dibi boyunca 200 km uzunluğunda qaz kəməri çəkmək lazımdır. “Bu layihənin xərcləri barədə dəqiq məlumatları açıqlamaq hələ tezdir. Qazın qiyməti mühəndislik və dizayn işlərinin nəticələrinə əsasən müəyyənləşdiriləcək. Bununla belə, yerli qazın idxaldan ucuz olacağı onsuz da aydındır”, - deyə nazir bildirib.

Enerji Nazirliyinin başçısı bildirib ki, bu günə qədər "Tuna-1" sahəsinin 8 min kvadrat kilometrə bərabər bütün ərazisinin yalnız dörddə biri araşdırılıb və gələcəkdə burada oxşar strukturlarda yeni kəşflər ola bilər. “Onların da dərinliyi və ölçüsü analojidir. İki aydan sonra yeni yaxşı xəbərlər ola bilər. Qazma gəmisi «Kanuni» Qara dənizdə ilin sonuna qədər qalacaq, bu ərazidə 40-a qədər quyunun qazılması planlaşdırılır”, - deyə nazir bildirib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) qiymətləndirməsinə görə, Qara dənizdəki yeni Türkiyə yatağının ehtiyatları öz həcminə görə Norveçin 2010-cu ildən bəri Şimal dənizində kəşf etdiyi bütün qaz yataqlarından böyükdür.

“Beynəlxalq təsnifatda neft və qaz yataqları müəyyən kateqoriyalara bölünür. Qara dənizin Türkiyə sektorundakı yeni yataq böyüklər kateqoriyasına aid edilir. Bu, son illərdə dünyada kəşf edilən ən böyük yataqdır”, - deyə IEA rəhbəri Fatih Birol «Anadolu»ya bildirib.

Onun sözlərinə görə, mövcud qiymətlər nəzərə alınmaqla yeni yataqdakı qaz ehtiyatlarının potensial dəyəri 80 milyard dollara çatır: “Lakin bu qədər böyük həcmdə qaz istehsalı üçün ən azı 6 milyard dollar sərmayə tələb olunur”.

IEA rəhbərinin sözlərinə görə, Türkiyə hər il yeni yataqdan 10-15 milyard kubmetr qaz çıxara biləcək ki, bu da ölkənin "mavi" yanacağa ehtiyacının üçdə birini ödəyəcək.

 

«Tuz qolluqdadır»

Ancaq buna şübhələr də az deyil. Bir sıra qaz ekspertləri Rumıniya, Ukrayna və Rusiyanın Qara dəniz yataqlarının işlənməsindəki uğursuz təcrübəsinə dayanaraq, Türkiyə hakimiyyətinin yeni yataqların tapılması və onların tezliklə işlənməsi planları ilə bağlı açıqlamalarını spekulyativ hesab etdilər.

Məsələn, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin mütəxəssisi İqor Yuşkov bundan heyrətə gəlib ki, Qara dənizdə heç bir ölkə "heç vaxt böyük bir yataq tapmayıb və Türkiyə birdən-birə bəxti gətirən tək şanslı biri oldu".

“Hətta, gerçəkdən qaz tapılsa da, yeni yatağın işlənməsinin və yanacağın çıxarılmasının iqtisadi əsaslandırılmasını unutmamalıyıq. Heç də aşkar edilmiş yataqların hamısı sonda ticari istismara çatmır. Qara dənizdə bahalı dərin dəniz hasilatı mümkündür və bu qazın hasilat qyməti nə qədər olacaq? Mümkündür ki, bu qızıl qazı dənizdə çıxarmaqdansa, Rusiyadan və Azərbaycandan qaz almaq daha sərfəli olacaq”, - deyə ekspert bildirir.

Onun sözlərinə görə, bir qayda olaraq, şelf layihəsinin işlənməsindən onun sənaye istismarına qədər beş - yeddi il çəkir.

"Türkiyədə ticari qaz hasilatının mümkünlüyü sual altındadır, çünki indiki qaz qiymətlərində yeni yataq nə mayeləşdirilmiş qazla, nə də daha ənənəvi Rusiya, İran və Azərbaycan qazı ilə rəqabət edə bilməyəcək", - deyə «Vygon Consulting»in məsləhətçisi Yekaterina Kolbikova bildirib. Onun sözlərinə görə, ölkədə bərpa olunan enerji mənbələri və nüvə enerjisinin inkişafı fonunda qaz istehlakı azalacaq, 2025-ci ilə qədər olan müqavilə öhdəlikləri Türkiyənin ehtiyaclarını üstələyəcək.

Bu proqnozlara baxmayaraq, şübhəsiz ki, belə bir güclü aktivinin olması Türkiyənin qaz təchizatçıları ilə danışıqlarda mövqeyini xeyli gücləndirəcək. Məsələn, bu ölkənin Maliyyə Nazirliyinin rəhbəri əmindir ki, qiymət endirimləri 30% -ə qədər ola biləcək. Bundan əlavə, B.Albayrak sanır ki, Türkiyə istehlakçıları hətta 2023-cü ilə qədər də qaz və elektrik enerjisi üzrə daha ucuz sənaye və ev qiymətlərindən yararlana bilərlər. Nazirin sözlərinə görə, yeni qaz yatağı bir sıra yerli şirkətlərin imicinə müsbət təsir göstərəcək.  

“Yaxın perspektivdə bu yataqların işlənməsi həm TPAO, həm də BOTAŞ üçün, bəlkə də, əvvəlcə ölkə daxilində və sonra xaricdə IPO (səhm satışı) üçün yol açacaq. Onların balanslarının dünyanın ən dəyərli enerji şirkətləri ilə müqayisə edilə biləcək bir səviyyəyə qaldırılması IPO-ya qədər aparacaq. Biz hüquqi infrastruktur hazırlayacağıq”,- deyə o bildirib.  

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu isə aşkar edilmiş qaz ehtiyatlarının Avropaya ixrac olunma imkanlarından bəhs edib. “Türkiyə qaz almaqla yanaşı, həm də tranzit ölkəsidir. Bu sahənin kəşfi ilə Türkiyə bir sıra nəhəng energetika meydançalarına daxil oldu. Bu qazı öz ehtiyaclarımızı ödəmək üçün istifadə edəcəyik və qalanını isə Avropaya ixrac edə bilərik ”, - deyə o bildirib.

Yeri gəlmişkən, hökumət rəsmilərinin sözlərinə görə, Türkiyə qaz idxalından tamamilə imtina etmək fikrində deyil. Əksinə, Ankara yaxın illərdə Azərbaycandan ixracatı artırmağı planlaşdırır. “Türkiyəyə təbii qaz ixracında artıq Azərbaycan birinci yeri tutdu. Önümüzdəki illərdə biz Azərbaycan qazının alış həcmini artıracağıq”, - deyə M.Çavuşoğlu bildirib.

Ölkənin Maliyyə Nazirliyinin başçısı da öz növbəsində Türkiyənin Rusiya və İranla qaz sektorunda əməkdaşlığı davam etdirmək niyyətini açıqlayıb. “Bəlkə də, bir istehsalçı ölkə olaraq əməkdaşlıq edəcəyik. Rusiya etibarlı təchizatçıdır, hətta ən çətin dövrlərdə belə bizi tərk etmədi və təchizatı əngəlləmədi”, - deyə B.Albayrak bildirib.

 

Çəkişmə dənizi

Türkiyə hər il, orta hesabla, enerji idxalına 40 milyard dollardan çox pul xərcləyir, 2019-cu ildə respublika 44 milyard kubmetr istifadə edib. Qara dənizdəki uğurlu kəşf iştahı qızışdırıb və indi ölkə Aralıq dənizində də "uğuru təkrarlamağı" ümid edir.

“Biz enerji mənbələrinin axtarışı ilə bağlı araşdırmalara daha böyük sürət verəcəyik. Məqsədimiz ölkədəki bütün enerji problemlərini həll etməkdir”, - deyə ölkə prezidenti R.T.Ərdoğan bildirir.  

Dövlət başçısı Türkiyənin qazma işlərinə davam etməkdə qərarlı olduğunu vurğulayıb.

Enerji Nazirliyinin rəhbərinin sözlərinə görə, Türkiyə Aralıq dənizinin karbohidrogen potensialı olan bölgələrində qazma işlərinə davam edəcək.  

“Təbii qaz tədqiqatları əsasən Şərqi Aralıq dənizində aparılıb. Yeni qaz yataqlarının açılmasını gözləyirik, ancaq qazma işləri aparıldıqdan sonra bu, aydın olacaq”, - deyə F.Dönməz bildirib.

Türkiyə NAVTEX (Beynəlxalq Avtomatlaşdırılmış Xəbərdarlıq Sistemi) vasitəsi ilə 18 avqust-15 sentyabr tarixləri arasında Şərqi Aralıq dənizində yeni seysmik fəaliyyətlərini elan etdi. Bu təşəbbüslər çərçivəsində «Yavuz» qazma gəmisi «Ertugrul Bey», «Osman Bey» və «Orhan Bey» döyüş gəmilərinin müşayiəti ilə Kiprin cənub-qərbində kəşfiyyata başladı. NAVTEX seysmik işlərin aparıldığı əraziyə girməməyi təkidlə tövsiyə edib.

Bu cür fəallıq qonşu Yunanıstanda həddindən artıq narazılıq yaratdı, onlar Ankaranı qanunsuz və icazəsiz fəaliyyətlərdə günahlandırdılar, iddia etdilər ki, Türkiyənin Afinanın müstəsna iqtisadi bölgəsi hesab etdiyi sularda neft və qaz axtarışları aparır. Ankara buna cavab olaraq BMT tərəfindən tanınmış Liviya milli həmrəylik hökuməti ilə dəniz zonalarında qarşılıqlı anlayış barədə bağladığı memorandumun şərtlərinə istinad edir.

Yunanıstan vəziyyətdən çıxış yolunu Avropa İttifaqının (Aİ) Türkiyəyə qarşı sanksiyaları vasitəsi ilə Ankaraya təzyiq göstərməkdə görür. Almaniya isə öz növbəsində danışıqların bərpa edilməsi və bölgədə vəziyyətin daha da gərginləşməməsi üçün iki ölkə arasında vasitəçilik etməyə çalışır. Fransa isə əksinə Yunanıstana dəstək əlaməti olaraq iki qırıcı təyyarəsini Kipr bazasından Kritə göndərdi, «Lafayette» freqatını və vertolyot daşıyıcısı «Tonnerre»ni bölgəyə gətirdi.

Yunanıstan 26 avqust tarixində Şərqi Aralıq dənizində Fransa, İtaliya və Kipr ilə birlikdə hərbi təlimlərə başladı. Yunanıstan Müdafiə Nazirliyi təlimlərin Krit adasının cənubunda olacağını və üç gün davam edəcəyini açıqladı. Həmin gün Türkiyə və ABŞ hərbi-dəniz qüvvələrinin gəmiləri Şərqi Aralıq dənizində birgə təlimlər keçirdilər.

Şelf uğrunda mübahisədə Kipr, Misir və İsrail ənənəvi olaraq Yunanıstanın tərəfində çıxış edirlər, çünki onların şelf sahələrindən qazı Şərqi Aralıq dənizi boru kəməri ilə Avropaya çatdırmaq üzrə ortaq planları var. Düzdür, bu ölkələrin Türkiyə ilə həqiqi hərbi qarşıdurma halında Yunanıstana hansı cür praktik yardım göstərə biləcəkləri və ən əsası bu yardımı etmək istəyib- istəməyəcəkləri böyük bir sual altındadır.

Prezident Ərdoğan isə bəyan edib ki, sanksiya tətbiq olunma təhlükəsinə baxmayaraq, Ankaranın Aralıq dənizində geoloji kəşfiyyat planlarından əl çəkməyəcək.  

"Heç bir müstəmləkəçi güc Türkiyəni öz bölgəsində mövcud olması proqnozlaşdırılan enerji mənbələrindən məhrum edə bilməz", -deyə R.Ərdoğan Afinanı dialoqa çağıraraq bildirib.

Ölkə lideri bildirib ki, Türkiyə heç kimin ərazisinə qarşı iddia qaldırmır və başqa ölkələrin hüquqlarını pozmağa çalışmır, bununla yanaşı mənafelərindən bir addım geri çəkilməyəcək.

“Çağdaş Türkiyə artıq güzəştlərə hazır bir ölkə deyil. Ankara bölgədəki milli maraqları qorumaq üçün bütün addımları atacaq və bunun üçün istənilən dəyəri ödəməyə hazırdır. Türkiyə Aralıq dənizində, Egeydə və Qara dənizdə ona məxsus olan hər şeyi alacaq”, - deyə dövlət başçısı bildirib.

İndi hər iki ölkənin silahlı qüvvələri hazırlıq vəziyyətinə gətirilib. Türkiyəyə qarşı sanksiyaların olub-olmayacağı hələ bəlli deyil. Aİ isə, öz növbəsində, hələ də Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı ortaq bir mövqe işləməyib. Ancaq təcrübənin göstərdiyi kimi, sanksiya və təhdidlərin dili təsirsizdir və heç də hər zaman arzulanan nəticəni vermir; bu səbəbdən bu mövzuda müəyyən bir razılığa gəlmək qaçınılmazdır.



MƏSLƏHƏT GÖR:

233