23 Aprel 2024

Çərşənbə axşamı, 12:54

MÜHARİBƏ DADI VERƏN SÜLH

Donald Trampın planı Fələstin ətrafında riski artırır

Müəllif:

01.09.2020

Avqustun 13-də İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əldə olunan münasibətləri normallaşdırma haqqında razılaşma Ərəb-İsrail münaqişəsi tarixində ciddi dönüş ola bilər. Razılaşmadan sonra Yaxın Şərqdə hərarətin yüksəlməsinin əsas səbəbi də budur. Amma risklər də mövcuddur, özü də heç də zəif deyil.

Əlbəttə, BƏƏ-dən əvvəl daha böyük iki ərəb dövləti İsraillə münasibətlər qurub. 1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya İsraillə diplomatik əlaqələr qurub və hər iki ərəb dövlətinin hazırda İsraillə diplomatik münasibətləri mövcuddur. BƏƏ bu siyahıda 3-cü ölkədir. Sırada başqa ölkələr də var.

Ancaq indi situasiya fərqlidir və BƏƏ ilə başlayan proses ciddi nəticələrə səbəb ola bilər.

Birincisi, mövcud hərbi-siyasi şəraitdir. Hazırda Yaxın Şərqdə hərbi-siyasi şərait 1979 və 1994-cü ildən fərqlidir. Başqa sözlə, Yaxın Şərqin hazırda daha ciddi problemləri var. Terrorizm, ya da başqa adla dini-siyasi-ideoloji cəbhələşmə daha dərinləşib, ixvan və mövcud monarxik ərəb rejimləri arasında kəskin mübarizə mövcuddur. Digər tərəfdən region ərəb ölkələrinin başı üzərində İran təhdidi mövcuddur. Körfəz hakimiyyətləri İranla Yəmən, Suriya və İraq kimi ölkələrdə mandat müharibəsi aparır, başqa sözlə, İranı özləri üçün daha ciddi təhdid olaraq görürlər.

Oxşar vəziyyət Türkiyə ilə münasibətdə mövcuddur. Qətər ətrafında böhran zamanı, həmçinin hazırda Liviyada gedən vətəndaş müharibəsində Türkiyə ilə BƏƏ, eləcə də digər ərəb ölkələri faktiki olaraq əks cəbhədə yer alırlar. Yəni başqa sözlə, region daxilində daha dərinləşən maraq mübarizəsi ərəb dövlətləri üçün daha güclü müttəfiq axtarışını zəruri edir. Hazırda isə belə müttəfiq ABŞ və İsrail ola bilər. Çünki hər kəs anlayır ki, İran təhdidinə qarşı İsraillə əməkdaşlıq ən yaxşı müdafiə vasitəsi olmaqla yanaşı, həm İran, həm də İsraillə eyni anda düşmən olmaqla davam etmək mümkün deyil. Digər tərəfdən İsraillə barışan BƏƏ həm də ABŞ və Qərb ölkələri kimi yeni müttəfiqlər qazana bilər.

İsrail-BƏƏ barışığının ikinci mühüm nəticəsi odur ki, bu proses davam edəcək. Yəni Misir və ya İordaniyada olduğu kimi, dayanmayacaq. Digər region ölkələrinin də BƏƏ-nin yolunu gedəcəyi gözlənilir. Artıq ABŞ prezidenti bildirib ki, BƏƏ-dən sonra Səudiyyə Ərəbistanının İsraillə normallaşma razılaşmasına gedəcəyinə inanır. Donald Tramp bu açıqlamanı BƏƏ və İsrail arasındakı razılaşmadan dərhal sonra elan edib. Lakin bu açıqlamadan qısa müddət sonra Səudiyyə Ərəbistanı Krallığı hökuməti İsraillə normallaşma üçün əsas şərtin Fələstinlə sülh müqaviləsi olduğunu bəyan etdi.

Məlum olduğu kimi, BƏƏ və İsrail barışığının əsas müəllifi Donald Trampdır. Bu ilin yanvarında Tramp administrasiyası Fələstin-İsrail münaqişəsinin həllini təklif edən yeni planı açıqlayıb. Bu planın əvvəlkilərdən fərqi ondan ibarətdir ki, ABŞ İsraildən işğal olunmuş əraziləri boşaltmağı tələb etmir, yalnız yeni yaşayış məskəni inşası prosesini dayandırmaq tələb olunur. Bunun əvəzində isə Fələstinin hazırkı ərazilərində yeni infrastruktur layihələri, iş yerlərinin açılması və sair təklif olunur.

Plan fələstinlilər üçün siyasi cəhətdən əlverişsiz olsa da, bundan əvvəl 2017-ci ilin dekabrında Qüdsün İsrail paytaxtı kimi tanınması, 2019-cu ildə isə Colan Təpələri ərazisinin İsrail torpaqları kimi BMT qərarlarına zidd addımları faktiki olaraq ərəb ölkələri və ən əsası Fələstinin zəif lideri Mahmud Abbas üçün seçim imkanı qoymayıb.

Bu il iyulun 1-də isə İsrail hökuməti İordan çayının qərb sahilindəki ərazilərin ilhaqı qərarını Knessetə çıxarmağı planlaşdırsa da, sonradan beynəlxalq “şərtlər imkan vermədiyi” üçün layihə dayandırılıb. Və avqustun 13-də elan olundu ki, BƏƏ məhz İsrailin ilhaq planından əl çəkməsinə qarşılıq bu ölkə ilə münasibətləri normallaşdırmağa razılaşıb.

Lakin aydın məsələdir ki, İsrail-BƏƏ normallaşmasının arxasındakı regional və beynəlxalq şərtlər dayanır. Təbii ki, bu şərtlər yalnız BƏƏ üçün əhəmiyyət kəsb etmir. Sırada digər ərəb ölkələri də var. Onlar da ABŞ-ın təzyiqləri və regional şərtlərin diktəsi ilə barışığa meyillidir. İlk addım Sudandan gəlib. İsrail baş naziri Benyamin Netanyahu BƏƏ ilə razılaşmadan bir neçə gün sonra deyib ki, ilin sonuna qədər daha bir razılaşma Sudan rəhbərliyi ilə əldə oluna bilər. Bir qədər əvvəl Netanyahu Sudanın hazırkı keçici hərbi rəhbərliyi ilə görüşüb danışıqlar aparıb.

Bundan başqa sırada Bəhreyn və Oman da var. Yeri gəlmişkən, 13 avqust razılaşmasından sonra Baş nazir Netanyahu Oman, Bəhreyn və Misir hakimiyyətlərinə razılaşmanı dəstəklədikləri üçün təşəkkür edib.

Bu, həm də yeni normallaşma razılaşmalarının coğrafiyasını göstərir. Yeri gəlmişkən, baş nazir Netanyahu hələ iki il əvvəl – 2018-ci ilin oktyabrında Omana səfər edib və yüksək səviyyədə danışıqlar aparıb.

Qarşıdakı dövrdə ciddi siyasi hadisələr olmasa bu prosesin körfəzin digər ərəb dövlətlərini də əhatə edəcəyi qaçılmazdır.

 

Prosesin mümkün riskləri

BƏƏ İsraillə normallaşma prosesində istədiyi dəstəyi alacağını umur. Razılaşmadan dərhal sonra İsrail kəşfiyyat rəisinin BƏƏ-yə səfər etməsi, eləcə də Benyamin Netanyahunun ilin sonuna qədər BƏƏ-yə səfər edəcəyini açıqlaması və ən əsası Qırmızı dənizdə BƏƏ-İsrail hərbi əməkdaşlığının artırılacağı ilə bağlı danışıqların mediaya sızması bunu bir mənada təsdiqləyir. Həmçinin artıq İsrail silah şirkətlərinin BƏƏ-yə silah satışı danışıqlarına başlaması ilə bağlı məlumatlar yayılıb.

Amma normallaşma prosesinin özünün ciddi riskləri mövcuddur. İlk növbədə, bu razılaşmaya ərəb xalqının reaksiyasıdır. Artıq BƏƏ-də kiçik də olsa siyasi fəallar bu razılaşmaya etiraz aksiyaları ilə reaksiya verdilər. Hər nə qədər səsi zəif eşidilsə də, Fələstin administrasiyasının rəhbəri Mahmud Abbasın razılaşmanı pisləməsi, hətta səfiri geri çağırması BƏƏ üçün ciddi xəbərdarlıqdır. Çünki bu proses BƏƏ-yə qarşı həm daxildə, həm də xaricdə, yəni region ölkələrində təzyiqə səbəb ola bilər. İsraillə sülhdən narazı olan ərəb ictimai rəyi BƏƏ-yə qaşrı çevrilə bilər.

Çünki Misir və İordaniyadan fərqli olaraq BƏƏ-nin İsraillə quru sərhədi yoxdur və başqa sözlə diplomatik əlaqələr üçün hər hansı zərurət də yox idi. Hər kəs anlayır ki, BƏƏ-nin İsraillə əlaqələrini bərpa etməsi Fələstin münaqişəsindən daha çox rəsmi Əbu Dabinin regional siyasi maraqlarına hesablanmış addımdır. Bu səbəbdən də, ərəb və islam ictimai fikri BƏƏ-yə qarşı çevriləcək. Bunun daha sərt təsirləri də ola bilər.

Hələlik yalnız Fələstin, Türkiyə və İran İsraillə barışıq qərarını pisləyib. İranla gərginlik isə siyasi bəyanatlardan kənara çıxıb. Fars körfəzində iranlı başlıqçılar BƏƏ sahil mühafizəsi tərəfindən vurulub, ardınca İran BƏƏ bayraqlı neft tankerini ələ keçirib, heyət üzvlərini həbs edib. Bu məsələnin ciddi qarşıdurmaya çevrilməsi gözlənilməsə də, iki ölkə arasında gizli müharibənin daha da şiddətlənməsi qaçılmaz olacaq.

Digər tərəfdən bu hadisə ərəb dünyasında Fələstin mövzusuna görə bölünməni daha da dərinləşdirəcək. Həmçinin daha radikal, İsrailə qarşı silahlı mübarizənin tərəfdarı olan qüvvələri daha da gücləndirəcək və BƏƏ-də bu hədəflərdən biri halına gələcək.

 

Trampın uğuru?

Heç şübhəsiz ki, İsrail-BƏƏ barışığı ABŞ prezidenti Donald Trampın uğurudur. Cənab Tramp hakimiyyətdə olduğu 4 ildən az vaxt ərzində İsrail və Yaxın Şərq münaqişəsinin həlli üçün ciddi addımlar atıb. İrana qarşı sərt sanksiyalar qəbul etməklə Tehranı küncə sıxışdıran və qəzəbləndirən Tramp administrasiyası, eyni zamanda ərəb ölkələri ilə münasibətləri daha da istiləşdirib və bu ölkələrin daha çox ABŞ-ın təsiri altına düşməsinə nail olub. Məhz bunun nəticəsində İsrailə siyasi jest edərək Qüdsü və Colan Təpələrini İsrail ərazisi kimi tanıyıb.

Ancaq indi bu “uğur” silsiləsinin davam etməsi üçün cənab Trampın ikinci müddətə seçilməsi lazımdır. Əgər amerikalılar Trampı ikinci müddətə seçməsələr, Yaxın Şərqdə siyasi vəziyyət kəskin şəkildə dəyişə bilər. Bu səbəbdən də, Ağ Evin indiki sahibinin bu seçkilərdə qalib gəlməsi həm də Yaxın Şərq üçün əhəmiyyət kəsb edəcək. Görünür, cənab Tramp da, bu səbəbdən, yəhudi lobbisinin dəstəyinə ümid edir.

İndi çox şey noyabrın 3-də ABŞ-da keçirilən seçkilərdən asılıdır. Əgər Tramp növbəti dəfə seçilməsə, hər şey dəyişə bilər. Çünki demokratların Yaxın Şərqə baxşı respublikaçılarla müqayisədə fərqlidir. Cənab Tramp Yaxın Şərq siyasətində aktivlik nümayiş etdirməsi həm də seçkilərdə yəhudi lobbisini fakt qarşısında qoymaq üçündür. Yəni indi hər kəs anlayır ki, prezidentin dəyişməsi həm də başlayan prosesin dayanmasına səbəb olacaq.

Lakin istənilən halda bu, İsrailin indiki hakimiyyəti adına ciddi uğurdur. İsrail artıq 3 ölkə ilə rəsmi əlaqələrə malikdir, yaxın zamanlarda bu siyahı daha da böyüyəcək. Amma bu proses həm də böyük risk deməkdir. Çünki bu qərarlar həm də İsrailin işğal siyasətindən narazı olan ərəb-müsəlman xalqların ciddi narazılığına səbəb olur. Hökumətlərin siyasi maraqlara görə İsraillə yaxınlaşması alt qatda əks təsir doğura, radikal silahlı qrupların, partizan müharibəsinin alovlanmasına səbəb ola bilər. Çünki hazırda vəziyyət İsraillə ədalətli sülh ümidlərini azaldır, buna görə də prosesdən narazı qalan radikal xəttin güclənməsi qaçılmazdır. Unutmaq olmaz ki, bu gün Həmas, İslami Cihad, Hizbullah və digər onlarla silahlı qrupun əsas şüarı Fələstinin silah yolu ilə azad edilməsidir.



MƏSLƏHƏT GÖR:

233