23 Aprel 2024

Çərşənbə axşamı, 17:29

«XƏZƏR ÜZƏRİNDƏ YELLƏNCƏK»

Bakıda rusiyalı yazıçı Mariya Suvorovskayanın kitabı əsasında eyniadlı filmin çəkilişlərinə başlayıblar

Müəllif:

15.09.2020

«Xəzər üzərində yelləncək». Mədəniyyət Nazirliyinin sifarişi ilə «Caspian Media Group» (CMG) tərəfindən çəkilən film belə adlanacaq. Süjetin əsasında Azərbaycana ilk dəfə gəlmiş və onu əbədilik sevmiş qızın hekayəsi dayanır. Uydurma deyil, real həyatdan Götürülüb. Mariya Suvorovskayanın «Kaçeli nad Kaspiyem», ruscadan tərcümədə «Xəzər üzərində yelləncək» adlı kitabının əsasında da elə bu hekayə dayanır.  

Dünya qədər qədim  

Filmin hadisələri Moskvada və Bakıda cərəyan edir. Diqqət mərkəzində klassik üçbucaq dayanıb: Taşa - Ruslan - Leyla. Ancaq münasibətlər tarixinin özü də yetərincə klassikdir: sırağagün - dünən - bu gün. Kitabda qaldırılmış problem də yeni deyil. Çoxəsrlikdir, lakin 21-ci əsrdə də aktuallığını qoruyur. 15-30 il öncə buna  oxşar bir şeylər yaşamış oxucular kitabın təqdimatında danışaraq, öz həyəccanlarını və coşan xatirələrini gizlətməmişdilər.  

2018-ci ildə  çap olunmuş  kitabın təqdimatı 2019-cu ilin may ayında «Bakı Kitab Evi»ndə baş tutub. 2019-cu ildə dərhal öz oxucusunu tapan kitab Azərbaycan dilinə tərcümə edilib. Bu gün bu əsərin əsasında ssenari yazılıb və film çəkilir, filmin premyerası 2021-ci ilin martına planlaşdırılır və Bakıda keçiriləcək. Çəkilişlər Rusiya və Azərbaycanda aparılacaq. «Xəzər üzərində yellənmə» filminin Moskvada və Rusiyanın bölgələrində nümayişi planlaşdırılır. Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda, Ukraynada, Avropa ölkələrində və ABŞ-da isə qeyri-kommersiya nümayişi nəzərdə tutulub.

Bu, «Caspian Media Group» tərəfindən çəkilmiş ilk tammetrajlı film deyil. Şirkət tərəfindən yayımlanan filmlərə maraq çoxdur və populyardırlar: "Qaynana-2018" – milli prokatın ən yüksək pilləsinə yüksəlmişdi, "İki yad adam" isə Paris, Vyana, Pekin, Astana, Tbilisi və digər şəhərlərdə fərqli dillərə tərcümə ilə nümayiş olunub. 2020-ci ildə Mircəlal Paşayevin əsərləri əsasında hazırlanmış “İncə məqam” filmi şirkətin film istehsalı ilə maraqlanan izləyicilərə təqdim ediləcək. Şirkətin direktoru Hüseyn Cavadzadə yaratdıqları məhsulların keyfiyyətinə böyük önəm verir və kinonun əvvəlki kimi bütün incəsənət növləri arasında ən gərəkli olduğunu bildirir. Onunla və layihənin bir sıra iştirakçıları ilə qısa dialoq buna sübutdur.

Hüseyn Cavadzadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU), İsveçrənin Montrö şəhərində Biznes Universitetini bitirib: ixtisası – işgüzar inzibatçılıq magistri. Son 10 ildə ADMİU-da kinematoqrafiya və prodüser işindən dərs keçir. CMG-nin direktoru, filmin prodüseridir.

- «Caspian Media Group»un artıq ölkəmizdə prodüser kinosu yaradılması üzrə praktiki təcrübəsi var. Bu, sizin beşinci kino layihənizdir. Bəs, seçim niyə “Xəzər üzərində yelləncək” əsərinə düşdü?

- Necə var, elə deyəcəm: müəllifin Azərbaycana sonsuz sevgisi, baş qəhrəmanların münasibətlər tarixçəsinin səmimiyyəti və doğruluğu, həmçinin şirkətin yaradıcı heyətinin ədəbi hekayəni ekran hekayəsinə çevirmək istəyi məni ovsunladı. Bundan əlavə, süjetin intriqası aktualdır: həm multikultural dözümlülük dəyərləri baxımından, həm qəhrəmanlar arasındakı şəxsi münasibətlər mövzusunun aktuallığı baxımından, həm də «love story» tərzində əhvalatın cəlbediciliyi baxımından. Film rus dilində melodrama janrında çəkiləcək. Çəkiliş qrupuna ekran sənətinin ustaları daxildir: rejissor - Qulu Əsgərov, operator - Rauf Qurbanəliyev. Baş rollara aktyorlar Rusiyadan dəvət edilib: kinoda təcrübəsi olan həmyerlimiz Emil Həsənzadə - Ruslan roluna, Taşa roluna - kitabın müəllifi Maria Suvorovskaya. Leylanı Bakıdan Duyğu Dəvəli canlandıracaq. Kütləvi səhnələrdə Bakı teatrlarının aktyorları iştirak edəcəklər. Populyar müğənni - Azərbaycanın xalq artisti Brilliant Dadaşova da filmdə rol alacaq. Hər şey planlaşdırdığımız kimi getsə, premyera Novruz günlərində olacaq, sonra filmi MDB ölkələrinin və bəzi Avropa ölkələrinin prokatında nümayiş etdirməyi planlaşdırırıq. Bu mərhələdə bir layihə üzərində işimiz barədə deyə biləcəyim yalnız budur.

Emil Həsənzadə bu yaxınlara kimi idmançı olub (futbolçu, Ümumrusiya sambo turnirinin çempionu olub), modeldir, B.Şukin adına Teatr İnstitutunun aktyor şöbəsinin tələbəsidir.

- Ruslanın roluna və xarakterinə dalmaq özünü və yaşıdlarını daha yaxşı anlamağa kömək edəcəkmi?

- Bu suala yalnız film çəkildikdən sonra cavab verə bilərəm. Amma hələ ki, Ruslan adlı bir insanın xarakterini öyrənmə prosesində olduğumu deyə bilərəm. Bu, sadəcə, bir proses deyil, mənə heç nə ilə oxşamayan bir insanın duyğu və hisslər dünyasına dalmaqla ətraflı bir psixoloji araşdırmadır. Düşünürəm ki, aktyor peşəsini seçməkdə yanılmamışam, çünki bu, insan duyğularının və münasibətlərinin təbiətini öyrənmək, anlamaq üçün imkan yaradır.

Maria Suvorovskaya, yazıçı, şair, "Xəzər üzərində yelləncək" povestinin müəllifi.

- "Xəzər üzərində yelləncək" kitabı çıxana kimi siz öz imkanlarınızı müxtəlif peşə və rol funksiyalarında sınamışdınız: televiziya proqramı aparıcısı idiniz, jurnalistika ilə, ictimai fəaliyyətlə məşğul oldunuz, yazıçı oldunuz. İndi də yeni bir rol funksiyası - aktrisalıq...

- Hələ ki, mən özüm bunu aydınlaşdırmalıyam. Uşaqlıqdakı teatr hobbim və teatr studiyasında dərslərə getməyim birdən-birə praktiki gerçəkləşdi. Yalnız onu deyə bilərəm ki, "aktrisa" rolu funksiyası mənə öhdəliklə yanaşı, həm də sanki mənim hansısa  yenidən doğulmadan, dəyişimdən, çevrilişdən keçməyimə kömək edir... Filmin süjeti orijinaldan bir az fərqli olacaq. Yəni kitabı artıq oxumuş olanlar buna diqqət yetirəcəklər. Amma ssenari müəllifi Nicat Dadaşov və filmin prodüseri Hüseyn Cavadzadə ssenari yazarkən mənimlə əlaqə saxladılar. Bizim aramızda gözəl bir yaradıcılıq tandemi alındı. Ümumiyyətlə, kollektivlə bağlı bəxtim gətirib: rejissorla, operatorla, aktyorlarla və pərdə arxasında qalan hər kəslə bağlı. Bunlar qrimçilər, rəssamlar, işıqçılara, assissentlərdir. Onlarla ünsiyyətə vaxtımız oldu. Bu heyətin qəhrəmanlara, onların yaşantılarına yanaşmaları mənim bu ekran əsəri ilə bağı təsəvvürümlə üst-üstə düşür. Film də kitab kimi, mənim Bakı şəhərinə və Azərbaycana olan sevgimin etirafıdır. Qədim odlar və küləklər yurduna əbədi olaraq bağlandım və o, məni buraxmır. Mən burada yaşamaq istərdim...

Leyla rolunun ifaçısı Duyğu Dəvəli.

- Leyla obrazı sizi nə ilə cəlb etdi?

- Xarakterin orijinallığı ilə. Nəcibliyi, dözümlülüyü, müdrikliyi, özünə hakim olma, hətta ən çətin duyğu sarsıntısı anlarında ləyaqətini, ədəbini qorumaq bacarığı belə hörmətə səbəb olur. Leyla kövrək, nəcib və qürurludur. Bu obrazı sevməyə bilməzdim. Onun xarakterinin yaradılması üzərində iş çətin, lakin çox maraqlıdır.

Rejissor Qulu Əsgərovla söhbət daha uzun və geniş əhatəli oldu. İncə analitik psixologizm, personajların düşüncə və hisslərinin ən gizli guşələrinə dalmaq bacarığı və istəyi, qəhrəmanların  xarakterlərindəki mental, dini və mədəni fərqlərin öyrənilməsi bayağı bir sevgi münasibətləri hekayəsi deyil, səmimi hisslərin və ehtirasların melodramatik yüksəlişini vəd edir ki, bu da sanki yelləncək dinamikası yaradır  - uçaraq yüksəlir və aşağı enir. Bunun arxasında isə XXI əsr meqapolisinin çağdaş insanlarının real həyatının gerçəkləri durur...

Qulu Əsgərov, ADMİU-nun musiqili teatr rejissorluğu fakültəsinin məzunu. 2017-ci ildən bəri kino çəkir. Yaradıcılıq arsenalına "Sarı gəlin" (72 seriyası), "Könül yarası", "Yad gəlin" (2 mövsüm) serialları, qısametrajlı "Etiraf" filmi daxildir, indii isə tammetrajlı "Xəzər üzərində yelləncək" filmini çəkir.

- Niyə "Xəzər üzərində yellənmə"ni seçdiniz?

- Əsəri oxudum, süjeti məni problematikliyi və müəllifin təhkiyə üslubunun səmimiliyi ilə maraqlandırdı. Sonra ssenarini oxudum və anladım ki, yüzillik yanlış qınaqları aradan qaldırmağa məhkum olan bu hisslərin, bu münasibətlərin hekayəsini çəkmək istəyirəm. Ümumiyyətlə, xrestomatik bir əhvalatdır. Amma o, qəhrəmanların başına 12-ci əsrdə deyil, 19-cu əsrdə deyil, hətta 20-ci əsrdə deyil, 21-ci əsrdə gəlir!  Biz təyyarələrdə uçuruq və yeni qacetlərdən istifadə edirik, amma orta əsr insanları kimi düşünür və hiss edirik. Bir vaxt Kiplinq demişdi ki, Qərb Qərbdir, Şərq də Şərqdir və onlar heç zaman bir araya gələ bilməyəcəklər. Yüz ildən çox vaxt keçib. Problem hələ də qalır. Bu barədə susmaq olmaz. Problem olmadığının görüntüsünü yaratmaq olmaz. Klassik Taşa - Ruslan - Leyla üçbucağındakı münasibətlər tarixçəsi bundan bəhs edir. İnsanlar arasındakı mental və mədəni fərqlər insan xoşbəxtliyinə və gerçək sevgiyə mane olmamalıdır.

Qulu qayğıkeş insandır, rejissor peşəsi üçünsə bu, çox vacibdir. O həm personajların xarakterinə, həm də personaj ifaçılarının xarakterinə eyni dərəcədə dözümlə yanaşır.  Personajların xarakteri və aktyor insanın xarakteri onun üçün eyni dərəcədə önəmli və maraqlıdır. Bu səbəbdən bu kino əhvalatının reytinqlilər sırasına girmək üçün hər cür şansı var. Üstəlik, onun əsasında bu yaxınlarda  ağsaçlı Xəzərin sahilində baş vermiş gerçək  və səmimi bir hekayə durur...

Bu, Xəzər üzərində emosional bir yellənmədən dağılan  minlərlə və minlərlə eyni əhvalat və taleləri xatırladan bir hekayədir. Bu həm də dünyanın hələ də iki böyük sivilizasiyaya - Qərb və Şərqə bölündüyünü xatırladan bir hekayədir. Bu sivilizasiyalar div kimi, qayalar kimi yerlərində möhkəm dayanırlar və spesifik mədəniyyətlərə malikdirlər, tarixi çağlar xəttində baş verən qloballaşma və ya regionallaşma proseslərinə baxmayaraq, dəyişmirlər. Niyə? Bu, analitiklərin, tarixçilərin, psixoloqların, kulturoloqların və rəssamların  gələcək araşdırmalarına aid məsələdir. O cümlədən, kino sənətçilərinin də. Film isə insanları sadəcə xoşbəxt olmaq fürsətindən məhrum edərək, problem yaradan vəziyyətə kənardan baxmaq imkanı verəcək...

Film üzərində işdə «Caspian Media Group»un tərəfdaşı Rusiyanın «BİZNES-DİALOQ MEDİA» nəşriyyat-kommunikasiya qrupudur, Rusiyanın və Azərbaycanın aparıcı KİV-ləri layihəyə informasiya dəstəyini təmin ediblər.



MƏSLƏHƏT GÖR:

298