19 Aprel 2024

Cümə, 11:32

SERBİYA ÜÇÜN KOSOVO MƏSƏLƏSİ

Serbiya liderlərinin ABŞ-a səfəri Balkanlarda illərdir davam edən münaqişəni «ölü nöqtə»dən tərpədə biləcəkmi?

Müəllif:

15.09.2020

Kosovo münaqişəsi tarixində regionda sülh perspektivi, yəqin ki, heç zaman indiki qədər ümidverici, eyni zamanda kövrək olmayıb. Serbiya prezidenti Aleksandr Vuçiçlə Kosovonun baş naziri Avdulla Xotinin ABŞ-a sentyabrda etdikləri tarixi səfər zamanı əldə olunmuş razılaşma, heç şübhəsiz, Belqrad-Priştina münasibətlərində yeni səhifə adlana bilər. Bu razılaşma Balkanlarda münasibətlərin normallaşması istiqamətində ciddi addımdır. Lakin bu, Serbiyanın Kosovonun müstəqilliyini tanıdığı anlamına gəlmir.

 

Vaşinqton razılaşmasının məğzi

Belqrad son illər Avropa İttifaqına inteqrasiyaya xüsusi maraq göstərir. Eyni sözləri onun qonşuları haqda da söyləmək olar. Aİ də Qərbi Balkan dövlətlərini, o cümlədən Serbiya ilə Kosovonu sıralarında görməyə hazır olduğunu bildirir. Aİ-nin bəzi üzvləri Kosovonun müstəqilliyini tanımasa da, birliyin aparıcı dövlətləri bunu Priştinanın separatçı hökumətinin Serbiyadan ayrılmaq qərarını verməsindən dərhal sonra edib. Hazırda Avropa İttifaqı rəhbərliyi vədinə əməl etməsi üçün Balkanlardakı ziddiyyətləri aradan qaldırmağa çalışır. Lakin Belqrad Kosovonu müstəqil dövlət kimi tanımağa tələsmir. O, qiyamçı bölgə ilə danışıqlarda daha çox Vaşinqtonun vasitəçiliyinə bel bağlayır.

Hələ bu ilin iyulunda Brüsseldə Serbiya və Kosovo liderləri arasında danışıqlar başlayıb. Tərəflərin əvvəlki cəhdləri nəticə verməmişdi, 2018-ci ildən isə Aİ-nin himayəsi altında aparılan danışıqlar, ümumiyyətlə, dayandırılmışdı. Buna Kosovonun Serbiya, həmçinin Bosniya və Herseqovinadan gələn mallara birtərəfli qaydada 100%-lik rüsum tətbiq etmək qərarı səbəb olmuşdu. Amma bu danışıqlar onsuz da formal xarakter daşıyırdı. Çünki istər Belqrad, istərsə də Priştina daha çox Trampın vasitəçiliyinə bel bağlayır.

Məsələ ondadır ki, 2019-cu ilin sonlarında ABŞ prezidenti Donald Tramp əvvəllər ölkəsinin Almaniyada səfiri olmuş Riçard Qrenelli Kosovo üzrə nümayəndə təyin edib. Məhz onun vasitəçiliyilə az sonra Kosovo ilə Serbiya arasında birbaşa kommersiya uçuşlarının bərpası haqda razılıq əldə olunub. Vaşinqtonun səyləri nəticəsində Priştina mövqeyini dəyişərək, Serbiya məhsullarına rüsum tətbiqini də dayandırıb. Bu müsbət tendensiya sonrakı dövrdə də davam edib və nəhayət, iqtisadi əməkdaşlıq sazişinin imzalanması ilə yekunlaşıb. Danışıqlar kifayət qədər ağır keçib və onun gedişində tərəflər faktiki olaraq, 2 il əvvəlki gündəliyə qayıdıb. Lakin bu halda belə, Serbiya Kosovonun müstəqilliyə gedən yolunda «yaşıl işıq» yandırmaq fikrində olmadığını ortaya qoyub.

 

Serbiya üçün yeni reallıq: Brüssel şərt qoyur

Məlum olduğu kimi, separatçı regionun parlamentinin 2008-ci il fevralın 17-də birtərəfli şəkildə müstəqillik elanından sonra Qərb dövlətlərinin əksəriyyəti bu qərara dəstək verib. Bu gün artıq Kosovonun müstəqilliyini 100-dən artıq dövlət və ya BMT üzvlərinin yarısından çoxu tanıyıb. Proses davam edir.

Vəziyyət yeni siyasi reallıq yaradıb və Belqradın onun şərtlərini qəbul etməkdən başqa yolu yoxdur. Aİ-yə üzv olmağa çalışan Serbiya əksər Aİ ölkəsinin Kosovonun müstəqilliyini tanımaq qərarı ilə barışmaya bilməz. Serbiya 2012-ci il martın 1-dən Aİ üzvlüyünə rəsmi namizəd statusu qazanıb, 1 il sonra – 19 aprel 2013-cü ildə isə Kosovo və Serbiya münasibətlərin normallaşdırılmasına dair prinsiplər haqqında razılaşmanı ratifikasiya ediblər. Burada söhbət əsasən Kosovo serblərinin taleyindən, onlara bu bölgənin hüdudları çərçivəsində muxtariyyətin verilməsindən gedir. Brüssel bu sənədi Belqradla Priştinanın Avropaya inteqrasiya yolunda vacib addım kimi qiymətləndirib.

2018-ci ilin fevralında 2025-ci ilə Aİ-yə 6 Qərbi Balkan ölkəsinin qəbulunu nəzərdə tutan sənəd açıqlanıb. Söhbət Albaniya, Serbiya, Çernoqoriya, Şimali Makedoniya, Bosniya və Herseqovina, həmçinin Kosovodan gedir. Lakin Kosovonun beynəlxalq-hüquqi statusunun qeyri-müəyyən olması onun Aİ üzvlüyünə tamhüquqlu namizədə çevrilməsinə imkan vermir. Avropa İttifaqının 5 üzvü (Yunanıstan, İspaniya, Kipr, Rumıniya və Slovakiya) Kosovonu hələ də Serbiyanın tərkib hissəsi sayır. Bu üzdən də Brüssel Belqradla Priştinanı münasibətlərinin gələcəyilə bağlı razılığa mümkün qədər tez gəlməyə çağırır. Bununla yanaşı, Serbiya Kosovonun müstəqilliyilə bağlı danışıqlara hazır olduğunu bildirsə də, ictimaiyyətin böyük hissəsi, o cümlədən nüfuzlu Serbiya Pravoslav kilsəsi belə dialoqa qarşıdır.

Məsələ ondadır ki, burada söhbət yalnız keçmiş muxtariyyətin taleyindən yox, eyni zamanda Kosovonun şimalında yaşayan serblərin gələcəyindən də gedir. 2018-ci ildə Serbiya prezidenti Aleksandr Vuçiç «sərhədlərin müəyyənləşdirilməsi» və ya ərazi mübadiləsi təklifilə çıxış edib. O, təklif edirdi ki, 3 serb icmasının yaşadığı ərazi Serbiyaya verilsin, əvəzində, Kosovonun müstəqilliyi tanınsın və Serbiyanın albanlar yaşayan bəzi bələdiyyələri Priştinanın nəzarətinə keçsin. Lakin bu təklifi nə kosovolular, nə serb icmaları, nə də Aİ qəbul edib.

Tərəflər dialoqun davam etdirilməsi üçün hər kəsi qane edən platformanı bu gün də tapmayıb. Bu isə yaxın zamanlarda kompromisə nail olunacağına ümid yeri qoymur.

 

Alban millətçiliyi və serblərin perspektivi

Yuqoslaviyanın parçalanması və regionun xəritəsində bir anda bir neçə müstəqil dövlətin yaranması ilə alban millətçiliyi Qərbi Balkanlarda sabitliyi pozan ciddi amilə çevrilib. Kosovonun müstəqillik istəyinin yalnız NATO, Aİ və müsəlman dünyası dövlətlərinin deyil, həm də ən önəmlisi, qonşu Albaniya tərəfindən dəstəklənməsi nəticəsində qonşu Şimali Makedoniyada da alman millətçiliyinin qızışmasına yol açıb. O vaxtdan yerli siyasətçilər albanların yaşadığı regionların da inteqrasiyası haqda danışmağa başlayıblar.

Albaniyanın baş naziri Edi Rama hələ 2017-ci ilin aprelində deyirdi ki, Qərbi Balkanların Aİ-yə qoşulmaq şansı olmazsa, Albaniya-Kosovo ittifaqının yaradılacağı istisna deyil. Kosovo prezidenti Haşim Taçi cavabında bildirmişdi ki, Aİ qapılarını albanların üzünə qapayarsa, bölgənin bütün albanları vahid dövlətdə birləşməlidir. Üstəlik, bu bəyanatlar qonşu Şimali Makedoniyada yaşanan hökumət böhranı fonunda səsləndirilirdi – orada etirazların katalizatoru rolunu isə məhz alban azlıq oynamışıdı.

Ekspertlər hesab edirlər ki, Balkan regionunda dezinteqrasiya Bosniya və Herseqovinada, həmçinin elə Kosovonun özündə yaşayan serblərin Belqradla köhnə əlaqələri qoruyub saxlamaq cəhdləri fonunda davam edir. Serblərin özlərinin bu prosesə münasibəti birmənalı deyil. Belqradda fəaliyyət göstərən Geostrateji Araşdırmalar Mərkəzinin direktoru Draqan Trifkoviç hesab edir ki, «serblərin birliyi haqda danışmaq təhlükəlidir. Çünki bu ideyanın reallaşdırılması üçün resurslar, mexanizmlər və beynəlxalq dəstək yoxdur. Bundan başqa, belə söhbətlərlə Kosovo ilə Metohiyanın Serbiyadan ayrılmasına dəstəyin paralel getməsi son dərəcə məntiqsizdir. Serbiya rəhbərliyinin serblərin yaşadığı bölgələrin iqtisadi və mədəni inteqrasiyası üzərində işləməsi, ictimai konsensusa, serb xalqının birliyinə, diasporla Serbiya dövləti arasında əlaqələrin möhkəmləndirilməsinə çalışması daha yaxşı olardı. Belə təşəbbüslər, ilk növbədə, mərkəzdən – Belqraddan gəlməlidir».

Regionun bütün dövlətlərinin Aİ-yə qəbulu, onların üzərlərinə ümumavropa norma və prinsiplərinə əməl etmək öhdəliyi götürməsi istər serblər, istərsə də regionun digər xalqları üçün yeni üfüqlər aça bilər. Lakin bütün bunlara nail olunması üçün yalnız istəyin olması kifayət deyil. Siyasi iradə də olmalıdır. Çünki Balkan dialoqunun bütün iştirakçılarının vahid və optimal qaydalara riayət etməsi, ziddiyyətli, amma uzunmüddətli sülhə nail olunması üçün iradə ən əsas siyasi resursdur.



MƏSLƏHƏT GÖR:

254