29 Mart 2024

Cümə, 19:55

DƏNİZ DÜYÜNÜ

Öz maraqlarını qorumağa çalışan Türkiyə regionun bir çox dövlətilə qarşıdurmaya gedir

Müəllif:

15.09.2020

Beynəlxalq arenada mövqelərini sürətlə gücləndirməkdə olan Türkiyə növbəti xarici siyasi imtahan qarşısındadır. Bu dəfə imtahan meydanı Şərqi Aralıq dənizidir. Burada Ankara strateji önəmi olan bölgədə maraqları olan bir sıra dövlətlərlə qarşıdurmaya getmək məcburiyyətində qalıb. Söhbət, ilk növbədə, münasibətlərin, onsuz da, hər zaman rəqabət içərisində olduğu, bəzən isə açıq düşmənçilik müstəvisinə keçdiyi Yunanıstandan gedir.

 

Nifaqın səbəbləri

Türkiyə-Yunanıstan münasibətləri Yunanıstanın Osmanlı imperiyasından müstəqillik qazandığı 1821-ci ildən bu və ya digər dərəcədə gərgindir. Tərəflər 4 dəfə müharibə edib. Onların son savaşı 1919-1922-ci illərdə olub. Həmin müharibədə Yunanıstan Avropanın aparıcı dövlətlərinin, ilk növbədə, Böyük Britaniya və Fransanın birbaşa hərbi dəstəyilə İstanbul və İzmiri belə, ələ keçirməyə çalışıb. Lakin Türkiyə xalqının Mustafa Kamalın (sonradan Türkiyə Cümhuriyyətinin qurucusu olmuş Atatürk) başçılıq etdiyi milli-azadlıq hərəkatı yunanların bu planı gerçəkləşdirməsinə imkan verməyib.

1923-cü ildə Türkiyə Cümhuriyyətinin sərhədlərinin tanındığı Lozanna sülh müqaviləsinin imzalanması ilə qonşu Yunanıstanla münasibətlərin sabitləşməsi şansı yaranıb. 1930-cu ildə Türkiyə və Yunanıstan liderləri – Mustafa Kamal ilə Elefterios Veqnizelos iki ölkə arasında diplomatik münasibətlərin əsasını qoyublar. 1941-ci ildə isə Türkiyə Afinanın Hitler koalisiyası tərəfindən işğalından sonra Yunanıstana humanitar yardım etmiş ilk ölkə olub. İkinci Dünya müharibəsinin bitməsindən və «soyuq müharibə»nin start götürməsindən az sonra – 1953-cü ildən Yunanıstanla Türkiyənin yaxınlaşma kursu götürdükləri müşahidə olunmağa başlayıb. Buna onların eyni vaxtda NATO-ya qəbul olunmaları da öz təsirini göstərib.

Lakin Kipr problemi Ankara ilə Afinanın birdəfəlik barışmasına mane olub. Böyük Britaniyanın protektoratında olan adanın yunan icması Yunanıstana birləşmək xətti seçib və icmanın lideri, baş keşiş III Makarios Yunanıstanla ittifaqa gedib. Nəticədə, 1955-ci ildə Yunanıstan İstanbuldakı anti-yunan çıxışlarını əsas gətirərək, Türkiyə ilə diplomatik münasibətləri dayandırıb.

1960-cı ildə Kiprin müstəqilliyini elan etməsindən sonra Ankara-Afina münsibətləri yenidən qaydasına düşüb. Bunda Yunanıstanın baş naziri, Türkiyə ilə sülh və əməkdaşlıq tərəfdarı olan Konstantinos Karamanlisin siyasəti də böyük rol oynayıb. Lakin 1963-cü ilin sonlarında baş keşiş III Makarios Kipr Konstitusiyasına, əslində, ada dövlətinin Yunanıstanla yaxınlaşmasına hesablanmış 13 dəyişiklik təklifilə çıxış edib. Bu, Ankaranın sərt reaksiyasına səbəb olub. Onun Kipr türklərinin təhlükəsizliyi, adanın iki icmasının birlikdə dinc şəraitdə yaşaya biləcəylə bağlı narahatlığının əsaslı olduğu az sonra, 1967-ci ildə Yunanıstanda «qara polkovniklər» xuntasının hakimiyyətə gəlişilə tam təsdiqlənib.

Kiprdə 1974-cü il iyulun 15-də Yunanıstanın hərbi xuntasının dəstəyilə baş vermiş dövlət çevrilişi isə Türkiyə ilə Yunanıstan arasında mehriban qonşuluq münasibətləri perspektivinin üzərindən xətt çəkib. Ankara adanın Yunanıstana birləşdirilməsinin qarşısının alınması, həmçinin oradakı türk icmasının təhlükəsizliyinin təmini məqsədilə Kiprin şimal hissəsinə ordu yeridib. Həmin ərazidə yaradılmış Şimali Kipr Türk Cümhuriyyətini dövlət olaraq yalnız Türkiyə tanısa da, Ankara orada yaşayan türklərin təhlükəsizliyinin təmini missiyasının öhdəsindən artıqlaması ilə gələ bilib.

Lakin Avropa İttifaqının «köməyi» sayəsində Kipr probleminin birdəfəlik həlli perspektivi faktiki olaraq, yox olub. Adanın yunan hissəsini – Kipr Respublikasını sıralarına qəbul edən Aİ bu zaman vahid Kipr dövlətini bərpa etməyə hazır olan türk icmasının maraqlarını ümumiyyətlə nəzərə almayıb. Bununla da, o, əslində Kipr probleminin yaxın gələcəkdə bütün tərəfləri razı salacaq həll perspektivinin üzərindən xətt çəkib. Başqa sözlə, bu gün Türkiyənin yunan qonşuları – Yunanıstan və Kipr Respublikası ilə yaşadığı problemlərin, ziddiyyətlərin səbəbi həm də Qərbin, ilk növbədə, Aİ-nin yürütdüyü siyasətdir.

Türkiyə-Yunanıstan münasibətlərində 2000-ci illərdə müşahidə olunan nisbi yaxınlaşma Şərqi Aralıq dənizi regionundakı Avropa fövqəldövlətlərinin anti-Türkiyə siyasəti nəticəsində yenidən gərginliklə əvəzlənib. 2009-cu ildə regionda ilk neft-qaz yataqlarının aşkar olunması ilə isə tərəflər arasında yatağın yerləşdiyi şelflə əlaqədar ərazi mübahisəsi başlayıb. 2019-cu ildə Yunanıstan, Kipr, İtaliya, Misir, İordaniya, İsrail və Fələstinin iştirakı ilə Şərqi Aralıq dənizi Qaz Forumunun yaradılması münasibətləri daha da gərginləşdirib. 2020-ci ilin yanvarında isə Yunanıstan, Kipr və İsrail qaz kəmərinin tikintisinə dair saziş imzalayıb. Bu, üstəlik, Fransanın «Total» və İtaliyanın «Eni» şirkətlərinin Kiprin cənub sahillərində nəhəng qaz yatağının işlənilməsinə başlaması Türkiyənin sərt etirazına səbəb olub. Çünki bu halda Ankara faktiki olaraq, regional enerji əməkdaşlığından kənarda qalır.

Türkiyə onun maraqlarının ziddinə atılan addımlara cavab olaraq, ötən ilin noyabrında Liviyanın BMT tərəfindən tanınan hökumətilə Aralıq dənizində su sərhədlərinin müəyyənləşdirilməsinə dair sənəd imzalayıb. Bu sənədə əsasən, Türkiyə Yunanıstan-İsrail qaz kəmərinin keçməli olduğu bəzi ərazilər üzərində hüquq qazanıb. İmzalanmış sazişi tanımaqdan imtina edən Afina öz növbəsində, Şərqi Aralıq dənizində qazma işlərini davam etdirib. Bu ilin avqustunda Türkiyə buna regionda geoloji kəşfiyyat işlərini genişləndirməklə və «Oruç Reis» gəmisini bu məqsədlə Meis (Kastelorizo) adasına göndərməklə cavab verib. Qeyd edək ki, bu ada sahildən bir neçə kilometrlik məsafədə yerləşir. Beləliklə, qarşıdurma daha kəskin xarakter alıb və yalnız Türkiyə və Yunanıstanın deyil, sonuncunu dəstəkləyən bir neçə dövlətin də iştirak edəcəyi müharibənin qızışa biləcəyindən danışılmağa başlanıb.

 

Avropanın mövqeyi

Tammiqyaslı müharibənin başlama təhlükəsi Aİ-yə üzv dövlətlərin XİN başçılarının Berlin görüşündə əsas müzakirə mövzularından biri olub. Brüssel Yunanıstanın tərəfini tutub və Türkiyəni Şərqi Aralıq dənizində qazma işlərini dayandırmayacağı təqdirdə, sanksiyalarla hədələyib. Aİ-nin xəbərdarlığında bildirilir ki, Türkiyənin konkret yüksək rütbəli şəxslərin, Şərqi Aralıq dənizindəki qazma işlərində iştirak edən Türkiyə şirkətlərin maraqlarına, həmçinin ölkənin turizm sektoruna birbaşa mənfi təsir göstərəcək sanksiyalar paketi qurumun sentyabrın 24-nə təyin edilmiş sammitində razılaşdırıla bilər. Bununla yanaşı, Aİ Yunanıstanın və onunla eyni mövqedən çıxış edən Kipr Respublikasının gözləntilərinə tam cavab verməyib. Nikosiya Aİ-nin şərqi Aralıq dənizini öz maraq dairəsi elan etməsini istəyirdi, Afina isə Türkiyənin Aİ-yə üzv olmaq perspektivinin rəsmən bağlı elan olunmasını, Türkiyə iqtisadiyyatına dərhal sektorial sanksiyaların tətbiqini gözləyirdi.

Aİ-nin Yunanıstan və Kiprin tələblərinə nisbətən yumşaq mövqe tutması, ilk növbədə, təşkilatın hazırkı sədri Almaniyanın məsələyə yanaşması ilə bağlıdır. Berlin Şərqi Aralıq dənizi böhranının dinc yolla həllini arzulayır. Almaniya liderləri – kansler Angela Merkel və xarici işlər naziri Hayko Maas yaxşı bilirlər ki, Şərqi Aralıq dənizində gərginlik ciddi münaqişəyə yol aça bilər. Bu halda Aİ rəsmi üzvü olan Yunanıstanın tərəfini tutmalı olacaq, lakin sonda bundan heç bir real fayda qazanmayacaq.

Hazırkı pandemiya şəraitində onsuz da böhran içərisində olan Avropa cənub sərhədlərində silahlı qarşıdurmanın başlamasında qətiyyən maraqlı deyil. Üstəlik, bu gün o, ABŞ-ın təzyiqləri, Rusiyanın qitənin şərqinə olan iddiaları ilə də qarşı-qarşıyadır. Bundan başqa, Berlin üçün Ankara ilə qaçqınların qəbuluna dair razılaşmanın pozulması da arzulanan deyil. Aİ Yunanıstana qeyd-şərtsiz dəstək verərsə, Ankaranın Aİ-yə qeyri-leqal miqrasiyanın qarşısını almaqdan imtina etməyəcəyinə, qapılarını onların üzünə açmayacağına kim zəmanət verir? Aydındır ki, bu halda Almaniya və onun başçılıq etdiyi ittifaq son dərəcə çətin vəziyyətə düşəcək.

Amma Berlinin indiki mövqeyini izah edəcək daha bir məqam var. Berlin bir müddət əvvəl Ankaranı Meis adasında kəşfiyyat işlərinə başlamaq planından əl çəkməyə, Yunanıstanla danışıqlara başlamağa razı sala bilmişdi. Lakin Afina gözlənilmədən Misirlə dəniz sərhədlərinin demarkasiyasına dair saziş imzaladı. Üstəlik, Yunanıstan və Misirin müstəsna iqtisadi zonaları kimi müəyyənləşdirdikləri ərazilər Türkiyə-Liviya memorandumunda nəzərdə tutulmuş ərazilərlə kəsişir. Afina bununla Ankaranın Liviya hökumətilə imzaladığı sənədin qisasını almağa çalışıb. Nəticədə, Türkiyə Yunanıstan-Misir razılaşmasını tanımaqdan və Afina ilə danışıqlardan imtina edib. Belə olan təqdirdə, Berlin ümumavropa yanaşması kimi Yunanıstana siyasi dəstək verməkdən imtina etməsə də, Afinanın əməllərindən narazılığını da hiss etdirib.

Almaniya ilə müqaiyisədə Fransa Yunanıstana daha ciddi dəstək verir. O, dəstək əlaməti olaraq, öz hərbi gəmilərini Yunanıstan sahillərinə belə, göndərib. Beləliklə, Türkiyə-Yunanıstan mübahisəsinə geniş xarici müdaxilənin «ilhamlandırıcısı» məhz Fransadır.

 

Odla oynayan Paris, qətiyyətli Ankara və sadiq Bakı

Fransa ilə Türkiyənin maraqları son zamanlar Liviya böhranı «cəbhə»sində də ciddi formada toqquşmaqdadır. Ankara Liviyanın BMT tərəfindən tanınmış, Faiz Saracın başçılıq etdiyi Milli Barış Hökumətini dəstəkləyirsə, Paris general Haftarın rəhbərlik etdiyi qüvvələrin yanındadır. Türkiyənin liviyadaxili silahlı münaqişəyə müdaxiləsi rəsmi Tripolinin mövqelərini xeyli gücləndirib, bu isə Parisin planlarının pozulması deməkdir. Görünür, indi Fransa Liviyadakı iflasının əvəzini Şərqi Aralıq dənizi regionunda çıxmaq istəyir. O, burada Türkiyənin regional maraqlarına mümkün qədər çox zərbə vurmaq üçün əlindən gələni edir. Birmənalı olaraq Afinanın tərəfini tutan Paris ona Fransa istehsalı, «Rafale C F3-R» nəslindən olan 10 yeni qırıcı tədarük etmək qərarına gəlib. Bununla yanaşı, Fransa Yunanıstana daha köhnə versiya olan 8 ədəd «Rafale» qırıcısını təmənnasız verəcəyini açıqlayıb. Maraqlıdır ki, Yunanıstan hələ iyulun sonlarında Fransadan yeni «Belharra» freqatları almaqdan imtina etmişdi. Parisin «Rafale» qırıcılarının tədarükü ilə bağlı cəlbedici təklifi isə Şərqi Aralıq dənizi regionunda gərginliyin artdığı avqusta təsadüf edib. Afina, yəqin ki, Fransa ilə yeni saziş imzalamağa məhz bu gərginliyi nəzərə alaraq razılaşıb. Bəlkə, Parisin yunanların «dəniz iddiaları»nı belə birmənalı dəstək verməsi həm də Fransanın yeni hərbi məhsul alıcısı qazanmaq istəyindən qaynaqlanır? «Total» şirkətinin Kiprin yataqlarının işlənməsindəki iştirakı da öz yerində…

Bu arada, Fransa BƏƏ-yə də silah satır və nəticədə, regionda, həqiqətən, qarışıq vəziyyət yaranır. Fransa, İtaliya və Kipr Yunanıstana dəstək olaraq, onunla birlikdə Şərqi Alarıq dəizində, Krit adasından cənubda  hərbi təlim keçiriblər. Lakin bununla paralel, Yunanıstan BƏƏ ilə də birgə təlimdə iştirak edib. Bunun üçün BƏƏ Yunanıstanın Krit adasındakı hərbi-hava qüvvələri bazasına 9 «F-16» qırıcısı və 4 hərbi-nəqliyyat təyyarəsi göndərib.

Bu yerdə İsraillə BƏƏ arasında diplomatik münasibətlərin normallaşdırılmasının bir sıra digər səbəblərlə yanaşı, anti-Türkiyə xarakter idə daşıdığına dair versiya ilə necə razılaşmayasan? Xatırladaq ki, İsrail-BƏƏ yaxınlaşması bir çox müsəlman ölkəsi, o cümlədən Türkiyə tərəfindən sərt tənqid olunub. Yəni Təl-Əvivlə Abu-Dabi səylərini Ankaranın Yaxın Şərq regionunda güclənməsinə qarşı yönəldiblər?...

Bütün sadalananlar onu göstərir ki, Aralıq dənizinin şərqində yaşananlar sadəcə, ənənəvi Türkiyə-Yunanıstan qarşıdurmasının süjetlərindən biri deyil. İndi söhbət faktiki olaraq, bir çox dövlətin Türkiyəyə qarşı birləşməsindən gedir. Bu alyansda lider rolunu məlum səbəblərdən Fransa oynamağa çalışır. Prezident Emmanuel Makron açıq şəkildə deyir ki, Paris Türkiyənin şərqi Aralıq dənizindəki «qırmızı xətt»i keçməsinə imkan verməyəcək. Bəs, Fransa Türkiyəyə qarşı real hərbi cəbhə açmağa hazırdırmı? Bu halda o, nə özünün, nə də ümumilikdə Avropanın maraqlarına yaxşı heç nə vəd etməyən miqyaslı yanğının törədicisi rolunda çıxış etməyəcəkmi?

Makronun «qırmızı xətt» dedikdə nəyi nəzərdə tutduğunu isə Türkiyə XİN-nin rəsmisi Hami Aksoy açıqlayıb. O, hesab edir ki, burada söhbət yalnız «Türkiyə və Kiprin türk icmasının beynəlxalq hüququn normalarına əsaslanan maraqlarından» gedə bilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Şərqi Aralıq dənizilə bağlı planlarından bir addım da geri çəkilməyəcəklərini bildirir. Ankaranın bu məsələdə nə qədər qərarlı olduğunu konkret əməllər də təsdiqləyir: artıq Yunanıstanla sərhədə onlarla Türkiyə tankı cəmlənib.

Bu qədər gərgin vəziyyətdə şübhəsiz ki, NATO-nun mövqeyi də maraqldıdır. Alyansın iki üzvü arasındakı gərginliyə son qoyulmasına təşkilatın baş katibi Yens Stoltenberq vasitəçilik etməyə çalışır. O, Türkiyə və Yunanıstan rəhbərliyilə müzakirələrdən sonra tərəflərin «yeni münaqişənin qarşısının alınması, Şərqi Aralıq dənizində silahlı insident riskinin azaldılması mexanizminin yaradılması üçün» danışıqlara hazır olduğunu bildirib.

Lakin hələlik bu istiqamətdə konkret nailiyyətlərin olduğunu söyləmək mümkün deyil. Durğunluğun səbəblərindən biri isə ABŞ-ın mövqeyidir: Donald Tramp administrasiyası regional müttəfiqlərinin arasındakı gərginliyə müdaxilə etmək istəmədiyini açıq şəkildə göstərməkdədir.

Türkiyə isə dialoqa hazır olduğunu bir daha bəyan edib. Lakin bu, Ankaraya qarşı olan qüvvələrin onun maraqlarına məhəl qoymamasına əsas vermir.

Baş verənlər onu da göstərir ki, bu arenada Türkiyənin ən azı bir müttəfiqi var – Azərbaycan. Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın Bakıya yeni təyin olunmuş səfiri Nikolas Piperiqkosla bu yaxınlarda keçirdiyi görüşdə Şərqi Aralıq dənizi böhranı ilə bağlı qardaş Türkiyəyə tam dəstəyini ifadə edib. Bununla, Azərbaycanla Türkiyə arasındakı güclü strateji müttəfiqlik bir daha təsdiqini tapıb.



MƏSLƏHƏT GÖR:

304