28 Mart 2024

Cümə axşamı, 19:38

FUTBOL QARDAŞLIĞI

“Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak “Neftçi” ilə oyun və Azərbaycan komandaları ilə əməkdaşlığın perspektivləri haqqında

Müəllif:

01.10.2020

Nəhayət, yüz minlərlə azarkeşin gözlədiyi futbol matçı baş tutdu. Avropa Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” Türkiyənin “Qalatasaray” klubunu qəbul etdi. Koronavirus pandemiyasına görə azarkeşsiz keçirilən görüşdə qonaqlar 3-1 hesablı qələbə qazandı.

Azərbaycanda Türkiyə futboluna marağın böyük olması sirr deyil. Ölkəmizdə xüsusilə “Qalatasaray” klubunun milyonlarla azarkeşi var. Azərbaycanlı fanatlar sevimli klublarını addım-addım izləsə də, stadionda matçı canlı izləyə bilmədilər. Təəssüf ki, azarkeşlərin “Qalatasaray” klubuyla ayrıca görüşü də alınmadı. Bununla belə, Cim Bom-un baş məşqçisi Fatih Terim pandemiyadan sonra Bakıya səfər etmək barədə düşünəcəklərini bildirdi. “Region plus” mövzuyla bağlı “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrakla söhbət edib.

- Bakıya səfəriniz qələbəylə başa çatdı. “Neftçi” ilə matçdan hansı təəssüratlarla ayrıldınız?

- Biz ayrılmadıq, sadəcə, qardaşlarımızla görüşənədək söylədik. Azərbaycana səfər gözəl xatirələrlə yadda qaldı. Bakı növbəti dəfə bizi heyran etdi. İki qardaş ölkənin iki böyük klubu yaşıl meydanda üz-üzə gəldi. Biz vacib qələbə qazandıq. “Neftçi” bizi qardaş kimi qarşıladı. Təəssüf ki, oyun azarkeşsiz keçirildi. Pandemiyaya görə oyunda fanatlar iştirak etmədi. Bununla belə, stadionda onların dəstəyini hiss edirdik. Qəlbən bizimlə idilər.

Təəssüratlarımız çox gözəldir. “Qalatasaray”ın Azərbaycanda bu qədər sevilməsi, minlərlə azarkeşinin olması sevindiricidir. Oyunumuz pandemiya dövrünə təsadüf etməsəydi, həm İstanbul, həm də Bakıda mübarizə aparacaqdıq. Eyni zamanda azarkeşlər oyunu stadionda izləyəcəkdi. Bilirsiniz stadionda azarkeşlər olsaydı, matç daha möhtəşəm olacaqdı. Fürsətdən istifadə edərək qonaqpərvərliyə görə qardaş Azərbaycana təşəkkür etmək istəyirəm.

- “Neftçi”nin oyunu barədə fikirləriniz maraqlıdır...

- Azərbaycan klubu “Qalatasaray”a qol vurmaqla futbolçularımıza arxayınlaşmağa imkan vermədi. Yaxşı komandanız var. Sadəcə, çempionatlarımız arasında fərq böyükdür. Ona görə müqayisə etmək istəməzdim. “Neftçi”yə Azərbaycan çempionatında uğurlar arzu edirəm.  

- “Qalatasaray”ın baş məşqçisi Fatih Terim pandemiyadan sonra Azərbaycanda təlim-məşq toplanışının keçirilməsinin mümkünlüyünü söyləyib. Bu səfər baş tutacaqmı?

- Fatih Terim söyləyibsə, deməli, ciddi məsələdir. Bildiyiniz kimi, təlim-məşq toplanışları baş məşqçinin qərarıyla reallaşır. Əgər Terimə ölkənizdə hazırlıq keçmək uyğundursa, o zaman problem deyil. Azərbaycan bizə yaxın ölkə olmaqla yanaşı, yüksək standartlara cavab verən stadionlarınız var. Kiçik turnir təşkil etmək olar. Bir həftəlik hazırlıq zamanı klublarınızla yoldaşlıq matçı keçirərik. Eyni zamanda azarkeşlərlə görüşmək xoş olar. Lakin bunun üçün ilk növbədə pandemiya bitməlidir.  

- 2021-ci ildə Azərbaycan paytaxtı Bakı Avropa Çempionatının 4 matçına ev sahibliyi edəcək. Türkiyə millisinin iki oyunu Bakıda keçiriləcək. Söhbət “Qalatasaray”ın meydana çıxdığı Bakı Olimpiya Stadionundan gedir. Arenanı bəyəndiniz?

- Stadion barədə bizə məlumat verildi. Yaxşı mənada təəccübləndim. Möhtəşəm arenadır. Fikrimcə, azarkeşlərlə daha gözəldir. Türkiyə millisinin Bakıda oynaması əlavə üstünlüyümüzdür. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Ona görə bütün sahələrdə bir-birimizi dəstəkləyirik. Türkiyə Bakıda doğma evində olduğu kimi mübarizə aparacaq. İnsanlar ay-ulduzlulara maksimum dəstək olacaq. Fikrimcə, pley-offa yüksəlmək üçün yüksək şansımız var.

- Gələcəkdə “Qalatasaray”ın Azərbaycan klublarıyla əməkdaşlığı mümkündürmü?

- “Neftçi” klubunun rəsmiləriylə müəyyən fikir mübadiləsi aparmışıq. Əməkdaşlığımız hər iki tərəfə böyük fayda verəcək. Fikrimcə, bu barədə müzakirələr aparmaq lazımdır. İlk növbədə, əməkdaşlığımızın hansı səviyyədə olacağını dəqiqləşdirməliyik. Biz Azərbaycan klublarıyla əməkdaşlığa etiraz etmirik.

- Maraqlıdır Türkiyədə Azərbaycan futbolu necə görünür?

- Azərbaycan futbolu avrokuboklardakı oyunlar və beynəlxalq matçlarla izlənilir. Azərbaycan millisinin Kipr üzərində qələbə qazandığını bilirik. “Qarabağ” klubunun Çempionlar Liqasında iştirakı, “Atletiko” klubuyla heç-heçə oynadığı barədə türk mediası silsilə yazılar təqdim edib. Bizim məşqçilər ölkənizdə işləyəndə jurnalistlər Azərbaycan futbolundan daha çox yazır.  

- Bizim futbolun inkişaf baxımından Türkiyədəkindən geri qalması sirr deyil. Sizcə, futbolu inkişaf etdirmək üçün ilk növbədə nədən başlamaq lazımdır?

- Türkiyədə indi futbol bir qədər yerində sayır. 10-15 il əvvəl ulduzlarımız daha çox idi. Legionerlərimiz qitənin aparıcı çempionatlarında çıxış edirdi. Bir müddət boşluq oldu və indi belə nəticə yaranıb. İlk növbədə, gərək təhsildən başlayasınız. Təhsil önəmlidir. Futbol təhsilini deyirəm. İdmanın öz təhsili, mədəniyyəti var. Uşaqlar kiçik yaşından futbola həvəsləndirilməli, seçim olunaraq daha uyğun olanlar futbol akademiyalarına yönləndirilməlidir. Hamıda alınmayacaq. Amma on min uşaqdan on normal oyunçu çıxa bilər. Bu işdə klublar da boş dayanmalı deyil. Gərək, bütün klublarda aşağı yaş qrupları üzrə komandalar olsun. İnsanlar bundan xəbərdar olmalıdır. Bir futbolçu yetişdirmək karateçi və ya güləşçi yetişdirməkdən çətindir. Bəziləri üçün asan görünür. Lakin müasir futbolla ayaqlaşmaq çətindir. Artıq dünyada futbolu irəli getməyən ölkə yoxdur. Ən zəiflər belə güclülərə asan təslim olmur. Hamı öz üzərində işləyir. Çalışmaq lazımdır xaricdə oynayan oyunçularınız çox olsun.

- Bakıya növbəti səfər zamanı Azərbaycandakı azarkeşlərlə görüş təşkil etmək mümkündür?

- Pandemiya bitərsə, görüş keçirmək olar. Bir ilin içində dünya çox dəyişdi. Tərəfdarlarımız hər oyunda stadionda bizimlə olub. İndi isə bütün dünya sosial məsafədən danışır. Vaxt lazımdır. Əvvəlki həyatımıza qayıdandan sonra mümkündür. Öz növbəmdə millətimə, ölkəmə, klubuma göstərilən diqqətə görə Azərbaycana təşəkkür edirəm. Ölkənizdə hər xoş gün bizim üçün də xoş olur. İnanın heç istəmərik Azərbaycandan pis xəbər eşidək. Bütün sahələrdə olduğu kimi idmanda da əməkdaşlığımız önəmlidir. Futbolda da bunu etmək olar.

- Müsahibəyə görə təşəkkür edirik.

- Uğurlar arzu edirəm.


MƏSLƏHƏT GÖR:

233