16 Aprel 2024

Çərşənbə axşamı, 13:26

«ÇƏKMƏK İSTƏYİRƏM»

Rauf QURBANƏLİYEV: «İzləyici üçün maraqlı olan və onların tələb etdiyi kino; mənim ölkəmə hətta onun hüdudlarından kənarda da şöhrət gətirən kinodur…»

Müəllif:

01.10.2020

Kino çəkilişi prosesində iştirak edən, ancaq kadr arxasında qalan insanlar haqqında nə bilirik? Demək olar ki, heç nə. Ancaq kino yalnız aktyorlar və rejissorlar tərəfindən deyil, həm də kino meydançasında tələb olunan digər peşə insanları tərəfindən yaradılır. Onlardan biri də quruluşçu-operatordur. Rauf Qurbanəliyev bu gün yerli kino məkanında ən çox tələb olunan operatordur. O,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2010-cu il məzunudur («Kino və televiziya» kafedrası, Azərbaycanın əməkdar incəsənət xadimi Rafiq Quliyevin emalatxanası, ixtisası – kino operatorudur). Universiteti bitirdikdən sonra «Azerbaijan International Filming Company» ilə, 2007-ci ildən isə «Azərbaycanfilm» kinostudiyası ilə əməkdaşlıq etməyə başlayıb. Onun əmək siyahısında 21 iş var, onların sırasında«Qara lent», «Qış nağılı: Biri vardı, biri yox» və «Qış nağılı: Göydən üç alma düşdü» filmləri, «İnikas», «Qara bağ» və başqa qısametrajlı filmlər var. Rauf laqeyd insan deyil. O, kinoya da arzuları üçün gəlib: insanın dünyasını onun özündən keçərək, insan gözü və ürəyi ilə, dünyanı iri planda qavrayışlardan keçərək, insanı insan edən titrək hisslərin və duyğuların zərif sərhədindən keçərək görmək istəyib. Biz Rauf Qurbanəliyevlə çağdaş rus kinosu haqqında danışdıq.

- Biz hamımız bilirik ki, kinoda operator ssenari müəllifinin düşündüyü hekayəni kamera ilə çəkən adamdır. Bəs, “quruluşçu operator” nə deməkdir?

- "Operator" sözünün özü insan fəaliyyətinin bir çox sahələrində istifadə olunur və müxtəlif peşə istiqamətlərini müəyyənləşdirir: riyaziyyat kimi dəqiq elmlərdə, internet axtarış sistemində, telefon rabitəsində, proqramlaşdırmada və s. Kinodaoperator çəkiliş üçün nəzərdə tutulmuş müxtəlif növ və təyinatlı avadanlıqların işini idarə etmək peşəsidir. Quruluşçu operator bədii-yaradıcılıq prosesinə aid olan anlayışdır.

- Bu barədə daha ətraflı nə demək olar?

- Operator işində “quruluşçu” anlayışı o deməkdir ki, kino çəkən şəxs yalnız insanların, əşyaların və mühitin yer aldığı kadr kompozisiyasını qurmaqla kifayətlənmir. O, kadrın bədii qavrayış baxımından daha ifadəli olması üçün işığın necə istifadə ediləcəyini müəyyənləşdirir. Mən bu prosesi rəssam işinə bənzədirəm. Yeganə fərq budur ki, kadr rəsmini məkanda işıqla çəkməlisiniz.

- Deyin, çəkiliş meydançasında operator və rejissor arasındakı quruluş ünsiyyəti münasibətləri prosesində peşəkar anlaşılmazlıq vəziyyətləri yaranırmı?

- Müxtəlif cür olur. Bir qayda olaraq, rejissor özü operatoru seçir. Bu seçimdə kadrın bədii və üslubi quruluşundan tutmuş bədii dünyagörüşünə qədər, həm də insan amili kimi bir çox detallar nəzərə alınır.

- Ancaq bəzən prodüser seçir...

- Daha çox prodüser filmində belə olur. Burada hər şey rejissorun peşəkar münasibətləri müsbət yaradıcı nəticə əldə etmək üçün necə qura bilməsindən asılıdır.

- Bir peşəkar kimi sizə dövlət və prodüser kino layihələrində tələb olunur. Peşəkar fəaliyyət illərində siz müqayisəyə imkan verən təcrübə yığmısınız. Sizcə, “iş” prosesi harada daha yaxşı təşkil olunub?

- Deyərdim ki, dövlətdə. Ancaq heç də hər şey göründüyü kimi birmənalı deyil. Oranın da, o biri tərəfin də həm müsbət, həm də mənfi cəhətləri var. Yeganə fərq ondadır ki, dövlət layihəsində “insan”, prodüser layihəsində isə “zaman” kimi ümumiləşdirilə bilən amil nəzərə alınır.

- Yəni?

- Dövlətin kino layihələrində, bir qayda olaraq, ciddi bir vaxt məhdudiyyəti olmur. Buna görə, çəkiliş prosesində iştirak edən hər hansı bir şəxsin iş yükü ilə bağlı bütün standartlara riayət olunur. Məsələn, əgər aktyor yorulubsa, sağalmaq imkanı vermək üçün çəkilişlər dayandırıla bilər. Prodüser layihəsində belə deyil, çünki onlarda "vaxt puldur".

- Belə çıxır ki, prodüser kinosu ilk başdan kommersiya yönümlüdür?

- Hansısa dərəcədə, hə. Ancaq bu, o demək deyil ki, prodüserlər art-haus filmləri çəkmirlər. Hər şey prodüserin qarşısına qoyduğu hədəfdən asılıdır. Əgər o, filmini beynəlxalq festivalda tanıtmaq istəyirsə, bir qayda olaraq, populyar olmayan janr deyil: melodrama, dram, bir sözlə, ciddi kino olur.

- Bu gün kommersiya kinosu hansı janrlara üstünlük verir?

- Komediyaya.

- Bu janrı, məsələn, Siyavuş Aslan və ya Yaşar Nuri kimi ustalıqla mənimsəyən aktyorlar olmadan necə komediya çəkə bilərsiniz?

- Özünüz öz sualınıza cavab verdiniz ...

- Kino ilə bağlı ironik bir yanaşma var, yəni qısa bir müddətdə edilir və gərək olan şeyə yaxın nəsə edilir. Xüsusi bir peşəkar çətinlik çəkmədən tez və cəld çəkirlər, ağlını gərginləşdirmədən haradasa vaxt öldürmək istəyən iddiasız bir izləyiciyə ünvanlanırlar. Siz bu barədə nə düşünürsünüz?

- Mən, sadəcə belə kino çəkmirəm. Düzdür, iki tammetrajlıkomediya çəksəm də, komediyanı bir janr kimi sevmirəm. Məni bu janr maraqlandırmır. Təəssüf ki, indi intellektual tamaşaçı kinoteatr zalını tərk edib və yaxşı intellektual kinoya tələbat azalıb. Ancaq aşağı bədii keyfiyyətə sahib məhsullara, dediyiniz kimi, ağıllarını gərginləşdirməyənlərə çox tələb var. Baxın, belə kinonun təqdimatında, nümayişində nə baş verir: salonda alma atsan, yerə düşməz. Niyə? Bu insanlar çox çalışırlar və istirahət günlərində əylənmək üçün kinoya gəlirlər. Buna görə onları günahlandırmaq olmaz. İş onlarda deyil... Tələb də, bildiyiniz kimi, təklifə səbəb olur.

- Bu gün kino kimlər üçün çəkilir? Bir də, bu gün "ən vacib" mövqeyini itirmiş bir incəsənət növü kim tərəfindən tələb olunur?

- Dövlət kinosu daha çox festivallar üçün çəkilir, o, art-hausa daha yaxındır, yəni tamaşaçıların şüuruna və ürəyinə də yaxındır. Prodüser kinosu - kommersiya kinosudur. Orada pul - əmtəə - pul düsturu işləyir. Prodüser özü filmin hansı hədəf auditoriyası üçün çəkiləcəyini də müəyyənləşdirir.

- Ancaq milli kinomuzun prokatı yoxdur. Kinoteatrda yeni bir film görsək də, o da yalnız premyera baxışı olur. Daha sonra kinofilmin taleyi necə olur?

- Bu cür sualları başqa profil mütəxəssislərinə ünvanlamaq daha yaxşıdır. Ehtimal edirəm ki, bundan sonra onu anbar rəfinə "yığışdırırlar".

- Sizcə, kinomuz bu gün böyük hərflə İncəsənət olmaqdan çıxıb, yoxsa yenə də öz mövqelərini qoruyub saxlayır?

- Bu gün kino bir böyük İncəsənət olaraq yalnız seçilmişlərə aid ola bilər. Çünki intellektual incəsənət kütləvi ola bilməz. Buna görə kütlə tərəfindən tələb olunmur.

-Yəni indi o, ümumiyyətlə, əmtəə adlandırılan məhsula çevrilib? Yəni kütləvi istifadə üçün sərfəli şəkildə satılması lazım olan bir məhsuldur?

- Təxminən, belədir.

- Yəni modadakı kimidir: prêt-a-porter – kütləvi tirajlamadır, yüksək moda isə tək nüsxədə seçilmişlər üçün?

- Hə, təxminən belə. Bütün prodüserkinosu bunun üzərində qurulub. Bu, kapitalist münasibətləri prinsipləri üzərində qurulmuş bir dünyada normal qarşılıqlı əlaqə prinsipidir. Lakin biz dünya kinosundan nümunələr bilirik ki, prodüserlərinmaddi marağı dünyaya ticari, lakin yüksək bədii kino verərək heyrətamiz nəticələr əldə edib. Bizdə niyə bunu görmürük? Çünki biz hələ ticari və bədii maraqları birləşdirməyi öyrənməmişik; çünki işini bilən və sevən peşəkar mütəxəssislər elə də çox deyil; çünki qonorar almaqda maddi maraqlı olmaq getdikcə daha çoxpeşə şərəfi prinsiplərindən üstün olur və s…

- Yaxşı. Məgər, belədirsə, sizə yeni bir layihədə iş təklif edildikdə şəxsən nəyə üstünlük verirsiniz: qonorarın miqdarına, prodüserin və onun prodüser mərkəzinin imicinə, yoxsa başqa bir şeyə?

- Mən qarşıma hər gələn şeyi çəkmirəm. Həmişə maraqlı ssenariyə və çəkilməli olan insan münasibətləri əhvalatına üstünlük verirəm. Özəlliklə də, psixoloji dərinliyi olan əhvalatlara. Belə material insan xarakterini, onun duyğularının və hisslərinin təbiətini və dərinliyini araşdırmağa imkan verir. Portret kinosu çəkməyi çox sevirəm!

- "Portret kinosu" termini nə deməkdir?

- Bu, iri planda, detallı şəkildə çəkilişdir, bu zaman aktyorun personajının yalnız emosional vəziyyəti deyil, həm də gözlərindəki düşüncə hərəkətini görə bilirsən. Sizin üçün daha aydın olsun deyə, misal kimi, "Coker" filmini göstərim. O, portret kinosuna aid edilə bilər. Filmi görmüsünüzsə, deməli, nə demək istədiyimi bilirsiniz...

- Deməli, bu filmin quruluşçu operatoru Lourens Şer sizin üçün oxşamaq istədiyiniz peşəkar nümunəsidir?

- Yox. Oxşamaq istədiyim ilk insan ustadım Rafiq Quliyevdir. Amma mənim üçün bir quruluşçu operator kimi, beş dəfə «Oskar» mükafatına nominant olan, ardıcıl üç dəfə (texnotriller «Qravitasiya»ya, tragikomediya «Bördman»a və drama «Sağ qalmış»a görə) bu mükafata layiq görülmüş Emmanuel Lubetskinin "üslub xətti" daha maraqlıdır.  

- Bəs, bu gün izləyicini kinomuza cəlb edən nədir: mövzu, süjet, rejissorun, operatorun adı və ya aktyorların adları? Bu gün kinoya kimə görə gedirlər?

- Aktyorlar üçün gedirlər ...

- Özünüzə və kinodakı həmkarlarınıza nə arzulamaq istərdiniz?

- Həmkarlarıma? Hər birinin öz arzusu var. Qoy, hər biri özü üçün arzu etsin və bu arzusu çin olsun....

- Bəs, özünüz üçün?

- Ortaq yaradıcılıq və çəkiliş meydanında həmkarlarla qarşılıqlı anlaşma prosesində yaradıcı və peşəkar zövq verən, yaxşı, maraqlı bədii kino çəkmək; elə kino ki, tamaşaçı üçün maraqlı olsun və onun tələb etdiyi kino olsun; hətta ölkəmizə onun hüdudlarından kənarda da şöhrət qazandıra biləcək kino olsun...



MƏSLƏHƏT GÖR:

248