25 Aprel 2024

Cümə axşamı, 20:45

YAVAŞ, ANCAQ İNAMLA

Turizm sektoru postpandemiya dövründə ilk mərhələdə daha çox daxili bazara yönələcək

Müəllif:

01.10.2020

COVID-19 pandemiyasının turizm sektorunda, əyləncə və sərnişin aviasiyası sahələrində yaratdığı böhran İkinci Dünya müharibəsindən bəri miqyasına və uzunmüddətli nəticələrinə görə ölçüyə sığmır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Turizm Təşkilatının (UNWTO) göstəricilərinə görə, karantin tədbirləri üzündən 2020-ci ilin ilk yarısında qlobal turist axını 65% azalıb və turizm sektorunun birbaşa itkiləri 460 milyard dollar təşkil edib.

İlin ikinci yarısında vəziyyət bir qədər düzəlib, dünya ölkələrinin yarısından çoxu səyahət məhdudiyyətlərini yumşaldıb, lakin sahənin bərpa sürəti son dərəcə zəifdir, çünki bu birbaşa aviaşirkətlərin uçuşlarının bərpasından asılıdır.

Sentyabr ayında Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra istirahət sektorunun bərpası üçün addımlar atılıb, ancaq bu, daxili turizmin genişləndirilməsi hesabına baş verib.

 

Dünyada qeyri-müəyyənlik  

BMT mütəxəssislərinin qiymətləndirməsinə görə, koronavirus pandemiyasının turizm sahəsinə vurduğu zərər 2009-cu ildəki itkilərdən beş dəfədən artıq çoxdur. Onda son bir neçə on ildə ilk dəfə olaraq istirahət sektoru qlobal maliyyə böhranı üzündən göstəricilərin azalması ilə qarşılaşdı. Ən çox zərər görənlər arasında turizm axınının 72% düşdüyü Asiya-Sakit okean bölgəsi və azalmanın 66% olduğu Avropa oldu.  

Ekspertlərin proqnozlarına görə, ən mənfi ssenari baş verərsə, 2020-ci ildə beynəlxalq turizm axınının azalması 78%-ə çatar və birbaşa itkilər 1 trilyon dolları keçə bilər. Pandemiya öncəsi səviyyəyə, yəni əlverişli 2019-cu ilin göstəricilərinə qayıtmaq iki ildən dörd ilə qədər çəkə bilər.

Şəksiz, avqust-sentyabr aylarında vəziyyət bir qədər sabitləşdi və ümumilikdə, 115 ölkə (53% ) səyahət məhdudiyyətlərini yüngülləşdirib və ya qaldırıb. UNWTO baş katibi Zurab Pololikaşvilinin sözlərinə görə, müxtəlif dövlətlərin hakimiyyətləri arasında koordinasiya olunmuş iş dünyanın bir çox ölkəsində turizmin yavaş, lakin geri dönmədən yenidən işə başladığını göstərir. Bununla yanaşı, məhdudiyyətlərin qaldırıldığı yerlərin yüksək və ya çox yüksək səviyyədə sanitariya infrastrukturuna, həmçinin nisbətən aşağı COVID-19 infeksiyasına yoluxma göstəricilərinə malikdir.  

Çox vaxt daxili turizmdəki məhdudiyyətlərin ləğv edilməsindən və ya infeksiya səviyyəsinin azaldılması istiqamətində müsbət meyil göstərən qonşularla, əsasən inkişaf etmiş ölkələrlə turist mübadiləsindən söhbət gedir. Yalnız Türkiyə, Misir, Bolqarıstan, Monteneqro, Kipr və qismən də İsveçrə və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla bir neçə ölkə dünyanın hər yerindən turist qəbul etmək üçün nisbətən liberal bir siyasət yürüdür. Bu siyahının ilin sonuna qədər genişlənməsi və ya qısalması daha çox mövcud epidemioloji vəziyyətdən asılıdır. Hələ ki, bir çox ölkələrin hakimiyyətləri oktyabr-noyabr aylarında - pandemiyanın ikinci dalğasının başlayacağı təqdirdə, sərhədləri yenidən bağlamaq məcburiyyətində qalmaqdan qorxurlar.

 

İtirilmiş mövsüm  

Azərbaycanda da turizm sektorunda eyni qeyri-müəyyən vəziyyət alınıb, burada beş aylıq sərt karantindən sonra sentyabrın 8-də bölgələrə səyahət məhdudiyyətləri qaldırıldı və əyalətlərdəki bəzi istirahət obyektləri gəlir əldə etdi.

Dövlət Statistika Komitəsinin bu yaxınlarda verdiyi məlumata görə, daxili turizmin itkiləri yetərincə çox olub. Belə ki, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 649,700 nəfər gəlib ki, bu da keçən ilin uyğun dövrünə baxanda 3,3 dəfə azdır. 2020-ci ilin yanvar-avqust aylarında turist axınının ən böyük azalması Çin və Koreya Respublikasından gələn turistlərin payına düşüb – uyğun olaraq 11,7 və 10,6 dəfə azalıb. İsraildən gələn turistlərin sayı da önəmli dərəcədə azalıb - 7,9 dəfə olub, Yaponiyadan gələnlər - 7,5, Kanada və ABŞ-dan gələnlər - 5,7, Avropa Birliyi ölkələrindən gələnlər - 5,2, Fars körfəzi ölkələrindən gələnlər - 4,3, MDB ölkələrindən gələnlər isə 3,5 dəfə azalıb. Əslində, sadalanan göstəricilər karantin tətbiq edilməzdən öncə - yanvar-mart aylarında gələn (incoming) turizmin statistikasını, həmçinin yay mövsümünün sonunda Azərbaycana az sayda gələn qonaqların sayını əks etdirir.

Daxili turizm də elə buna bənzər itkilərə məruz qalıb və ilin birinci yarısında öncəki ilin uyğun göstəricilərinə baxanda 2,5 dəfə azalıb. Müstəqil ekspertlərin qiymətləndirməsinə görə, bu ilin ilk yarısında yerli turistlərin sayı 840 min nəfəri güc-bəla ilə keçib. Halbuki 2019-cu ilin yanvar-iyun aylarında bu rəqəm 2 milyona çatmışdı. Builki mövsümün özəlliyi mart ayında karantin məhdudiyyətləri tətbiqindən sonra Bakı, Sumqayıt və Gəncədən bölgələrə səfərlərin kəskin azalması oldu. Özü də, paytaxt aqlomerasiya sakinləri üçün Abşeron yarımadasının kurortlarında icazə verilən istirahət əsasən çimərliklərə, dənizkənarı istirahət zonalarına, bağlara və s. 1-3 günlük səfərlərlə məhdudlaşdı.

Bununla yanaşı, hətta beş aydan artıq bir müddətdə davam edən karantin dövründə də bəzi regional istirahət yerləri qonaqsız qalmadı. Bu, daha çox sərt karantin qaydalarının qüvvədə olmadığı və yerli sakinlərin hərəkət azadlığının nisbətən daha çox olduğu bölgələrdə müşahidə edildi.

24 avqustda Bakıdan bölgələrə gediş-gəlişə qoyulan məhdudiyyətlərin ləğvi ərəfəsində Dövlət Turizm Agentliyi (DTA), Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Vergi Xidməti və Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən hotellərin və istirahət zonalarının monitorinqi başlayıb. Nazirlər Kabineti tərəfindən hazırlanmış "COVID-19 pandemiyası zamanı hotel fəaliyyətinin təşkili Qaydaları" nəzərə alınaraq sentyabrın ortalarına qədər Bakıda və ölkənin bölgələrində 230-a yaxın hotel və hotel tipli obyektin sanitariya-gigiyena, qida təhlükəsizliyi normalarına uyğunluğu yoxlanılıb. Müvafiq tələblərə cavab verən hotellərə SAHMAN nişanı verilir.

İlin əvvəlində DTA tərəfindən hazırlanmış xüsusi SAHMAN proqramı turizm sahəsində sanitariya-gigiyena qaydalarına riayət etmək və rəqabət qabiliyyətini artırmaq üçün bir sıra təsirli metodları nəzərdə tuturdu. Sənəddə turizm şirkətlərinin, hotellərin, bələdçilərin, turizm nəqliyyatı işçilərinin pandemiya zamanı riayət edərək işləmələri lazım olan bütün qaydalar müəyyən edilib. Ekspertlərin fikrincə, monitorinqlər zamanı yoxlanılan turizm obyektlərinin sayının artması bölgələrdə hotellərin fəallaşmasına yardım edəcək, həmçinin çoxsaylı yol kənarı iaşə müəssisələrinin fəaliyyətini canlandıracaq. SAHMAN-ın nəzərdə tutduğu qaydaların tətbiqi daxili bazarda istirahəti fəal şəkildə təşviq etməyə imkan verəcək və proqramda nəzərdə tutulan marketinq komponenti Azərbaycanın beynəlxalq aləmdə təhlükəsiz turizm mərkəzi kimi statusunu artıraraq post-pandemiya dövründə rəqabət qabiliyyətini yüksəldəcək.

 

Qiymətlər qaldırılmayıb, amma…

Yay tətili mövsümünün bitməsini və tədris ilinin başlanmasını nəzərə aldıqda, bölgələrdəki istirahət zonalarına turizm axınının önəmli dərəcədə artacağını gözləmək yanlış olardı. Buna baxmayaraq, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanovun sözlərinə görə, bölgələrə giriş məhdudiyyətləri 8 sentyabrda qaldırıldıqdan sonra çox sayda hotel işçi cəlb etdi və qonaqlara xidmət göstərməyə başladı, həftəsonları onlarda praktik olaraq boş yer qalmadı.  

“Hələlik avtobus nəqliyyatı müvəqqəti məhdudlaşdırılıb, paytaxtdan bölgələrə yalnız şəxsi nəqliyyat vasitələri və taksilərlə getmək mümkündür. Hotellərin yenidən işlərinə başlamasına baxmayaraq, nəqliyyat məhdudiyyətləri qaldığına görə yerli turizm şirkətləri qrup turları təşkil edə bilmirlər. Daxili turizm şirkətləri qrup turlarına üstünlük verirlər, özü də, bu, turistlər üçün daha ucuz başa gəlir. Ümid edirik ki, bu məsələlər tədricən öz həllini tapacaq”,- deyə Qəhrəmanov bildirib.  

Qiymət parametrlərinə gəldikdə isə, müstəqil ekspertlərin fikrincə, uzun müddət boş dayanmaya və gəlir itkisinə baxmayaraq, turizm obyektlərində qiymətlərdə nəzərəçarpacaq dərəcədə artım müşahidə olunmur. Qiymətlərdə cüzi artım yalnız həftə sonunda - paytaxtdan ən çox turist axınının olduğu cümə günündən bazar gününə kimi qeyd edilir. İndiki qiymətlərin keçən ilin uyğun dövrünün səviyyəsindən də aşağı olduğunu etiraf edən Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi düşünür ki, yaxın gələcəkdə mehmanxana nömrələrində qiymət artımı gözlənilmir. Belə ki, büdcəyə uyğun bir turizm obyektində bir gün qalmaq 30 manatdan başlayır, 4-5 ulduzlu hotellərdə isə qiymət 100-120 manat arasında dəyişir ki, bu da pandemiyadan əvvəlki qiymətlərdən xeyli azdır.

Xarici turistlər üçün xarici sərhədlərin açılması və uçuşların bərpası ilin sonunda və hətta sonraya təxirə salındığına görə turizm şirkətləri əsasən Azərbaycan vətəndaşları üçün büdcələrinə uyğun qiymət siyasəti ilə qurduqları səfərlərinə ümid bağlayırlar. Əyləncə proqramları da karantin amili nəzərə alınaraq hazırlanır, bir çox idman, su və digər əyləncələr, SPA fəaliyyətləri və s. məhdudlaşdırılır. Hotellər bütün karantin normalarına uyğun fəaliyyət göstərir: binalarda vaxtaşırı dezinfeksiya aparılır, hotellər İsveç masası sistemindən kütləvi imtina edir, xidmət göstərən işçi heyəti tibbi maskalardan və əlcəklərdən istifadə etməlidir, sosial məsafəyə riayət olunmalıdır və s.

Təbiət qoynundakı mənzərəli yerlərdə yerləşən regional turizm zonalarından fərqli olaraq, paytaxt hotellərində uğur daha azdır. İlk başdan xarici qonaqlar üçün nəzərdə tutulmuş Bakı hotelləri hazırda praktik olaraq boşdur: burada yer və xidmət qiymətləri bölgələrin əksər sakinləri üçün yüksəkdir, bu komplekslərdə yerləşən hovuzlar, idman zalları, kinoteatrlar, uşaq idman və oyun meydançaları karantin üzündən paytaxt sakinləri üçün hələ də bağlıdır.

Ekspert qiymətləndirmələrinə görə, Azərbaycanın 50 min nömrəsi olan 642 hotel tipli obyektdən ibarət turizm klasterinin tam bərpası yalnız xarici uçuşların bərpasından və xarici turist axınının ardıcıl artmasından sonra mümkün olacaq. Bu proses elə də asan deyil, sərt regional və qlobal rəqabət şəraitində gedəcək. Ən nikbin gözləntilərə görə, Azərbaycana 3,17 milyon xarici turistin gəldiyi 2019-cu ilin göstəricilərinə çatmaq üçün ən azı iki il vaxt lazımdır.

 

Pandemiyaya baxmayaraq

Hələ ki, Azərbaycan Turizm Bürosu tərəfindən turizm sahəsinin bərpası üçün hazırlanmış dörd mərhələli proqram çərçivəsində diqqətin daxili turizmin inkişafına yetirilməsi nəzərdə tutulur. Xüsusilə artıq turistlərin çox sayda toplaşmasını nəzərdə tutmayan təbiət turlarının, eləcə də bənzər istiqamətlərin prioriteti xeyli artıb. İlkin mərhələlərdə kiçik yerləşmə obyektlərinə: koteclərə, butik hotellərə və gündəlik kirayə evlərinə böyük tələbat olacaq.

Ölkənin şimal-şərq, şimal-qərb, qərb və cənub bölgələrində nümayəndəliklər açan Azərbaycan Turizm Assosiasiyası (AzTA) fəaliyyətini, təxminən, eyni istiqamətdə artırır. Yeni nümayəndəliklər uyğun bölgələrin turizm potensialının daha yaxşı öyrənilməsinə, eləcə də kənd yerlərində turistlərin istirahətini nəzərdə tutan yaşıl kənd və aqrar turizmin inkişafına dəstək məqsədi daşıyır. Bundan əlavə, AzTA Azərbaycanın turizm potensialının reklamı və təbliği üçün dünyanın 25 ölkəsində ofislərini açmağı da planlaşdırır. AzTA-nın digər perspektivli təşəbbüsü Türkdilli Dövlətlərin Turizm Təşkilatının (TDTT) yaradılmasıdır və bu fikir artıq Türkiyənin aparıcı turizm təşkilatlarında dəstək tapıb. TDTT-nin əsas məqsədi türk dünyasının turizm potensialının birgə təbliği və inkişafı, birgə turizm məhsullarının işlənməsi və başdan başa turizm marşrutlarının formalaşdırılmasıdır.

Hazırda Azərbaycanda daxili turizmin dəstəklənməsi tədbirləri ilə yanaşı, turizm nəqliyyatı infrastrukturunun inkişafı istiqamətində də addımlar atılır. Abşeronun bir sıra kəndləri yenidən qurulur, orada mənzərəli turizm zonaları formalaşdırılır və Xəzərdə dəniz kruizlərinin təşkili istiqamətində işlər aparılır.

Turizm infrastrukturunun perspektiv inkişafına qoyulan sərmayələrə nümunə kimi 44,5 km uzunluqlu Ləki-Qəbələ dəmir yolunun tikintisinin başa çatdırılmasını göstərmək olar. Bu ilin sonuna kimi işə salınması gözlənilən yeni dəmir yolu Qəbələnin hotel və istirahət potensialına çıxış imkanlarını xeyli asanlaşdıracaq və sürətləndirəcək. Orada artıq, təxminən, iyirmi yüksək səviyyəli hotel işləyir (bir neçə beşulduzlu da bura daxildir), bənzərsiz uşaq luna parkı var, kvadratsikllərdə gəzinti mərkəzi, ölkənin ən böyük qolf klubu, qapalı akvapark da fəaliyyət göstərir, həmçinin şəhərdən 4 kilometr məsafədə yerləşən «Tufandağ» xizək kurortu da var. Ləki-Qəbələ xətti ilə İsveçrənin «Stadler Rail Group» şirkətinin orta sürəti 100 km/s olan «Kiss» modelli rahat elektrik qatarlarının hərəkət edəcəyi nəzərə alındıqda, Bakıdan gələn turistlər Qəbələyə üç saatdan az bir müddətdə çatacaqlar ki, bu da avtobus xidmətindən xeyli sürətlidir.

Tarixi-rekreasiya zonasının yaradılmasına və turizm marşrutlarının inkişafı məqsədi ilə Abşeron kəndlərinin bərpası və yenidən qurulması layihələri də irimiqyaslıdır. Belə ki, bu yaxınlarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, «Bakı Abadlıq Xidməti» MMC və DTA-nin birgə həyata keçirdiyi «Çiçəklənən Abşeron» layihəsi çərçivəsində Balaxanı qəsəbəsində genişmiqyaslı bərpa işləri aparılıb, tarixi-mədəniyyət abidələri bərpa edilib, küçələrə kəsmə daş və çay daşları döşənib, evlərin divarları boyanıb, fasadları əslinə uyğun dizaynda tərtib edilib, yaşıllaşdırma işləri görülüb və s. Qəsəbədə xalçaçılıq, dulusçuluq emalatxanaları, milli paltar tikişi üzrə dərzixanalar yaradılması, həmçinin suvenir, çini qab, xalça, rəsm, musiqi alətləri və s. satışı üzrə dükanların açılması planlaşdırılır ki, bunun nəticəsində Balaxanı zamanla həm yerli, həm də xarici turistlər üçün turizm məkanına çevriləcək. Bənzər layihələr hazırda Əmircan, Novxanı və Zirə kəndlərində də həyata keçirilir. Növbəti mərhələdə «Çiçəklənən Abşeron» layihəsi Ramana və Şüvəlan qəsəbələrində də həyata keçiriləcək.

Daxili turizmin daha bir yeni və çox perspektivli istiqaməti Xəzərdə dəniz kruizlərinin inkişafı ola bilər. Bu barədə danışıqlar bir neçə ildir ki, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan arasında davam edir, bu yaxınlarda isə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin Moskvada Xəzər regionu ölkələrinin səfirləri ilə görüşü zamanı bu məsələnin həyata keçirilməsinin perspektivləri müzakirə edilib. Ekspertlər düşünür ki, bu layihə karantin məhdudiyyətləri ləğv edildikdən və Xəzər limanları arasında sərnişin trafikinin tam bərpasından sonra mümkün olacaq ki, bu da gələn ildən tez gözlənilmir. Eyni zamanda, təxminən, 2021-ci ilin aprel ayında Həştərxan vilayətindəki «Lotos» gəmiqayırma zavodunda, PV300 layihəli «Böyük Pyotr» çay-dəniz sinifli sərnişin gəmisinin istifadəyə veriləcəyi ümidləri artırır ki, o, Xəzər və Qara dəniz hövzəsində kruizlər gerçəkləşdirəcək.  

Beləliklə, ortamüddətli perspektivdə Azərbaycanın turizm klasteri yeni kreativ həllər və məhsullarla doldurula bilər. Yalnız ümid etmək qalır ki, epidemioloji amil və digər kənar əngəllər onların həyata keçirilməsinə mane olmayacaq.



MƏSLƏHƏT GÖR:

273