26 Aprel 2024

Cümə, 02:31

KARANTİN «YUXUSUNDAN» OYANMAQ

Azərbaycanda yaxın aylarda işgüzar fəallığın artırılması üçün tədbirlər görülür

Müəllif:

01.10.2020

Bir çox ölkələrin hökumətləri koronavirus pandemiyasından sonra iqtisadi bərpa üçün on milyardlarla, hətta yüz milyardlarla dollar ayırmağı planlaşdırdığı bir zamanda Azərbaycan hökuməti elə bu ilin perspektivləri üçün yetərincə nikbin əhvaldadır. Yəni Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, bu ilin may-iyun aylarında 4,5-4,7%-lik iqtisadi azalma gözlənilirdisə, bu gün artıq bu rəqəm 3,5-3,7% aralığındadır. Ölkənin Mərkəzi Bankı, öz növbəsində, manatın məzənnəsini və inflyasiyanı sabit səviyyədə saxlamaq üçün əlindən gələni edir, uçot dərəcəsinin azaldılması yolu ilə biznesə müsbət siqnallar göndərir. Uyğun olaraq, önümüzdəki aylarda ölkədə normal iş fəallığının bərpasına ümidlər var. Amma burası da var ki, pandemiya öncəsi səviyyəyə çatmaq üçün xeyli uzun vaxt tələb olunur.

 

Müsbət siqnal

Bununla yanaşı, M.Cabbarovun da qeyd etdiyi kimi, “bütün bu proqnozlar pandemiyanın ikinci dalğasının olub-olmaması, onun necə keçəcəyi, vətəndaşlarımızın müvafiq qaydalara əməl edib-etməyəcəyi ilə birbaşa bağlıdır. İqtisadiyyat və iqtisadi fəallıq birbaşa sosial fəallıqla bağlı olduğundan, onları bir-birindən ayırmaq olmaz". Buna görə nazir sahibkarlara müraciət edərək, pandemiyanın yayılmasının qarşısını almaq üçün qəbul edilən tədbirlərə ciddi yanaşmalarını istəyib, çünki bunlar yalnız sağlamlığa deyil, həm də biznesə təsir edən əsas amillərdir.

Belə çıxır ki, Azərbaycanda iqtisadi geriləmənin ən yüksək nöqtəsi artıq keçib və bərpa mərhələsi başlayıb. Üstəlik, 2020-ci ilin sonuna qədər Azərbaycan qazının Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırılmasına başlanacaq, yəni Azərbaycan neft və qaz sektorundan yeni gəlirlər əldə edəcək.

Xarici ekspertlər də düşününürlər ki, xüsusi karantin rejiminin uzadılmasına baxmayaraq, Azərbaycan ÜDM-də azalma o qədər də kritik olmayacaq.

“Biz proqnozlaşdırırıq ki, 2020-ci ildə Azərbaycanın ÜDM-də azalma 2,9-3,2% aralığında məhdudlaşacaq (bu, dördüncü rübdə neft qiymətlərindən asılı olacaq). 2021-ci ildə iqtisadi artım neftin bir barelinin orta qiyməti 55 dollar olduğu təqdirdə, 3,8%-ə qədər və bir barelinin orta qiyməti 45 dollar olduğu təqdirdə, 1,5%-ə qədər bərpa edilə bilər”, - deyə Rusiya «Qazprombank»ının analitikləri Azərbaycanla bağlı icmallarında qeyd ediblər.

Bununla yanaşı, hökumət, öz növbəsində, biznesin karantin yuxusundan "oyanması" prosesini aktivləşdirməyə çalışır. Belə ki, inflyasiya proqnozlarının yetərincə aşağı (yenilənmiş məlumatlara görə 3-3,2%) olması fonunda, sentyabr ayında Mərkəzi Bank yenidən uçot dərəcəsini 6,75-dən 6,5%-ə endirmək qərarına gəlib.  

"Mərkəzi Bank ölkədəki makroiqtisadi və maliyyə sabitliyini qorumaq, inflyasiyanı elan edilmiş hədəf göstəricisi daxilində tutmaq üçün səlahiyyətinə uyğun olaraq bütün mümkün tədbirləri görməyə davam edəcək", - deyə AMB-nin məlumatında bildirilir.

Öncə bildirildiyi kimi, bu addım, əsasən, biznes üçün hökumətin makroiqtisadi göstəriciləri və manatın məzənnəsinin sabitliyini qorumaq niyyətləri barədə bir siqnal rolunu oynayır.

 

Qorumağa doğru

Neftin qiymətinin düşməsinə və dolların zəifləməsinə, həmçinin pandemiyanın ikinci dalğasının gözləntilərinə, Azərbaycana qonşu olan, demək olar ki, bütün ölkələrin valyutalarının (rublun, lirənin, larinin, rialın) zərər çəkməsinə baxmayaraq, manat dayanıqlı şəkildə bütün çətinliklərə dözür.

Bu yaxınlarda, 2021-ci il üçün dövlət və icmal büdcələrinin ilkin göstəriciləri dərc olundu, burada makroiqtisadi sabitliyin təmin edilməsi və davam edən iqtisadi islahatlar, dollarlaşmanın azalması və başqa amillər nəzərə alınaraq, 2021-ci il üçün manatın ABŞ dollarına nisbətdə məzənnəsi bu il üçün proqnozlara analoji - 1,7 AZN / $1 səviyyəsində qaldı.  

Düzdür, ekspertlər qeyd edir ki, bu məqsədi gerçəkləşdirmək üçün Azərbaycan valyuta ehtiyatlarının bir hissəsini xərcləməli olacaq və bu proses, prinsip etibarilə, artıq başlayıb. Artıq xəbər verildiyi kimi, bu ilin səkkiz ayında ARDNF 5 milyard dollarlıq valyuta satıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 28,5% çoxdur.

Özü də, ARDNF tərəfindən valyuta bazarına dollar emissiyasının dinamikası aydan-aya fərqlənir. Rekord səviyyə mart ayında olub – təxminən, 2 milyard manat, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 78,6% çoxdur.

Valyuta hərraclarında payız marafonu da yetərincə intensiv başlayıb və artıq sentyabr ayının ilk həftəsində satış həcmi bir həftə öncəki valyuta hərracının nəticələrinə nisbətən 16,5% artaraq mart ayının sonundan bəri ən yüksək səviyyəyə çatıb.

Ekspertlərin fikrincə, bu fəallıq karantindən sonra ticarət obyektlərinin və digər obyektlərin fəaliyyətinin bərpası ilə, həm də ARDNF-dən dövlət büdcəsinə transfertlərin təmin edilməsinə daha qlobal ehtiyac ilə bağlıdır.  

Yada salaq ki, avqust ayında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənmişdi, məqsəd büdcə bəndlərinin yeni neft qiymətinə - 35 dollar / barelə görə tənzimlənməsi idi (əvvəl neft 55 dollardan götürülmüşdü). Dövlət Vergi Xidmətindən daxilolmalar üzrə proqnozların (8,7%) və Dövlət Gömrük Komitəsindən daxilolmalar üzrə proqnozların (4,3%) azalması fonunda Dövlət Neft Fondundan gözlənilən transfertlərin həcmi 7,5% artıb. Üstəlik, bu köçürmələr fondun xərc strukturunun 98.1%-ni təşkil edir.

“ARDNF-in büdcəyə transfertlərindəki artım son aylarda daha az təzyiq görən AZN/USD məzənnəsini dəstəkləməlidir. ARDNF-in dövlət büdcəsinə transfertləri 6,7 milyard dollar ekvivalentdən 7,2 milyard dollar ekvivalentinə qaldırılıb ki, bu da məzənnənin sabitliyini qorumağa kömək edəcək. Neft qiymətlərinin mart/aprel minimumlarından bərpası məzənnə üzərindəki təzyiqi azaltdı”, - deyə beynəlxalq reytinq agentliyi «Fitch Ratings»in analitikləri qeyd edirlər.

Qeyd edək ki, bu ilin birinci yarısı üçün Dövlət Neft Fondu artıq dövlət büdcəsinə 5,7 milyard manat və ya təxminən, 3,4 milyard dollar köçürüb və bu, ilin yeni planının, demək olar ki, 47%-ni təşkil edir.

Düzdür, bütün bu tədbirlər nəticədə həm fondun vəsaitlərində, həm də ümumilikdə Azərbaycanın valyuta ehtiyatlarında bir qədər azalmaya səbəb olsa da, amma hazırda iqtisadiyyatı və manatın məzənnəsini qorumaq üçün obyektiv olaraq başqa çıxış yolu yoxdur.

 

Yeni alətlər

Digər tərəfdən hökumətin real sektora maliyyə “atışlarının” son hesabda qeyri-neft sektoruna yerləşməsi vacibdir, hökumət uzunmüddətli perspektiv üçün məhz onun inkişafına yönəlib.  

Bu gün bütünlükdə iqtisadiyyata və o cümlədən biznesə yetərincə güclü zərbə vuran pandemiya şəraitində kreditlərin sahibkarlar üçün daha əlçatar və əlverişli alət olması üçün təcili tədbirlər görülməlidir. Axı, özlərini böhran torundan birtəhər qoparmaq üçün indi məhz onlar əlavə maliyyəyə kəskin ehtiyac duyurlar. Əlbəttə ki, yerli bankların bu il üçün göstəricilərinin hamısında, o cümlədən kredit portfelində də azalma hiss edilir. Mərkəzi Bankın məlumatına görə, 31 avqust 2020-ci il tarixinə bankların kredit portfeli 14,3 milyard manat qiymətləndirilir ki, bu da bir il əvvələ nisbətən 4% azdır. Biznes kreditləri portfeli isə demək olar ki, eyni miqdarda (4,3%) azalaraq 8,7 milyard manata və ya bankların bütün kredit portfelinin 60,4%-ə endirilib.

Maraqlıdır ki, Mərkəzi Bank mütəmadi olaraq iş adamları ilə görüşlər keçirməyə başlayıb, son görüşlərdə daha çox diqqət biznes kreditlərinin və ya ümumiyyətlə kreditlərin həll oluna bilməyəcək kimi görünən bahalığı və əlçatar olmaması probleminə deyil, alternativ alətlərin yaradılmasına yetirilib. Məsələn, Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Sahibkarlar Konfederasiyasının ölkədə çeklərə əsaslanan qarşılıqlı hesablaşma təcrübəsini tətbiq etmək üzrə təklifinin icrasına başlayıb. Bu, ABŞ və Avropada mal və ya xidmətin haqqının ödənilməsi üçün populyar ödəmə üsuludur - əgər alıcının yanında həmin anda nağd pul yoxdursa, o, çek yazır, orada nağd pulun məbləği və son nağdlaşdırma tarixi göstərilir. Bunun üçün ona banklardan birində doldurulmasına zəmanət verdiyi hesabı olmalıdır.

Bu mexanizm indi də Qərbdə istehlak kreditləşməsini uğurla əvəz edə bilər, düzdür, ikincidən fərqli olaraq burada borcu daha sonra ödəyə bilərsiniz, lakin hissə-hissə ödəmək imkanı yoxdur, həm də həddindən böyük əlavə faiz tələb olunur. Ekspertlər hesab edirlər ki, Azərbaycanda hesablaşma çekləri, böyük ehtimalla, mal və ya xidmət alınması üzrə hüquqi şəxslər arasında populyar olacaq. Özü də, maraqlısı budur ki, AMB Türkiyənin hesablaşma çeklərinin rəqəmsallaşdırılması təcrübəsini öyrənir ki, ölkəmizdə elektron çeklərin istifadəsinə dərhal başlasın.

Bununla yanaşı, qiymətli kağızlar bazarına təkcə iri deyil, orta sahibkarların da cəlb edilməsi məsələsi müzakirə olunur ki, bu da biznes kreditlərinə yaxşı alternativ rolunu oynayır. Əksər sahibkarlıq subyektlərinin mühasibat uçotunun "ağarması", "kölgə" iqtisadiyyatının səviyyəsinin aşağı salınması müəssisələrin öz qiymətli kağızlarını buraxması yolunda əsas problemi - şəffaf hesabatın təmin edilməsi problemini həll edir.

Beləliklə, AMB borc bazarında kredit inhisarını pozaraq, onlar üçün təsirli rəqabət yaratmaqla, həqiqətən, bank krediti faizlərinin ucuzlaşdırılmasında müəyyən irəliləyiş əldə edə bilər.

İstəniln halda, biznes maliyyə mənbələrinə nə qədər çox giriş əldə etsə, iqtisadiyyatın bərpa prosesi bir o qədər sürətlə gedəcək və makroiqtisadi göstəricilər sabit səviyyəyə çıxacaq. Ən əsası isə, bu, yalnız neft və qaz sektoru hesabına olmayacaq.


MƏSLƏHƏT GÖR:

269