24 Aprel 2024

Çərşənbə, 22:50

GÖZLƏNİLƏNDƏN ÇOX

Azərbaycan yeni iri yataqlardan hasilat hesabına qaz ixracını yetərincə artırmağı planlaşdırır

Müəllif:

01.10.2020

2020-ci ilin payızı dünya enerji kompleksi üçün iri qaz yataqlarının kəşf edilməsinə dair bəyanatlar silsiləsi ilə başladı. Belə ki, artıq sentyabr ayında Misir və Səudiyyə Ərəbistanı bu barədə açıqlama verdilər. Yeni kəşflər bu ölkələrin hər biri üçün böyük önəm daşıyır və satış bazarları uğrunda rəqabəti gücləndirəcək.

Azərbaycanın neft və qaz kompleksi üçün də bu ay əlamətdardır - 20 sentyabr 1994-cü il tarixdə "Əsrin müqaviləsi"nin imzalandığı gün ölkədə Neftçilər Günü kimi qeyd olunur. Bu il qazla zəngin «Abşeron» yatağında dəniz əməliyyatları üçün təməlqoyma mərasimi də bu tarixə təyin edilmişdi. Mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Abşeron yatağının işlənməsinin Azərbaycanın təbii qaza artan daxili tələbatının ödənilməsinə əhəmiyyətli töhfə verəcəyini və uzunmüddətli perspektivdə, ilk növbədə, Türkiyə bazarında, ixracatçı mövqeyini gücləndirəcəyini qeyd edib.

 

Layihənin özəlliyi  

Yada salaq ki, son iki ildə ölkədə böyük neft və qaz ehtiyatlarına malik iki yeni yataq - “Qarabağ” və “Abşeron” yataqları kəşf edilib. Onların işlənməsi ölkəyə bir tərəfdən neft hasilatını sabitləşdirməyə, digər tərəfdən ənənəvi satış bazarlarına "mavi yanacaq" ixracını artırmağa və tədarük coğrafiyasını genişləndirməyə imkan verəcək.

«Abşeron» yatağı Xəzərin Azərbaycan sektorunda, Bakıdan 100 km cənub-şərqdə, 500 m dərinlikdə yerləşir. Onun işlənməsi üçün SOCAR və «Total» tərəfindən əməliyyat şirkəti JOCAP təsis edilib.

Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda keçirilən mərasimdə «Abşeron» yatağında dəniz əməliyyatlarının başlanmasının rəmzi olan düyməni basıb. Söhbət ümumi ağırlığı təxminən 10 min ton olan istehsal platformasının dörd əsas və altı köməkçi dayaq blokunun dənizdə quraşdırılmasından, körpülərin, estakadaların, məşəl sistemlərinin, sualtı qurğuların, boru kəmərlərinin, modulların və başqa infrastrukturun tikilməsindən gedir. Layihənin gerçəkləşdirilməsi zamanı «Qurban Abasov» gəmisinin modernləşdirilməsi və «Azərbaycan» kran gəmisinin yenidən yükdaşıma qabiliyyətini artırmaq üçün sertifikatlaşdırılması planlaşdırılır.

«Bu, doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu gün faktiki olaraq “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq. Beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır», - deyə Prezident Əliyev bildirib.

Dövlət başçısı «Abşeron» yatağının ehtiyatlarının 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat olduğunu, onun işlənməsinin mərhələlərlə həyata keçiriləcəyini söyləyib.

“Amma mən hesab edirəm ki, (ehtiyatlar – “R+”) daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat - bu da xam neftə bərabər olan bir məhsuldur. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq”,- deyə İ.Əliyev bildirib.

Birinci mərhələdə «Abşeron» yatağında qaz hasilatının həcmi ildə 1,5 milyard kubmetr təşkil edəcək. Mütəxəssislərin qiymətləndirməsinə görə, layihənin zirvəsində hər il təxminən 5 milyard kubmetr qaz hasil edilə bilər. Birinci mərhələdə hasil olunan bütün qazlar Azərbaycanın daxili bazarına yönəldiləcək. Həm də yataqdan hər gün təxminən 10 min barel kondensat istehsal ediləcək.

SOCAR və «Total» 2019-cu ildə «Abşeron» yatağında 7411 m dərinlikli ABD-001 hasilat və qiymətləndirmə quyusunun qazma işlərini başa çatdırıblar. Dövlət başçısının sözlərinə görə, bu yatağın kəşfi ilə Azərbaycanın neft və qaz potensialının bugünkü inkişafı üçün böyük mənbə əldə edilib.

“Əminəm ki, qrafik üzrə iki ildən sonra “Abşeron” yatağından ilk qaz və kondensat çıxarılacaqdır. Eyni zamanda, bizim neft hasilatımızın sabit qalması üçün bu yatağın böyük önəmi var. Çünki 100 milyon ton kondensat - bu da Bakı-Tbilisi-Ceyhan ixrac boru xətti ilə dünya bazarlarına çıxarılacaq. Beləliklə, “Azəri-Çıraq-Günəşli”də mövcud olan və davam edən təbii hasilat tənəzzülünü “Abşeron” yatağı bir qədər kompensasiya edəcək”, - deyə Prezident əlavə edib.

 

Unikal innovasiyalar

«Abşeron» yatağında qaz hasilatı platformasını özünəməxsus unikal hesab etmək olar. Azərbaycanda yerli və xarici şirkətlər tərəfindən həyata keçirilən digər böyük layihələrdən fərqli olaraq, platformanın kənardan, yəni Neft Daşlarında yerləşən moduldan idarə etmək üçün xüsusi olaraq bu layihə üçün innovativ həllər hazırlanıb. «Abşeron» layihəsi üçün təkmilləşdiriləcək bu moduldan operatorlar qrupu yataqdakı qaz hasilatı prosesini və platformadakı əməliyyatları bütünlüklə idarə edəcək ki, bu da vaxta və pula xeyli qənaət deməkdir. Modulun quyudan 34 km və platformadan 3 km məsafədə yerləşməsi qaz istehsalı, emalı və nəqli zamanı təhlükəsizliyi və keyfiyyəti təmin edəcək.  

Bundan əlavə, «Abşeron» layihəsi çərçivəsində Xəzər dənizində ilk dəfə olaraq hasilat platformasında boru kəmərləri çəkilərkən «borunun içində boru» (pipe in pipe) texnologiyasından istifadə ediləcək. Özü də, xüsusi hazırlanmış çoxlaylı izolyasiya edilmiş borulardan istifadə ediləcək. Bu məqsədlə, boru izolyasiyası üzrə «Caspian Pipe Coating» (CPC) müəssisəsinin istehsal müəssisələri modernləşdirilib. Boru kəməri «İsrafil Hüseynov» boru düzən gəmisindən istifadə edilərək çəkiləcək.

Kəşfiyyat qazma işlərinin uğurlu nəticələri faktiki olaraq Abşeron yatağına ikinci şans verib. Total prezidenti Arno Breyak birgə səylərin nəticələrini qiymətləndirərək qeyd edib: "Abşeron" Azərbaycanın ən böyük qaz kondensat yataqlarından biridir və «Total» tərəfindən son 10 ildə aşkarlanmış ən böyük yataqdır».  

Bu etiraf «Abşeron» layihəsinin işlənməsi üçün uzaq 1997-ci ildə imzalanmış ilk sazişin iştirakçılarının başına gələn uğursuzluqdan sonra xüsusi önəm kəsb edir. Onda SOCAR, «Chevron» və «Total» layihəyə qatılmışdı. Saziş sahəsi təxminən 160 kvadrat mili əhatə edirdi. Layihəyə qoyulan sərmayələrin həcmi 3-4 milyard dollar, ilkin proqnozlaşdırılan karbohidrogen ehtiyatları isə 1-3 trilyon kubmetr qaz və 150 milyon ton qaz kondensatı olaraq qiymətləndirilmişdi. Lakin 2001-ci ildə qazılmış kəşfiyyat quyusunda yalnız kiçik qaz axını aşkar etdi, «Chevron» (layihənin operatoru – “R+”) bu sahədə önəmli karbohidrogen ehtiyatlarının olması barədə Azərbaycan geoloqlarının verdiyi təminata baxmayaraq, işi davam etdirməkdən imtina etdi. Yerli mütəxəssislərin fikrincə, «Abşeron»un gerçəkləşdirilməsi ilə bağlı ilk sazişə son qoyan əsas səbəb layihənin operatoru tərəfindən qazma nöqtəsinin yanlış seçilməsi olub. 18 il sonra yenidən aparılan kəşfiyyat qazması geoloqların doğruluğunu təsdiqlədi və layihəyə ikinci dəfə "yaşama" şansı verdi.

“Təbii qaz hələ uzun illər bizim əsas enerji qaynaqlarımızdan biri olaraq qalacaq. Bu məqsədlə biz hazırda ölkədə iri qaz layihələri həyata keçiririk. «Şahdəniz-2»nin işə salınması və «Abşeron» yatağından qaz hasilatına başlanılması növbəti illər üçün qaz potensialımızı təmin edəcək”,- deyə Prezident İ.Əliyev vurğulayıb.

 

İxracın artırılması

Azərbaycan lideri «Abşeron» yatağının işlənməsinin ikinci mərhələsində çıxarılacaq qazla bağlı planları da açdı. Aydın oldu ki, bu həcmlərin hesabına ölkə Türkiyəyə tədarükü artırmağı planlaşdırır.

“Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər",- deyə İ.Əliyev bildirib.

Dövlət başçısı vurğulayıb ki, «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsindən TANAP qaz kəməri ilə Türkiyəyə ötürüləcək qaz həcmləri ildən-ilə artırılacaq. "Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm də Türkiyə üçün çox önəmlidir", - deyə Prezident bildirib.

İ.Əliyev "Azəri - Çıraq - Günəşli" yataqlar blokunun da "çox zəngin qaz ehtiyatlarına" malik olduğunu söyləyib. "Ona şərti olaraq “dərin qaz” deyilir və indi “dərin qaz”ın işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti öz tərəfdaşları ilə müvafiq işlər aparır",- deyə o bildirib.

Eyni zamanda, "Qarabağ" yatağının işlənməsi üzrə də fəal işlər aparılır. SOCAR və «Equinor» şirkətləri bu ilin mart ayında qiymətləndirmə qazma işlərinin nəticələrinə görə bu yatağın tapıldığını təsdiqlədilər. Bu saziş sahəsinin geoloji neft ehtiyatları ilkin olaraq 60 milyon tondan çox, çıxarıla bilən ehtiyatları isə 21 milyon tondan çox neft və 13 milyard kubmetr qaz kimi qiymətləndirilir.

"Qarabağ" yatağından ilk neftin çıxarılmasına 2022-ci ilin IV rübündə, ilk qazın çıxarılmasına isə 2023-cü ildə başlanılması planlaşdırılır. "Qarabağ" yatağında hasilatın ən yüksək həcminin 2026-cı ildə əldə ediləcəyi gözlənilir. Özü də, pik dövründə hər gün yataqdan 5 min tondan çox neft və maksimum 4,5 milyon kubmetr qaz çıxarmaq planlaşdırılır.

"Qarabağ" yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir. Bu yatağın özəlliyi odur ki, orada neft ehtiyatları daha çoxdur və bizim hasilatımızın sabit saxlanması üçün bunun böyük əhəmiyyəti var. Bu, müstəqillik dövründə Azərbaycanda aşkarlanan ilk neft yatağıdır”,- deyə İ.Əliyev vurğulayıb.

Onun sözlərinə görə, yataqdan hər il ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək.

«Ümid» - «Babək» dəniz blokunun işlənməsi layihəsi üzərində işlər planlaşdırıldığı kimi davam edir. «Umid Babek Operating Company» (UBOC)

əməliyyat şirkəti perspektivli «Babək» strukturunda 2021-ci ilin payızında kəşfiyyat qazmasına başlayacaq. Qazma işlərinin nəticələrinə əsasən, strukturun dayaz su hissəsinin işlənməsi, eləcə də dərin sularda kəşfiyyat işləri üçün plan hazırlanacaq.

Bundan əlavə, UBOC 2022-ci ilin üçüncü rübündə «Ümid» yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ilk qazın hasilatına başlayacaq. Hazırda «Ümid-2» platformasının layihələndirilməsi davam edir, dayaq blokunun müfəssəl mühəndislik işləri son mərhələdədir və qazma qurğusunun tədarükçü şirkəti seçilib.

Bununla yanaşı, «Ümid» yatağının işlənməsində ləngimələrin qarşısını almaq üçün UBOC «Ümid-1» platformasından hasilatı sürətləndirməyi planlaşdırır. Bu məqsədlə iki quyu qazılacaq, onların biri üzrə işlər artıq başlayıb. Bu, «Ümid-1» platformasından gündəlik qaz hasilatını 2,4 milyon kubmetrdən 6,6 milyon kubmetrə qədər artırmağa imkan verəcək. Bütünlükdə, «Ümid» yatağının şimal qanadından 51 milyard kubmetr qaz və 5,3 milyon ton (41 milyon barel) kondensat çıxarılması proqnozlaşdırılır.

Bununla belə, SOCAR və BP-nin ən böyük gözləntiləri hazırda kəşfiyyat quyusunun qazılması gerçəkləşdirilən «Şəfəq-Asiman» strukturunda böyük qaz yatağının aşkarlanması ilə bağlıdır.  

“Bu yatağın da böyük potensialı var. Əlbəttə ki, qazma işləri ehtiyatların dəqiq miqdarını göstərəcəkdir. Ancaq xatırlayıram ki, mən hələ SOCAR-da işləyən zaman mütəxəssislərimiz orada qaz ehtiyatlarının həcminin təxminən 400 - 500 milyard kubmetr olduğunu qeyd edirdilər”,- deyə Azərbaycan lideri bəyan edir.

«Şəfəq-Asiman»da ilk kəşfiyyat quyusunun qazılmasına artıq başlanılıb və BP ilk nəticələri 2020-ci ilin dekabr ayının sonuna qədər əldə edcəyini düşünür.

«Şəfəq-Asiman» strukturu çox perspektivli bir blokdur və böyük «Şahdəniz» qaz yatağının ehtiyatları ilə müqayisə edilə bilən ehtiyatları var. Bizim proqnozlar belədir”,- deyə BP-nin Yaxın Şərq və Xəzər bölgələri üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyir.

Əgər bu proqnozlar özünü doğruldarsa, Azərbaycan qaz ehtiyatlarını önəmli dərəcədə artırar, ixrac potensialını yüksəldər, həmçinin uzun illər boyunca öz iqtisadi və enerji təhlükəsizliyini təmin edə bilər.

“Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq. Söhbət ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər inkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan əldə olunan gəlirlərin yerini tuta bilməyəcək. Eyni zamanda, bizim yeni layihələrimiz - bu gün “Abşeron”, bir ay əvvəl “Qarabağ”, digər layihələrin icrası bundan sonra da neft-qaz amilinin önəmli rolunu təsdiqləyəcək”,- deyə İlham Əliyev bildirib.  

Yeni yataqların açılması ilə yanaşı, bu ilin ikinci yarısında ən çox gözlənilən hadisə 3500 km uzunluğunda olan Cənub Qaz Dəhlizinin (CQD) tammiqyaslı işə salınmasıdır ki, bu da Azərbaycan qazının Avropaya tədarükünün başlanğıcı deməkdir. Hazırda CQD-nin dördüncü komponentinin - Trans-Adriatik qaz kəmərinin çəkilməsi üzrə işlər 98% başa çatıb. Sistemin dördüncü rübdə istismara verilməsi planlaşdırılır. Layihə iştirakçılarının qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizinin vaxtında işə salınması ilə bağlı problemlər gözlənilmir.

Lazımi neft və qaz infrastrukturuna, yetərincə əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan uzun illər Xəzər regionunda aparıcı rolunu qoruyacaq, qaz bazarında yaxın illərdə daha da güclənəcək rəqabətdə digər oyunçularla mübarizə apara biləcək.



MƏSLƏHƏT GÖR:

271