16 Aprel 2024

Çərşənbə axşamı, 20:14

DƏRİN KÖKLƏR VƏ GÜCLÜ TƏMƏL ÜZƏRİNDƏ

Bəhram ƏŞRƏFXANOV: «Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərini səbirsizliklə gözləyir və ona hazırlaşırıq»

Müəllif:

01.10.2020

Oktyabrda Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Müstəqillik qazanmış bu iki keçmiş sovet respublikası arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub, 1998-ci ilin iyulunda isə Bakıda Özbəkistan səfirliyi açılıb.

25 ildə iki ölkə arasında əməkdaşlığın hansı səviyyəyə yüksəldiyi haqda Özbəkistanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanovla danışmışıq. Səfir «Region plus»un suallarını cavablandırmağa lütfkarlıqla razılaşıb.

- Cənab səfir, Özbəkistanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri kimi fəaliyyətə başlamanızdan çox zaman keçməyib. Bakıya gəldikdən sonra ilk təəssüratlarınız nədən ibarət oldu?

- Azərbaycana gəldiyim ilk gündən nəinki qədim torpağınızın ad çıxmarmış xüsusiyyəti olan ənənəvi qonaqpərvərliyi gördüm, həm də Azərbaycan xalqının xüsusi isti, dost münasibətinə şahid oldum. Özbəkistanlılara qarşı bu münasibətin köklərini ilk növbədə, tarixi ümumi ənənələrimizdə, dilimizdə, mədəniyyət və dinimizdə görürük. Eyni zamanda, müasir dövrdə xalqlarımız qarşısında dayanan uzunmüddətli milli maraqlarımız, strateji hədəflərimiz də bənzərdir.

Bununla yanaşı, şəxsən gördüm ki, bu gün Azərbaycan müasir dövrün sərt reallıqlarına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın inkişafı, şaxələndirilməsi, təbii sərvətlərdən effektiv istifadə istiqamətində əmin, qəti addımlar atan dövlətdir. Ölkədə müasir texnologiyalara əsaslanan güclü sənaye bazası yaradılıb, ixrac potensialı getdikcə artır, dünya bazarına inteqrasiya olunur. Azərbaycan öz coğrafi və geostrateji mövqeyindən istifadə edərək, regionun ən vacib nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Şübhəsiz ki, bütün bunlar vahid hədəfə hesablanıb – insanların həyat səviyyəsinin və keyfiyyətinin artırılması.

- Özbəkistanla Azərbaycan oktyabrda diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edəcəklər. Ötən 25 ildə ikitərəfli münasibətlərdə nələr yaşanıb? Münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Sualınızı cavablandırmazdan əvvəl bir məqamı qeyd etmək istərdim: Özbəkistanın xarici siyasətində vacib və prioritet istiqamətlərdən biri Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla tərəfdaş münasibətlərinin gücləndirilməsidir.

Diplomatik münasibətlərimizin qurulmasından keçən 25 ildə dövlətlərarası əlaqələrin inkişafı üçün çox iş görülüb. Bu gün biz əminliklə deyə bilərik ki, Özbəkistanla Azərbaycan arasında çox yaxın, qardaşlıq münasibətləri var. İki ölkə ən yüksək səviyyədə siyasi əlaqələrə malikdir, iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, mədəni-humanitar və digər sahələrdə əlaqələr yüksək templərlə inkişaf edir.

1991-ci ildən indiyədək ali səviyyədə 6 səfər həyata keçirilib. Beynəlxalq tədbirlər çərçivəsində də liderlərimiz arasında çoxsaylı görüşlər olub. Belə görüşlərdən sonuncusu 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti çərçivəsində baş tutub.

Özbəkistanla Azərbaycan arasında 130-dan artıq sənəd imzalanıb. Onların arasında 1996-cı ildə imzalanmış Dostluq və əməkdaşlıq haqqında müqaviləni, həmçinin 2004-cü ildə imzalanmış Strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair bəyannaməni xüsusi qeyd etmək lazımdır.

2017-ci ildən başlayaraq yüksək səviyyədə aparılan intensiv dialoq nümayəndə heyətlərinin fəal şəkildə qarşılıqlı səfərlər etməsinə də yol açıb. Son 3 ildə tərəflər arasında yüksək səviyyəli nümayəndə heyətlərinin 40-dan artıq səfəri olub. Buraya Özbəkistanın baş naziri Abdulla Aripovun Bakıya səfəri da daxildir. O, Azərbaycana 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu magistralının açılış mərasimində iştirak etmək üçün gəlmişdi.

Parlamentlərimizdə dostluq qrupları fəaliyyət göstərir. Diplomatik münasibətlərimizin 25 illiyi münasibətilə bu günlərdə parlamentlərarası əlaqə qruplarımız onlayn görüş də keçirib.

1998-ci ildə yaradılmış Hökumətlərarası əməkdaşlıq komissiyası indiyədək 10 iclas keçirib. Hazırda bu çərçivədə növbəti – 11-ci görüşün keçirilməsinə hazırlıq gedir.

Biz paytaxtlarımız Bakı ilə Daşkəndin düz mərkəzində görkəmli özbək şairi, maarifçisi və dövlət xadimi Əlişir Nəvainin və Azərbaycan xalqının sevimli şairi, mütəfəkkiri Nizami Gəncəvinin heykəllərinin ucaldılmasından böyük fəxr hissi duyuruq. Bakı şəhərinin mərkəzi küçələrindən biri isə böyük özbək alimi, astronomu Mirzə Uluqbəyin adını daşıyır.

Bundan başqa, 2010-cu ildə Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi açılıb, mərkəzi küçələrdən birinə qardaş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib.

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da böyük önəm daşıyır. Biz belə təşkilatlarda bir-birimizin müxtəlif məsələlərlə, problemlərlə bağlı mövqeyimizə birmənalı və qəti dəstək veririk. Bu kontekstdə demək istərdim ki, Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə siyasi həllinə tərəfdar olub və bu gün də bu mövqedədir. Hesab edirik ki, bu münaqişənin həllində əsas şərt Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmini olmalıdır.

- Bakı ilə Daşkəndin beynəlxalq qurumlar çərçivəsində hər zaman bir-birinə dəstək verdiyini nəzərə alsaq, Özbəkistanın Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Silahlı Qüvvələrinin son əks-hücumları ilə bağlı mövqeyi nədən ibarətdir?

- Özbəkistan Ermənistanla Azərbaycan arasında gərginliyin artmasından son dərəcə narahatdır. Qarşıdurmada hərbi gücdən istifadə hər iki tərəfdən çoxsaylı insan təlafatı ilə nəticələnə bilər.

Özbəkistan tərəfi MDB məkanında dostluq, mehriban qonşuluq münasibətlərinin, qarşılıqlı inamın vacibliyini bir daha təsdiqləyir, mübahisəli məsələlərin beynəlxalq hüququn normalarına əsasən həllini vacib sayır.

Əminik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsiplərinə əməl olunmasından keçir.

- Fikrinizcə, Azərbaycan-Özbəkistan əməkdaşlığını bütün sahələr üzrə genişləndirmək potensialı nə qədərdir? Və pandemiya bu əməkdaşlığa necə təsir göstərir?

- Çox vacib məqama toxundunuz. Həqiqətən də, ölkələrimiz ən müxtəlif sahələrdə hələ də istifadə olunmayan geniş əməkdaşlıq potensialına malikdirlər. Əminəm ki, onlardan tam və fəal istifadə ölkələrimiz arasında qarşılıqlı səmərəli əlaqələrin gələcək inkişafına müsbət təsir göstərəcək.

Misal kimi, iqtisadi-ticari sahədəki əməkdaşlığı göstərmək olar. Qarşılıqlı münasibətlərimizdə məhz bu, əsas istiqamətdir. Ötən il bu sahədə 55,7% artım qeydə alınıb. Nəticədə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 73,4 milyon dollara çatıb.

Sevindiricidir ki, qlobal iqtisadiyyatda müşahidə olunan böhrana baxmayaraq, Özbəkistanla Azərbaycan arasında ikitərəfli ticarət müsbət inkişaf dinamikası göstərməyə davam edir. Məsələn, 2020-ci ilin ilk yarısında ikitərəfli ticarət dövriyyəsinin həcmi 77,7% artaraq, 47,5 milyon dollara çatıb.

Şübhəsiz ki, bu göstəricilər imkanlarımızı tam əks etdirmir.

Sualınızın ikinci hissəsinə gəlincə, əminliklə deyə bilərəm ki, biz pandemiya dövründə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün yeni mexanizmlərin tapılması baxımından müəyyən uğurlara imza atmışıq. Məsələn, iyunun 9-12-də iki ölkənin rəsmi və işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə «Made in Uzbekistan Online» biznes-forumu keçirilib. Bu tədbir çərçivəsində Azərbaycan təmsilçiləri Özbəkistanın müxtəlif sahələrə, o cümlədən kənd təsərrüfatı, tekstil, elektrotexnika, maşınqayırma, mədənçıxarmaq kimi sektorlara aid geniş nomenklaturu ilə vizual tanış olmaq imkanı qazanıblar.

Biznes-forumun nəticələri gözləniləndən də artıq olub. Özbəkistanın ixracyönümlü məhsul istehsal edən 50-dən artıq istehsalçısı 100-dən çox Azərbaycan şirkətilə əlaqə qurub. Bununla əlaqədar olaraq, həmçinin milli sahibkarların istəyilə bu il avqustun 25-dən sentyabrın 2-dək «Made in Uzbekistan Textile» biznes-forumunun keçirilməsi təşəbbüsü irəli sürülüb . Tədbirin proqramı kimi, intensiv V2V görüşlərinin keçirilməsi nəzərdə tutulur. Məsələn, ixracyönümlü toxuculuq malı istehsal edən 29 Özbəkistan şirkəti Azərbaycandan olan 20 bayer, distribütor, tikiş müəssisəsi mütəxəssisləri, atelye, pərakəndə satış şəbəkələri, həmçinin potensial investorlarla əlaqə yaradıb, 70-dən artıq görüş keçirilib.

- Rəsmi Daşkənd Bakı-Tbilisi-Qars, «Şimal-Cənub», Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi beynəlxalq nəqliyyat layihələri çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə bəyan edib. Bu istiqamətdə plan nədən ibarətdir?

- Azərbaycan kimi, Özbəkistan da yeni beynəlxalq marşrutlardan istifadə istiqamətində inamlı addımlar atır. Bu kontekstdə nəqliyyat dəhlizlərinin, müasir infrastrukturun yaradılması işində göstərdiyi səylərə görə Azərbaycana minnətdarıq. Onlar ixrac-idxal marşrutlarının optimallaşdırılması və şaxələndirilməsi baxımından yalnız Özbəkistana deyil, Mərkəzi Asiyanın digər dövlətlərinə də fayda gətirir. Bu, ondan irəli gəlir ki, bu gün Mərkəzi Asiyadan Xəzər dənizi, oradan da Qafqaz vasitəsilə daşıma marşrutları yüklərin artması baxımından xüsusi aktuallıq qazanıb.

Hesab edirik ki, Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istimara verilməsi müxtəlif qitələrin bazarlarına yolun açılması deməkdir. Özbəkistanla Azərbaycan arasında bu kommunikasiyalardan istifadə ilə bağlı qarşılıqlı anlaşma var. Ortaya koordinasiyalı yanaşmanın qoyulması, yük daşımalarının artırılması məqsədilə iki ölkə arasında fəal danışıqlar davam edir.

- Mərkəzi Asiyanın bütün ölkələri kimi, Özbəkistanın da açıq dənizə və yeni bazarlara birbaşa çıxışı yoxdur. Bu, ölkənin investisiyalar üçün cəlbediciliyinə necə təsir göstərir? Strateji investor üçün daha əlverişli investisiya mühitinin yaradılması üçün hansı addımları atmağı düşünürsünüz?

- Sizin sualınıza Özbəkistan-Azərbaycan əməkdaşlığı prizmasından cavab verməyə çalışacağam. Bu yerdə diqqətinizi bir statistikaya çəkmək istərdim. Bu il avqustun 1-nə olan məlumata görə, Özbəkistanda Azərbaycan kapitallı 195 şirkət çalışır. Onlardan 69-u birgə, 126-sı isə 100%- xarici kapitalla fəaliyyət göstərən müəssisələrdir. Yalnız bu ilin ilk yarısında 19 yeni müəssisə yaradılıb.

Onların əsas fəaliyyət sahəsi ticarət, maşınqayırma və metal emalı, maliyyə və sığorta, daşınmaz əmlakla bağlı əməliyyatlar, enerji, xidmət sektoru, zinət əşyalarının istehsalı və təmiri, qida sənayesi, yüngül sənayedir. Onu da qeyd edim ki, ölkəmizdə çalışanlar yalnız istehsal şirkətləri deyil. Söhbət yüksək texnologiyalar, süni intellekt, informatizasiya, elektron hökumət və digər sahələrdə fəaliyyət göstərən şirkətlərdən də gedir.

Öz növbəsində, Azərbaycanda «Uzbekistan Airways» Səhmdar Cəmiyyətinin, həmçinin Özbəkistanın ən miqyaslı minik avtomobilləri istehsalçısı olan «Uzavtoprom» AK-nin nümayəndəlikləri fəaliyyət göstərir. Burada bizim yüksək keyfiyyətli, rəqabət qabiliyyətli elektrotexnika məhsulları istehsalçımız olan «ARTEL»in də nümayəndəliyi var.

Lakin bu statistik məlumatlar heç də ölkələrimizin potensialını tam əks etdirmir. Bununla əlaqədar olaraq, müxtəlif növ məhsulların istehsalı ilə məşğul olacaq yeni birgə müəssisələrin yaradılması istiqamətində iş aparırıq.

İnvestisiyalar sahəsində əməkdaşlığı da perspektivli istiqamət sayırıq. Fürsətdən istifadə edərək deyim ki, bu gün Özbəkistan Şavkat Mirziyoyevin rəhbərliyi altında xarici investorlar üçün əlverişli iş mühitinin yaradılmasına xüsusi diqqət göstərir. Bu gün Özbəkistanda biznesin qurulması, investisiya yatırılması üçün çox əlverişli şərait var. Söhbət yalnız iqtisadi sahənin liberallaşdırılması istiqamətində atılan addımlardan yox, həm də özbək xalqının ixtisaslaşmasından, əməksevərliyindən gedir.

Mövzunun davamı kimi, diqqətinizi Nazirlər Kabineti tərəfindən bu ilin yanvarında təsdiq olunmuş sənədə – «2025-ci ilədək Özbəkistan Respublikasının investisiya siyasəti strategiyası»na çəkmək istərdim. Ölkənin yeni investisiya siyasətində prioritet əvləetsə pereorientirovanie s finansirovaniə tradiüionnıx, v osnovnom dobıvaöhix otrasley na investirovanie naukoemkix vısokotexnoloqiçnıx otrasley gkonomiki, dünya bazarında rəqabət apara biləcək keyfiyyətli məhsul istehsalı üçün müasir texnologiyaların tətbiqi və sairdir.

Sevindiricidir ki, ölkəmizdə iqtisadiyyatda, investisiya siyasətində aparılan miqyaslı yenidənqurma işləri Azərbaycan investorlarının da Özbəkistana marağını artırır. Məsələn, hazırda Əndicanda, Buxarada, Qaşqadərya, Sırdərya və Fərqanə əyalətlərində, həmçinin Daşkənd şəhərində səfirlik xəttilə ümumi dəyəri, təxminən, 80 milyon dollar olan 7 layihə həyata keçirilir. Bununla yanaşı, inşaat, kənd təsərrüfatı, enerji, İKT, ərzaq və sair sahələri əhatə edən bir neçə investisiya layihəsi də hazırlanır.

Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın hazırkı tempini nəzərə alsaq, bu göstəricilərin getdikcə artacağına ümid edə bilərik.

- Son dövrlərdə həm Azərbaycan, həm də Özbəkistanda turizmin inkişafı ən əhəmiyyətli, perspektivli işə çevrilib. Fikrinizcə, bu sahədə iki ölkə istər bir-birinə, istərsə də dünyaya nə verə bilər? Bu istiqamətdə də tərəfdaşlığı inkişaf etdirmək mümkündürmü?

- Şübhəsiz ki, turizm sahəsində əməkdaşlığın inkişafı bu gün bizim üçün əsas prioritetlərdəndir. Bildiyiniz kimi, Özbəkistan qədim tarixi olan dövlətdir. O, Mərkəzi Asiyanın düz qəlbində, Böyük İpək yolunun üzərində yerləşir. Özbəkistanda 7,3 min mədəni irs obyekti var. Bu, regiondakı tarixi abidələrin 90%-dən çoxu deməkdir. Onların 500-dən çoxu isə turizm marşrutlarına daxildir. Belə incilərimizə Buxara, Səmərqənd, Xivə və Şəhrisabzdakı abidələri misal göstərmək olar.

Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistanın turizm sahəsində ciddi islahatlar aparılır, turizm potensialının artırılması üçün fəal iş görülür, o cümlədən zəvvar turizmi inkişaf etdirilir, bu bazarın iştirakçıları üçün çoxsaylı güzəht və imtiyazlar tanınır.

Eyni zamanda qardaş Azərbaycanın bu sahədə Prezident İlham Əliyevin təşəbbüslərinin reallaşdırılması ilə əldə etdiyi ciddi uğurlara görə də çox sevinirəm. Ölkəniz yerli və xarici turistlərin cəlbi işində böyük uğurlar qazanıb. Məsələn, 2019-cu ildə Azərbaycana turist axını pik həddə çatıb – ölkəyə 3 milyondan artıq əcnəbi turist gəlib.

Sadalananlara əsasən demək olar ki, ölkələrimiz birgə turların təşkili sahəsində əməkdaşlıq etməklə, ciddi uğurlar qazana bilər. Bundan başqa, Özbəkistanla Azərbaycanın sərnişin daşımaları, müasir mehmanxana komplekslərinin, ekstremal turizm obyektlərinin inşası sahələrində də birgə layihələr həyata keçirə biləcəyini düşünür, bu sahəni də perspektivli sayıram.

Əminəm ki, regionlararası əməkdaşlıq imkanlarından istifadə də turizm sahəsində əlaqələrin genişləndirilməsinə töhfə olardı. Bu mənada, hazırda Azərbaycanda Buxara, Kokand, Səmərqənd, Daşkənd və Xivə üçün tərəfdaş şəhərlərin seçilməsi üzərində iş gedir.

Sonda onu da deyim ki, bu il avqustun 1-dən Özbəkistanın bütün regional aeroportlarında «açıq səma» rejiminin tətbiqinə başlanılıb, hava məkanı azadlığının 5-ci dərəcəsi tətbiq olunur. Bununla, aeroportlarımız üçüncü ölkələrdən gələn və ya bu ölkələrə gedən sərnişinləri, poçtu və yükləri qəbul etmək və boşaltmaq hüququ əldə edib. Odur ki, Azərbaycanın AZAL və «Buta» aviaşirkətlərinin Özbəkistanla əməkdaşlığın gücləndirilməsinə marağının artacağına ümid edirik.

- Bildiyiniz kimi, yaxın zamanlarda Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri nəzərdə tutulub. Səfərin ilkin gündəliyində nələr var?

- Bəli, biz Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərini səbirsizliklə gözləyir və ona hazırlaşırıq. Səfər zamanı siyasi, iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya, humanitar-mədəni və digər sahələrdə çoxsaylı əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub. Əminəm ki, bu səfərin nəticələri ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə, genişlənməsinə yol açacaq.

 

BİZİM ARAYIŞ

Bəhram ƏŞRƏFXANOV Özbəkistanın Azərbaycandakı sayca 4-cü Fövqəladə və səlahiyyətli səfiridir. O, vəzifəsinin icrasına 2020-ci ilin aprelində başlayıb. 3 ali təhsili var. Kentukki Universitetini də bitirib. Amerikanın «AIG Trading Group» şirkətinin Daşkənddəki nümayəndəliyinin rəhbəri, «UZ AIG Insurance» sığorta şirkətinin baş direktoru olub. Bundan başqa, Özbəkistan maliyyə nazirinin müavini, «Özbəknefteqaz»ın rəhbəri işləyib. 2016-2018-ci illərdə Özbəkistanın Rusiya Federasiyasındakı səfiri olub.



MƏSLƏHƏT GÖR:

315