25 Aprel 2024

Cümə axşamı, 16:56

ERMƏNİSAYAĞI ÜÇBUCAQ

Ermənistan-Yunanıstan-Kipr üçtərəfli formatı nə qədər yaşayacaq?

Müəllif:

01.10.2020

Tarixdə dövlətlərin konkret məqsədlər uğrunda, inkişaf etmək və ya sağ qalmaq üçün, hətta hansısa üçüncü qüvvəyə qarşı birləşməsinə, ittifaq yaratmasına çox misal göstərmək olar. Bu ittifaqlar zamanla ciddi sınaqlar qarşısında qalır, bəzən isə qarşıya qoyulmuş məqsədə çatdıqdan sonra dağılır. Ya struktur kifayət qədər güclü olmur, ya iştirakçıların maraqları toqquşur və s. Lakin bu dəfə haqqında danışacağımız ittifaq yaradıldığı ilk andan ziddiyyətlərilə, süniliyilə diqqət çəkir. Söhbət Yunanıstan-Kipr-Ermənistan üçtərəfli formatından gedir. Bu gün onların birləşməsində yalnız bir məqsəd var – Türkiyənin regiondakı nüfuzuna qarşı mübarizə aparmaq.

 

Ermənistan-Yunanıstan-Kipr: üçlü ittifaq

Bu üçtərəfli formatın yaradılma tarixi şərti olaraq 2019-cu il iyunun 5-i sayılır. Ermənistan, Yunanıstan və Kiprin XİN başçıları Nikosiyada məhz həmin gün bir araya gəlmişdilər. Görüşün birgə yekun bəyannaməsində üç ölkənin iqtisadiyyat, ticarət, investisiya, kənd təsərrüfatı, elm və təhsil, informasiya texnologiyaları və innovasiyalar, səhiyyə, böhranlı vəziyyətin idarə olunması, mədəniyyət və turizm kimi sahələrdə əməkdaşlıq edəcəyi vurğulanır. Burada üç ölkənin XİN başçısının regional problemlərlə bağlı müzakirəsi xüsusi maraq doğurur. Müzakirə, nə müzakirə! «Kipr Respublikasının müstəsna iqtisadi zonasına Türkiyənin müdaxiləsi», Dağlıq Qarabağ münaqişəsinin ermənilərin qəbul etdiyi «ədalətli» həlli və s. Konkret olaraq Ermənistan üçün istənilən antitürk layihəsində iştirak xarici siyasi kapitallaşma vasitəsidir. Faktiki olaraq İrəvan Türkiyə ilə münaqişə potensialını regional qonşularına «satır», bu vəziyyətdən qarşılıqlı səmərəli istifadə olunmasını təklif edir. Görünür, Türkiyənin qonşuları – Yunanıstanla Kipr də bu vəziyyətdən yararlanmağın əleyhinə deyillər. Son dövrlər üçtərəfli formatda keçirilən görüşlərin intensivliyi də bundan xəbər verir. Tərəflər İrəvanın «ötürməsi»lə 2020-ci ilin yanvarında «üçlüy»ün sammitinin Ermənistan paytaxtında keçirilməsinə dair razılığa belə, gəlmişdi.

Məşhur deyim var: «Tələsən təndirə düşər». Görünür, erməni tərəfi sammitin təşkilinə o qədər tələsirmiş ki, görüşün gündəliyini, liderlərin səfər qrafikini razılaşdırmaq yaddan çıxmışdı. Nəticədə, görüş təxirə salınmalı olub.

Lakin erməni diplomatiyası bundan utanıb-eləməyib və İrəvanın özünün fəallığı ilə yeni «məclis» təşkil edilib. 2020-ci ilin fevralında üç ölkənin müdafiə nazirləri Afinada bir araya gəliblər. Görüşdə 2020-ci il üçün üçtərəfli fəaliyyət planı qəbul olunub. Plana Yunanıstan və Ermənistan ərazilərində 20-dən artıq birgə tədbir daxildir. Lakin tərəflər karantin rejimi üzündən bu plana da ciddi dəyişikliklər etmək məcburiyyətində qalıblar.

Hərbçilərin regional təhlükəsizlik məsələsini qaldırması, qarşıdakı çağırışlarla bağlı mövqelərini ifadə etməsi müəyyən narahatlıq yaratmaya bilməz. Çünki bu halda söhbət üçtərəfli format həm də hərbi-siyasi məzmun qazanır. Bu üç ölkənin hərbi-siyasi əməkdaşlığında Türkiyənin maraqlarına qarşı aşkar hərbi kontekst var. Üstəlik, bu, Kipr yunanları ilə türkləri arasındakı münaqişə, Yunanıstan-Türkiyə və Ermənistan-Türkiyə münasibətlərinin gərilməsi fonunda baş verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də nəzərə alsaq, aydındır ki, İrəvanın bütün cəhdləri yeni ittifaqın mənfi potensialının həm də Azərbaycanın maraqlarına qarşı yönəldilməsinə hesablanıb.

İyunun 15-də Ermənistan, Yunanıstan və Kipr türkiyəli diplomat və siyasətçi Volkan Bazkırın BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri postuna namizədliyinə qarşı çıxıblar. Namizədliyi Türkiyənin də daxil olduğu «Qərbi Avropa və başqaları» qrupu tərəfindən irəli sürülmüş Bozkır quruma 2020-2021-ci illərdə sədrlik etməli idi. Bu üç dövlət susmaq prosedurunu pozaraq, BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri Ticani Məhəmməd-Bandeyə məktub ünvanlayıb, bu məsələnin səsə qoyulmasını tələb ediblər. Bundan başqa, Ermənistan ilə Kipr sədrə birgə məktub da ünvanlayıblar. Məktubda deyilir ki, «Türkiyə bütünlükdə regionda sülh və təhlükəsizliyə təhdid yaradır, bölgədə hökmranlığı ələ almaq üçün mütəmadi olaraq BMT Nizamnaməsini, beynəlxalq hüququn normalarını, o cümlədən BMT-nin sanksiyalar rejimini pozur».

Göründüyü kimi, söhbət Türkiyəyə qarşı aqressiv davranış xəttinin götürülməsindən gedir və bu, üçtərəfli formatın fəaliyyətində özünü kifayət qədər aydın göstərir.

Bir müddət əvvəl – avqustun 5-də Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan yunanıstanlı həmkarı Nikos Denidas və Kiprin XİN başçısı Nikos Xristodulideslə telefon danışığı aparıb. Söhbət zamanı erməni tərəfi Şərqi Aralıq dənizində iqtisadi zonaların sərhədlərinin müəyyənləşdirilməsi məsələsində Yunanıstanla Kipri dəstəklədiyini bildirib, Türkiyəni «beynəlxalq hüquqa hörmət etməyə» çağırıb.

Mnatsakanyan bu kontekstdə ölkəsinin Yunanıstanla Kipri qeyd-şərtsiz dəstəklədiyini ifadə edib.

 

Üçtərəfli format: Bakı narazıdır

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları fonunda regionda anti-Türkiyə ittifaqının yaradılmasında belə həvəslə iştirakı Bakıda ciddi narahatlıq yaradır. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın Bakıya yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edən zaman açıq şəkildə bildirib ki, bu üçtərəfli əməkdaşlıq formatı Azərbaycanı narahat edir. «Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib», - deyə İ.Əliyev qeyd edib.

Prezident fikrini belə davam etdirib: «Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq».

Beləliklə, rəsmi Bakının mövqeyi konkretdir: regionda anti-Türkiyə ittifaqı qurularsa, üstəlik, Ermənistan orada fəal rol oynayarsa, Azərbaycan Türkiyə ilə bir ittifaqda yer almağa, İrəvan və tərəfdaşlarının planına qarşı Ankara ilə birlikdə hərəkətə keçməyə hazırdır.

İrəvan-Afina-Nikosiya üçtərəfli ittifaqının gələcək inkişafının Bakı-Ankara oxunun möhkəmlənməsi üçün stimul olacağı aydındır. Bu isə Şərqi Aralıq dənizindəki münaqişənin Cənubi Qafqaza, eyni zamanda əksinə, Cənubi Qafqazdakı gərginliyin Şərqi Aralıq dənizi bölgəsinə ekstrapolyasiya oluna biləcəyi deməkdir.

 

Fironlara tərəf

Maraqlıdır ki, İrəvan «üçlük» çərçivəsindəki planlarına heç bir məhdudiyyət qoymur. Yunanıstanın Misirlə avqustun 6-da dəniz sərhədlərinin demarkasiyası, müstəsna iqtisadi zonaların müəyyənləşdirilməsi haqqında saziş imzalamasından sonra erməni diplomatiyası Qahirə ilə də yaxınlaşmaq üçün imkanlar axtarışına başlayıb.

Cəmi 1 ay sonra – sentyabrın 12-15-də Zöhrab Mnatsakanyan Ermənistanın XİN başçısı kimi Misirə ilk rəsmi səfərə yollanıb. Orada erməni nazir Yunanıstanla Kiprə dəstəyini bir daha dilə gətirib, bununla da üçtərəfli formata sadiq olduqlarını bir daha təsdiqləyib. Bununla yanaşı, Mnatsakanyan Türkiyəyə qarşı mübarizənin vacibliyi fikrini də israrla təkrar edib. «İstər Şimali Afrikada olsun, istər Cənubi Qafqazda, qeyri-sabitliyin, eskalasiyanın başqa regionlara ixrac edilməsilə bağlı istənilən cəhd» təəssüfləndiricidir», - deyə o, bildirib.

Məlum olduğu kimi, erməni tərəfi «qeyri-sabitliyin ixracı» fikrini, adətən, Ankaranın əməllərilə əlaqəli işlədir. Guya Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tərəfdən iştirak etməklə, Cənubi Qafqaza gərginlik «ixrac edir». «Bu mənada, Ermənistan Misirin bütün dünyada, o cümlədən Liviyada sülh və sabitliyə birmənalı sadiqliyini yüksək qiymətləndirir», - deyə erməni nazir qeyd edib. Bununla da o, Türkiyə ilə Misir arasında Liviya ilə bağlı ziddiyyətlər fonunda Qahirənin mövqeyini dəstəklədiklərini göstərib.

 

Formatın perspektivləri

Ötən dövr ərzində baş verənlərə nəzər saldıqda, format çərçivəsində xüsusi təşəbbüskarlığın Ermənistandan gəldiyi görünür. Yunanıstanla Kipr isə praktiki addımlarında əsasən Aİ-yə aid alətlərə, regional dövlətlərlə ikitərəfli əlaqələrinə, həmçinin Aralıq dənizi üçün İttifaqa və Fransanın lider mövqeyinə istinad edirlər.

Ermənistan Kipr və Yunanıstan üçün iqtisadi-ticari tərəfdaş kimi də maraqlı deyil, onları nə etnik, nə dini bağlar bağlayır. Afina ilə Nikosiya üçün bu, Türkiyəyə qarşı birlikdən başqa bir şey deyil. Ermənistan üçün isə əksinə, söhbət sadəcə Ankaraya qarşı ittifaqdan yox, İrəvanın Aİ ilə yaxınlaşmasına da yol açacaq əməkdaşlıqdan gedir. Ermənistan Şərqi Aralıq dənizi regionunda baş verən destruktiv proseslərə qoşulmağa, özünün münaqişə potensialını Afina ilə Nikosiyaya «satmağa» çalışır. Çünki onun başqa «satacağı» heç nə yoxdur. Amma bu, bir dəfə istifadə olunan şübhəli «məhsul»dur. Yunanıstanla Kiprə daha çox sabitlik lazımdır. Enerji daşıyıcılarının ucuzlaşdığı, bitmək bilməyən hərbi gərginlik şəraitində investorların milyardlarla sərmayə yatırdığı və ya yatıracağı regional layihələr çox baha başa gəlir və effektli görünmür. Hər kəs anlayır ki, gec-tez razılığa getməli olacaq. Odur ki, İrəvan-Afina-Nikosiya üçtərəfli formatının perspektivi kifayət qədər şübhəlidir.

Lakin Ermənistan mətbuatında son zamanlar İrəvanın Yaxın Şərq siyasətinə «qayıdışı» haqda danışmaq dəbdədir. Şərqi Aralıq dənizini isə onlar «Erməni körfəzi» adlandırırlar. Ermənistan xarici işlər nazirliyinin Kipr və Misirə səfərləri, Ermənistanın İsraildə («Erməni körfəzi»nin yaxınlığında) səfirlik açması onsuz da problemlər içərisində olan regiona yaxşı heç nə vəd etmir.



MƏSLƏHƏT GÖR:

265