20 Aprel 2024

Şənbə, 07:46

TƏHLÜKƏLİ QONŞULUQ

Ermənistanın terrora üstünlük verməsi hansı fəsadlara yol aça bilər

Müəllif:

01.10.2020

Bir neçə il Avropanın ədəbli nəşrlərindən biri oxucularına belə bir sual ünvanlamışdı: kimlərlə qonşu olmaq istəməzdiniz? Cavablar arasında «lider» tam təbii olaraq, narkotik ticarətçiləri, kriminal elementlər, neonasistlər, terrorçular və s. idi.

Dövlətlərlə bağlı belə sorğuların keçirilməsi ənənəsi yoxdur. Çünki dövlətlər ünvanını dəyişmir. Lakin təcavüzkar rejimin mövcud olduğu dövlətlər digərlərilə müqayisədə bir pillə geridədirlər. Buna klassik nümunə Ermənistandır. O, 4 dövlətlə həmsərhəddir – Azərbaycan, Gürcüstan, İran və Türkiyə. Onun Türkiyəyə qarşı ərazi və tarixi iddiaları ölkənin gerbində belə, əks olunub – Ağrıdağ «Ararat» kimi göstərilir. Gürcüstanın Cavaxetiya bölgəsi də ermənilərin iddia etdiyi ərazidir, İrəvanın 1918-1920-ci illərdə müharibəni uduzduğu Borçalı qəzası da. Azərbaycanla isə o, açıq münaqişədədir və bu qonşusunun ərazisinin 20%-ni işğal edib.

 

Azərbaycan Prezidentinin xəbərdarlığı

Dünya gücləri uzun illərdir münaqişəni «dondurulmuş» vəziyyətdə saxlamağa çalışır – sülh danışıqları aparılır, həll variantları nəzərdən keçirilir. Lakin artıq bu münaqişənin «donu» sürətlə açılmaqdadır. Ermənistanın Azərbaycanla sərhəddə əl atdığı təxribat nəticəsində tərəflər arasında iyulda baş vermiş toqquşmalardan sonra sülh prosesi faktiki olaraq, sona yaxınlaşmışdı və bunu Azərbaycan Prezidenti İlham Əliyev də etiraf etmişdi. «Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm... Faktiki olaraq, danışıqlar aparılmır... Mən qeyd etmişəm ki, biz immitasiya xarakterli danışıqlarda iştirak etməyəcəyik. Bu, bizim danışıqlardan imtina etməyimiz demək deyil, bu o deməkdir ki, Ermənistanın hiyləgər siyasətinə qoşulmaq istəmirik», - deyə İlham Əliyev ölkənin aparıcı telekanallarına müsahibəsində bildirmişdi.

Sentyabrın 28-də isə Azərbaycan Prezidenti BMT-nin baş katibi Antoniu Qutyerrişlə videkonfrans formatında keçirdiyi görüşdə erməni tərəfinin növbəti dəfə təxribata əl atdığını söyləyib. O, bunun ilk olmadığını söyləyib. Belə ki, təcavüzkar ölkə bu ilin iyulunda bənzər təxribatı Azərbaycanla Ermənistanın dövlət sərhədində həyata keçirmiş, avqustda isə erməni diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərmişdi. Bununla yanaşı, Ermənistan başqa ölkələrdən xarici vətəndaşları qeyri-qanuni olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə köçürür, bu isə Cenevrə Konvensiyasının pozulması, həmçinin beynəlxalq hüququn kobud şəkildə tapdanması deməkdir. Dövlət başçısı onu da bildirib ki, Ermənistanın baş naziri 10 minlərlə mülki şəxsdən ibarət könüllü döyüş dəstələri yaradıb və onlardan Azərbaycana qarşı hərbi əməliyyatlarda istifadə ediləcək.

Prezident İlham Əliyev deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. O, BMT TŞ-nin qətnamələrində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyini xatırladıb.

Təəssüf ki, rəsmi İrəvan bütün bunları anlamaq, konstruktiv danışıqlar masası arxasına əyləşmək istəmir. Üstəlik, Ermənistanda son dərəcə təhlükəli prosesə də start verilib. Bu haqda isə detallı danışmaq lazımdır.

 

Ermənistan terror habına çevrilir

«Hab» sözü bizim leksikonumuza yaxın keçmişdə daxil olub. Bu, əhəmiyyətinə görə «milli» çərçivələri aşan vacib «kəsişməyə», «mərkəz»ə deyilir. Vacib nəqliyyat, enerji və ya maliyyə «hab»ına çevrilmək çoxunun arzusudur. Bu gün aktivində Bakı-Tbilisi-Ceyhan neft kəməri, «Cənub Qaz Dəhlizi», «Şimal-Cənub» nəqliyyat dəhlizi, yeni İpək Yolu, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr olan Azərbaycan buna ən parlaq nümunədir.

Ermənistan da buna bənzər nələrəsə sahib olmağı hər zaman arzulayıb. Nikol Paşinyan da «RBK»ya 2019-cu ilin yanvarında verdiyi müsahibədə demişdi ki, «Ermənistan ərazisindən tranzit boru xətlərinin keçməsi yaxşı olardı».

Reallıqda isə o, Ermənistanın terror «hab»ına çevirməkdədir. Üstəlik, baş nazir bunu eyni vaxtda bir neçə istiqamətdə edir.

Hələ sentyabrın əvvəlində Rusiyanın «Avia.Pro» agentliyi belə bir xəbər yaymışdı: «Rusiya Ermənistandan 450 hərbçinin Suriya cəbhəsinə aparılmasını təmin edib. Onlar Əsədin qiyamçıları ilə birlikdə döyüşəcəklər. Erməni muzdlular bu işə Suriya və Livanda fəaliyyət göstərən, mənzil qərargahı sonuncunun ərazisində yerləşən hökumətpərəst partiya tərəfindən cəlb olunublar. Rusiyanın Hmeymim aviabazası ildə razılaşma əsasında batalyona Suriya hərbi kəşfiyyatından olan briqada generalı Muhsan Nafnoff başçılıq edəcək».

Ermənistanın Rusiya tərəfindən Suriyada aparılan hərbi missiyada iştirak etdiyi çoxdan məlumdur. Onun Suriyaya Amerikanın minaların təmizlənməsi proqramı çərçivəsində hazırlıq keçmiş könüllülərini göndərdiyi də bəllidir. Yeri gəlmişkən, bu, Vaşinqton tərəfindən çox kəskin qarşılanmışdı. Lakin hərbi missiyada iştirak başqadır, muzdluluq, yaraqlılarla təhlükəli oyunlara girmək başqa.

Üstəlik, bu mənada Suriya yeganə və ən təhlükəli «epizod» deyil.

Xatırlatma: sentyabrda Cənubi Qafqaz regionuna aid KİV-də Livandan etnik ermənilərin Azərbaycanın işğal altındakı ərazilərinə köçürüldüyünə dair xəbərlər yayılıb. Bakı dərhal bunun beynəlxalq humanitar hüquqa və Cenevrə konvensiyalarına zidd olduğunu bəyan edib. İndi məsələnin təhlükəli detalları üzə çıxır: köçürülənlər yalnız livanlı etnik ermənilər deyilmiş. Qarabağa ermənilərin ASALA təşkilatına aid peşəkar terrorçular da daşınırmış.

İşğal altındakı Qarabağa məşhur terror təşkilatı olan PKK-nın yaraqlıları da «dislokasiya» edilir. Ədalət naminə qeyd etmək lazımdır ki, Semyon Baqdasarov kimi tiplər Qarabağda «kürd peşmərgələrinin döyüş təcrübəsi»ndən yararlanılmasını çoxdan təklif edib (doğrudur, bu zaman onlar «peşmergə»lərin yalnız ABŞ və müttəfiqlərinin dəstəyilə yaxşı döyüş bacarığı göstərdiklərini «unudurlar»). İndi isə məlum olur ki, Qarabağa Süleymaniyyə-Seyran Bənd-Kırmanşah-Qarabağ marşrutu ilə minlərlə yaraqlı gəlir. Üstəlik, bu əməliyyatda Ermənistanın İraqdakı səfiri Qraçaya Poladyan son dərəcə fəal rol oynayır. Rusiyanın «Qazeta.ru» nəşri bununla bağlı maraqlı detalları açıqlayıb: Suriya və İraqdan İran vasitəsilə Ermənistana 25 kürd yaraqlısı gəlib. Onların ilk dayandıqları məntəqə Urmiyə şəhəri olub. Qəzet yazır ki, bir müddət sonra eyni «dəhliz»lə PKK-nın Suriya qanadı olan YPG-nin 250 yaraqlısı da hərəkətə başlayacaq. 25 nəfərlik daha bir qrup İraqın Ərbil şəhərində (İraq Kürdüstanının paytaxtı) yerləşən «Mahmur» bazasındadır. Onların tranzitinə «Hizbullah»la İraqdakı iranpərəst silahlı strukturlar yardım edir. «Qazeta.ru» yazır ki, bütün bunlar Fransa kəşfiyyatının rəhbərliyilə həyata keçirilir. Bu, Moskvanı təbii olaraq qıcıqlandırıb, çünki KTMT və Aİİ üzvü olan ölkəyə NATO ilə əməkdaşlıq etmək yaraşmaz. Hər halda, söhbət Rusiyanın qonşuluğuna terrorçuların cəlbindən gedir.

 

«Meşədə yarpaq gizlətmək», yoxsa…

Belə hallarda «niyə» sualını vermirlər. Ermənistan uzun illərdir ciddi demoqrafik problemlə üz-üzədir. Əhali sürətlə azalır, üstəlik, ölkəni daha çox çağırış yaşında gənclərin yer aldığı ailələr tərk edir. Nəticədə, Ermənistanın hərbi rəhbərliyi yaranmış «dəliyi yamamaq» məcburiyyətində qalıb – o, qadınların orduya cəlb olunması üçün təbliğat aparır, eyni zamanda qeyri-nizami qoşun yaratmağa çalışır. Tammiqyaslı müharibənin bərpası riskinin çox yüksək olduğu indiki günlərdə güman etmək olar ki, Ermənistan məhz bu yolla şəxsi heyəti artırır.

Lakin işğal altındakı ərazilərə sadəcə, «güllə atmaq arzusunda olanlar» deyil, terrorçular yerləşdirilir. Amma o da var ki, Ermənistanda siyasi terror ənənəsinin kökləri XIX əsrə gedib çıxır. Bu ölkədə terrorçular milli qəhrəman ranqına qaldırılır. ASALA terrorçusu A.Tovmasyan da bu yaxınlarda İrəvanda, «Yerablur» panteonunda dəfn edilib. ASALA-nın yaydığı press-relizdə bildirilir ki, «o, 22 yanvar 1983-cü ildə Parisdə «Şapin Karaxisar» əməliyyatı ilə Türkiyə aviaşirkətinin qərargahına hücum etmiş şəxslərdən biri olub».

Xatırladaq ki, Ermənistan Azərbaycana qarşı 90-cı illərin əvvəllərində də terror savaşı aparıb. Bu gün isə ölkənin müdafiə naziri David Tonoyan «hücum qrupları»nın işə cəlb olunacağı ilə bağlı hədələr səsləndirir, deyir ki, bu halda «düşmənin arxa cəbhəsində, dərinliklərində xaos yaranacaq». İşğal olunmuş ərazilərdə isə artıq terrorçular peyda olmağa başlayıb.

Belə «eşşəkarısı yuvası»nın hər kəs üçün nə dərəcədə təhlükəli olduğunu söyləmək belə, artıq olardı.



MƏSLƏHƏT GÖR:

290