19 Dekabr 2024

Cümə axşamı, 19:02

CƏBRAYILA QAYIDIŞ

Tanınmış futbolçu Cavid Hüseynov doğma yurduna dönəcəyi günü səbirsizliklə gözləyir

Müəllif:

15.10.2020

İşğal olunan torpaqlarda uğurlu əməliyyat keçirən Azərbaycan ordusu düşmənə layiqli cavab verməklə kənd və şəhərləri azad etdi. Rəşadətli ordumuzun işğaldan azad etdiyi ilk şəhər Cəbrayıl oldu. Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 4 oktyabr 2020-ci ildə rayon mərkəzi və bir neçə kəndi işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.

Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış məskəninin daha qədim tarixə malik olmasından xəbər verir. “Region plus” Cəbrayılda anadan olan ölkənin ən tanınmış futbolçusu "Qəbələ"nin şərəfini qoruyan Cavid Hüseynovla əlaqə saxlayaraq onunla söhbət etmək qərarına gəldi.

Cavid Hüseynov 9 mart 1988-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. Atası Şakir Hüseynov 1990-cı illərdə Qarabağ döyüşlərində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib. Cavid söhbətə Azərbaycan əsgərlərinin qəhrəmanlığından danışmaqla başladı: "Doğma torpağının işğalda olması insana çox pis təsir edir. Təsəvvür edin. Evin var, amma evinə gedə bilmirsən. Anam ibtidai sinif müəllimi işləyirdi. Atam isə idman müəllimi idi. Cəbrayılın mərkəzinə tez-tez hind filmləri gətirib nümayiş etdirirdilər. Kinoteatr yox idi, həyətlərdə göstərirdilər. Cəbrayılın özündə stadionu xatırlayıram. Tez-tez babamgilə Qaracallıya gedərdim.

Sentyabrın 27-də düşmənin təxribatına əks hücumla cavab verən ordumuzun uğurlu əməliyyatları bizi sevindirir. Mən hər zaman söyləmişəm ki, torpaqlarımızı azad etməyin vaxtı çoxdan çatıb. Yarım günə 5-6 kəndimizi geri qaytarmaqla Azərbaycan əsgərlərinin gücünü göstərdik. Ordumuzla, Ali Baş Komandan İlham Əliyevlə fəxr edirəm. Cəbrayılın azad olunması xəbərini böyük sevinclə qarşıladıq. Sevincimizi sözlə izah etmək çətindir. Mənə yaxın insan zəng vurub məlumat verdi. Dedi gözün aydın Cəbrayılı geri qaytardıq. Televiziyada elan olunandan sonra hamı bir-birini təbrik etməyə başladı. Qaracallı kəndi ən sonuncu alındı. Onu işğaldan azad edəndən sonra Cəbrayılın bizdə olduğu elan olundu".

Milli komandamızın sabiq futbolçusu ordumuzun tezliklə işğalda olan bütün torpaqları azad edəcəyinə inandığını bildirdi: "Cəbrayıl azad olunub, bu o demək deyil ki, digər torpaqlarımızı düşünmürəm. Əsas sevincimiz torpaqlarımızın hamısı işğaldan azad olunandan sonra olacaq. Cəbrayıl və ya Kəlbəcər. Fərq etmir. Qarabağ Azərbaycanındır və bunu bütün dünya başa düşməlidir".

Cəbrayılda uşaqlığını xatırlayan 32 yaşlı yarımmüdafiəçi 5 yaşında doğma torpaqlardan didərgin salındığını yada saldı: "Ailəmizlə birlikdə torpaqlarımızdan didərgin düşdük. Həmin vaxt uşaq olmağıma baxmayaraq, heç nəyi unutmamışam. Biz mərkəzdə yaşayırdıq. Baba yurdum Qaracallıda idi. Mən isə ata-anamla Cəbrayılın özündə qalırdım. Evimizi xatırlayıram. Dördmərtəbəli binanın dördüncü mərtəbəsində yaşayırdıq. Yanımızda doqquz mərtəbəli bina inşa olunurdu. Lakin tam bitməmişdi. Müharibənin yeni başladığı dönəmdə döyüşlər yadımdadır. Heç vaxt unutmayacam. Bir dəfə döyüşdən sonra atam evə gəldi, qısa zamanda bizimlə görüşərək yenidən cəbhə bölgəsinə qayıtdı. Və bir daha evə qayıtmadı".

Atası Şakir Hüseynov qəhrəmancasına döyüşərək müharibədə həlak olan Cavid onunla son görüşü yadına salır: "Son dəfə atamla görüş Bakıdakı xəstəxanada oldu. "Yaralı olduğu müddətdə xəstəxanada müalicə aldı. Orada da axıra qədər qalmadı. Ağdamın Güllü kəndində gedən döyüşlərdə bədəninə qəlpə girmişdi. Bir neçə gün xəstəxanada olandan sonra yenidən cəbhəyə qayıtdı. Üç gün qaldı həkim nəzarətində. Xəstəxanadakı görüşümüz sonuncu oldu. Növbəti gün onu görməyə gələndə dedilər ki, atam icazəsiz cəbhəyə dostlarının yanına qayıdıb. Batalyon komandiri idi. Atamın şəhid olaraq torpaqlarımız uğrunda həlak olması həyatımızı dəyişdi. Biz hər zaman Cəbrayılın qayıdacağı günü gözləmişik".

"Qəbələ"nin futbolçusu tezliklə doğma yurduna qovuşmağı arzulayır: "Müharibə başa çatandan sonra böyük həyəcanla Cəbrayıla qayıdacağım günü gözləyirəm. O vaxt yaşadığımız evi görmək istəyərdim. Cəbrayıldakı həyətimizi, mərkəzdəki bazarı, stadionu görməyi arzulayıram. Bilmirəm o yerlər qalıb, ya yox".

Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi Füzulinin Horadiz kəndi milli komandamızın və "Qarabağ"ın futbolçusu Qara Qarayevin doğulduğu kənddir. Qarayev bu kənddə doğulub, futbolçunun 1 yaşı olanda, 1993-cü ildə kənd işğal olunub. Təcrübəli oyunçu cəbhə bölgəsində döyüşən əsgərlərimizə yardımçı olmaq istədiklərini bildirib: "Nəinki meydanda, meydandan kənardakı addımlarımız da Ordumuz və əsgərlərimiz üçündür. Hər işimizdə dövlətimizə, Ordumuza faydalı olmaq istəyirik. Hər dəfə meydana çıxanda ordumuzu sevindirmək barədə düşünürük".

Qarayev doğulduğu Kənd Horadizin işğaldan azad olunması barədə bunları da dedi: "28 ildir ki, səfərdə idim. Bakının mənə bu qədər yad olmasını heç vaxt hiss etməmişdim. Artıq paytaxtın mənə yad olduğunu hiss edirəm. Mənim kəndimin işğaldan azad olunması o demək deyil ki, digər topraqlarla bağlı münasibətimiz sakit olacaq. Mənim torpağım başlayır Şuşadan, Xankəndidən. Bizim ordumuz, dövlətimiz Şuşanı, Xankəndini geri qaytaranda kəndimin azad olunmasını bayram kimi qeyd edəcəyəm. İnanıram ki, bu da gerçəkləşəcək".



MƏSLƏHƏT GÖR:

338