23 Aprel 2024

Çərşənbə axşamı, 11:32

QARABAĞIN TƏNTƏNƏSİ

Azərbaycanın futbol klubu yeddinci dəfə qrup mərhələsində

Müəllif:

15.10.2020

Ölkə çempionu “Qarabağ”ın sonuncu dəfə bu dərəcədə təzyiq altında pley-off matçına hazırlaşdığını yada salmaq çətindir. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Molde"yə penalti zərbəsiylə məğlub olan Azərbaycan çempionu Polşada son sınağa çətin durumda çıxdı. Sentyabrın 27-də cəbhədə qızğın döyüşlərin başlaması və oyun saatlarında davam etməsi “Qarabağ”lıların məsuliyyətini birə-beş artırırdı. Bu vəziyyətdə Ağdamı təmsil edən komandanın Varşavadan qələbəylə qayıtması vacib idi. Yəni Qarabağdan aldığımız sevindirici xəbərlərin davamını gətirmək üçün “Qarabağ” qrupa vəsiqənin taleyini həll etməliydi.

Varşavadakı "Wojska Polskiego" stadionunda təşkil olunan matç Ağdam komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Azərbaycan komandası ikinci hissəyə qolla başlayıb. 50-ci dəqiqədə Ovusu Kvabenanın ötürməsindən sonra Patrik Andrade hesabı açıb. Hücumlarını davam etdirən Ağdam komandası 62-ci dəqiqədə yenidən fərqlənib. Bu dəfə Zubir rəqib müdafiəçilərini təkbaşına arxada qoyaraq, Artur Borutsu da məğlub edib. Oyunda son nöqtəni isə 70-ci dəqiqədə Andradenin ötürməsindən sonra qüvvətli zərbə ilə Filip Ozobiç qoyub. Beləliklə, "Qarabağ" ardıcıl yeddinci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Ağdam komandası Avropa Liqasının qrup mərhələsində isə altıncı dəfə mübarizə aparacaq.

“Region plus” "Qarabağ"ın çətin dövrdə qazandığı qələbəylə bağlı baş məşqçi Qurban Qurbanovla həmsöhbət olub.

- Qarabağda ağır döyüşlər getdiyi zaman komandanı meydana çıxarmaq çox çətin idi?

- Məncə, ardıcıl 3-4 il uğur qazandıqdan sonra bir dəfə uğur əldə etməsək də, bizi bağışlayarlar. Amma biz elə komandayıq ki, elə şəraitdə oyunlarımız olur ki, belə fikrə düşə bilmərik. Qarabağ adının məsuliyyətini, üzərimizə düşən vəzifəni yaxşı bilirik. Komandanı hər oyuna düzgün hazırlamağa çalışırıq. Bu mövsüm avrokuboklarda dörd oyunumuz - üçü Çempionlar Liqasında, biri Avropa liqasında oldu. Penaltilər seriyasını nəzərə almasaq, məğlubiyyətimiz olmadı. Dörd oyunda cəmi bir qol buraxdıq. Düşünürəm ki, bu, heç də pis nəticə deyil. Allah nəsib etdi ki, yenidən qrupa düşdük. Hazırkı vəziyyətdə, müharibə şəraitində bu, vacib qələbədir. Matçdan dərhal sonra futbolçularımıza təşəkkürümü bildirdim. Onların üzərində həddindən artıq çox yük var idi. Bu oyunun məsuliyyətini hiss edirdilər. Bu, futbolçuların meydandakı çıxışından, üz ifadələrindən də hiss olunurdu. Nə qədər ki, futbol, idman var, bu yük üstümüzdən getməyəcək. "Qarabağ"da bu, ikiqat artıq olur. Azarkeşlərimiz daim bizdən qələbə gözləyir. Biz də öz növbəmizdə hər zaman Azərbaycanı, Qarabağımızı, Ordumuzu layiqincə təmsil etməyə çalışırıq. Son günlərdə əsgərlərimizin fədakarlığını düşünsək, əslində bizim etdiyimiz çox cüzi bir şeydir. Neçə-neçə analar övladsız, övladlar valideynsiz qalıb. Nə qədər desək ki, özümüzü tam olaraq oyuna kökləmişdik, fikrimiz burada idi, cəbhədən xəbərləri izləyirdik. Hər bir halda futbolçularımla fəxr edirəm ki, belə bir nəticə əldə edə bildik. Hətta oyundan öncə söhbətimiz oldu ki, bu gün burada legioner yoxdur, hamımız azərbaycanlıyıq. Bildirdik ki, hamı meydanda layiqli oyun göstərməli, bütün bacarığını ortaya qoymalıdır. Şükürlər olsun ki, sonda qələbə bizim oldu.

- İlk hissədə kifayət qədər qol imkanı olsa da, fərqlənmək mümkün olmadı. Problem nə idi?

- Məndə həyəcan oyundan əvvəl daha çox olur. Bunu futbolçulara bildirməməli, daha soyuqqanlı olmalıyam. Belə anlarda futbolçuları başa düşür, hansı hissləri keçirdiklərini bilirəm. Fasilədə iradlarım varsa, bildirirəm. Amma futbolçuların yanında olmağa çalışıram ki, özlərini daha da inamlı, qol epizodlarında soyuqqanlı hiss etsinlər. Amma hər dəfə qol epizodu boşa veriləndə həyəcan olurdu. Bəzən oyunlar olur ki, qol vəziyyəti yaratmırsan, amma qalib gəlirsən. Elə də olur ki, çoxlu sayda qol epizoduna girirsən, amma istifadə edə bilmirsən. Bu, bizim başımıza çox gəlib. Hər iki hissədə fərqlənmək üçün çoxlu qol imkanımız oldu. Amma bu, basketbol deyil. Futbol buna görə sevilir ki, həyəcan hətta turnirin sonunadək davam edir. Bu, futbolun sevilən parçasıdır.

- Legionerlər belə meydanda maksimum güc nümayiş etdirdi. Oyundan əvvəl futbolçulara nə demişdiniz?

- Oyun günü tapşırıqlarımızı, danışıqlarımızı xeyli sayda azaltdıq ki, meydana daha rahat çıxsınlar. Onsuz da hamısı tam hazır idi. Həqiqətən özlərini bir azərbaycanlı kimi göstərdilər. Ölkəyə, komandaya olan sevgilərini meydanda nümayiş etdirdilər. Göründü ki, məlumatları düzgün qəbul ediblər.

- "Qarabağ" ardıcıl yeddinci dəfə qrup mərhələsinə vəsiqə qazandı. Sizcə, bu uğurun xüsusi yeri varmı?

- Məni narahat edən o idi ki, futbolçular "yanmasınlar". Bəzən həddindən artıq istək olanda oyun göstərə bilmirlər. Yenə onlara "afərin" deyirəm. Hesabın 3:0 olmasına baxmayaraq, son dəqiqəyədək maksimum istək, konsentrasiya ilə oynadılar. Meydanda heç bir mübarizədə rəqibə uduzmamağa çalışırdılar. Bu da bizim Ordumuzun döyüşlərdəki qələbələri ilə bağlı idi. Ona görə də bu qələbənin xüsusi yeri var.

- Bu heyətlə qrupda mübarizə aparmaq çətin olmayacaq?

- Bəli, çətin olacaq. Çünki həm millinin oyunları var, həm çempionatda oynayacağıq, həm də Avropa Liqasında. Sıx təqvimdə oynasaq da, əlimizdəki futbolçulardan maksimum yararlanmağa çalışacağıq.

- Artıq rəqibləriniz məlumdur. İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Təl-Əviv) və Türkiyənin "Sivasspor" klubları. "Qarabağ"ın şanslarını necə qiymətləndirirsiniz?

- "Vilyarreal"ı hamı tanıyır, ən yaxşılardandır, istər iştirak etdiyi çempionat baxımından, istərsə də baş məşqçisinə görə. Unay Emeri "Arsenal"da çalışarkən, onun komandasına qarşı oynamışıq. Tələbkar məşqçidir, özünə xas oyun üslubu var. Görünən odur ki, İspaniya təmsilçisi ən güclülərdəndir. "Sivasspor" isə stabil oyun göstərən komandadır, son mövsüm son oyunlara qədər Türkiyə Super Liqasında liderlər qrupunda oldu."Makkabi" də ciddi rəqibdir, öz ölkəsinin ən titullu klublarından biridir və ötən mövsümün çempionudur.Qardaş Türkiyə komandasına qarşı oynayacağıq. Düşünürəm ki, qrupun ən maraqlı oyunları "Sivasspor"la ev və səfər qarşılaşmaları olacaq. Çalışacağıq ki, maksimum ən yaxşı oyunumuzu göstərək. Düzdür, ağır qrafikdə oynayacağıq.

- Bu günlərdə atəşkəs olsa belə, hamının diqqəti yenə "Qarabağ"da olacaq. Qrupdan çıxmaqla siz milyonlarla insana sevinc bəxş edə bilərsiniz..

- Hər zaman söyləmişəm "Qarabağ"da çıxış etmək asan deyil. Baş məşqçi kimi ikiqat məsuliyyətin altında olduğunu bilirik. Qarabağı təmsil etmək şərəfdir. Çətin dönəmdə qrupa düşməklə işimizi bitmiş hesab etmirik. Qrupda da ən yaxşı oyunumuzu göstərməyə çalışacayıq. Komandada hər bir insan məsuliyyəti başa düşür və gərgin oyunlara tam hazır olacaq. Biz uğurlu çıxış etməklə Azərbaycanın idman adını da uca tutmaq istəyirik. Ordumuzu, əsgərlərimizi sevindirmək üçün meydanda maksimum gücümüzü göstərəcəyik.

 



MƏSLƏHƏT GÖR:

245