Müəllif: Sabirə ƏLƏKBƏR, Salatın MİRZƏYEVA
«Ya Qarabağ, ya ölum, başqa yolu yox artıq, yolu yox artıq!»
Biz bu mahnı ilə yaşadıq. Böyüdük, yetkinləşdik, yaşlandıq, öldük. Bu mahnı bizim hamımızı, Qarabağı itirmək kompleksi ilə böyüyən nəslimizi döyüş meydanına çağırdı. O, bizə ağrılarımızı, tökülən göz yaşlarını, Qarabağda günahsız şəhid olan hərbçilərimizi xatırlatdı. O, bizim hər birimizin yerinə, Azərbaycanın hər bir guşəsində bağırdı, erməniliyin və onu dəstəkləyən güclü havadarların təbliğat maşınına qarşı mübarizənin ümidsizliyindən danışdı. Bu mahnının hər sözü tarixə bir istinaddır: Qorbaçovun erməni separatizminə göz yumması, sovet deputatlarının qurultayı və Azərbaycan ictimai xadimlərinin mikrofonlarının söndürülməsi, Qara Yanvar, tankların içərisində insan olan avtomobilləri basıb əzməsi, Bakıda ermənilərin törətdiyi terror hücumları, kadr arxasında ağlayan adam - Çingiz Mustafayev, Xocalı, Şuşa, Laçın, qaçqın və məcburi köçkünlər, minlərlə məhv edilmiş tale, müharibə uşaqları, yerinə yetirilməmiş beynəlxalq qətnamələr... Siyahını davam etdirmək olar. Bu günsə Gəncə.
Bu mahnını eşidib, tam qəlbinlə bu dünyanın qeyri-kamilliyini və ədalətsizliyini yaşamış Azərbaycan xalqı üçün fiziki ağrı hiss etməmək mümkün deyil. Bu mahnı ilk dəfə 2000-ci illərin əvvəllərində ANS ÇM radiosu tərəfindən yayımlanıb və dərhal vətənpərvərlik hitinə çevrilib, daha sonra «Dəyirman» qrupunun onda 20 yaşı olan uşaqları Malik Kələntərli (ABD Malik), Miri Yusif, Elmir Məhərrəmov (L-Mir), Anar Abdullah bütün ölkədə məşhur oldular. Onda Qarabağ probleminin artıq 12 yaşı var idi. Bu o deməkdir ki, bizim hamımız kimi doğma torpaqlarını itirmək ağrısı ilə böyümüş, Qarabağda insani, mədəni, zehni itkilərin acısını hiss etmiş bu uşaqlar ifa zamanı özlərini sanki əllərində silahla döyüş meydanında olan kimi hiss edirdilər. Zərər çəkmiş, söyülmüş və təhqir edilmiş Vətən kompleksi ilə böyümüş başqa 20 yaşlı oğlan və qızlar o zaman bilmirdilər ki, daha erkən böyüyüblər, çünki 11-12 yaşlarından öz Vətənlərinə görə ürək ağrısının nə demək olduğunu başa düşüblər.
Böyük sovet vətəninə inam nifrətə çevrildi. Məktəb, mitinqlər. Biz orada idik, bunu xatırlayırıq və bu illər ərzində hər birimizin öz müharibəsi olub. Kimsə yeddi yaşlı oğlan ikən doğma evindən qovulub və indi 34 yaşında bir əsgər olaraq geri dönür. "Kim üstümüzə qılıncla gəlsə, o qılıncla öləcək."
Bu gün bizim hər birimiz üçün bu mahnı fərqli ahəng alır. Artıq ümidsizlik də yoxdur. İndi onu daxili bir sarsıntı olmadan da dinləmək olar. Yüngülləşmə başlayıb? İnsan itkilərinin acısından yox, qələbə yürüşünün gerçəkləşdirilməsindən - hə.
Müharibənin yenidən başlamasının ilk günündən «Dəyirman» qrupunun solistləri - Malik Kələntərli və Anar Abdullah sosial şəbəkələrdəki səhifələrində
"Ya Qarabağ, ya ölüm!" mahnısını və klipini paylaşdılar. Bir neçə gün ərzində mahnı yenidən həmrəylik himninə çevrildi və sözün əsl mənasında onu hər dəqiqə BMT kimi beynəlxalq təşkilatlara, CNN, BBC News xəbər agentliklərinə göndərən minlərlə insanın diqqətini çəkdi. İndi biz bu inamla yaşayırıq ki, bu mahnı Şuşada qələbə yürüşündə marş kimi səslənəcək, əslində, müəlliflər də 1999-cu ildə məhz bunu planlaşdırıblar. Bu, necə olacaq və hansısa bir şəkildə dəyişdiriləcəkmi? «R+» bu barədə "Ya Qarabağ, ya ölüm!" mahnısının ifaçılarından biri – «Dəyirman» qrupunun üzvü Malik KƏLƏNTƏRLİ və bəstəkar Aytən İSMİXANOVA ilə danışıb.
- Malik, redaksiyamızın adından sizi Azərbaycan ordusunun uğurları münasibətilə təbrik etmək istəyirik. Bu günü çoxdan gözləyirdik. İndi özünüzü necə hiss edirsiniz?
- Azərbaycanın və Azərbaycan millətinin bir oğlu kimi indi hiss etdiyim bütün hissləri sözlə çatdıra bilmirəm. Qarabağ münaqişəsi başlayanda yeddi yaşım var idi, bu gün artıq yetkin bir insanam. Hal-hazırda sizinlə danışıram, amma tüklərim biz-biz olub. Gözlərim yaşarıb və inanılmaz bir ruh yüksəkliyi içindəyəm. Bu, ölkə üçün, hər bir azərbaycanlı üçün qürurvericidir. Cəbhədə olan hər bir əsgərə və Ali Baş Komandanımıza təşəkkür edirəm.
- "Ya Qarabağ, ya ölüm!" mahnısının səslənməsindən 21 il ötür! 30 ildən çoxdur ki, bütün Azərbaycan ədalətin bir gün qələbə çalacağı ümidi ilə yaşayırdı. Əslində, mahnının bütün bu illər boyu çağırdığı iş indi baş verir...
- Başlanğıcda, layihə yaradılan zaman düşünülmüşdü ki, onun son nöqtəsi Şuşa şəhəri və bu Azərbaycan şəhərinin böyük səhnəsi olacaq. Biz buna inanaraq böyük bir komanda kimi çalışdıq: bəstəkar Aytən İsmixanova, prodüserlər - ANS ÇM-in rəhbərləri Seyfulla Mustafayev və Vahid Mustafayev. Bizə türk şairi Ozan Arifin şeiri göstəriləndə anladıq ki, o, hər bir azərbaycanlının sözünə çevriləcək. İndi də bu əfsanəvi layihənin son nöqtəsinə - son hədəfinə doğru irəliləyirik, inanırıq ki, tezliklə hamılıqla Şuşada böyük səhnədə olacağıq. Biz hamımız, «Dəyirman» uşaqları uzun illərdən sonra bir araya gələrək bu mahnını tamamilə fərqli duyğularla ifa edəcəyik.
- Mahnıda hansısa dəyişiklik olacaqmı? Sözlərdə, kadrarxası mətnlərdə? Axı, indi başqa yolu var artıq?
- Çox güman ki, baş verənlərə xatirə kimi orijinalda olduğutək səslənəcək ki, bu faciəni heç vaxt unutmayaq və təkrarlanmasın. Bu kompozisiya, əlbəttə ki, qələbə barədə deyil. O, bizim ağrımız barədədir. Düşünürəm ki, Qələbə günü o, tamamilə fərqli səslənəcək. Ancaq onun «Dəyirman» qrupunun bütün üzvləri tərəfindən oxunması mütləq baş verəcək. İndiyə qədər onun ifasının çox variantı olub. Uşaq xorunun solistləri də oxuyub. Düşünürəm ki, Qarabağ faciəsi kontekstində bu günə qədər bu kompozisiyadan daha güclüsü olmayıb. Onda bütün dərdimiz var - bu ifada, Ozan Arifin sözlərində, Çingiz Mustafayevin kədərli replikalarında, fəryadında, birinci Qarabağ müharibəsində həlak olmuş uşaqlarda.
- 1999-2000-ci illər. Atəşkəs və nisbi sakitlik. Nə sizi məhz həmin vaxt "Ya Qarabağ, ya ölüm"ü yaratmağa sövq etdi?
- «Dəyirman» vətənpərvər hip-hop qrupu kimi yaradılmışdı. Məqsədimiz gənclərin mənəvi ruhunu yüksəltmək idi. Qrupumuz hip-hopu ənənəvi meyxana poeziyası elementləri ilə birləşdirən vətənpərvərlik mahnılarının sözlərinə görə Azərbaycanda və ondan kənarda diaspor dairələrində çox populyar idi. Onda biz repin və xalq mahnılarının sintezi kimi ilk albomumuz «Az@rimeyk»i yazdırdıq, vokal yazmaq üçünsə daha sonra Musiqi Akademiyasının tələbəsi Leyla Əliyevanı dəvət etdik. 2000-ci ildə "Sarı gəlin" mahnısının Leylanın iştirakı ilə lentə alınmış versiyası "İlin ən yaxşı videoklipi" nominasiyasında Azərbaycanın "Humay" ictimai mükafatına layiq görülüb. O dövrdə məramsız gənclik ictimai anlaşılmazlıq nəticəsində xalq mahnılarına və folklora qulaq asmırdı. Həm qrupumuzun prodüserləri, həm də biz, üzvləri Azərbaycanın malik olduğu milli folklor sərvətinin bütün gözəlliyini gənclərə çatdırmaq istəyirdik. Bunun çox önəmli bir missiya olduğunu anlayırdıq. Bizim fəaliyyətimiz həm də birinci Qarabağ müharibəsində həlak olmuş Milli Qəhrəman, hərbi jurnalist Çingiz Mustafayevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlı idi. Biz vətənpərvərlikdən oxuyan, insanları və gəncləri milli ideya ətrafında birləşməyə çağıran ilk rep qrup olduq, hər şey də alınmalı olduğu kimi alındı. Xeyr, o vaxt bu mahnını yaratmağımıza təkan verən heç bir siyasi hadisə yox idi. Hər şey spontan alındı. Aytən İsmixanova musiqi yazdı, qrupun bitmeykeri kimi intuitiv olaraq Çingiz Mustafayevin sözlərini mahnıya əlavə etdim, sadəcə sınadım - notlar düzüldü, minor harmoniya alındı. Onda anladım ki, real olmayan bir şey baş verir. Ölçüyə sığmaz duyğularla və böyük bir ağrı ilə ifa etdik. İndi deyə bilərik ki, bu, böyük bir komandanın işlədiyi bir şah əsəridir.
- Sonra nə oldu?
- Yadımdadır, bu mahnı radio dalğalarına çıxan gün çox ucadan "Ya Qarabağ, ya ölüm!" səsi gəlməyən bir dənə də olsun avtomobil yox idi. Kupletləri sanki bir maşından digərinə ötürülmüşdü. İnanılmazdır, amma bu bir həqiqətdir. Ertəsi gün demək olar ki, hamı «Dəyirman» qrupunu tanıyırdı. Şübhəsiz ki, mahnının bu qədər populyarlaşması Qarabağ mövzusunun azərbaycanlılar üçün nə qədər həssas olduğunu və hər birimizdə hansı ağrıları oyatdığını göstərirdi. Sonra prodüserimiz Seyfulla Mustafayev anladı ki, biz qanı qaynayan gənc uşaqlar kimi birdən üzərimizə düşən şöhrətin öhdəsindən gələ bilmərik. Ulduz xəstəliyindən qorxurdu - bu mövzu ilə bağlı harasa çıxmağımıza və kimlərləsə ünsiyyət qurmamıza icazə vermədi, bizə musiqi studiyasında oturmağımızı əmr etdi və evimizə avtomobillə gedib-gəldik. Heç kimə müsahibə vermədik, bizi bütün dünyadan gizlətdi. Bəlkə də, ən doğru prodüser və tərbiyə addımı idi. Belə bir populyarlıq yükü ilə istənilən gənc ulduz xəstəliyinə tutula bilər və ağlını itirə bilərdi.
- Bu mahnının sosial şəbəkələrdə maksimum paylaşımı müşahidə olunmağa başladıqdan sonra onun rus və ingilis dillərinə tərcümə edilməsi lazım gəldi...
- Bəli. Müharibə başlayan kimi Anar Abdullah və mən onu təkrar paylaşımlar üçün sosial şəbəkələrdə yerləşdirdik. İnsanlar onu CNN, BBC News, BMT işarələri ilə paylaşmağa başladılar. İndi biz anlayırıq ki, onu ingilis və rus dillərinə tərcümə edib, subtitrlər yükləməyin vaxtı çatıb, yəni təkcə azərbaycanlılar üçün anlaşılıqlı qalmasın. Bu, Qarabağ münaqişəsi ilə bağlı gerçəklərin çatdırılması baxımından çox-çox önəmlidir. Artıq biz bunun üzərində işləyirik. Onun xarici dillərdə ifasına gəldikdə isə, bu, bir qədər çətin olacaq. Bu kupletlərin emosional yükünü xarici dildə hiss etmək son dərəcə çətin olacaq. Deyim ki, ermənilər arasında belə birləşdirici bir himn ola bilməz, çünki onların torpaqlarında işğalçılar ağalıq edib, adam öldürməyiblər. Bunun əzabını biz azərbaycanlılar çəkmişik - əzizlərimizin ölümü, haqsızlığı biz görmüşük. Ancaq tarixi həqiqət qalib gələcək və Prezidentimiz başda olmaqla haqq işi uğrunda mübarizəmizi davam etdirəcəyik, çünki ədalətin tərəfindəyik.
- Aytən xanım, Azərbaycan ordusunun cəbhədəki uğurları barədə nə düşünürsünüz? Lütfən, "Ya Qarabağ, ya ölüm!" mahnısının yaradılmasına verdiyiniz töhfədən danışın.
- İndi sözlə çatdırılması çətin olan böyük bir sevinc içindəyəm. Hər bir Azərbaycan əsgərinə və Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu qələbələri çox illərdir gözləyirik. Mahnının yaranma tarixinə gəlincə, hər şey məşhur türk şairi Ozan Arifin “Ya Qarabağ, ya ölüm!” şeirini yazması ilə başlayıb. Şeiri 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımına həsr etmişdi. İlk dəfə şair Ozan Arifin şeirlərini mənə Vahid və Seyfulla Mustafayevlər - Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayevin qardaşları göstəriblər. O vaxt biz "Dəyirman" qrupu ilə "Qurd" adlı başqa bir albom üzərində işləyirdik. Vahid və Seyfulla Mustafayevlər bu şeir əsasında mahnı yazmaq və ifa etmək təklifi ilə bizə müraciət etdilər. Şeiri oxuduqda o qədər ürəyimcə oldu ki, dərhal işə başladım və cəmi bir neçə gün ərzində bu mahnının musiqisini yazdım!
- Şairlə şəxsən tanış ola bildinizmi? İşinizin son nəticəsini necə qiymətləndirdi?
- Əlbəttə ki, Ozan Arif bu mahnını eşitdi, çünki Vahid Mustafayev şeirindən istifadəyə icazə almaq üçün Türkiyəyə şəxsən onun yanına getmişdi. Daha sonra son nəticə hazır mahnı şəklində poçt vasitəsi ilə ona göndərildi. Əfsus ki, Ozan Ariflə şəxsən tanış olmamışam və təəssüf ki, o, bu günlərə qədər yaşamadı. Əminəm ki, cəbhədə bugünkü qələbələrimizə görə çox məmnun olardı və Qələbənin şərəfinə daha çox şeirlər yazardı. Bu çağırış mahnısı "Ya Qarabağ, ya ölüm!" bu gün də, o vaxt olduğu kimi hər yerdə eşidirik! Onun o qədər güclü bir ruhu var ki, bütün Azərbaycanı haqq uğrunda, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qaldırmağa qadirdir! O vaxtdan 21 il keçib və bu gün biz Azərbaycanın əzəli torpaqlarını qaytarmaq üçün səfərbər olduğumuz zaman bu mahnı hamını döyüşə səsləyir.
- Bu qədər ağır tarixi hadisələri təsvir edən bir melodiyanı yaradarkən hansı hissləri yaşadınız?
- Hamı bilir ki, Çingiz dəfələrlə döyüş bölgəsinə gedib, Qarabağda döyüşən əsgərləri lentə alıb və onlardan müsahibələr alıb. O, döyüşən tərəflərin silahlı qüvvələri arasındakı atışmaları birbaşa çəkib. Çingizin xırıltılı ağlayan səslə Xocalıda erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırımı lentə almasının videogörüntüləri qalıb. Bu ruhun fəryadı və ürəkləri dağlayan video hələ də gözümün önündədir. Mahnı iki günə yazıldı, çəkiliş zamanı Xocalıda baş verənlərin ağrısını və dəhşətini onunla birlikdə dünya ictimaiyyətinə çatdırmaq üçün Çingiz Mustafayevin səsindən istifadə etməyə qərar verdik.
- Bugünkü hadisələri nəzərə alsaq, mahnının yeni versiyasını yaratmaq fikriniz varmı?
- Düşünürəm ki, bu mahnıya toxunmaq olmaz! Elə bir şəkildə yazılıb ki, Xocalı faciəsinin ağrısı, oğullarımızın bu lazımsız, lakin məcbur olduğumuz müharibədə itkisinin ağrısı hər notda səslənir. Heç bir yeni versiya bu ağrını gücləndirə bilməz. Ən yaxşısı yeni mahnılar yazmaqdır. İnanın, Şuşa haqqında, qələbə haqqında, torpaqlarımızın geri qaytarılması haqqında, Azərbaycanın Qarabağ müharibəsində döyüşmüş qəhrəman əsgərləri haqqında bizdə çox sayda mahnı yazılacaq!
MƏSLƏHƏT GÖR: