Müəllif: Valentina REZNİKOVA
Sentyabr ayında Azərbaycan Televiziyasının yaradıcılıq birliyinin rəhbəri təyin olunmuş rejissor Elçin Musaoğlunu təqdim etməyə ehtiyac yoxdur. Onsuz da tanınmış və populyar bir insandır. O, yalnız kinodakı işləri (sənədli filmlər, qısametrajlı filmlər və bədii filmlər) ilə deyil, həm də parlaq ifadə olunan vətəndaş mövqeyi ilə də tanınır. Yəni artıq "Qum dənəsi" sənədli filminin çəkilişi zamanı aydın oldu ki,
kinoya elə bir insan gəlib ki, laqeyd deyil, həm də canlı düşüncənin və hissin kommersiya mənfəəti ilə əvəz olunduğu anın quruluşuna uyğun mimikriyaya (adaptasiyaya) meyli yoxdur. Mövzu həbsxanada cəza çəkən azyaşlı cinayətkarların problemindən bəhs edir. Nə üçün? Ac olub və oğurlayıb... Bəs böyüklərin yeməklə belə təmin edə bilmədiyi bir uşağı azadlıqdan məhrum etmək doğrudurmu? Bəs, yetkin insanların hərəkətləri və əməllərinə görə uşaq cavabdeh ola bilərmi? Bəs, uşaqların həyatı və taleyi üçün yetkinlərin məsuliyyət dərəcəsi və ölçüsü necədir?
1992-1994-cü illərdə Qarabağın və bufer zonası adlandırılan torpaqların itirilməsi ilə bağlı hadisələri xatırlayaq. Öz ölkəsində qaçqın düşmüş insan kütləsini yada salaq. Növbəti Qarabağ münaqişəsinin uşaqlarını xatırlayaq.
“Hər kəsi adbaad xatırlayaq biz, kədərlə xatırlayaq doğmalarımızı. Bu, ölənlərə heç gərək deyil, amma dirilər üçün çox önəmlidir!" -Robert Rojdestvenski bu şeirləri Böyük Vətən müharibəsində həlak olmuş əsgərlərə həsr edərkən heç düşünə bilməzdi ki, onun "Rekviyem"i bizlər - Qarabağdakı azadlıq müharibəsinin şahidləri üçün bu qədər aktual olacaq!
Onda da - 90-cı illərin əvvəllərində də bu gün - 2020-ci ilin oktyabrında olduğu kimi Elçin Musaoğlu öz çəkiliş qrupu ilə bu sənədli filmi birbaşa həbsxanada çəkib - 150 uşağın əksəriyyətinin cinayətkar yox, böyüklərin hərbi münaqişəsinin qurbanı olduğu həbsxanada. Film Rüstəm İbrahimbəyovun köməyi ilə Kinematoqrafçılar İttifaqına peşəkarların, hüquqşünasların, qadın deputatların, uşaq həbsxanalarının və koloniyalarının rəislərini, həmçinin ictimaiyyətin mühakiməsi üçün təqdim edilib. Filmin əks-sədası elə olub ki, Azərbaycan Prezidenti Heydər Əliyevin əmri ilə yetkinlik yaşına çatmayan "cinayətkarlar"ın işlərinə yenidən baxılıb və 150 uşaqdan 80-i dərhal azad edilib.
Bu faktı Qarabağ problemi mövzusuna giriş kimi baxmaq olar, amma bu da var ki, sonradan rejissor daha əlli sənədli film çəkib və onların çoxu bu, ya başqa cür bu mövzunun araşdırılmasına həsr edilib.
"Aztelefilm" yaradıcılıq birliyinin rəhbəri Elçin MUSAOĞLU ilə söhbətə başlamazdan öncə “R+” jurnalı tərəfindən o, uğurlu döyüş əməliyyatları və ordumuzun 30 ildir işğalçılar tərəfindən işğal altında tutulan torpaqlarda irəliləməsi ilə bağlı təbrik edildi.
- Bunun üçün sizin redaksiyanıza çox təşəkkür edirəm. Təbrikə görə çox minnətdaram və öz növbəmdə cavab sözlərimi çatdırmağınızı xahiş edirəm: hər kəsi ordumuzun uğurları, torpaqlarımızı işğaldan azad edən əsgərlərimizin uğurları, azadlığımız və yüksək ədalətə inamımız münasibətilə təbrik edirəm. Bu 30 ilə yaxın bir müddətdə bizə Qarabağın Azərbaycan xalqına məxsus torpaqlar olması barədə tarixi faktı unutdurmaq istəyirdilər. Bizi danışıqlar masasında sıxışdırırdılar və bu torpaqların artıq bizim olmadığı fikrinə alışacağımıza ümid edərək vaxtı uzadırdılar. Dünya birliyi heç yerə tələsmirdi. Yəni onların yüz minlərlə insanı öz torpaqlarından qovulmamışdı. Dünya artıq praqmatik və başqalarının dərdinə laqeyd olub. Gəlin, Xocalıda diri-diri yandırılanları, güllələnən uşaqları və yeniyetmələri, qocaları və qadınları xatırlayaq! Zorlanan qızlar və yaşlı qadınları! Bu, hansısa ağrılı fantaziyanın məhsulu deyil. Erməni muzdlu döyüşçülərin bu vəhşiliklərinin təkzibedilməz sənədli dəlilləri var!
- Siz Qarabağ müharibəsi haqqında doqquz film çəkmisiniz. Nəyi xatırlayırsız?
- Yanmış torpaq və dağıdılmış evlər. Şəhərdən şəhərə, kənddən kəndə gedən çəkiliş qrupumuz eyni mənzərə – yanmış torpaq və xarabalıqlar gördü. Özümdə deyildim, çünki ümumiyyətlə “olmaq” hüququ olmayan hansısa fantasmagorik hadisələr hissi məni tərk etmirdi.
- Heç ekstremal vəziyyətə düşmüsünüz?
- Cəbhə bölgəsinə deyil, döyüş əməliyyatları zonasına çəkilişə gedəndə hər şeyə hazır olmalısan. Bir dəfə, 1995-1996-cı illərdə Şükürbəyli kəndini çəkməyə getmişdik (indi azad edilib). Bizə xəbərdarlıq edildi ki, snayperlər perimetr boyunca düzülüblər və çətin sağ qala bilərsiniz. Bəs, necə çəkməli idik? Düşmənin qrupumuzun hərəkətini izləməməsi üçün kameraların fənərinin üstünü bağladıq Biz yuxarıdan kəndin panoramasını çəkməli idik. Kənddən yarıdağılmış divarlarından başqa heç nə qalmamışdı. Çəkiliş üçün bir nöqtə tapdıq. Bəs, necə çəkməli? Kameraya snayper atəşi aça bilərdilər. O vaxt gənc idim və vecimə deyildi. Ölə biləcəyimi heç düşünmürdüm də.
Yalnız bir şey haqqında düşünürdüm: kəndin bir panoramasını elə çəkməliyəm ki, hamı məhvetmə müharibəsinin getdiyini və bunun dinc əhaliyə qarşı yönəldiyini anlasın. Nəriman Şıxəliyev qrupun operatoru idi. Bizim yaşca ən böyüyümüz idi, çəkiliş nöqtəsinə kimin çıxacağı ilə bağlı mübahisələrimizə çox tez son qoydu (məndən başqa istəyənlər də var idi!). Sadə bir sual verdi: “Sən kimsən: rejissor? Gəl, rejissorluğunu elə, mən operatoram, işimi görməkdə mane olma!" O, əla görüntülər çəkdi! İki həftə ərzində biz getdik və bütün dağılmış kəndləri lentə aldıq. Sonra... mən Xocalıdan bəhs edən film çəkdim... Mən özüm yanmış bu yerin cəhənnəmindən keçmiş insanlarla danışdım... elə şeylər eşitdim ki, tüklərim biz-biz oldu! İndi isə biz bu torpaqları geri alan zaman demək istəyirəm ki, bu, sadəcə bir müharibə deyil, qanunsuz olaraq ilhaq edilmiş torpaqları geri qaytarmaqla bağlı öz hökumətinin qərarını dəstəkləyən bütün xalqın iradəsinin yerinə yetirilməsidir. Biz birlikdə gerçəkdən güclüyük.
- Ancaq sizə elə gəlirmi ki, biz informasiya sahəsində müharibəni hələ də uduzuruq?
- Yox. Artıq yox. Uduzurduq, amma indi yox. Dünya birliyindən qərar və hərəkət gözlədiyimiz üçün uduzurduq. Ancaq gözləməkdən bezdik! Bu yorğunluq bizi birləşdirdi. Oyandıq. İndi isə dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızdan necə dəstək gəldiyinə baxın! Bu birliyin sübutu deyilmi? Vətən coğrafi mənsubiyyət deyil, ata öyüdlərinə, bizim üçün dəyərli və önəmli olan hər şeyə sevgidir. Bundan başqa. Baxın, 90-cı illərdə anadan olmuş necə bir nəsil yetişib! Onlar nə istədiklərini dəqiq bilirlər. Onlar ədalət istəyirlər: həm tarixi, həm də siyasi. Buna görə də cəbhəyə könüllü gedirlər. Başqasınınkını götürməyə yox, özününkünü qaytarmağa! Mən bu nəsillə qürur duyuram. Onların öz ölkələrinə və torpaqlarına, ənənələrinə və mədəniyyətlərinə olan sevgiləri ilə qürur duyuram. Diləyim odur ki, hamısı sağ qayıtın. Ancaq savaş itki olmadan ötüşmür. Bütün müqəddəs kitablarda – “İncil”də, “Quran”da, “Tövrat”da bir insanın başqa bir insanın həyatını nə vaxt və hansı səbəbdən ala biləcəyindən bəhs edir.
- Nə vaxt ala bilər ki?
- Öz həyatını, torpağını, evini, ailəsini qoruyan zaman. Bundan başqa. Bu informasiya müharibələrində o qədər feyk çirkabı, o qədər dəhşətli yalanlar var ki, insanların niyə ömürlərini, məsələn, yeni kəşflərə həsr etmək əvəzinə, bu cəfəngiyyatlara sərf etməyi üstün tutduqlarını səmimi olaraq anlamıram. Bəşəriyyətə nifrət deyil, xeyirxahlıq bəxş edəcək şeylərə.
- 2014-cü ildə çəkilmiş "Nabat" filmi ilə bağlı işlər necədir?! Mən oxumuşam ki, beynəlxalq kinofestivallarda çox sayda mükafatlar almış bu film hələ də dünyanın müxtəlif ölkələrində nümayiş olunur, o, Almaniyanın, Macarıstanın və Yaponiyanın tamaşaçılarına güclü emosional təsir göstərir. Yaponiyada onu hətta Xirosima və Naqasakinin bombardman edilməsinin 70 illiyinə həsr ediblər. Onlar deyirlər ki, bu əhvalat onlara yaxın və anlaşılandır, çünki Nabat - Qadının və həm də onların ölkəsinin təcəssümüdür. Siz ilk başdan bu obrazı düşünən zaman onun konkret bir geosiyasi ünvanı olmasını istəmişdiniz, yoxsa bu, təsadüfən baş verdi?
- Təsadüfi heç bir şey olmur. Özəlliklə kinoda. Təbiətin və Ananın təcəssümü olan Qadının hekayəsi haqqında düşüncə çoxdan yaranmışdı. Hətta bəzi cizgiləri də işləmişdim. Ancaq orduya gedərək, onları daha yaxşı vaxtlara qədər evdə buraxdım. Sonra atam bir hekayə yazdı. Qarabağda birinci müharibə başlayanda mən talelərini müharibə və torpaqlarına sonsuz sədaqət birləşdirən müxtəlif qadınlar haqqında şahidlərin nəql etdiyi hekayələri eşitməyə başladım və yenidən bu mövzuya qayıtdım.
- Nabatın mənliyindəki əxlaq qanunu onun mənsub olduğu soyun qadın və kişilərin, xalqının qanunudur. Mən düşünürəm ki, bu film Qarabağ qadının taleyi haqqında filmdir...
- Təşəkkür. Deməli, film alınıb. O, insanlara ünvanlanıb. Sülh və yaradıcılıq ideyalarını sevən hər kəsə. Yer üzündə yaşayaraq, ona düzgün yanaşmağımızla və öz həyatımızla minnətdar olduğumuzu anlayan hər kəsə. Bu filmin bir sülhməramlı missiyası var...
- Dövlət televiziyasının strukturunda yetərincə böyük və maraqlı bir bölməyə başçılıq edirsiniz. Deyin, indi planlarınızda nə var?
- Təqvim ilini tamamlayaraq, bu il üçün hazırlanmış plan əsasında işləyirik. Ancaq artıq yeni layihələr haqqında düşünürük.
- Necə düşünürsüz, bəlkə, tariximizə yanaşmamıza yenidən baxmağa və izləyicimizə (bəlkə də təkcə bizim izləyicilərə deyil, başqalarına da!) bezdirmədən əsrlər boyu davam edən qarşıdurmanın mahiyyəti, çoxlarının bilmədiyi təfərrüatları barədə tarixi həqiqəti anladacaq bütöv "serial" verilişləri silsiləsi yaratmağa dəyər? Söhbət ekran mühazirələrindən getmir, onları CBC kanalından əla formatda alırıq, sənədli-bədii serial filmləri deyirəm.
- Çox gözəl! Sinopsis göndərin! Biz hər cür fikirlərə açığıq, ən yaxşı sinopsis və ya ssenari üçün müsabiqə elan edirik. Mövzu seçimini məhdudlaşdırmırıq. Hər şeyi nəzərdən keçirəcəyik. Ölkəmizdə tanımadığımız çox sayda istedadlı yaradıcı insan var. İstərdim ki, fəal olsunlar, çağırışımıza və təklifimizə diqqət yetirsinlər. Mümkün qədər çox təşəbbüskar yaradıcı insanın marağına səbəb olarsa, sevinərik...
- Bəlkə bütün bunların heç bir mənası yoxdur, çünki kino, belə görünür ki, daha fəal incəsənət növlərinə yol verərək "ən önəmli" mövqeyini itirməyə başlayıb?
- Elə bir şey yoxdur! Əksinə. Kino öz yerini qoruyur. Ona bu gün də tələb var və sabah da tələb olacaq. Çünki dünya getdikcə daha az oxuyur. Dünya ekrana baxır.
- Bəs, ekranda nə var?
- Bu, insandan asılıdır. Sənətçinin şəxsiyyətindən. Ancaq qorxuram ki, bu, başqa bir mövzudur.
- Çəkmək imkanı olsaydı, bugünkü filminiz nə ilə bağlı olardı?
- Mən elə buna hazırlaşıram. Filmin işçi adı "Məryəm"dir. Ancaq süjet barədə hələ danışmayacağam. Tezdir.
- O zaman ən azından fabuladan bir-iki söz deyin. Lütfən...
- Yaxşı. Bir qız başqa bir ölkədən atasını axtarmaq üçün bizim ölkəyə gəlir...
- Sizə uğurlar! Hər şeydə. Qoy ölkəmizdə sülh olsun!
- Qoy ədalət bərpa olsun, xalqımız, ölkəmizə və hökumətimiz qələbə çalsın, sülhə qovuşsun!
MƏSLƏHƏT GÖR: