Müəllif: Nigar VƏLİYEVA
Silahlar danışanda ilham pəriləri, muzalar susur. Bu latın aforizmini müxtəlif cür şərh etmək olar, amma mənası aydındır. Lakin məhz indi topların danışdığı yerdə yaranmış musiqi haqqında danışmaq istədik. 2008-ci ildə "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin inciləri siyahısı"na daxil edilmiş Azərbaycan muğamı qədim zamanlardan bəri məşhur Qarabağ xanəndələri tərəfindən şöhrətləndirilib. Qarabağın rəmzi olan "Qarabağ şikəstəsi" muğamının çox maraqlı bir tarixçəsi var. Daha doğrusu, doğma torpaqla bağlı həm şanlı, həm də faciəli hadisələri özünə hopdurmuş və qoruyub saxlamış bir tarixçədir. Həmsöhbətimiz Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq doktoru Cəmilə Həsənovadır.
- Cəmilə xanım, lütfən deyin, Qarabağı işğaldan azad etməyə yönəlmiş əks-hücumla bağlı bu gün hansı duyğu və hissləri yaşayırsınız?
- Qarabağ bizim həm dərdimiz, həm də qürurumuzdur. Buna görə mən də, bütün Azərbaycan vətəndaşları kimi, ordumuza və Prezident İlham Əliyevə böyük minnətdarlıq hissi ilə dolub-daşıram. Bəli, 30 il ərzində içimizdə aşkar ədalətsizliyə qarşı inciklik yığılmışdı, eyni zamanda ümidimizi də itirməmişdik. Bilirəm ki, bizim işimiz doğrudur, ona görə də qələbə qəhrəman ordumuz və Azərbaycan xalqı ilə olacaq.
- Siz dediniz ki, Qarabağ bizim qürurumuzdur ... Deyə bilərikmi ki, biz yalnız torpağı deyil, həm də Azərbaycan mədəniyyətini qoruyuruq? Bir azərbaycanlı üçün Qarabağ, məsələn, Şuşada və ya Xankəndidə doğulmayan, başqa bölgədən olan bir azərbaycanlı üçün Qarabağ nədir?
- Əlbəttə. Hər bir azərbaycanlı üçün Qarabağ mədəniyyətimizin ayrılmaz hissəsidir, necə deyərlər, Azərbaycanın incisidir. Gözəl fenomendir! Mədəniyyətimizin bütün sahələrində Qarabağ həmişə ön planda olub və hətta indi də biz belə bir cərəyandan danışa bilərik. Bir neçə onillik ərzində Qarabağdan müvəqqəti olaraq fiziki ayrı qalmağımıza baxmayaraq, Qarabağın mədəni ənənələri xalqımızın yaradıcılığında yaşamağa davam edir. Üstəlik, bu ənənələr diqqətlə nəsildən-nəslə ötürülür.
Musiqi mədəniyyətimizdə ən qiymətli dəyər - muğamdır. Orta əsrlərdə yaranmış janr XVIII-XIX əsrlərdə öz zirvəsinə çatıb. Bu dövrdə Azərbaycanda müxtəlif muğam məktəbləri: Bakı, Şirvan, Abşeron və digər muğam məktəbləri formalaşmağa başladı, Amma yenə də ən birinci məktəb Qarabağ məktəbi sayılır. Bu janrda Qarabağ təkdir və birinci yerdə dayanır. Boş yerdən Qarabağa Qafqazın Konservatoriyası demirlər! Qarabağda yetişmiş muğam ustalarının, tarzənlərin, kamançaçıların ustalığı təkcə Azərbaycanda deyil, həm də bütün Şərqdə məşhur idi. Görkəmli ifaçıların adlarını hər kəs bilirdi. Bunlar Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev və başqaları olublar. Sonra böyük Rəşid Behbudovun atası Məcid Behbudov, Polad Bülbüloğlunun atası - görkəmli Bülbülümüz yaradığılığa başladı, yəni şöhrətli musiqi sülalələri meydana çıxdı.
- Qarabağ xanəndələrini, məsələn, Avropada tanıyırdılarmı və məşhur idilərmi?
- 20-ci əsrin əvvəllərində Polşa və Almaniya səsyazma şirkətləri xanəndələri dəvət edirdilər və səslərini yazırdılar. Yəni artıq onda görkəmli Qarabağ muğam ifaçılarının qrammafon yazıları var idi. Bütün Avropa ilk azərbaycanlı müğənniləri - Qarabağ məktəbinin nümayəndələrini dinləyirdi. O dövrün kataloqlarında bu mücənnilərin səsləri yazılmışdı: Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Seyid Şuşinski. Bu təxəllüslər boş yerdən yaranmayıb, o, Azərbaycan mədəniyyətini zənginləşdirən Qarabağ ənənələrinin canlılığından bəhs edir.
- Biz bu ənənələri yetərincə obyektiv səbəblərdən itirdikmi?
- Heç bir halda! Məsələn, Bakıya köçən musiqiçilərin sonrakı nəsilləri ifa sənətinə, mədəniyyətimizə böyük təsir göstərdilər, zənginləşdirdilər. Qarabağ ənənələri Arif Babayev, Mənsum İbrahimov və başqaları kimi möhtəşəm ifaçıların əsərlərində yaşayır. Şagirdləri də öz növbələrində onların layiqli davamçılarıdırlar. Ümumiyyətlə, Qarabağ ənənələrinin daşıyıcıları səsləri və ifa tərzi ilə seçilirlər. Qarabağ müğənnilərinin səsləri daha şaqraq və zənguləlidir. Bizim böyük ifaçımız Bülbül Azərbaycan vokal sənətinin banisi kimi ən geniş səs diapazonuna sahib olan müğənni Cabbar Qaryağdıoğlunu hesab edirdi. Onlar iki dahi, Qarabağ musiqi ənənələrinin iki daşıyıcısı idilər. Yeri gəlmişkən, Qarabağda muğam-poeziya məclisləri kimi bir fenomen var idi və onun əsasını Qarabağ xanının qızı, şair Xurşidbanu Natəvan qoymuşdu. Şuşada muğam həmişə səslənib, hətta bir deyim də var: uşaqlar "Segah"la ağlayır, "Şahnaz"la gülürlər.
- Bu deyimi davam etdirmək və demək olarmı: "Qarabağ şikəstəsi"nin sədası altında qələbəni qeyd edirlər?
- Olar. Şikəstə, ümumiyyətlə, çox xüsusiyyətləri özündə cəmləşdirən bir janrdır. Musiqi fərqlərindən başqa, yer ilə bağlı özəllikləri də var. 19-cu əsrdə Qarabağ xanəndələri repertuarlarını zənginləşdirmək üçün bu növə üz tutdular və öz ifalarına şikəstə üçün ənənəvi olan bayatıların sevgi lirikasını da daxil etdilər. "Qarabağ şikəstəsi"nin ifasının zirvəsi Xan Şuşinskinin oxuması sayılır. Səməd Vurğunun Xan Şuşinskiyə həsr olunmuş və ifaçının özü tərəfindən "Qarabağ şikəstəsi"nə daxil edilmiş dördlüyü bu muğamın klassikasına çevrilib. Bunu hamı çox bəyənir və o vaxtdan bəri "Qarabağ şikəstəsi" məhz Səməd Vurğunun bu sətirləri ilə ifa edilir.
Şikəstə janrının özü də "Segah" muğamına, onun zərifliyinə və kədərinə əsaslanır. Qarabağın işğalı dövründə, əlbəttə ki, muğamda struktur dəyişiklikləri baş vermədi, ancaq ağrımız intonasiyada özünü göstərdi. Hər il muğam ustalarının ən son çıxışlarında ildən ilə daha cəsarətli, daha inamlı intonasiyaları müşahidə edirəm. Ümid edirəm ki, Qarabağın azad edilməsi muğamın intonasiyasına da təsir edəcək və bu, Qələbə himni kimi səslənəcək.
- "Qarabağ şikəstəsi" akademik musiqidə də istifadə olunub...
- Çox doğrudur. Bir çox bəstəkarlar bu mövzuya müraciət edib və edirlər. Keçmişdə bu sıraya Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Reynqold Qlier, Əşrəf Abbasovun əsərləri daxil idi. Məsələn, keçən əsrin 80-ci illərinin sonunda tanınmış Qarabağ sülaləsinin varisi Vasif Adıgözəlov musiqinin köməyi ilə həmin faciəli hadisələrə etirazını ifadə edərək “Qarabağ şikəstəsi” oratoriyasını yaratdı. Onun "Şuşam, ləylay" əsərini göz yaşları olmadan dinləmək mümkün deyil. «Natəvan» operası da eyni mövzuya aiddir. "Qarabağ şikəstəsi" məşhur Qarabağ tarzəni Qurban Pirimovun nəvəsi Sevda İbrahimovanın əsərlərində, Firəngiz Əlizadənin "İntizar" operasında da səslənir. Yəni heç nəyə baxmayaraq, bizə miras qalmış "Qarabağ şikəstəsi" yaşamağa davam edir. Topların susdurulduğu zaman “Qarabağ şikəstəsi”ni qələbə carçısı kimi eşidəcəyimiz günü gözləyirəm.
- Qarabağ mövzusu gənc bəstəkarların yaradıcılığında nə dərəcədə prioritetdir?
- Bu, əlbəttə ki, əsas mövzulardan biridir. Məsələn, Bəstəkarlar İttifaqı vaxtaşırı vətənpərvər mahnı müsabiqəsi keçirir. Münsiflər heyətinə təqdim olunan 50-yə yaxın mahnıdan daha çoxu Qarabağ motivində yazılıb.
- “Qarabağ şikəstəsi” ifaçılarımız tərəfindən Azərbaycandan kənarda da tanıdılırmı?
- Azərbaycan musiqiçiləri, xüsusən də muğam ifaçıları qastrol səfərlərinə çox çıxırlar. Bunun səbəbi muğamın dünyada çox populyar olmasıdır. Yeri gəlmişkən, Alim Qasımovun muğamının dünyanın bir çox ölkəsində populyarlaşmasında böyük rolunu qeyd etmək istəyirəm. Yəni "Qarabağ şikəstəsi" uzun müddətdir həm tanınmış, həm də gənc müğənnilərin repertuarındadır, konsertlərində davamlı olaraq səsləndirilir. Mən düşünürəm ki, Qarabağın musiqi incəsənətini Azərbaycan mədəniyyətinin bir hissəsi kimi təbliğ etməliyik. Ən azından, həmin torpaqda baş verən faciəli hadisələrə görə. Bu muğamın özündə onsuz da mənsubiyyətinin sübutu var. “Qarabağ şikəstəsi” nə qədər gözlənilməz səslənsə də, artıq bir musiqi brendidir. Bir misal çəkim. "Qarabağ şikəstəsi"ni ifa edən özbək müğənni beynəlxalq muğam müsabiqəsində qalib gəldi.
- Cəmilə xanım, siz dediniz ki, xanəndələrimizin ötən əsrin əvvəllərinə aid səsyazıları var. Onarın səslərini yaxşı keyfiyyətdə, rəqəmsal mediada eşitmək mümkündürmü?
- Bəli, mümkündür. “Musiqi dünyası” redaksiyası Heydər Əliyev Fondunun dəstəyi ilə köhnə səs yazılarını bərpa edərək, CD alboma köçürüb. Cabbar Qaryağdıoğlundan başlayaraq, günümüzə qədər 24 xanəndənin səsi ora daxil edilib. Albom “Qarabağ xanəndələri” adlanır.
- Bu, özəlliklə, dəfələrlə baş vermiş plagiat halları baxımından böyük və gərəkli bir işdir. Təkcə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası ilə bağlı məsələni söyləmək yetərlidir!
- Bəli, kədərli hadisədir. Məsələ burasındadır ki, operetta o qədər çox sevilirdi ki, onu tez-tez İranda, Orta Asiya respublikalarında və Avropada tamaşaya qoyurdular. Bəstəkarlar İttifaqı vaxtaşırı məşhur bəstəkarlarımız haqqında maarifləndirici broşürlər nəşr etdirir. Bu, birliyin sədri Firəngiz Əlizadənin rəhbərliyi ilə həyata keçirilən belə faydalı bir ənənədir. Niyə faydalıdır? Çap olunmuş broşürlər musiqiçilərimizin Azərbaycandan kənarda - Almaniya, Fransa, Rusiyada verdiyi konsertlərdə paylanır. Üzeyir Hacıbəyovun "Arşın mal alan" broşürü da çap olunub. Burada plagiat faktları müfəssəl şəkildə ortaya qoyulur, "işbaz" ermənilərin ABŞ-da operettanı müəllifi göstərmədən tamaşaya qoyaraq film çəkmələrindən bəhs edilir. Əhvalat qəribə şəkildə cərəyan edib! II Dünya müharibəsi dövründə bu film bizə başqa qənimət filmlərin arasında gəlib çıxıb. Beləliklə, fırıldaqçılıq üzə çıxıb. Görkəmli Rəşid Behbudovun oynadığı filmimiz 1945-ci ildə İosif Stalinin bu operettaya olan böyük məhəbbəti sayəsində çəkilib. Film bütün dünyanı gəzib və dahi Üzeyir bəyin müəllifliyi sübut edilib. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, "Arşın mal alan"da cərəyan edən hadisələr Qarabağda baş verib və gerçək əhvalata əsaslanır. “Musiqi dünyası” veb-saytında müxtəlif ölkələrdə və dünyanın müxtəlif dillərində, hətta Çin dilində operetta tamaşalarının yazıları yer alır. “Arşın mal alan”ın maraqlı tarixçəsi və geniş coğrafiyası var.
- Bizim musiqi irsimizi qorumaq üçün nə edə bilərik?
- Əsərləri nəşr etmək və onları uşaqlarımız üçün qalacaq rəqəmsal mediada yazmaq lazımdır. Heydər Əliyev Fondu Üzeyir bəyin bütün əsərlərini nəşr etdirdi, lakin bizim möhtəşəm bir layımız var - xalq mahnıları. Onlar nəşr olunmadıqlarından, rəqəmsallaşdırılmadıqlarından və "qorunmadıqlarından", təəssüf ki, anonim kimi istifadə edilə bilir və oğurlana bilir. Ən acınacaqlısı, kimə aid olduğunu sübut etmək çox çətindir. Biz xalq musiqi sənəti şəklində böyük bir sərvətə sahibik və onu qorumaq lazımdır.
- Çox sağ olun!
MƏSLƏHƏT GÖR: