25 Aprel 2024

Cümə axşamı, 20:24

QEYRİ-DƏQİQLİK SİNDROMU

Qarabağda döyüş əməliyyatları Ermənistan iqtisadiyyatını tam məhv etdi

Müəllif:

15.10.2020

Ermənistan bu gün iqtisadi defoltun bir addımlığındadır: Azərbaycanın işğal olunmuş ərazilərindəki müharibə bölgəsindəki vəziyyətdən fərqli olaraq, ölkə hökuməti bu gerçəkliyi saxta bəyanatlarla ört-basdır edə bilmir. Qarabağda səbəb olduğu gərginlik başlamazdan öncə, ölkə sürətlə borc çuxurunun dibinə enir, xarici ticarətdə mövqelərini itirir, dövlət büdcəsi çat verirdi, yerli valyutanın volatilliyi biznesin inkişafı və sərmayə cəlbediciliyi baxımından heç bir ümid yeri qoymurdu.

Azərbaycanla hərbi qarşıdurmaya səbəb olan Ermənistan ümumiyyətlə iqtisadi "xarakiri"yə getdi. Burada, hətta iqtisadiyyatı idarə etməyinə "qədim erməni" üsulu - "dünyadan bir tük qoparmaq" üsulu, çətin ki, bu ölkənin hökumətinə yaxın gələcəkdə əhalisini qidalandırmaqda kömək etsin.

 

Bölgənin ən zəif halqası

6 oktyabrda beynəlxalq reytinq agentliyi «Fitch» Ermənistanın xarici və milli valyutadakı uzunmüddətli emitent defoltu reytinqlərini (EDR) BB-dan B + səviyyəsinə endirib. Ermənistanın qısamüddətli EDR-ləri «B» səviyyəsində təsdiqlənib, ölkənin reytinq tavanı «BB» səviyyəsindən “BB” səviyyəsinə endirilib.

Axı, Azərbaycan dəfələrlə xəbərdarlıq etmişdi: Ermənistan torpaqlarımızın 20%-ni işğal edərək, özü iqtisadi təcrid rejiminə girib, bütün vacib və böyük regional layihələrdən kənarda qalıb. Bütün bu illər ərzində ölkə çətinliklə dolanırdı, əhali əsasən xaricdən edilən pul köçürmələri hesabına yaşayırdı. Elə bu il koronavirus pandemiyası, nəhayət, Ermənistan iqtisadiyyatını ümidsiz qaranlığa qərq etdi - ikinci rübdə 2009-cu ildən bəri ən kəskin azalma (13,7%) qeydə alındı və ümumilikdə ilin əvvəlindən bəri azalma 5,7% oldu.

Bu gün Ermənistan tədiyyə balansı üzrə postsovet məkanında ən pis göstəricilərdən birinə sahibdir, onun göstəriciləri ölkədəki dərin iqtisadi böhranı əks etdirir. Son 6 ildə bu ölkəyə yalnız 1,6 milyard dollarlıq birbaşa xarici sərmayə cəlb edilib ki, bu da bölgə üzrə ən aşağı göstəricidir.

"Ermənistanda iqtisadi yetərsizlik sindromu var",- deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri, iqtisadçı Nicat Hacızadə bildirir. Belə ki, Ermənistan Statistika Komitəsinin məlumatlarına görə, müstəqillik əldə etdikdən bu günə qədər bu ölkənin xarici ticarət balansında heç zaman müsbət saldo olmayıb.  

"Son beş ildə mənfi saldo, təxminən, 3 milyard dollara çatdı. Bu, digər iqtisadi göstəricilər nəzərə alınmaqla, ölkənin açıq şəkildə idxaldan asılılığını və ciddi ixrac mövqelərinin olmadığını göstərir",- deyə N.Hacızadə vurğulayır. Bu ilin iyul ayına ticarət balansının kəsiri 1 milyard dollar təşkil edib.

Ermənistan həmişə regionun iqtisadi cəhətdən ən zəif ölkəsi olub və o cür də qalmaqdadır, Cənubi Qafqaz ölkələrinin ümumi ixracatındakı payı 15%-ə, ticarət dövriyyəsindəki payı isə 17%-ə çatır. Bununla yanaşı, bu ilin 8 ayında Ermənistanın xarici ticarət dövriyyəsinin həcmi artıq 10,2% azalıb.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin birinci rübündə əsas ixrac malları mis və digər minerallar olub (ümumi ixracda uyğun olaraq 35,4% + 13,1% qiymətli və yarı qiymətli daşlar təşkil edib), 30%-i qida sənayesi məhsulları olub. Birinci bəndlə bağlı xatırlayaq ki, Ermənistanı "yedirən" mineral mədənlərinin əksəriyyəti Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda və ya onunla həmsərhəd rayonlarda yerləşir. Bütün bu illər ərzində Azərbaycanın beynəlxalq təşkilatlar vasitəsi ilə dəfələrlə səsləndirdiyi etirazlara baxmayaraq, Ermənistan Azərbaycanın 155 faydalı qazıntı yatağını fəal şəkildə talan edirdi. Bu sıraya 12-si "zəngin filiz yataqları" kimi təsnif edilmiş beş qızıl, altı civə, iki mis yatağı və s. daxildir. Təəssüf ki, bu işdə ona əksər erməni mənşəli müxtəlif xarici investorlar kömək edirdi. Azərbaycan torpağının dərinliklərindən qızıl, mis, civə çıxarırdılar... Ermənistan KİV-lərinin yazdığına görə, Qarabağda hərbi əməliyyatların başlanmasının ilk günündən bütün mədənlərdə iş dayandırılıb. Ermənilərin geri qayıtma ehtimalının az olduğu nəzərə alınsa, bu layihələrə kapital qoymuş sərmayəçilərin əli boş qaldı, çünki sərmayələrinin təhlükəsizliyi və qaytarılması üçün heç bir qanuni zəmanətləri yoxdur.  

Ancaq əsas gəlirlərini itirən Ermənistanın büdcəsinə daha çox ziyan dəydi. İndi ona yalnız kənd təsərrüfatı məhsulları ilə ticarət etmək qalır, amma unutmaq olmaz ki, ən məhsuldar torpaqları da yenə Azərbaycanla sərhəddə yerləşir. Çətin ki, bu gün onlardan Qarabağ döyüşləri başlamazdan əvvəlki kimi istifadə etmək mümkün olsun.

Üstəlik, rəsmi məlumatlara görə, Ermənistan öz vətəndaşlarını belə ərzaqla təmin etmək qabiliyyətində deyil, xaricə ərzaq satmaqdan söhbət belə gedə bilməz. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ölkənin ümumi ixracatında ərzaq idxalının payı 24%-dir ki, bu da ərzaq təhlükəsizliyinin aşağı səviyyədə olduğunu göstərir. Daha ətraflı şəkildə Ermənistan taxıl və dənli bitkilərin 67%-ni, quş ətinin 78%-ni, ət məhsullarının 50%-ni, bitki yağının 96%-ni idxal edir. Eyni zamanda, FAO yerli ərzaq məhsullarının qiymət indeksinin yüksək volatilliyinə işarə vurur: fakt budur ki, Ermənistan hökuməti ölkələr arasında gömrük güzəştləri üçün müxtəlif proqramlara qoşulub. Uyğun olaraq, idxal olunan malların qiymətləri aşağıdır və keyfiyyəti isə xeyli yüksəkdir.

Bu səbəbdən, kənd təsərrüfatı məhsullarının (əsasən tərəvəz və meyvələrin) az miqdarda ixracı belə, mahiyyət etibarilə xammal ixracıdır. Üstəlik, ixrac coğrafiyası əsasən bir neçə ölkə ilə məhdudlaşır və siyahıda birinci Rusiyadır. Bunun nə demək olduğunu, Azərbaycandan olan iş adamlarının rəhbərlik etdiyi Moskva bazarlarında erməni məhsullarının qısamüddətli boykot edilməsinin Ermənistanda yaratdığı isterik çaxnaşmanı xatırlamaqla asanlıqla anlamaq olar...

 

Borc çuxuru

Beləliklə, 2020-ci ilin yanvar-avqust aylarında Ermənistanın büdcə gəlirləri əvvəlki ilə nisbətən artıq 6% azalıb. Tədiyyə balansı kəsirinin və valyuta ehtiyatlarının həcminin az olması fonunda Ermənistanın dövlət borcu sıçrayışla böyüyür və artıq 6,5 milyard dollara çatıb. Hələ müharibə başlamazdan öncə Maliyyə Nazirliyi dövlət borcunun 2020-ci ildə ÜDM-in 60 faizinə çatacağını proqnozlaşdırırdı.

Qeyd etmək lazımdır ki, qəbul edilmiş beynəlxalq metodologiyaya görə, bu göstərici 40%-dən yuxarı olduqda, bu, ölkənin maliyyə və iqtisadi təhlükəsizliyi üçün təhlükəli hesab olunur. Ermənistan hökumətinin rəsmi proqnozlarında göstərilir ki, ölkə 2025-ci ilə qədər borc bataqlığından çıxmayacaq və dövlət borcu ən azı ÜDM-in 50%-i səviyyəsində olacaq. Xatırladaq ki, yayda nüfuzlu “Dövlət borclarını idarəetmə şəbəkəsi” təşkilatı məqalə dərc etmişdi ki, Ermənistan maliyyə təhlükəsizliyi təhdidi ilə üzləşib.

Döyüş əməliyyatlarının başlaması səbəbi ilə Ermənistanın xarici borcu, əlbəttə ki, daha bir neçə dəfə böyüyəcək - əks halda ölkə sadəcə yaşaya bilməyəcək. Bu ölkənin Maliyyə Nazirliyinin yenilənmiş proqnozuna görə, hərbi xərclərin artması səbəbindən dövlət büdcəsinin kəsiri ÜDM-in 7,4%-ə çatacaq və bunun xarici borclar hesabına maliyyələşdirilməsi planlaşdırılır – vəsait əldə edilməsi üçün başqa ünvan yoxdur. Üstəlik, yerli valyutanın daha da ucuzlaşması variantı var - bu rəqəm 30%-ə çatsa, bu, xarici borcun ÜDM-dəki payının 115%-dək artmasına səbəb olacaq.

İİTKM-in rəhbəri Vüsal Qasımlının sözlərinə görə, bu cür təhlükəli göstəricilər yaxın gələcəkdə Ermənistanın yeni kreditlər cəlb etməsinə mane ola bilər – kreditorlar, sadəcə, bu ölkənin ödəmə qabiliyyətinə böyük şübhə ilə yanaşacaqlar. Üstəlik, ölkə artıq bir dəfədir ki, özünü təcavüzkar kimi göstərir, başqa bir dövlətin ərazisində döyüşlər aparır və ölkənin öz daxilində ictimai-siyasi sabitlik tamamilə məhv edilib - bu cür etibarsız müştəri ilə hansı kreditor iş görmək istəyər?

Bununla yanaşı, Ermənistanın valyuta ehtiyatlarının həcmi avqust ayında cəmi 2,6 milyard dollar təşkil edib ki, bu da ölkənin üç aylıq idxalına bərabərdir (qızıl ehtiyatları yerli-dibli yoxdur). Müqayisə üçün, «Moody’s»in hesablamalarına görə, Azərbaycanın valyuta ehtiyatlarının həcmi bu ilin sonuna qədər təxminən 39 milyard dollar təşkil edəcək və bu rəqəm qızıl ehtiyatları nəzərə alınmadan səsləndirilib.

 

Fil və qarışqa

Göründüyü kimi, Ermənistan tamamilə iqtisadi böhran içində olduğu halda Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. O zaman niyə belə baha başa gələn hərbi əməliyyatlar üçün təxribatlara əl atıb? Cavab sadədir - bu ölkənin hakimiyyəti əhalinin diqqətini yaxınlaşmaqda olan müflislikdən və aclıqdan yayındırmağa çalışdı. Belə görünür ki, sadəlövhlüklə onlara bağışlanan hərbi texnikanın Azərbaycanla müharibə üçün kifayət edəcəyinə inanırdılar. Və ... hesabda yanıldılar və özü də, o qədər yanıldılar ki, indi bütün dünya ictimaiyyətindən onlara kömək etmələrini xahiş edirlər, amma boş yerə.

“Təhlillərdən göründüyü kimi, iqtisadi baxımdan Ermənistan, hətta qısamüddətli hərbi əməliyyatlar aparmaq iqtidarında belə deyil. Döyüş aparmaq üçün hər gün milyonlarla dollar tələb olunur. Ermənistanın isə belə iqtisadi gücü yoxdur”, - deyə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Rəsmi statistikaya görə, Azərbaycan iqtisadiyyatı Ermənistanın iqtisadiyyatından üç dəfə böyükdür, hərbi büdcə baxımından isə təxminən 4 dəfə üstələyir: hərbi büdcələr uyğun olaraq 2,3 milyard və 658 milyon dollar təşkil edirlər.

Vüsal Qasımlının sözlərinə görə, düşmənə vurulan zərbələr nəticəsində Ermənistanın milyardlarla dollar dəyərindəki hərbi texnikası və döyüş sursatı məhv edilib. “Ən vacibi odur ki, düşmən tərəfin yaradılması üçün on illər sərf etdiyi hərbi infrastruktur məhv edilib. Ermənistanda hərbi texnika və sursat itkilərinin maliyyə tutumu dövlət büdcəsində nəzərdə tutulan hərbi xərclərdən iki dəfə çoxdur. Eyni zamanda, yalnız ilk dörd gündə məhv edilmiş hərbi texnika və döyüş sursatlarının (1,2 milyard dollar) dəyəri Ermənistanın strateji valyuta ehtiyatlarının yarısına və dövlət büdcəsinin üçdə birinə bərabərdir”, - deyə iqtisadçı bildirib.

V.Qasımlı qeyd edib ki, Ermənistanın dövlət büdcəsi belə bir resurstutarlı müharibəni maliyyələşdirmək üçün yetərli deyil: “ÜDM-in 60%-i qədər dövlət borcu və ÜDM-in 5%-i səviyyəsində büdcə kəsiri olan bir ölkənin resurstutarlı müharibədə qısa müddətdə məğlubiyyəti qaçılmazdır. Azərbaycan valyuta ehtiyatları baxımından Ermənistanı 20 dəfədən çox, dövlət büdcəsi baxımından isə 5 dəfə üstələyir".  

Müharibə nəticəsində Ermənistan nə əldə edəcək? Mütləq dağılmış iqtisadiyyat. Elan edilən tam səfərbərlik işçi qüvvəsinin böyük bir hissəsini döyüş meydanına yönəltdi; cəbhədəki itkilər nəzərə alınarsa, onun əvvəlki həcmdə bərpa olunma ehtimalı yoxdur. Bu da öz növbəsində onsuz da bir təhər mövcud olan sahibkarlıq subyektlərinin fəaliyyətinə artıq təsir göstərir.

Bundan əlavə, sahibkarlığa daha bir zərbə hələ sabit zamanlarda əhalisinin dörddə biri yoxsulluqdan əziyyət çəkən Ermənistanın vətəndaşlarının maddi vəziyyətinin pisləşməsi olacaq: müharibə şəraitində (maaş və müavinətlərin vaxtında verilməməsi üzündən), əhalinin alıcılıq qabiliyyətinin azalması fonunda tələb sürətlə aşağı düşəcək.

Ermənistanın sentyabr ayına olan rəsmi statistikasına görə, yalnız koronavirusun təsiri üzündən 1213 pərakəndə satış müəssisəsi bağlanıb və 5058-i müvəqqəti dayandırılıb. Bu, ölkədə fəaliyyət göstərən bütün pərakəndə satış obyektlərinin təxminən 50%-ni təşkil edir. Bundan əlavə, inşaat sektorunda 23 müəssisə ləğv edilib, 231 müəssisə müvəqqəti dayandırılıb. Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən 205 şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb və onlardan beşi ləğv edilib. Siyahı uzundur və Ermənistan iqtisadiyyatının, demək olar ki, bütün sahələrini əhatə edir.

Ermənistandakı iqtisadi azalma ilə bağlı proqnozunu yeniləyən Beynəlxalq Valyuta Fondu (BVF) yuxarıda göstərilənləri hərtərəfli nəzərə alır. Fondun analitiklərinin fikrincə, 2020-ci ildə azalma 4,5% olacaq. Qeyd edək ki, daha öncə BVF-nin aprel ayında dərc olunmuş «World Economic Outlook» icmalında bu il ÜDM-də 1,5% azalacağı proqnozlaşdırılırdı.

Bir sözlə, "fil"lə müharibəyə girən "qarışqa" yalnız hərbi və döyüş qabiliyyətlərini yanlış hesablamaqla qalmayıb, həm də pulunun olmadığı, heç olmadığı bir vəziyyətdə özünü işə salıb. Ermənistan hakimiyyəti nə qədər tez özünə gəlsə və daxili iqtisadi problemlərlə məşğul olsa, sözün əsl mənasında dinc əhalini aclıq dövrünün başlanmasından xilas etmək üçün daha çox şans qazanacaq.



MƏSLƏHƏT GÖR:

242